Dövlət dəstəyi Lahıca yeni
nəfəs gətirir
Ölkə rəhbərinin bu qədim
məkanla bağlı imzaladığı sərəncamlar yeni inkişaf mərhələsinin
əsasını qoyub
Yolumuz Lahıcadır... Zəngin tarixi ilə əsrlərin, min illərin o üzündən bizə boylanan Lahıca. Səfərimizin məramı bəllidir. Biz bu dəfə Lahıca yeni inkişaf mərhələsinə qədəm qoyan, dövlətimizin daha böyük, daha möhtəşəm layihələrinin start götürməkdə olduğu yurd yeri kimi addım atırıq.
Səbəb də aydındır: Prezident İlham Əliyev Qobustan və Şamaxı rayonlarına səfərindən sonra, cari ilin oktyabr ayının 5-də Lahıc qəsəbəsinin inkişafı ilə bağlı 3 sərəncam imzalayıb. Sərəncamlarla qəsəbənin qazlaşdırılması, Dəmirçi-Lahıc yolunun çəkilib istifadəyə verilməsi, Lahıc qəsəbə tam orta məktəbi üçün 400 şagird yerlik binanın tikilməsi nəzərdə tutulub. Qeyd olunanlar isə Prezident İlham Əliyevin Azərbaycanın qədim tarixini özündə yaşadan Lahıc qəsəbəsinə, onun sakinlərinə, bütövlükdə İsmayıllıya göstərdiyi diqqət və qayğının təzahürü kimi dəyərləndirilir.
Daha çox yaz-yay aylarında qələbəlik olan Lahıc yollarında və qəsəbənin özündə bir sakitlik var. İstər yerli, istərsə də xarici turistlər az gözə dəyir. Bəzi sənətkarlar dükanlarını açıb müştəri gözləsələr də, amma çoxu bağlıdır. Əslinə qalsa, payız fəslində tariximizin qan yaddaşının hopduğu bu oymağı ziyarət etməyin özgə yeri var. Sakit və təmiz hava, seyrəklik, sərbəst yollar, yol boyu yüz bir çalarda olan ağacların yarpaqları görənlərin könlünə bir rahatlıq bəxş edir.
Nəhayət mənzil başına çatırıq. Burada bizi Lahıc bələdiyyəsinin sədri Rövşən Əliyev qarşılayır. Doğrusu, onunla xeyli vaxt idi görüşmək istəsək də, hər dəfə fərqli səbəblərdən alınmırdı. İstəyimiz isə heç də sadəcə maraq xatirinə deyil, Rövşən Əliyev haqqında bizə çatan məlumatlardan qaynaqlanırdı. Onun həm müəllim, həm də bələdiyyə sədri kimi mövcud fəaliyyəti və Lahıcın abadlaşdırılmasında oynadığı rola ayna tutmaq istəyirdik.
Qəsəbədə olan yeniliklər, Prezident sərəncamından sonra başlanan işlər haqqında məlumatları ondan alır və iş görülən yerləri birlikdə müşahidə edirik. Dəmirçi-Lahıc yolunun tikintisi ilə bağlı qızğın iş gedir. Bütün yol boyu və Girdiman çayının axar hissələrində ağır texnikalar hərəkət etməkdədir. Yollar asfaltlanmaya hazırlıq vəziyyətinə gətirilir və körpülərin, keçidlərin tikintisi istiqamətində işlər icra olunmaqdadır. Həmin işlərə kənd sakinlərindən xeyli sayda adamın cəlb olunması da müsbət hal kimi dəyərləndirilməlidir. Yol boyu iş icraçıları, layihə rəhbərləri bizimlə görüşür və görülən işlərlə bağlı fikir mübadiləsi aparırlar.
Soyuq məkana istilik gəlir
Yolüstü R.Əliyevlə yaxından tanış oluruq. O deyir: - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika və informatika fakültəsinin müəllimlik ixtisasına yiyələnərək 1992-ci ildə doğulub boya-başa çatdığım Lahıc qəsəbəsindəki tam orta məktəbdə müəllimlik fəaliyyətinə başlamışam. Yeni kadr kimi soyuq iqlimli bu məkana, doğma elimə sanki bir istilik, canlanma gətirməyə çalışdım. İnteraktivlik, yeni təlim metodları ilə işləmək bacarığı çox vacib idi. Burada təxminən iki il çalışdıqdan sonra dərs hissə müdiri təyin olundum. Yeniliklərə, təhsildə yeni təlim texnologiya və metodlarının tətbiqinə də bundan sonra başladım. Layihələrlə işləmək fəaliyyətimə start verdim.
