Azərbaycan
sosial layihələrə və idman sahəsinə
böyük investisiyalar qoyur
Noyabrın 28-də
Ağcabədi Olimpiya İdman Kompleksinin
açılışı olub.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev açılış mərasimində iştirak
edib.
Dövlətimizin
başçısı əvvəlcə Olimpiya İdman
Kompleksinin rəmzi açılışını bildirən
lenti kəsdi.
Nəhəng idman
infrastrukturunun yaradılması istiqamətində atılan
addımlar Azərbaycanı idman ölkəsi kimi nəinki
yerləşdiyi coğrafi arealda, həm də bütün
dünyada lider mövqeyə yüksəldib. Buna
dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin
prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və
qayğı sayəsində nail olunub. Çoxlu sayda Olimpiya
İdman komplekslərinin, idman-sağlamlıq mərkəzlərinin
tikilib istifadəyə verilməsi Azərbaycanı nəhəng
idman hərəkatının yaşandığı məkanlardan
biri kimi tanıdıb. Son illər Azərbaycan mötəbər
beynəlxalq idman yarışlarına yüksək səviyyədə
ev sahibliyi edib. Diqqət çəkən əsas məqamlardan
biri də bədən tərbiyəsi və idmanın ölkəmizin
bütün regionlarında kütləvi xarakter
almasıdır. Buna nail olmaq üçün müxtəlif
bölgələrdə Olimpiya İdman kompleksləri, idman
qurğuları və stadionlar tikilir. Belə nəhəng
idman qurğularından biri də Ağcabədidə inşa
olunub. Ağcabədi Olimpiya İdman Kompleksi Prezident İlham
Əliyevin “Abşeron və Ağcabədi rayonlarında
Olimpiya İdman komplekslərinin tikintisi ilə bağlı tədbirlər
haqqında” 2011-ci il 27 may tarixli Sərəncamı əsasında
inşa edilib. Bu, ölkə idmançılarının
ixtiyarına verilən sayca 42-ci Olimpiya İdman Kompleksidir.
Gənclər və idman
naziri Azad Rəhimov Ağcabədi Olimpiya İdman Kompleksində
yaradılan şərait barədə dövlətimizin
başçısına ətraflı məlumat verdi.
Bildirildi ki, kompleksin tikintisinə 2012-ci
ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə
aparılan tikinti işləri bu ilin noyabrında başa
çatdırılıb. Bu kompleks
müasirliyi ilə diqqəti cəlb edir. Ümumi
ərazisi 5 hektar olan idman qurğusunda bütün zəruri
infrastruktur yaradılıb. Kompleksdə 100
tamaşaçı tutumu olan ikidöşəkli güləş
və cüdo, boks, ağır atletika, həmçinin
937 azarkeş yerlik universal idman zalları yaradılıb.
İdman kompleksində stolüstü tennis, bilyard, trenajor və
fitnes zalları, yay kafesi, mağaza, bilet satışı
kassası var. Binada, həmçinin məşq zalları, VIP
loja, nəzarətçilər, məşqçilər,
hakimlər üçün otaqlar, dopinq-nəzarət,
soyunub-geyinmə və digər zəruri otaqlar
yaradılıb. Baş plana əsasən, kompleksdə
uzunluğu 104, eni isə 68 metr olan 810 azarkeş yerlik futbol
stadionu, habelə mini futbol, voleybol və tennis
meydançaları da var. Bir sözlə, burada idmanın
müxtəlif növləri ilə məşğul olmaq
üçün geniş imkanlar mövcuddur.
