Tolerantlıq məkanı
UNESCO-da Cənubi Qafqazda alman
məskənlərinin 200 illiyinə həsr edilən sərgidə
bu, bir daha
diqqətə çatdırıldı
Azərbaycan Prezidenti İlham Əliyevin 30 avqust 2016-cı il tarixli “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” imzaladığı sərəncamın icrası ilə əlaqədar bir çox tədbirlər, layihələr həyata keçirilməkdədir.
Almanların Qafqaza gəlişi ilə bağlı tarixi məqamlara nəzər salsaq görərik ki, onlar əsasən bu regiona XVIII-XIX əsrlərdə “köç” ediblər. Daha doğrusu, yalnız Azərbaycana deyil, Şimali Qafqaz, Gürcüstan, Ermənistan və Türkiyənin Qars vilayətinə gəlmiş almanlar yerli etnoslarla o qədər qaynayıb-qarışmışlar ki, sonradan məskun olduqları əraziləri özlərinin doğma vətəni saymışlar. Lakin 1941-ci ildə İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar onların çoxu sovet hakimiyyəti tərəfindən “təhlükəli element” sayılaraq Qazaxıstana və Sibirə sürgün edildilər. Qafqazda qalanlar isə əsasən qeyri-almanlarla nikah bağlayan qadınlar olub.
Şimali Qafqazın ilk alman sakinləri Rusiyanın Volqaboyu bölgəsinə köçənlər idi. Çar hakimiyyəti 1774-cü ildə Osmanlı imperiyasından alınan və əhalisi az olan Kubana mümkün qədər çox Rusiya vətəndaşı yerləşdirməyə çalışırdı. Lakin bölgənin iqlimi, inkişaf etdirilməmiş infrastrukturu və yerli hərbi hissələrin qeyri-ruslara qarşı mənfi münasibəti alman mühacirətinə mane olurdu. XIX əsrin ikinci yarısında Rusiyanın kapitalist sisteminə doğru addım atmağa başladığı dövrdə Şimali Qafqazda almanların sayı xeyli artıb. Əsasən kənd təsərrüfatı ilə məşğul olan həmin mühacirlər nəinki Volqaboyundan, habelə Qara dəniz sahillərindən və hətta Almaniyanın özündən köçüb gəlirdilər. 1917-ci ildə burada 200-dən artıq alman koloniyası mövcud idi. Sürgün zamanı isə Şimali Qafqaz almanlarının sayı 160 min nəfəri keçmişdi.
Cənubi Qafqaza gəlincə, 1818-ci ilin sentyabrında çar I Aleksandrın dəvəti ilə Qafqaza köçən Vürtemberq kəndliləri Tiflis yaxınlığında Marienbaum adında şəhərcik salıblar. Bir il sonra Avropadan köçən almanlar Elizabettal, Yeni Tiflis, Aleksandrdorf, Petersdorf və Katarinenfeld (indiki Bolnisi) və daha 5 koloniya qururlar. Tiflis və onun ətrafları Cənubi Qafqaz almanlarının qeyri-rəsmi mədəni mərkəzinə çevrilib. 1906-1922-ci illərdə burada alman dilində çap edilən “Kaukasische Post” qəzeti Qafqazın yeganə alman ruznaməsi sayılıb. 1918-ci ildə Gürcüstanda almanlar yaşayan kəndlərin sayı 20-dən artıq olub. 1941-ci ildə sovet hakimiyyətinin qərarı ilə 23 min nəfərə yaxın alman Azərbaycandan çıxarılıb SSRİ-nin Asiya bölgələrinə sürgün edilib.
1819-cu ilin yayında Tiflisdən Gəncəyə (o zaman Yelizavetpol adlandırılırdı) köçən 194 alman ailəsi üçün Şəmkir rayonu yaxınlığında Helenendorf və Annenfeld adlı iki koloniya salınıb. Almanların sürgünündən sonra Helenendorf inqilabçı Xanlar Səfərəliyevin şərəfinə Xanlar adlandırılıb, Annenfeld isə Şəmkirlə birləşdirilib. Helenendorfda yerləşən almanlardan bir neçə ailə isə o zamanlar Goranboy rayonunun Todan kəndi yaxınlığında məskunlaşıb. Hazırda almanların yerləşdiyi həmin ərazilər yerli əhali tərəfindən “Lemsə bağı”, “Lemsə bulağı” kimi tanınır. 1918-ci ildə Azərbaycandakı koloniyalarda yaşayan almanların sayı cəmi 6 min, əsas peşələri əvvəllər əkinçilik, sonralar isə şərabçılıq olub. Təkcə helenendorflu Forer və Hummel qardaşları tərəfindən buraxılan çaxır bütünlüklə Qafqaz bölgəsində istehsal olunan şərabın 58 faizini təşkil edib.
Azərbaycanın ilk etirazçı kilsəsi Helenendorfda 1857-ci ildə tikilib. Sonralar lüteran kilsələri Gədəbəy, Şamaxı, Bakı və Annenfelddə də inşa olunub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə almanlar ilk koloniyanın salınmasının 100 illiyini təntənə ilə keçiriblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 30 avqust 2016-cı il tarixli sərəncamı da məhz tolerantlığın ölkəmizdə dövlət siyasətinin prioritetlərindən biri olduğuna bariz nümunədir.
Parisdə, UNESCO-nun baş qərargahında almanların Cənubi Qafqaza gəlişinin 200 illiyi münasibətilə sərginin açılması isə, təbii ki, heç də təsadüfi sayıla bilməz. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq sərgidə müxtəlif mədəniyyət və dinlər arasında sülh, dialoq və qarşılıqlı hörmətin əhəmiyyəti xüsusi vurğulanıb. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva almanların ölkəmizə gəlişinin tarixindən, alman mədəni irsinin qorunub saxlanmasından söz açıb. O, həmçinin almanların memarlıq, sənaye, kənd təsərrüfatı və şəhərsalma sahəsinə verdikləri töhfələrə toxunub, ölkəmizə gəlişlərinin tarixindən, xalqımızın tolerantlıq mədəniyyəti sayəsində onların yerli mühitə asanlıqla inteqrasiya etməsi barədə fikirlərini bölüşüb. Bildirilib ki, dini ayinlərini azad şəkildə həyata keçirən almanlar respublikamızda bir neçə kilsə də tikiblər. Çünki Azərbaycan hökuməti ölkədə yaşayan bütün milli və dini azlıqlara lazımi şərait yaradılması üçün zəruri tədbirlər görüb.
Xatırladaq ki, Azərbaycan Prezidentinin adıçəkilən sərəncamına uyğun olaraq Berlin Humboldt Universitetində, Bakıda və Şamaxıda da sərgilər təşkil olunub. Həmin sərgilər haqqında fikirlərini bölüşən UNESCO-nun baş direktorunun xarici əlaqələr və ictimai informasiya üzrə köməkçisi Erik Falt vurğulayıb ki, belə tədbirlər Azərbaycanın multikultural olduğunu bir daha təsdiqləyir. Bu həm də müxtəlif xalqların bir məkanda dinc yanaşı yaşadığından xəbər verir ki, bu da UNESCO-nun bəşəriyyətə verdiyi mesajla üst-üstə düşür.
Bütün bunlar bir daha göstərir ki, ölkəmizdə dini tolerantlığın və multikultural dəyərlərin qorunmasına və inkişaf etdirilməsinə dövlət tərəfindən daim xüsusi önəm verilir.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2017.- 26 noyabr.- S.1; 4.