Həmin dövrlərdə Lahıc qəsəbə tam orta məktəbinin təşkil etdiyi komanda Azərbaycan televiziyasında yayımlanan “Tusi klubu” intellektual yarışının respublika üzrə qalibi oldu və “Super kubok”a layiq görüldü. Özüm isə dərs hissə müdiri kimi Şirvan bölgəsinin məktəbləri arasında birinci yerə çıxdım.
Dediyinə görə, o, fəaliyyətini yalnız pedaqoji yönümlə məhdudlaşdırmayıb. Mövcud dərsliklərin təkmilləşdirilməsi və yenilərinin hazırlanması ilə bağlı təkliflərini Təhsil Nazirliyinə ünvanlayıb.
Nazirlik onun İKT bacarıqlarını və təşəbbüskarlığını qiymətləndirərək işlədiyi məktəbə kompüter və elektron lövhələr verib. Beləliklə də elektron təhsil istiqamətində bir neçə layihədə çalışıb. “Bir şagird, bir kompüter” layihəsi uğurlu alınıb. Beləliklə də çalışdığı məktəbə 22 notebook kompüteri, elektron lövhə, proyektor və digər əyani vəsaitlər cəlb edə bilib. Məktəbin şagirdləri indi də həmin vəsaitlərdən istifadə edirlər. Şagirdlər kompüterdən sinifdə istifadə bacarığına yiyələnməklə yanaşı, həm də evdə istifadə edə bilirlər. Kompüterin evə gətirilməsinə icazə verilməsi ailədəki digər uşaqların da bu sahədəki səriştələrini artırır.
R.Əliyev 2010-cu ildən başlayaraq “Ən yaxşı müəllim” müsabiqəsində iştirak edir. Elə ilk ildən də onun üçün düşərli olur. Ardından “Elektron təhsil” müsabiqəsinə qatılır və bu dəfə də qalib gəlir. Sonradan bu proses dəfələrlə davam edir. Sonra “Elektron təhsil” müsabiqəsinin münsiflər heyətinə seçilir. 2013-cü ildə isə onun fəaliyyəti ölkə Prezidenti İlham Əliyev tərəfindən qiymətləndirilir və “Əməkdar müəllim” fəxri adına layiq görülür.
2011-ci ildən başlayaraq kurikulumun tələblərinə uyğun tərtib olunmuş orta məktəb dərsliklərinin hazırlanması müsabiqəsində iştirak edib. İlk dəfə “Bakı” nəşriyyatı onu həmin dərsliklərin yazılmasına dəvət edir. 2012-ci ildə 6-cı sinfin fizika dərsliyinin həmmüəllifi olur. Həmin dərslik milli qrup çərçivəsində beynəlxalq təhsilə inteqrasiya olunmaqla tərtib olunur. Sonradan yuxarı siniflərin fizika dərsliyinin hazırlanmasında da yaxından iştirak edir. Hazırda həmin dərsliklər 6-10-cu sinif şagirdləri tərəfindən mənimsənilir.
İcmaya dəstək
R.Əliyev eyni zamanda icma sədridir. Lahıc qəsəbəsi və Ərəgit kəndindən olan 400 nəfərin iştirakı ilə keçirilən iclasda onu icma sədri seçiblər. Bununla da təhsil layihəsindən çıxaraq Lahıc və Ərəgit kəndləri üçün yeni layihələrə başlayıb. Azərbaycan Kənd İnvestisiya Layihəsi ilə Lahıc və Ərəgiti birləşdirən sahədə 1220 kvadratmetr daş döşəmə layihəsi verib. Bununla da qəsəbə tam orta məktəbinin qarşısındakı həmişə yağışdan sonra palçıq olan ərazi daşla döşənib. Dediyinə görə, uşaq vaxtı məktəbə gedəndə və qayıdanda onun da üst-başı bulaşarmış. Odur ki, bura daş döşənməsini arzu edərmiş.