Belə komplekslərin yaradılması Azərbaycanın
idman ölkəsi kimi nüfuzunu yüksəltməklə
yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin
artırılması, onların potensialının üzə
çıxarılması və ümumilikdə idmanın
kütləviliyinin təmin edilməsində mühüm əhəmiyyət
daşıyır. Kompleksin əhəmiyyətini artıran cəhətlərdən
biri də burada müasir mehmanxananın
yaradılmasıdır. Üçmərtəbəli 50
yerlik mehmanxanada idmançıların qalması və istirahəti
üçün hər cür imkan var. Mehmanxanada üç
birnəfərlik, iki ikinəfərlik, iki VIP, 13 üçnəfərlik
otaqlar və 95 yerlik konfrans zalı mövcuddur.
Qeyd olundu ki, buradakı
üzgüçülük hovuzu ən müasir standartlara
cavab verir. Hovuzun
uzunluğu 25, eni isə 12,5 metrdir. Zalda üzgüçülük
yarışlarını 100-dən çox
tamaşaçı izləyə biləcək. Binada restoran da fəaliyyət göstərəcək.
Kompleks, həmçinin qaz, su-kanalizasiya,
elektrik, rabitə xətləri ilə təchiz olunub. Ətrafda geniş yaşıllıq zolaqları
salınıb, təhlükəsizlik müşahidə
kameraları quraşdırılıb.
Komplekslə tanışlıqdan sonra
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri
və ağcabədili idmançılarla
görüşdü.
Dövlətimizin başçısı
görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Bu gün Ağcabədidə gözəl,
böyük, möhtəşəm Olimpiya İdman Mərkəzi
açılır. Bu münasibətlə sizi
ürəkdən təbrik edirəm.
Çox gözəl hadisədir, gözəl
mərkəzdir. Burada
idmanla məşğul olmaq üçün bütün
şərait var. Demək olar ki, idmanın bütün
növləri ilə həm idmançılar, həm də
rayon sakinləri məşğul ola bilərlər.
Gözəl idman zalları,
üzgüçülük hovuzu, böyük stadion,
açıq idman meydançaları və 1000 nəfərlik
qapalı idman salonu. Yəni, bu, çox
gözəl idman obyektidir. Çox
şadam ki, Ağcabədidə belə gözəl idman mərkəzi
yaradılıbdır.
İdman Azərbaycanda dövlət siyasətidir. Bildiyiniz kimi,
idmançılarımız bizi beynəlxalq yarışlarda
layiqincə təmsil edirlər, dünya, Avropa, Olimpiya
çempionlarımız var. İndi demək olar ki,
bütün mötəbər beynəlxalq yarışlarda Azərbaycanın
bayrağı dalğalanır. Biz, eyni
zamanda, böyük idman tədbirlərini Azərbaycanda
uğurla keçirmişik. Bu il Azərbaycanda
İslam Həmrəyliyi Oyunları, iki il bundan əvvəl isə
Avropa Oyunları ən yüksək səviyyədə
keçirilmişdir.
Deyə bilərəm ki, Avropa Oyunları
Yay Olimpiya Oyunları səviyyəsində
keçirilmişdir. Həm
Avropa, həm İslam Həmrəyliyi oyunlarında Avropanı
və müsəlman aləmini təmsil edən 100-dən
çox ölkə iştirak etmişdir. Bu, bir
daha Azərbaycanı mədəniyyətlərarası dialoqun
mərkəzi kimi dünyada təqdim etmişdir və bu,
tarixi nailiyyətdir. Çünki iki il
ərzində bir ölkədə, bir şəhərdə həm
Avropa, həm İslam Həmrəyliyi oyunları yüksək
səviyyədə keçirilmiş, dünyanın
bütün idman ictimaiyyəti bu oyunları maraqla izləmişdir.
Bizim idmançılarımız da bu oyunlarda ən
yüksək nəticələr göstərmiş, Avropa
Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə
bütün müsəlman ölkələri arasında
birinci yerə layiq görülmüşlər. Bu, Azərbaycanı bir daha dünyaya güclü
idman dövləti kimi təqdim edir, bir daha göstərir ki,
Azərbaycan idmançıları güclü
idmançılardır və onlar istənilən
yarışda ölkəmizi ləyaqətlə təmsil edirlər.
