MDU-nun Bakı Filialında Azərbaycanda ilk dəfə
Beynəlxalq Coğrafi İmla – 2017 tədbiri keçirilib
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında Coğrafi İmla – 2017 adlı nadir beynəlxalq layihə həyata keçirilib. İlk dəfə 2015-ci ildə Rus Coğrafiya Cəmiyyəti (RCC) tərəfindən Rusiyada keçirilmiş layihə bu il beynəlxalq səviyyəyə çıxarılıb.
AZƏRTAC xəbər
verir ki, Rus Coğrafiya Cəmiyyəti tarixən rus xəritəşünaslığının
mərkəzlərindən biri olub. V.Y.Struve, F.F.Şubert,
N.D.Artamonov, K.A.Salişşev kimi məşhur geodezist, topoqraf
və kartoqraflar bu cəmiyyətin üzvləri olublar. Cəmiyyətin
kartoqrafiya toplusu 1845-ci ildə cəmiyyətin
yaradıldığı vaxtdan formalaşmağa
başlayıb. Bu gün həmin topluda 40 minə yaxın nadir atlas və
xəritə var. Son illərdə isə yeni
buraxılmış kartoqrafiya materialları və geoloji
informasiya xarakterli məlumatlar hesabına, o cümlədən
cəmiyyətin qrant dəstəyi sayəsində həmin
toplunun həcmi əhəmiyyətli dərəcədə
artıb. 2015-ci ildə RCC-nin Qəyyumlar Şurasının sədri,
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü
ilə ilk dəfə Ümumrusiya Coğrafi İmla tədbiri
keçirilib.
Beynəlxalq Coğrafi
İmla əhalinin coğrafi savad səviyyəsinin qiymətləndirilməsinə
yönəlmiş genişmiqyaslı təhsil
aksiyasıdır. 2017-ci ildə İmla artıq beynəlxalq səviyyəyə
çatıb və bu il noyabrın 26-da dünyanın 25-dən
çox ölkəsində (o cümlədən Rusiya, Azərbaycan,
Argentina, Çexiya, Danimarka, Böyük
Britaniya, Norveç, Türkiyə, Monteneqro və başqa
dövlətlərdə) imla keçirilməsi məqsədilə
məxsusi olaraq hazırlanmış regional məkanlar fəaliyyət
göstərirdi.
MDU-nun Bakı Filialında
Beynəlxalq İmlada iştirak etmək arzusunda olanların
sayı 800-dən çox idi. Qeyd etmək lazımdır ki, Filial bu tədbirin keçirilməsi
üçün ən böyük məkanlardan birini təqdim
edib və imla iştirakçılarının sayına
görə Rusiyadan xaricdəki məkanlar arasında birinci
olub.
Həmin gün Filialın tədris
korpusunun auditoriyalarında bütün zəruri şərait
yaradılmış, texniki cəhətdən yüksək səviyyədə
təchiz olunmuş 12 auditoriya ayrılmışdı.
Rus dilində keçirilən
coğrafi imlada iştirak etmək könüllü idi. İmla müxtəlif
çətinlik dərəcəli 3 bloka
bölünmüş 30 test tapşırığından
ibarət idi. Birinci blokdakı suallar coğrafi
anlayış və terminlərlə bağlı biliklərə
aid idi. İkinci blok xəritə ilə
işləmək bacarıqlarının yoxlanmasına,
üçüncü blok isə səyyahların gündəliklərindəki
qeydlərə və bədii əsərlərdən
seçilmiş parçalara əsasən coğrafi obyektlərin
təyin edilməsinə yönəlmişdi.
İmla başlanmazdan əvvəl
tədbirin hər bir iştirakçısına imlanı
yazmaq üçün möhürlənmiş blank,
tapşırıqların mətni yazılmış blank və
onun doldurulmasına dair şifahi təlimat paylandı. Hər bir
iştirakçıya fərdi eyniləşdirmə nömrəsi
verilmiş, bu nömrə imla yazma üçün blank
alınarkən həmin blanka yazılır. Eyniləşdirmə nömrəsi kəsmə vərəq
şəklində də təkrarlanır və həmin vərəq
imlanın iştirakçısında qalır. İmlaya görə verilən balların maksimum
sayı 100-dür. Tapşırıqların
yerinə yetirilməsi uçun iştirakçılara 45 dəqiqə
vaxt verilib. İştirakçıların
təlimatlandırılması vaxtı da nəzərə
alınmaqla imla üçün ayrılan ümumi vaxt 60 dəqiqə
olub.
