Qocaman sənət beşiyi, sənətkarlar ocağı

 

85 yaşlı Şuşa şəhər Niyazi adına Uşaq incəsənət məktəbi dünyaya məşhur musiqiçilər bəxş edib

 

Adı dillər əzbəri olan bu musiqi beşiyində dünyaya göz açanlar vaxtilə bəxtəvərlər sayılıblar. İlahi qüdrətdən yaradılan bütün gözəlliklər bu məkanda bir-birinə qovuşmuşdu. Zirvəsi dumanlı-çənli, sinəsi nəğmə dolu musiqi beşiyi olan Şuşanı, əlbəttə, heç də ötəri yerə “Qafqazın konservatoriyası” adlandırmayıblar.

Bir daha bu qədim sənət beşiyinin tarixini vərəqləsək görərik ki, Azərbaycan mədəniyyətinə töhfələr verən, sənətkarlar yurdu olan Şuşa ölkəmizin hüdudlarından kənarda da musiqinin beşiyi kimi tanınır. Şuşa Azərbaycan musiqi mədəniyyətində iz qoyan bir çox dahilərin doğulduğu məkan olub.

Azərbaycanda ilk musiqi məktəblərindən biri 1932-ci ildə məhz Şuşada böyük müğənni Bülbülün təşəbbüsü ilə açılıb. Həmin məktəbin məzunları sırasında Süleyman Ələsgərov, Əşrəf Abbasov, Rauf Əliyev, Kamal Məmmədov, Kamal Abbasov və digər musiqi xadimlərimizin adlarını çəkə bilərik. İstedadlı musiqi tədqiqatçısı Firudin Şuşinskinin təbirincə desək, İtaliya vokal məktəbi musiqi tarixində hansı mövqeyi tutursa, Şuşa vokal məktəbi də Şərq musiqi tarixində eyni yerdədir.

Nəinki şuşalılar, ümumilikdə xalqımız Şuşada dünyaya göz açan görkəmli mədəniyyət və incəsənət xadimləri - şair, filoloq, rəssam, xəttat və musiqiçi Mir Möhsün Nəvvab, “tarın atası” hesab edilən Mirzə Sadıq Əsəd oğlu, tarzən Ağa Mirzə Ələsgər, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri Cabbar Qaryağdıoğlu kimi sənət aşiqləri ilə fəxr edir. Professional Azərbaycan musiqisininmilli operamızın banisi, bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoqictimai xadim, SSRİ xalq artisti, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki Üzeyir bəy Hacıbəyli, məşhur xanəndələrdən Keçəçioğlu Məhəmməd, Zabul Qasım, Məcid Behbudov, İslam Abdullayev, Hacı Hüsü, Seyid Şuşinski, Xan Şuşinski kimi sənətkarlarımızın adları musiqi tarixinə qızıl hərflərlə həkk edilib.

Şuşada ilk musiqi məktəbi Xarrat Qulu Məmməd oğlu tərəfindən açılıb. O, bu məktəbdə özünün düzəltdiyi müxtəlif musiqi alətlərində uşaqlara ifa etməyi öyrədib ki, Şuşanın görkəmli xanəndələrinin əksəriyyəti də məhz bu məktəbin yetirmələridir.

XIX əsrin 80-ci illərində musiqimuğam aşiqi olan Kor Xəlifə də Şuşada yeni musiqi məktəbi yaradıb. O, Xarrat Quludan fərqli olaraq, şagirdlərinə muğam oxumağı, tarkamança çalmağı öyrədib. Sonralar Kor Xəlifənin məktəbi nəinki Qarabağda, həmçinin qonşu vilayətlərdə və İranda da tanınıb. Xarrat Qulunun ölümündən sonra, XIX əsrin 90-cı illərində Azərbaycanın görkəmli alimi, musiqi nəzəriyyəçisi Mir Möhsün Nəvvabın təşəbbüsü ilə Şuşada yeni musiqi məktəbi açılıb. Bu məktəbdə musiqi ifaçılığı ilə yanaşı, vokal sənəti də öyrədilib.