Məktəblilərlə birgə fərqli texniki və elmi layihələr də həyata keçirildiyini deyən Rövşən müəllim bildirdi ki, icma olaraq məktəbə yardımlar olunub. 2015-ci ildən isə bələdiyyə sədri seçilib. Əsas vəzifəsi Lahıcın əvvəlki simasını özünə qaytarmaq olub. Zamanında tikilmiş tikililərin bərpa olunaraq əvvəlki vəziyyətinə qaytarılması başlıca vəzifə idi. İl ərzində Lahıca 30-40 min arası turistin gəlməsini nəzərə aldıqda reallıq bir daha qabarır. Onlara Lahıcın real vəziyyəti göstərilməli idi. Bunun üçün əvvəlcə Ağsaqqallar şurası yaradılır. Onlarla müəyyən məsələlər müzakirə olunmağa başlanır. Eyni zamanda qadınlar cəmiyyətə cəlb olunur. Onların fəallığı artırılır. Qadınlar artıq “Özünü düşün” layihəsi çərçivəsində bütün layihələrdə iştirak etmək imkanına malikdirlər.
Qədim sənətin qorunmasına yeni
münasibət
R.Əliyev deyir ki, görüləsi işlər arasında Lahıcın girəcəyində zamanında Karvansara binası olan və sovetlər dönəmində dağılan tikili də var idi. Onun yerində Ana abidəsi qoyulmuşdu. Həmin Karvansaranın köhnə şəkillərinə baxdıqda onun əsl Şərq memarlıq nümunəsi olması və Lahıcın görkəminə fərqli çalarlar qatdığı görünməkdə idi. Ona görə də qarşıya qoyulan məqsəd bu binanın “İcma evi” kimi Lahıca qaytarılması olur. İcma qrupunda bütün yaş qrupuna məxsus məktəblilərdən tutmuş yaşlı pensiyaçılara kimi təmsil olunması əlamətdar haldır.
Qaldırılan məsələlərə hər kəs öz münasibətini bildirib. Gender bərabərliyi düzgün qurulub. Hazırda Lahıcın içindən keçən küçə qədimdə gecələr dar, gündüzlər isə üç indiki genişlikdə olub. Səbəb də belə izah olunub ki, Lahıcda küçəyə açılan qapılar çox böyük olub. Qapılar açılanda oradakı dükanlar da küçəyə çevrilirmiş. Karvansara isə o zaman həmin meydanın girişində olub. Azərbaycan Kənd İnvestisiya Layihəsinin maliyyə dəstəyi sayəsində həmin yerdə “İcma evi” yaradılıb. Bu bina bütün icmaya xeyir gətirən layihə kimi nəzərdə tutulub. Birinci mərtəbədə misgərlik, dəmirçilik, dulusçuluq, papaqçılıq kimi mühüm olan sahələrə yer ayrılıb. Lahıcda olan sənətkarlar öz malını bu binaya gətirib qoya biləcək. Hər malın üzərində həmin sənətkarın ad və soyadı, əlaqə telefonu, internet ünvanı (əgər varsa) yazılacaq. Bu da ora gələn turistlərə istəyindən asılı olaraq həmin sənətkarla görüşmək imkanı verəcək. Bundan əlavə, gələn turistin bilet alıb binaya daxil olması və orada olan nümunələrdən satın alması da icmaya mənfəət gətirəcək.
Burada gənclərin məşğulluğunun təmin olunması üçün də xüsusi otaq ayrılıb. Orada gənclər cəmləşəcək və ən məşhur sənətkarlardan dərs almaq imkanı qazanacaqlar.
Kənd ərazisində bələdiyyəyə aid torpaq sahəsində Almaniyanın “GİZ” təşkilatının maliyyə dəstəyi ilə 25 hektar sahədə fındıq bağlarının salınması isə həm insanların məşğulluğuna, həm də torpağın erroziyaya uğramasının qarşısının alınmasına müsbət təsirini göstərmiş olacaq.
Ümummilli liderin
Lahıc izləri
Müsahibimiz deyir ki, ümumilikdə Lahıc sakinləri həmişə dövlət dəstəyi ilə əhatə olunublar. Xüsusən də buradakı insanlar ümumilli lideri daim minnətdarlıq hissi ilə xatırlayırlar. Həm Lahıcın körpüsü, həm də qəsəbəyə çəkilən yol onun sağlığında salınıb. Bu baxımdan qoyulan yolun davam etdirilməsi kimi, cari ilin oktyabrında Prezident İlham Əliyevin qəsəbə ilə bağlı bir dəfəyə 3 vacib məqamı əks etdirən məsələlərlə əlaqədar sərəncam verməsi əlamətdar haldır. Birincisi, Şamaxı rayonunun Dəmirçi kəndindən Lahıca qədər olan 22 kilometrlik yolun bərpası və yenidən qurulması ilə bağlı maliyyə vəsaitinin ayrılmasıdır. Bu təkcə Dəmirçi-Lahıc yox, həm də yol üzərindəki tam boşalmaq təhlükəsi olan ondan çox kəndin inkişafına dəstək verəcək.