İmla başlanmazdan əvvəl
Rus Coğrafiya Cəmiyyəti tərəfindən
hazırlanmış maraqlı materiallar nümayiş
etdirilib. “Putoran vadisi. Əlçatmaz gözəllik”,
“Multi-Rusiya”, “Rusiya qoruqları”, “Rusiya zirvələri”, “Yeri gəlmişkən,
coğrafiya haqqında” adlı videomateriallar imla
iştirakçılarının böyük marağına
səbəb olub. Yaşından, təhsilindən,
sosial mənsubiyyətindən, dini etiqadından və vətəndaşlığından
asılı olmayaraq arzu edən hər kəs bu imlada
iştirak edirdi. Burada Rusiyanın Bakıdakı səfirliyinin
əməkdaşlarını, “Rossotrudniçestvo”
agentliyinin, Moskvadan Rus Coğrafiya Cəmiyyətinin nümayəndələrini,
məktəbliləri və tələbələri, ölkənin
ali məktəblərinin professor və
müəllimlərini, AMEA alimlərini, yaradıcı
ziyalıların və digər müxtəlif peşələrin
nümayəndələrin görmək olardı. İmla dərsinin
keçirilməsi üçün auditoriyalarda işə cəlb
edilmiş bütün moderatorlar M.V.Lomonosov adına
MDU-nun professorları və dosentləri idi.
Tədbir
iştirakçıları öz şərhlərində
MDU-nun Bakı Filialında imlanın yüksək səviyyədə
təşkil olunmasını və keçirilməsini, Azərbaycanda
belə bir layihənin reallaşdırılmasının
vacibliyini qeyd ediblər.
Rusiyanın Azərbaycandakı səfirliyinin
təhsil üzrə müşaviri İqor Yeronin: “Artıq
üçüncü ildir ki, keçirilən Coğrafi
İmla insanların təhsili ilə bağlı yaxşı
bir ənənəyə çevrilib. Azərbaycanda bu imla
Rusiyanın ən yaxşı ali məktəbini
təmsil edən MDU-nun Bakı Filialında keçirilir. Təəccüblü deyil ki, bu hadisə məhz
burada keçirilir. İştirakçıların
sayı dünyanın istənilən başqa ölkəsindəkindən
çoxdur”.
285 nömrəli məktəbin
müəllimi Safura Rəhimova imlada öz uşaqları – 278
nömrəli məktəbin şagirdləri 14 yaşlı
Nigar və 10 yaşlı Nicat ilə birlikdə iştirak
edib. O deyir: “Coğrafi imla bu bazar günü bizim
üçün ailəvi bayram oldu. Burada,
MDU-nun Bakı Filialında biz çoxlu yeni və maraqlı məlumatlar
aldıq. Belə tədbirlər intellektual
inkişafa komik edir, insanın dünya
görüşünü xeyli genişləndirir. Bu, bizim uşaqlarımızın inkişaf etməsi
üçün gözəl imkandır”.
Rus Coğrafiya Cəmiyyətinin
Moskva vilayət bölməsinin icraçı direktorunun
müavini Yuri Minnikov: “MDU-nun Bakı Filialında Coğrafi
İmla üçün ayrılmış məkan bu məqsədlə
dünyada ayrılan ən böyük məkandır. Hər şey – imlanın təşkili,
iştirakçıların sayı, bu hadisəyə maraq ən
yüksək səviyyədədir. Bütün bunlar onu
göstərir ki, imla bayramı baş tutub! MDU-nun
Bakı Filialının rektoru, akademik Nərgiz Paşayevaya və
bu tədbirin baş tutmasına kömək etmiş hər kəsə
Azərbaycanda coğrafi imlanın keçirilmiş
üçün gözəl şərait yaratdıqlarına
görə dərin minnətdarlığımı bildirmək
istərdim. Biz bu barədə Moskvada
hökmən danışacağıq. Hamınız
çox sağ olun!”
Azərbaycan Dövlət İqtisad
Universitetinin beynəlxalq iqtisadi münasibətlər
kafedrasının professoru Rüfət Qasımov: “İmla
ölkənin təhsil sisteminin həyatında mühüm
hadisə oldu. Bu tədbirdə yaşından və
sosial mövqeyindən asılı olmayaraq hər kəs
öz biliklərini yoxlamaq, çoxlu yeni məlumatlar almaq
imkanına malik idi. İnsan bütün həyatı
boyu öyrənməlidir. İqtisadiyyat
sahəsində çalışan bir müəllim kimi, mənim
üçün özümü coğrafiya sahəsində
sınamaq, ölkəmizin gələcəyi olan istedadlı,
biliklərə can atan gəncləri görmək çox
maraqlı idi”.
