Azərbaycan ilə İsveç
arasında dini və mədəni sahədə
qarşılıqlı əməkdaşlıq məsələləri
müzakirə edilib
Ölkəmizdə səfərdə olan İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Qoransonun rəhbərlik etdiyi nümayəndə heyəti
noyabrın 28-də Dini
Qurumlarda İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb.
AZƏRTAC xəbər
verir ki, DQİDK-nın sədri qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri
haqqında məlumat verib.
Bildirilib ki, Prezident İlham
Əliyevin ölkədəki
etnik-mədəni müxtəlifliklərin
tənzimlənməsində multikulturalizm siyasətinə
yüksək önəm
verməsinin nəticəsində
Azərbaycan dünyanın
tolerantlıq və multikulturalizm mərkəzlərindən
birinə çevrilib. Dövlət Komitəsinin sədri qeyd edib ki,
Azərbaycan əhalisinin
96 faizi müsəlmandır.
O, eyni zamanda, ölkəmizdə 17-si xristianlığa
aid olmaqla 28 qeyri-İslam
dini icmasının fəaliyyət göstərdiyini
vurğulayıb. DQİDK-nın sədri bu icmalara sərbəst
şəkildə fəaliyyət
göstərmələri üçün
hər cür şəraitin yaradıldığını
diqqətə çatdırıb.
O, həmçinin ölkəmizdə
din pərdəsi arxasında
fəaliyyət göstərmək
istəyən radikal dini qruplara qarşı
dövlət səviyyəsində
mübarizə tədbirlərinin
görüldüyünü deyib.
Görüşdə Mübariz
Qurbanlı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinə də
toxunub. O, Azərbaycan
torpaqlarının 20 faizinin
işğal olunduğunu,
İslam dininə aid olan bütün tarixi abidələrin, o cümlədən məscid
və ziyarətgahların
ermənilər tərəfindən
dağıdıldığını bildirib.
Mübariz Qurbanlı
rəhbərlik etdiyi nümayəndə heyəti
ilə ötən ilin aprelində İsveçdə səfərdə
olduğunu, bu ölkədəki dini abidələr, dini icmaların fəaliyyəti
üçün yaradılan
şəraitlə yaxından
tanış olduğunu xatırladıb.
İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Qoranson dövlət-din münasibətlərinin tənzimlənməsində
təcrübə mübadiləsinin
önəmindən danışıb. Bildirib ki,
son illər qlobal aktuallıq kəsb edən miqrant axını öz ölkəsində din adı
altında bir sıra problemlərin yaranmasına gətirib çıxarıb. Qonaq bütün
dini konfessiyaların birgə sülh və əmin-amanlıq şəraitində yaşamaları
üçün dini icmalarla dövlət arasında dialoqun gücləndirilməsinin vacibliyini
qeyd edib.
Görüşdə iki ölkə arasında dini və mədəni sahədə qarşılıqlı
əlaqələrin genişləndirilməsi,
təcrübə mübadiləsi,
radikal dini qruplaşmalara qarşı
mübarizə, ikitərəfli
əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində
birgə fəaliyyətin
davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda Mübariz Qurbanlı Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi “Azərbaycanın
seçilmiş İslam
abidələri”, “İşğal
altındakı tarixi-dini
abidələrimiz”, “Azərbaycanda
dini müxtəliflik”
kitablarını qonaqlara
təqdim edib.
Qeyd edək ki, görüşdə İsveçin Azərbaycandakı
səfiri İnqrid Tersman, səfirliyin müvəqqəti işlər
vəkili Kristian Kamill, İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsində Cənubi
Qafqaz üzrə kuratoru Qustav Vinstrand da iştirak
ediblər.
Azərbaycan.- 2017.-29 noyabr.- S.9.