İstilik məsələsi də Lahıc üçün həmişə ciddi problem olub. Soyuq aylarda sakinlərlə yanaşı, bura gələn turistlər də istilik baxımından çətinlik çəkiblər. Lakin artıq hər kəs sevinc içərisindədir. 2018-ci ildən Lahıc sakinləri qazla təmin olunmaq imkanı qazanacaqlar. Beləliklə, soyuq qış aylarında da turistlər ürəklə bu məkana gələ biləcəklər.
Lahıcda 400 nəfərlik tam orta məktəb binasının tikilməsi də əlamətdar hal kimi dəyərləndirilir. Lahıc təhsili həmişə keyfiyyətinə görə seçilib. Məktəbin 500 nəfərdən çox müxtəlif titullu alim yetişdirməsi var. Həmin ənənə davamlı xarakter kəsb edir. Son illər çoxlu sayda şagird ən yüksək balla ali məktəblərə qəbul olunub. Onların arasında 600-dən çox bal toplayan məzunlar kifayət qədərdir. Bu il 700 balla ali məktəbə qəbul olunmuş Vahab Cəbrayılov isə xüsusi qeyd olunmalıdır. Bu məktəb iki dəfə “İlin ən yaxşı məktəbi”, 3 müəllim “İlin müəllimi”, 2 müəllim “Əməkdar müəllim” adına layiq görülüb. “Tərəqqi” medallı müəllim də var. Məktəbin binası 1936-cı ildə tikildiyindən istismar müddətini çoxdan başa vurmuşdu. Ümumilikdə isə Lahıcın məktəb ənənəsi 1857-ci ilə gedib çıxır. Ondan əvvəl isə burada yalnız dini məktəblər olub.
Lahıclılar Prezidentin yolunu gözləyir
Prezident sərəncamları ilə bağlı münasibət öyrənmək üçün kənd sakini, misgər Nəzər Əliyevə müraciət edirik. Onun dedikləri: “Prezident İlham Əliyevin bir gündə Lahıcla bağlı 3 sərəncam imzalaması bizim üçün sürpriz oldu. Xüsusən də qazlaşdırılmanın həyata keçirilməsi lahıclılar üçün ən böyük müjdə, yeni nəfəs deməkdir. Əhalinin kənara axınının azaldılması, gedənlərin yenidən doğma yurda qayıtması baxımından bu sərəncamlar böyük əhəmiyyət daşıyır.
Lahıcın tarixi qədimdir. Eramızın IV əsrindən mövcud olduğu deyilir. Tapılan arxeoloji qazıntılar isə eramızdan iki min il əvvəl burada yaşayış olması ehtimalını ortaya qoyur. Son illər verilən qərarlar, Lahıca göstərilən qayğı bu məkanın tarixində ilk dəfədir. Bir dəfəyə bir qəsəbəyə həllini gözləyən məsələlərlə bağlı belə diqqətin ayrılması xüsusən əlamətdar haldır.
Mən şəxsən Novruz şənliklərində və ümumilikdə respublika sərgilərində çox iştirak etmişəm. Prezident İlham Əliyev həmişə bizim əl işlərimizə baxıb. Onun Lahıcla bağlı düşüncələri olduqca yüksəkdir. Sərgilərdə Prezidentin əl işlərimizə müsbət fikir söyləməsi ən böyük mükafatımızdır. 2015-2016-cı illərdə keçirilən turizm sərgilərində şəxsən onu Lahıca qonaq dəvət etmişəm. İnanırıq ki, müvafiq sərəncamlar icra edildikdən sonra mütləq özü açılışa gələcək”.
Yerləşdiyi mürəkkəb coğrafiya baxımından zamanın çətinliklərindən keçən Lahıc üçün yeni intibah dövrü başlayıb. Bu çiçəklənmə isə sözsüz ki, dövlət müstəqilliyimizin bəhrəsi və dövlətin hər zaman öz vətəndaşının yanında olması anlamına gəlir.
Əli SƏLİMOV
Azərbaycan.-
2017.-28 noyabr.- S.1; 5.