Əlbəttə, bu uğurlara nail olmaq
üçün biz gərək müntəzəm olaraq bu məsələlərlə
bağlı öz işlərimizi düzgün quraydıq və
belə də oldu. Azərbaycanda idmanla məşğul olan
bütün qurumlar çox fəal işləyirlər,
yeniyetmə idmanı, uşaq idmanı inkişaf edir, gənc
nəsil yetişir. Bu gün bizim qələbələrimizi
şərtləndirən əsas amillər idman infrastrukturu, təlim-məşq
toplanışları, beynəlxalq yarışların Azərbaycanda
keçirilməsidir. Bütün bu amillər
Azərbaycanda var və təsadüfi deyil ki, biz, eyni zamanda,
Yay Olimpiya Oyunlarında da yüksək nəticə göstəririk.
Avropa və İslam Həmrəyliyi
oyunları Azərbaycanda keçirilmişdir. Adətən deyirlər ki,
öz ölkəsində idmançılara hətta divarlar da
kömək edir. Ancaq Rio Yay Olimpiya
Oyunlarında medalların sayına görə 14-cü yerə
qalxmaq təsdiqləyir ki, həm Avropa, həm İslam Həmrəyliyi
oyunlarındakı qələbələr təsadüfi
deyildi. Bu qələbələr bizim
gördüyümüz işlərin məntiqi nəticəsi
idi.
Əlbəttə ki, idmanla məşğul
olmaq üçün şərait olmalıdır. Bu gözəl şərait
yaradılır. Ağcabədidə
möhtəşəm Olimpiya İdman Mərkəzi
açılır. Bu, bölgələrdə
açılan mərkəzlər arasında sayca
43-cüdür. Demək olar ki, bizim
bütün bölgələrimizdə gözəl Olimpiya
İdman mərkəzləri var. Qarşıya məqsəd
qoyulub ki, hər bir şəhərdə belə komplekslər
yaradılsın. Növbəti illərdə
də bu istiqamətdə işlər aparılacaq.
İdman sağlam həyat tərzidir. İdman gəncləri vətənpərvərlik
ruhunda tərbiyə edir. İdman ölkələri
dünya miqyasında tanıdır. Əgər
biz Olimpiya Oyunlarında yüksək nəticə göstərmiş
ölkələrin siyahısına baxsaq görərik ki,
onların tam əksəriyyəti inkişaf etmiş ölkələrdir.
Yəni, ancaq inkişaf etmiş ölkələrdə
idman daha çox inkişaf edə bilər. Azərbaycan da inkişafda olan ölkədir. Ağcabədidə belə bir mərkəzin
yaradılması onu göstərir ki, biz hətta iqtisadi cəhətdən
o qədər asan olmayan illərdə də sosial sahəyə,
idman sahəsinə böyük investisiyalar qoyuruq.
İdman ictimai həyatımızın tərkib
hissəsidir, bu, sosial siyasətimizin təzahürüdür. Ağcabədi rayonunda da belə
obyektlərin sayı getdikcə çoxalır. Vaxtilə burada Azərbaycanın ən böyük
xəstəxanalarından biri - Ağcabədi Mərkəzi
Rayon Xəstəxanası tikilib istifadəyə verilmişdir.
Mən bu gün maraqlandım, xəstəxana çox
uğurla fəaliyyət göstərir, burada hər il pulsuz müayinə keçirilir və rayon
sakinləri bu imkanlardan istifadə edirlər. Ağcabədidə
Gənclər Mərkəzi, Şahmat Məktəbi,
Qarabağ Muğam Mərkəzi və digər obyektlər
açılmışdır, 28 məktəb tikilmişdir, 11
məktəb əsaslı təmir olunmuşdur. Bütün bu işləri görmək
üçün vəsait lazımdır. Azərbaycan
iqtisadiyyatı bu gün güclü iqtisadiyyatdır və
bizim qarşımızda heç bir maliyyə problemimiz yoxdur.
