Azərbaycan ilə Xorvatiya
arasında energetika sahəsində
uzunmüddətli əməkdaşlığın yaxşı perspektivləri var
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 29-da Xorvatiya Respublikasının
Baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri, Azərbaycan-Xorvatiya iqtisadi
əməkdaşlıq üzrə
Birgə Komissiyasının
həmsədri xanım
Martina Daliçin rəhbərlik
etdiyi nümayəndə
heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox yaxşı səviyyədə olduğunu dedi. Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycana səfərini xatırlayan Prezident İlham Əliyev bu səfərin uğurla keçdiyini bildirdi və ölkələrimiz arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsindən məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı ticarət, investisiya qoyuluşu, ölkələrimizin daha çox şirkətlərinin birgə çalışmasının önəmini vurğuladı. Prezident İlham Əliyev bu baxımdan iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd etdi. Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan Prezident İlham Əliyev bu yaxınlarda Şərq Tərəfdaşlığı Sammitinin uğurla keçirildiyini və yaxşı nəticələr verdiyini bildirərək sammitdə qəbul edilən Bəyannamənin əhəmiyyətini vurğuladı, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində danışıqlar aparıldığını və bu sazişin əməkdaşlığımızın qarşılıqlı maraq doğuran bütün sahələrini, o cümlədən siyasi, iqtisadi, enerji, mədəniyyət sahələrini əhatə edəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Xorvatiya arasında energetika sahəsində uzunmüddətli əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu deyərək Xorvatiyanın “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasında mütəmadi iştirak etməsindən məmnun olduğunu bildirdi.
Xorvatiya Baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri, Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri Martina Daliç Xorvatiyanın Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin və Baş nazir Andrey Plenkoviçin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Martina Daliç Bakıya gəlişindən məmnunluğunu ifadə edərək ölkəmizdə özlərini evdəki kimi hiss etdiklərini bildirdi. O, ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu deyərək, iki dövlət başçısının əməkdaslığımızın genişlənməsi baxımından birgə səylərinin önəmini qeyd etdi. Xanım Martina Daliç sərmayə qoyuluşu, ticarət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğunu dedi və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın uğurla fəaliyyət göstərdiyini qeyd etdi.
Prezident
İlham Əliyev Xorvatiya
Prezidenti xanım Kolinda
Qrabar-Kitaroviçin və Baş
nazir Andrey Plenkoviçin salamlarına və ən xoş arzularına görə minnətdarlığını
bildirdi, onun da salamlarını və ən xoş arzularını Xorvatiya
Prezidentinə və Baş nazirinə
çatdırmağı xahiş etdi.
Azərbaycan.- 2017.-30 noyabr.- S.1.