Qarabağlar Türbə Kompleksində bərpa
işləri davam etdirilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il iyulun 4-də Sərəncam imzalayıb, bununla bağlı tədqiqat qrupu yaradılıb. Sərəncama uyğun olaraq, ötən ildən etibarən Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin görkəmli nümunələrindən olan Qarabağlar Türbə Kompleksində bərpa işlərinə başlanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarabağlar Türbə Kompleksində olub, bərpa işlərinin gedişi və bundan əvvəl verdiyi tapşırıqların icrası ilə maraqlanıb.
Məlumat verilib ki, Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi olan dünya əhəmiyyətli abidədə bərpa işləri elmi əsaslarla aparılır. Kompleks türbə, xanəgah və qoşa minarəli baştağdan ibarətdir. Bərpa işləri aparılarkən abidənin tarixi görkəmi olduğu kimi qorunub saxlanılır. Bu günədək türbənin kürsülük hissəsi və kaşılı örtükləri, eləcə də türbənin səthindəki həndəsi ornamentləri xatırladan kitabələr, qoşa minarəli baş tağı və xanəgahı bərpa olunub.
Türbənin ətrafında da abadlıq işlərinin görülməsi və yaşıllıqların salınması nəzərdə tutulur. Hazırda ərazidə torpaq işləri görülüb, kompleksə gedən yol genişləndirilib.
Ali Məclisin Sədri Qarabağlar türbəsindəki bərpa işlərinin gedişi barədə müvafiq tapşırıq və tövsiyələrini verib.
Azərbaycan.- 2017.- 26 noyabr.- S.2.