Ona görə bu il və növbəti illərdə
sosial-iqtisadi infrastruktur sahəsində əlavə tədbirlər
görüləcək.
Növbəti illərdə Ağcabədidə
kənd yollarının tikintisi davam etdiriləcək. Bir neçə kənd yolu
layihəsi icra edilib və gələn ildə də nəzərdə
tutulur. Çoxmənzilli
yaşayış binalarının təmiri məsələsi
də gündəlikdədir, abadlıq işlərinə əlavə
vəsait ayrılacaq və bir sözlə, rayonun sosial-iqtisadi
inkişafı əminəm ki, bundan sonra da uğurla təmin
ediləcəkdir.
Burada kənd təsərrüfatı ilə
bağlı yaxşı nəticələr var. Aqroparklar
salınır, böyük taxılçılıq təsərrüfatları
yaradılır.
Bilirsiniz ki, mənim təşəbbüsümlə bir
neçə il bundan əvvəl iri fermer
təsərrüfatlarının yaradılması haqqında
qərar verildi və ilk belə təsərrüfat -
“Qarabağ Taxıl” müəssisəsi Ağcabədidə
yaradılmışdır. Mən o müəssisənin fəaliyyəti
ilə tanış olmuşam. Müəssisə öz fəaliyyətini genişləndirir
və heyvandarlıq, bitkiçilik sahələrində də
böyük imkanlar var. Ağcabədi heyvandarlıq sahəsində
ənənəvi mərkəzlərdən biridir,
bitkiçiliyə gəldikdə isə,
pambıqçılığın da şöhrəti
Ağcabədidə bərpa edilir. Sovet vaxtında
Ağcabədi iri pambıqçılıq rayonlarından
biri idi. İndi biz bu statusu
qaytarırıq. Builki nəticələr
də yaxşıdır, ağcabədililər müəyyən
edilmiş hədəfə çatıblar. Əminəm ki, növbəti illərdə əlavə
tədbirlərin, o cümlədən meliorativ tədbirlərin
görülməsi nəticəsində məhsuldarlıq daha
da artmalıdır və artacaq. Biz növbəti
illərdə, ilk növbədə, məhsuldarlığa
fikir verməliyik. Bunun üçün
bütün tədbirlər vaxtında görülməlidir
ki, məhsuldarlıq artsın.
Biz Ağcabədi rayonunun timsalında
ölkəmizin uğurlu sosial-iqtisadi inkişafını
görürük. Həm
sosial, həm mədəniyyət, təhsil, idman, kənd təsərrüfatı,
emal sənayesi sahələrində nəticələr göz
qabağındadır və biz, ümumiyyətlə, 2017-ci ili uğurla başa vururuq. Bu il
nəzərdə tutulmuş bütün məsələlər
öz həllini tapıbdır. Həm iqtisadi
sahədə, xarici siyasət sahəsində, hərbi sahədə
çox böyük nailiyyətlərimiz var. İlin sonunda
biz belə gözəl idman mərkəzinin
açılışını da qeyd edirik. Bu gün açılışda idmançılar
da iştirak edirlər, ilk növbədə, onları təbrik
edirəm və tövsiyə edirəm ki, hər bir insan
idmanla müntəzəm surətdə məşğul olsun.
Sizi bir daha təbrik edirəm.
***
Ağcabədi idman məktəbinin yetirməsi,
ikiqat dünya və yeddiqat Avropa çempionu Əli
CƏFƏROV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident, Sizi
Ağcabədi idmançıları, gəncləri və
ictimaiyyəti adından salamlayıram. Rayonumuza
“Xoş gəlmisiniz” deyirəm. Bu gün
Ağcabədi idmançıları, gəncləri
üçün tarixi bir hadisə yaşanır. Rayonumuzda möhtəşəm Olimpiya İdman
Kompleksi istifadəmizə verilir.
