Astanada Qazaxıstanın Birinci Prezident Günü
münasibətilə beynəlxalq parlament
konfransı keçirilib
Astana şəhərində
Qazaxıstanın Birinci Prezident Günü münasibətilə
beynəlxalq parlament konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Yeni qlobal reallıqda modernləşdirmənin Qazaxıstan modeli” mövzusunda keçirilən tədbirdə Qazaxıstanın, Rusiyanın, Türkiyənin, Bolqarıstanın, Macarıstanın parlament rəhbərləri, İspaniya, İtaliya, Tacikistan, Hindistan və digər ölkələrin qanunverici orqanlarının təmsilçiləri, diplomatlar, tanınmış ekspertlər, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konfransda Azərbaycanı Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov təmsil edib.
Valeh Ələsgərov tədbirdə çıxış edərək bildirib ki, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev dövlət başçısı və xalqın lideri kimi ölkəni siyasi, iqtisadi və sosial böhranlardan qoruyub. Məhz Nursultan Nazarbayevin müdrik siyasəti, strateji uzaqgörənliyi sayəsində ölkədə genişmiqyaslı iqtisadi, siyasi və sosial islahatlar həyata keçirilib, xalqın həyat səviyyəsi yüksəlib.
Valeh Ələsgərov müstəqilliyinin ilk illərində Azərbaycanın da eyni tale ilə üzləşdiyini, oxşar problemlər yaşadığını, məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra vəziyyətin normallaşdığını, ölkənin dərin siyasi, iqtisadi, sosial böhrandan xilas edildiyini və dövlətçiliyimizin qorunub saxlanıldığını, möhkəmləndirildiyini diqqətə çatdırıb.
Milli Məclis sədrinin müavini qeyd edib ki, bir çox uğurlu layihələrə imza atan Nursultan Nazarbayevin təşəbbüsləri sayəsində Qazaxıstanda qlobal maliyyə böhranının mənfi nəticələrini aradan qaldırmaq mümkün oldu.
Qazaxıstan Prezidentinin rəhbərliyi ilə ölkənin bölgələrinin də sürətlə inkişaf etdiyini söyləyən Valeh Ələsgərov Astananın Avropa ilə Asiya arasında tranzit körpünün bir növ əlverişli iqtisadi, nəqliyyat, kommunikasiya və logistika mərkəzinə çevrildiyini bildirib. Milli Məclis sədrinin müavini Qazaxıstanın Prezident Nursultan Nazarbayevin rəhbərliyi ilə dünyada böyük nüfuza malik ölkəyə çevrildiyini vurğulayıb.
Valeh Ələsgərov Azərbaycanın və Qazaxıstanın iqtisadiyyatdan tutmuş mədəniyyətə, ekologiyaya, terrorizmlə mübarizəyədək demək olar ki, bütün sahələrdə əməkdaşlıq etdiyini, iki dost ölkənin nəqliyyat, energetika, informasiya-kommunikasiya texnologiyaları da daxil olmaqla bir çox beynəlxalq layihələrdə uğurla iştirak etdiyini deyib.
Azərbaycanın və Qazaxıstanın beynəlxalq və regional təşkilatlarda mövqelərinin üst-üstə düşdüyünü qeyd edən Milli Məclis sədrinin müavini ölkələrimizin hər zaman bir-birini dəstəklədiyini söyləyib. O, dövlət başçılarının şəxsi münasibətlərinin, zəngin təcrübələrinin əlaqələrimizin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Konfrans çərçivəsində Valeh Ələsgərov Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb.
Görüşdə Qazaxıstan-Azərbaycan
münasibətlərinin, xüsusilə parlamentlərarası
əlaqələrin inkişafına dair
müzakirələr aparılıb.
Azərbaycan.-
2017.-28 noyabr.- S.4.