Azərbaycan palçıq vulkanları diyarıdır

 

Azərbaycan planetimizdə palçıq vulkanizminin inkişaf etdiyi unikalklassik ərazidir. Burada quruda və Xəzərin akvatoriyasında 350-dən çox palçıq vulkanı və təzahürləri mövcuddur. Onların müxtəlif növlərinə - fəaliyyətdə olan, sönmüş, gömülmüş, neft çıxaran, sualtı, ada vulkanlarına rast gəlinir.

Palçıq vulkanlarının sayına, morfoloji müxtəlifliyinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycan ərazisinə oxşar yer yoxdur. Məhz buna görə də ölkəmiz palçıq vulkanları diyarı sayılır.

Palçıq vulkanları və təzahürləri Şərqi Azərbaycanın ərazisində - Abşeron yarımadasında, Şamaxı-Qobustan bölgəsində, Şirvanda və Bakı arxipelaqında yerləşmişdir. Təkcə Qobustanda 100-dən çox palçıq vulkanı intişar tapmışdır. 40 vulkan və təzahür yer səthinə neft çıxarır. Bakı arxipelaqında vulkan mənşəli 9 ada var.

Palçıq vulkanları 50 ildən artıqdır ki, AMEA-nın GeologiyaGeofizika İnstitutunda hərtərəfli öyrənilir.

 

Palçıq vulkanları milli dəyərimiz və təbii sərvətimizdir

 

Vulkanlar xərcsiz başa gələn çox dərin təbii kəşfiyyat quyusu adlanır, yerin dərin qatlarında yerləşən neftqaz yataqlarının axtarışında geoloqlara kömək edir. Vulkan tullantılarındakı müxtəlif süxurlar lazımlı mikroelementlərlə (bor, manqan, vanadium, mis, litiums.), vulkan suları yod, bor, bromla zəngindir. Vulkan palçığı - müalicəvi preparatdır, vulkan gili keyfiyyətli keramzit xammaldır, inşaatda istifadə olunur, gillərdən silikat kərpic də hazırlanır. Möhtəşəm görkəmli, aktiv fəaliyyətdə olan palçıq vulkanları ekoturizm obyektidir. Nəhayət, palçıq vulkanlarının fəaliyyəti zəlzələlərlə genetik əlaqədardır.

2015-ci ildə ilk dəfə “Dünya palçıq vulkanları”nın böyük həcmdə atlası Azərbaycan, ingilisrus dillərində Bakıda hazırlanıb, İtaliyada nəşr olunmuşdur.

 

Palçıq vulkanları və yer təkinin neft-qazlılığı

 

Palçıq vulkanları ilə neft-qaz yataqları arasında olan genetik əlaqə hələ XX əsrin əvvəllərində akademik Qubkin tərəfindən müəyyən edilmişdir. Amma sonralar neftçi geoloqların əksəriyyəti hesab edir ki, vulkanlar yer təkində yataqları dağıdır və onların yerləşdiyi sahələr sənaye baxımından perspektivli olmur. Abşeron yarımadasındakı Lökbatan palçıq vulkanı yaxınlığında qazılmış 45 saylı quyu sutkada 20 min ton neft olmaqla fəvvarə vurdubununla da sübut edildi ki, vulkanlar yataqları dağıtmır, onların yerləşdiyi ərazilərdə quyular qazılmalı, yataqlar açılmalıdır. Məşhur 45 saylı quyu indiyədək neft verir. Hazırda Azərbaycanda, xüsusən də Cənubi Xəzərdə istismarda olan neft-qaz, kondensat yataqlarının əksəriyyəti vulkan strukturları ilə əlaqədardır və sənaye əhəmiyyətlidir. Beləliklə, palçıq vulkanları təbii kəşfiyyat quyularının rolunu yerinə yetiriryer təkinin, xüsusilə qazma işləri aşkar olmayan dərinliklərin neft-qazlılığı barədə neftçi geoloqlara çox vacib məlumat verir.

 

Vulkan palçığı təbii müalicəvi preparatdır

 

Vulkan palçığı neftli-qazlı rayonlarda yerləşdiyindən onların kimyəvi tərkibi, müalicəvi xassələri yerüstü mənşəli lil, torf mənbələrindən fərqlənir. Böyük dərinliklərdən çıxan ekoloji təmiz palçıq yüksək biostimullaşdırıcı təsirə malik kimyəvi mikroelementlər və üzvi maddələrlə zəngindir.

Palçıq vulkanlarının istifadə olunmasının qədim tarixi var. İtaliyada bu palçığı hələ XVI əsrdə, Rusiyada Taman yarımadasında XIX əsrin ortalarından tətbiq edirdilər. Gürcüstanda keçmiş SSRİ məkanında ümumittifaqAxtalakurortu fəaliyyət göstərirdi. Vulkan palçığı müalicə üçün xammal kimi kurortdankənar şəraitdə də tətbiq edilmişdir. AMEA GeologiyaGeofizika İnstitutu uzun illər keçmiş Kurortologiya İnstitutu və akademiyanın digər institutları, xüsusilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Azərbaycanın vulkan palçıqlarında bioloji aktiv maddələrin aşkar edilməsi üçün müştərək elmi tədqiqatlar aparmışdır. Nəticədə bu palçığın ölkənin 15 tibb müəssisəsində müalicə təcrübəsində tətbiqinə nail olunmuşdur. Tədqiqat işlərində onların həm təbii, həm də geokimyəvi xüsusiyyətləri açıqlanmışdır.