MDU-nun Bakı Filialının iqtisad
fakültəsinin ikinci kurs tələbəsi Şəbnəm
Quliyeva: “İmla bizim doğma Filialda keçirilir və bu,
bizim üçün sevindirici hadisədir. İqtisadiyyat
ilə sıx bağlı olan coğrafiya məni həmişə
maraqlandırıb və bu sahədə öz biliklərimi
yoxlamaq mənim gələcək inkişafım
üçün mühüm amildir”.
189-190 nömrəli tam orta məktəbin
9-cu sinif şagirdi Riad Mirzəyev: “Burada mən ümumtəhsil
məktəblərinin çoxlu şagirdlərini, öz
dostlarımı gördüm. Bizim yaşda
biliklər əldə etmək çox vacibdir, onlar gələcəkdə
hökmən lazım olacaq. Qeyd etmək
istərdim ki, suallar çox maraqlı və ibrətamiz idi.
Bu imla mənim üçün bir növ
müsabiqə oldu. Mən özümü
yoxlamaq istəyirdim və bu təcrübə çox
faydalı oldu”.
Eldar Quliyev adına
145 nömrəli məktəbin 10-cu sinif şagirdi Fidan
Quliyeva: “Azərbaycanda coğrafi imla keçirilməsi bizi
çox sevindirdi. Bizim Rusiya tarixinə və
Rusiya coğrafiyasına çox böyük
marağımız var və bu tədbir bizə bu sahədə
öz biliklərimizi yoxlamaq, Rusiya haqqında yeni biliklər əldə
etmək imkanı verir”.
Bakıya Dnepropetrovskdan
köçüb gəlmiş Lyubov Abdullayeva: “Rus Coğrafiya
Cəmiyyətinin MDU-nun Bakı Filialında həyata
keçirilən layihəsi ölkələr arasında
dostluq körpüsüdür. Bu tədbir
uşaqların, gənclərin və yaşlı nəslin
böyük diqqətini cəlb edib. Coğrafi
İmla xalqları, müxtəlif yaşlı və müxtəlif
peşələrə aid insanları birləşdirir”.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Valentin Denisov: “Müasir
dünyada tarixi və coğrafiyanı bilmək çox
vacibdir. Coğrafi İmla beynəlxalq
miqyaslı hadisədir. Azərbaycanda
MDU-nun Bakı Filialında və Rusiya İnformasiya-Mədəniyyət
Mərkəzində keçirilən bu tədbirdə mindən
çox insan iştirak edir. Bu, MDB ölkələrində
ən yüksək nəticə və bizim ümumi qələbəmizdir”.
İmlanın moderatoru, M.V.Lomonosov adına MDU-nun iqtisad fakültəsinin professoru
Kaysın Xubiyev: “İmlanın MDU-nun Bakı Filialında
keçirilməsi faktı mənim üçün
xüsusilə maraqlıdır. Bu layihənin
MDU-nun Bakı Filialında təşkili və keçirilməsi
ən yüksək tərifə layiqdir. Bu
mühüm hadisədə iştirak etməyimə görə
çox şadam”.
İmlanın moderatoru, MDU-nun fizika
fakültəsinin professoru, fizika-riyaziyyat elmləri doktoru
Aleksandr Slepkov: “Mən özüm də imlada iştirak etdim,
ola bilsin ki, sualların hamısına cavab vermədim, lakin bu
çox maraqlı tədbirdir və mənim çox
xoşuma gəldi. MDU-nun Bakı Filialı
Coğrafi İmlanın keçirildiyi ən böyük beynəlxalq
məkanlardan biridir. Cari il M.V.Lomonosov
adına MDU-nun Bakı Filialı üçün yubiley ilidir
– 10-cu tədris ilidir. Artıq çoxdandır ki, bu Filial iri beynəlxalq layihələrin uğurla
həyata keçirildiyi və belə tədbirlərin
yüksək səviyyədə reallaşdığı bir məkana
çevrilib. Məsələn, 2015-ci ildə
Filialda dünyanın 80 ölkəsindən 600-ə yaxın
şagirdin iştirakı ilə məktəblilərin 47-ci
Beynəlxalq Kimya Olimpiadası keçirildi. Beynəlxalq Olimpiadanın İdarəetmə Komitəsinin
rəyinə görə, həmin olimpiada məktəblilərin
kimya olimpiadalarının keçirilməsi tarixində ən
uğurlu və ən yaxşı olimpiada oldu.