1992-ci il may ayının 8-dək musiqili, nəğməli günlər yaşamış Şuşa həmin tarixdən erməni vandalizminin qurbanına çevrildi. Darmadağın edilən, qalaları uçurulan, dağıdılan Şuşadakı bütün hər şey məhvə məhkum idi. Amma Şuşanın sənət dünyasının bəxş etdiyi nəsillərin yadigarları könüllərdə yaşadıldı. Onlardan biri də Qafqazın ilk musiqi məktəbi idi ki, Şuşada 85 il öncə açılmışdı. Bu musiqi ocağından kimlər pərvazlanmamışdı...

1992-ci ildə Şuşanın Ermənistan silahlı birləşmələrinin işğalından sonra Niyazi adına Uşaq incəsənət məktəbi fəaliyyətini bir neçə ünvanda davam etdirib. Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində köhnə bağçada məskunlaşan bu incəsənət ocağında xeyli istedadlı gənc yetişib. Fəxr ediləsi haldır ki, onların səsi respublikanın hüdudlarından uzaqlardan da gəlir.

Xatırladaq ki, yubileyə töhfə olaraq Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun təşəbbüsü, Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasovun müəllifliyi ilə “Şuşa musiqi beşiyidir” kitabı nəşr edilib. Kitabın “Şuşanın musiqi ənənələri indi də yaşayır...” adlı giriş sözündə müəllif bu qocaman sənət ocağının tarixindən və bugünündən bəhs edir. Zəngin tarixi abidələri, özünəməxsus ədəbiyyatı və musiqi mədəniyyəti olan Şuşa musiqiçiləri yad edilir, “Qafqazın konservatoriyası”nın ənənələri ilə yanaşı, orada fəaliyyət göstərmiş musiqi məktəbinin yetirmələri haqqında ətraflı məlumat verilir.

Məktəbin direktoru Mirkamil Ağamirov bu musiqi ocağının Azərbaycan mədəniyyətinə bəxş etdiyi böyük sənətkarlardan söz açaraq deyir ki, tarixi ənənəyə sadiq qalan, 250-dək şagirdə dərs deyən 40 nəfərdən artıq müəllimin çalışdığı qocaman musiqi ocağının köçkünlük dövründə çətin günlər yaşamasına baxmayaraq, uğur və nailiyyətləri az olmayıb: Burada bacarıqlı şagirdlər yetişib. Öz sənət və peşəsinə vurğun, istedadlı uşaq və gənclərin üzə çıxarılmasında və qabiliyyətlərinin cilalanmasında xüsusi qayğısı olan müəllimlərimizdən ikisi - Zöhrə Axundova ilə Etibar Əliyev bu il Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisidöş nişanına layiq görülüblər. Eləcə də Fatimə Ağazadə, Simarə Dərgahova, Ləman Hüseynova, Aydan Rzayeva, Həsən Məmmədov, Emil Quliyev kimi istedadlı şagirdlərimiz və məzunlarımız müxtəlif festival və müsabiqələrdə iştirak edərək laureat adı qazanıb, diplomla təltif ediliblər. Onu da qeyd edək ki, müəllimlərimizin əksəriyyəti məktəbimizin məzunlarıdır. Məktəbdə səs (xanəndəlik), fortepiano, tar, kamança, qarmon, nağara, rəssamlıq, rəqs şöbələri fəaliyyət göstərir ki, onların hər birinin yetirmələri müxtəlif tədbirlərdə öz sənət məharətlərini nümayiş etdirirlər. “Təbəssüm” rəqs qrupu isə bir çox beynəlxalq müsabiqə və festivallarda fərqlənərək laureat adı qazanıb”.

 

M.NƏRİMANOĞLU

 

Azərbaycan.- 2017.- 26 noyabr.- S.4.