Ümumiyyətlə, son 14 ildə ölkəmizdə
olan inkişaf idmandan da yan keçməmişdir. Ölkəmizdə birinci
Avropa Oyunları, dördüncü İslam Həmrəyliyi
Oyunları, Formula-1 yarışları, Dünya Şahmat
Olimpiadası və digər mötəbər yarışlar
keçirilmişdir. Həmin
yarışlarda ölkəmizi idmançılarımız
layiqincə təmsil etmiş, bayrağımızı ən
yüksək zirvələrə qaldırmış, dövlət
himnimizi səsləndirmişlər.
Hazırda respublikamızın bütün
bölgələrində idmanla məşğul olmaq
üçün hər cür şərait vardır. Mən özüm Ağcabədi
idman məktəbinin yetirməsiyəm, ikiqat dünya, yeddiqat
Avropa çempionuyam. Hazırda
idmançılarımız 2020-ci ildə Yaponiyada
keçiriləcək Olimpiya Oyunlarına səylə,
böyük həvəslə hazırlaşırlar. Sizin bizə göstərdiyiniz yüksək diqqət
və qayğıdan ruhlanaraq çalışacağıq
ki, həmin Oyunlarda ölkəmizi layiqincə təmsil edək,
çoxlu sayda medallar qazanaq.
Cənab Prezident, bütün bu işlərin
hamısı Sizin əməyinizin, xidmətinizin nəticəsidir.
Ən əsası odur ki, bu kompleks də gələcəyimizə,
gənclərimizin və idmançılarımızın
ölkəmizi layiqincə təmsil etmələrinə xidmət
edəcək. Buna görə də Sizə
və Sizinlə çiyin-çiyinə çalışan,
Azərbaycan idmanının sürətli inkişafında
böyük rol oynayan Mehriban xanıma qədim Ağcabədinin
idmançıları, gəncləri adından dərin minnətdarlığımızı
bildirirəm.
Möhtərəm cənab Prezident, Sizə
möhkəm idman sağlamlığı, uzun ömür
arzulayıram.
Prezident İlham ƏLİYEV: Sağ olun. Hansı idman növü ilə məşğulsan?
Əli CƏFƏROV: Karate ilə.
Prezident İlham ƏLİYEV: Karate də
bu il Olimpiya idman növü oldu.
Əli CƏFƏROV: Bəli, çox
sevindik.
Prezident İlham ƏLİYEV: Hesab edirəm
ki, bu işdə Azərbaycan karateçilərinin də zəhməti
var. Çünki biz karateni ilk dəfə olaraq Avropa
Oyunlarının, sonra isə İslam Həmrəyliyi
Oyunlarının proqramlarına daxil etdik. Bundan
sonra karate Olimpiya idman növünə çevrildi. Ona görə 2020-ci ilə yaxşı
hazırlaşın.
Rayon icra hakimiyyətinin
başçısı Şahin MƏMMƏDOV: Cənab
Prezident, Minayə Əkbərova taekvondo üzrə yeniyetmələr
arasında dünya çempionatında ikinci yeri tutub.
Prezident İlham ƏLİYEV: Çox
yaxşı, medallarınız da çoxdur. İndi
burada gözəl idman zalları var, həm uşaqlar, yeniyetmələr,
həm idmançılar, həm də rayon sakinləri istifadə
edə bilərlər. İndi fiziki
hazırlıq hər bir insan üçün çox vacib
olan məsələdir.
İDMANÇILAR: Allah Sizdən razı
olsun. Sizə çox minnətdarıq.
Şahin MƏMMƏDOV: Cənab Prezident,
Yeni Qaradolaq kəndinin sakini Tofiq İsmayılov hektardan 50
sentner pambıq yığıb.
Prezident İlham ƏLİYEV: Bu
yaxınlarda “Əmək” ordenini təsis etdik ki, zəhmətkeşlərə
verilsin. Ona görə yüksək məhsuldarlığı
təmin edən zəhmətkeşlərə, əlbəttə,
dövlət tərəfindən mükafat verilməlidir.