Müstəsna səviyyədə yüksək balneoloji xassələrinə görə vulkan palçığı bir neçə xəstəliyin - hərəkət aparatı, oynaqlar, onurğa sütunu, periferik-əsəb sistemi, dəri, mədə-bağırsaq traktı, şəkər diabeti, aterosklerozboyun osteoxondrozunun müalicəsi zamanı, eləcə də ginekologiya, urologiya və kosmetologiyada istifadə edilir. Müalicə üçün yenicə yer səthinə çıxmış deyil, vulkan kraterində toplanmış və qurumuş palçıqdan da istifadə oluna bilər. Müalicədə üç palçıq preparatı istifadə edilir: maye (təbii palçıq məhlulu), uzun müddət günəş və kosmik şüalarla şüalandırılaraq aktivləşmiş quru sopka palçığı, quru tozquru torf tozundan ibarət kombinə edilmiş palçıq preparatı.

 

Vulkan fəaliyyəti və zəlzələlər

 

Hər il Azərbaycanda 3-5 və daha çox vulkan püskürür. Elə dövrlər də olur ki, vulkanların fəaliyyəti xeyli aktivləşir və nəticədə püskürmənin sayı 6-12-yə qədər artır. 2001-ci ildə isə həm quruda, həm də dənizdə rekord miqdarda - 16 vulkan püskürməsi qeydə alınmışdı. Tez-tez püskürən vulkanlar Abşeronda - Lökbatan, Keyrəki, Şamaxı-Qobustan rayonunda - Şıxzərli, Quşçu, Xəzərdə - Xərə-Zirə və Gil adalarında olur. Son iki əsrdə Azərbaycanda quruda və dənizdə 93 vulkanda 400-dən çox püskürmə baş vermişdir.

Palçıq vulkanizminin seysmikliklə əlaqəsi çoxdan müəyyən edilmişdir. 1813-cü ildə Xəzərdə Yanan Tava bankəsindəki zəlzələ eyni adlı palçıq vulkanının püskürməsinə səbəb olmuşdu.

Güclü zəlzələlər vulkanların aktivləşməsinə gətirib çıxarır. Bununla yanaşı, hələ keçən əsrin 80-ci illərində vulkanlarda aparılan müşahidələr göstərdi ki, zəif zəlzələlərin sonuncu “hazırlıq” mərhələsi dövrü zəlzələ ocağına yaxın vulkanların fəaliyyəti aktivləşir və yer səthinə çıxarılan flüidlərin (qaz, su) bəzi komponentlərinin miqdarı anomal səviyyədə artır. Bu da baş verəcək zəlzələnin xəbərçisi kimi qəbul oluna bilər.

 

Vulkanlar və ətraf mühitin ekologiyası

 

Vulkan püskürəndə yer səthinə metan qazı ilə zərərli karbon qazı da çıxır. Bəzi vulkanlar, məsələn, Binəqədi qəsəbəsinin yaxınlığında yerləşən Keyrəki vulkanı püskürəndə karbon qazının faizi yüksək olduğundan alov sütunu alınmır. Vulkanın sakit fəaliyyəti dövründə qaz, su, lilli palçıq, bəzən çoxlu neft çıxır və həmin sahələrdə qeyri-adi şoran torpaqlar və geokimyəvi cəhətdən nadir landşaftlar yaranır. Onların bəzi mikroelementlərlə (məsələn, bor, molibden, stronsiums.) zəngin olması canlı orqanizmlərə təsiri baxımından öyrənilməsi xüsusi maraq kəsb edirbu istiqamətdə elmi-tədqiqat işləri davam etdirilməlidir.

 

Palçıq vulkanları ekoturizm obyektidir

 

Azərbaycanda möhtəşəm aktiv fəaliyyətli vulkanlar çoxdur və ölkəmizə gələn turistlərin bir çoxu onları görmək istəyir. 2008-ci ildə Azərbaycan, ingilisrus dillərində nəşr olunmuş “Azərbaycanın palçıq vulkanları” adlı bələdçi kitabçada 25 vulkana getmək üçün turist marşrutları verilmişdir.

Hesab edirəm ki, Azərbaycanın palçıq vulkanlarına getməklə ekoturistlər onların təkrarolunmazlığına, unikallığına qiymət verəcək, gözəl təəssüratla geri qayıdacaq və nə vaxtsa vulkanları görmək arzusunda olacaqlar. Ölkəmizin palçıq vulkanlarının dövlət səviyyəsində beynəlxalq turizmə cəlb olunması vacib məsələdir və bugünün tələbidir.

 

Adil ƏLİYEV,

AMEA GeologiyaGeofizika İnstitutunun

Palçıq vulkanizmişöbəsinin rəhbəri,

professor, əməkdar elm xadimi

 

Azərbaycan.- 2017.- 26 noyabr.- S.5.