Ona görə də ən
yüksək səviyyədə təşkil olunmuş
bugünkü tədbir də ən gənc
iştirakçılarının başlamış
yaşlı nəslin nümayəndələrinə qədər
hər kəsin böyük marağına səbəb oldu. Ümumiyyətlə,
Filialın təchizatının yüksək səviyyədə
olmasını, buradakı müasir auditoriya və
laboratoriyaları qeyd etmək istərdim. Burada
işləmək və təhsil almaq çox xoşdur.
Təsadüfi deyil ki, İmla məhz MDU-nun
Bakı Filialında keçirildi”.
İmlanın moderatoru, filologiya elmləri
doktoru, M.V.Lomonosov adına MDU-nun filologiya
fakültəsinin ən yeni rus ədəbiyyatı tarixi və
müasir ədəbi proses kafedrasının müdiri Mixail
Qolubkov: “Bu ildən etibarən Coğrafi İmla beynəlxalq
miqyas alıb. Bu vaxt Bakıda olmağıma və
belə mühüm bir layihədə iştirak etməyimə
görə çox şadam. Bu, MDU-nun
Bakı Filialının və Azərbaycan paytaxtının həyatında
çox mühüm hadisədir, çünki ölkələrimizin
və xalqlarımızın daha da yaxınlaşmasına,
Rusiya coğrafiyasının öyrənilməsinə şərait
yaradır. Bu hadisə bizim həyatımızda
bayramdır. Mən bu tədbirin uğurla
həyata keçirilməsi münasibətilə Bakı
Filialının bütün kollektivini təbrik edirəm”.
Rus Coğrafiya Cəmiyyətinin Azərbaycandakı
təşəbbüs qrupunun rəhbəri Cavid Zamanov: “MDU-nun
Bakı Filialında Coğrafi İmlanın keçirilməsi
böyüməkdə olan nəslin təhsilinin və tərbiyəsinin
inkişafına böyük töhfə verməklə bərabər,
həm də bütün iştirakçılar
üçün gözəl bayram oldu”.
Həmin gün M.V.Lomonosov adına MDU-nun Bakı Filialında bu nadir tədbirin
əvvəlindən sonuna qədər əsl bayram şəraiti
hökm sürürdü.
Coğrafi İmlanın
bütün iştirakçılarına sertifikatlar verildi. İmlanın
nəticələri dekabrın 25-də elan ediləcək.
Qeyd edək, MDU-nun Bakı
Filialında 6 fakültə fəaliyyət göstərir: tətbiqi
riyaziyyat, kimya, filologiya, psixologiya, iqtisadiyyat və fizika
fakültələri. Filialın çox zəngin
kitabxanası, kimya, fizika və psixologiya fakültələrində
tədris prosesinin təmin edilməsi və elmi tədqiqat
işləri aparılması üçün zəruri olan,
demək olar ki, istənilən dərəcədə mürəkkəb
eksperimental araşdırmalar aparmağa imkan verən ən
müasir avadanlıqla təchiz olunmuş, 22 tədris-elmi
laboratoriya var. Bakı Filialı həm humanitar, həm də
fundamental elm sahələrində gənc tədqiqatçıların
elmi potensialının artırılmasına həmişə
xüsusi diqqət yetirir. Artıq
üçüncü ildir ki, MDU-nun rəhbərliyi
Filialın məzunlarına Moskva Dövlət Universitetinin əyani
aspiranturasında pulsuz oxumaq üçün yerlər
ayırır. Bakı Filialı lap əvvəldən
özü üçün asan olmayan yol seçib: burada
indiki dövrdə çox populyar olan beynəlxalq hüquq,
hüquqşünaslıq kimi ixtisaslar və istiqamətlər
açmaq əvəzinə, humanitar ixtisaslarla yanaşı dəqiq
elmlər üzrə yüksək ixtisaslı kadrlar
hazırlanmasına xüsusi diqqət yetirilib və bu gün
də belədir. Bu yaxınlarda Filialda ən
müasir avadanlıqla təchiz edilmiş yeni “Nüvə və
atom fizikası” tədris laboratoriyası açılıb.
Filialın nisbətən qısa
müddətdə həm ölkəmizdə, həm də
onun hüdudlarından kənarda tədris və elmi-akademik fəaliyyətin
bütün sahələrində qazandığı nailiyyətləri
çox sadalamaq olar.
Rus
Coğrafiya Cəmiyyətinin rəhbərliyi məhz
Filialın bütün uğurlarını və nailiyyətlərini
nəzərə alaraq bu İmlanın məhz MDU-nun Bakı
Filialında keçirilməsi təşəbbüsü ilə
Filialın rektoru akademik Nərgiz Paşayevaya müraciət
edib.
Azərbaycan.-
2017.-28 noyabr.- S.6.