Tofiq İSMAYILOV: Təşəkkür
edirəm.
Prezident İlham ƏLİYEV: Böyük
sahəniz var?
Tofiq İSMAYILOV: Qırx hektar sahədə
pambıq əkmişdim, hektardan 52 sentner məhsul
götürdüm. Cəmi 208 ton pambıq tədarük
etmişəm.
Prezident İlham ƏLİYEV: Belə
yüksək məhsuldarlığa nəyin hesabına nail
olmusunuz?
Tofiq İSMAYILOV: Bütün aqrotexniki
qaydalara əməl etmişik. Mən 1979-cu ildən
pambıqçılıqla məşğulam. Pambıq əkilməyən vaxtlarda da mən
pambıq əkirdim.
Prezident İlham ƏLİYEV: Təcrübəniz
var. Biz indi pambıqçılığı bərpa etdik. Bu
il pambıq tədarükü təqribən
200 min tona çatacaq. İki il ərzində
biz pambıq tədarükünü demək olar ki, 8 dəfə
artırırıq. Çox gəlirli sahədir.
İnsanlar çalışır, işləyir,
əməkhaqqı alırlar. Dolanışıq,
məşğulluq üçün də çox vacib sahədir.
Təsadüfi deyil ki, sovet vaxtında Ulu Öndərin
təşəbbüsü ilə Azərbaycanda
pambıqçılıq çox sürətlə
inkişaf etmişdir. İllər var idi
ki, bir milyon ton yığılırdı, 800 min ton, demək
olar ki, standart rəqəm idi. Ağcabədi
də o vaxt ən iri pambıqçılıq rayonlarından
biri idi. O vaxt bir rayon təqribən 100 min ton pambıq
verirdi. Sizin kimi vətəndaşların
hesabına pambıqçılığı bərpa edəcəyik.
Gərək sizin təcrübəniz həm
rayonda, həm də başqa yerlərdə öyrənilsin.
Çünki hazırda Ağcabədidə
hektardan məhsuldarlıq təqribən 20 sentnerdir. Amma hələ yığım davam edir, bu rəqəm
arta bilər.
Şahin MƏMMƏDOV: Bəli, artacaq.
Ötən il hektardan 24,2 sentner
vermişik. Bu il bir az su
qıtlığı problemi yaranıb. Tofiq
İsmayılov müşavirələrdə
çıxış edib öz tövsiyələrini verir.
Prezident İlham ƏLİYEV: İndi su məsələsi
ilə bağlı problemi icra başçısı məruzə
etdi. Biz bu problemi həll edəcəyik ki, su
qıtlığı olmasın. Maksimum
meliorativ tədbirlər görüləcək. İndi
meliorasiya ilə bağlı bizim bir neçə böyük
layihəmiz var: kanalların çəkilişi, yeni su mənbələrinin
dövriyyəyə daxil edilməsi. Çünki
siz yaxşı bilirsiniz ki, su və müasir texnika
pambıqçılıq üçün əsasdır.
Texnikanız varmı?
Tofiq İSMAYILOV: Texnika var və
vaxtlı-vaxtında tarlaya çıxarılır.
Prezident İlham ƏLİYEV: Kombayn
müasirdir?
Tofiq İSMAYILOV: Hamısı yenidir.
Prezident İlham ƏLİYEV: Əlbəttə,
sovet vaxtının kombaynlarını yaxşı
xatırlayırsınız.
Tofiq İSMAYILOV: Bəli, özüm
işlətmişəm.
Prezident İlham ƏLİYEV: İndi fərqi
görürsünüz. İtki və əziyyət az, məhsuldarlıq isə çox. Özü də rahat, kabinənin içi
böyük, kondisionerli. Sizə bir daha
uğurlar arzu edirəm.
***
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.-
2017.-29 noyabr.- S.5.