Astanada “Nursultan
Nazarbayev. Həyat yolu” kitabının təqdimatı olub
Noyabrın 27-də Qazaxıstanın paytaxtı
Astanada Beynəlxalq Türk Akademiyasının
təşkilatçılığı ilə “Nursultan Nazarbayev. Həyat yolu” kitabının
Azərbaycan dilində
nəşrinin təqdimat
mərasimi keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbirdə Azərbaycan
Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər
üzrə köməkçisi
Əli Həsənov,
Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının
rəhbəri, Qazaxıstan
Respublikası Birinci Prezidenti Kitabxanasının
direktor müavini
Mahmud Kasımbekov, Beynəlxalq
Türk Akademiyasının
prezidenti Darxan Kıdırali və başqaları iştirak ediblər.
Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri
Mahmud Kasımbekov tədbirdə
çıxış edərək
deyib ki, Nursultan Nazarbayev haqqında kitabın Azərbaycan dilində nəşri ölkələrimiz
və xalqlarımız
arasında münasibətlərin
inkişafının bariz
nümunəsidir. O vurğulayıb
ki, bu kitab
Qazaxıstan Prezidenti barədə latın
qrafikası ilə nəşr edilən ilk əsərdir.
Mərasimdə çıxış edən
Azərbaycan Prezidentinin
ictimai-siyasi məsələlər
üzrə köməkçisi,
kitabın ön sözünün müəllifi
Əli Həsənov Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq əlaqələrindən,
təqdimatı keçirilən
əsərin məziyyətlərindən
danışıb. Prezidentin köməkçisi
eyni taleyi yaşayan xalqlarımızın
həyatında liderlərimizin
mühüm rolundan söhbət açıb.
Qeyd edilib ki, Nursultan
Nazarbayevin müdrik siyasətinin nəticəsi
olaraq hazırda Qazaxıstanda xalqlar və millətlər arasında möhkəm sülh, sabitlik hökm sürür, multikultural dəyərlər
daşıyan funksional
bir cəmiyyət formalaşıb. 130-dan artıq
xalqın nümayəndələri,
o cümlədən azərbaycanlılar
vətəndaş sülhü
və ümummilli həmrəylik şəraitində
yaşayır və fəaliyyət göstərirlər.
Beynəlxalq Türk Akademiyasının
prezidenti Darxan Kıdırali türk dünyasının ağsaqqalı
Nursultan Nazarbayevin həyat yolundan bəhs edən kitabın Azərbaycan dilinə tərcüməsini
əhəmiyyətli hadisə
adlandırıb. O, kitaba ön söz yazdığına görə
Əli Həsənova
minnətdarlığını bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qeyd edib ki,
bu kitabın nəşri Azərbaycan xalqının qazax xalqına sevgisinin bariz göstəricisidir. O, Qazaxıstanın
latın əlifbasına keçidinin
xalqlarımızın daha
da yaxınlaşmasına
töhfə verəcəyini
vurğulayıb, təqdimatı
keçirilən əsərin
latın əlifbası
ilə çap olunmasının əhəmiyyətini
qeyd edib.
Milli Məclisin deputatı Elman
Nəsirov Azərbaycan
ilə Qazaxıstan arasında münasibətlərin
inkişafında ümummilli
lider Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin xidmətlərindən danışıb. O, əlaqələrimizin
hazırda prezidentlər
İlham Əliyev və Nursultan Nazarbayev tərəfindən
daha da inkişaf
etdirildiyini vurğulayıb.
Xatırladaq ki, kitabı rus dilindən Azərbaycan dilinə Azərbaycan Ali
Media, İ.Qaspralı adına Beynəlxalq Türk Akademiyasının
media mükafatları laureatı,
publisist-jurnalist, Azərbaycan
Televiziyasının Orta
Asiya ölkələri
üzrə müxbir bürosunun keçmiş
rəhbəri Aida Eyvazova
(Aida Eyvazlı Göytürk)
tərcümə edib.
Nəşrin məsləhətçiləri
Beynəlxalq Türk Akademiyasının prezidenti
Darxan Kıdırali və Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev, redaktoru Vəli Əkbərdir.
Kitabın təqdimatından
sonra Əli Həsənov
Qazaxıstanın “Xabar” dövlət televiziya kanalına müsahibə verib. Əli Həsənov Nursultan
Nazarbayevin Azərbaycanın ən ali mükafatı olan “Heydər
Əliyev” ordeni ilə təltif edildiyini diqqətə çatdırıb. “Prezident İlham Əliyev
mükafatın təqdim edilməsi mərasimində
vurğulayıb ki, Nursultan
Nazarbayev ulu öndər
Heydər Əliyevin və Azərbaycan xalqının böyük dostudur”, - deyə
Azərbaycan Prezidentinin köməkçisi
bildirib.
Azərbaycan.-
2017.-28 noyabr.- S.3.