İlk kimyaçı alim

 

Elm xadimləri

 

Bütün dövrlərdə Azərbaycanın vətən sevgili övladları doğma xalqın tərəqqisi yolunda yorulmadan çalışıb, onun adını ucaldıblar. Müxtəlif sahələrdə fəaliyyət göstərən bu böyük şəxsiyyətlərin sayəsində Azərbaycan elmi, ədəbiyyatı, incəsənəti inkişaf edib. Onlardan birinin də adı elm tariximizə ilk kimyaçı alim kimi yazılıb. Bu, Möhsün bəy Xanlarovdur. 1857-ci ilin sentyabrında Bakıda, İçərişəhərdə, Məhəmməd bəy Xanlarovun ailəsində dünyaya göz açıb. Əvvəlcə Sınıq Qala məhəlləsindəki Mirzə Esib Qüdsi mədrəsəsində oxuyub. Bu təhsil ocağında Quran, şəriət, İslam mənəviyyatı, ərəb və fars dilləri ilə yanaşı, tarix və ədəbiyyat dərsləri də tədris edilirdi. Mədrəsə təhsilini başa vurduqdan sonra bir ilə rus dilini də mükəmməl öyrənir.

Buna görə on beş yaşlı Möhsünü Bakıdakı rus realnı gimnaziyasının ikinci sinfinə qəbul edirlər. Onun təhsil illərində gimnaziya genişləndirilərək məktəbə çevrilir. Texniki fənlər və xarici dillərin də tədris edildiyi məktəbin sinif otaqları, fənn kabinetləri lazımi avadanlıqlarla təchiz olunur. Kitabxanaya yerli, eləcə də Rusiyadan və Qərbi Avropa ölkələrindən qəzet və jurnallar gətirilir.

Gənc Möhsün bəy 1877-ci ildə Bakı rus realnı məktəbini yüksək qiymətlərlə bitirir. Həmin illərdə Bakıda neftin emalı, sənayedə və məişətdə işlənən neft məhsullarının alınması sahəsi inkişaf edirdi. Geniş torpaq sahələrinin və neft mədənlərinin sahibi Məhəmməd bəy oğlunu məhz bu istiqamətdə mütəxəssis görmək istəyirdi. Ona görə Möhsün bəy neft emalı üzrə mühəndis-texnoloq ixtisası üzrə təhsil almaq üçün 1878-ci ilin payızında Almaniyaya gedir.

O vaxtlar Almaniya universitetlərində tələbələrə həm ümumi, həm ixtisas, həm də dini təhsil verilirdi. Möhsün bəy 1879-cu il mayın 3-də Həsən bəy Zərdabiyə məktubunda yazırdı: “Mənim məqsədim ümumi təhsil almaqdır, ixtisas (texnologiya) valideynlərimə lazımdır”. Amma bakılı tələbə üzvi, qeyri-üzvianalitik kimya, eləcə də kimya texnologiyası fənlərinə daha çox meyil göstərir, əlavə mühazirələr dinləyirdi. Alman dilini zəif bildiyinə görə ilk vaxtlar dinlədiklərini yaxşı anlamırdı. Ancaq çalışır, lüğətdən istifadə edirdi. Mühazirələrdən əlavə hər gün 2-3 saat laboratoriyada qalır, praktiki məşğələlərdə olurdu. Laboratoriyalar yüksək səviyyədə təchiz edilmişdi, amma orada məşğul olmaq çox baha başa gəlirdi. Möhsün bəy təhsil aldığı ixtisasa dərindən yiyələnmək niyyətində idi. Seçdiyi texnologiya bölməsi universitetdə yaxşı səviyyədə olmasa da, o, bu ixtisas üzrə hansı ali məktəbdə daha mükəmməl təhsil verildiyini araşdırırdı. Möhsün bəy H.Zərdabiyə ünvanladığı məktubunda qeyd edirdi ki, Avropa alimləri arasında böyük nüfuza malik professor Vaqnerin qəbuluna düşə bilib. Ondan xahiş edib ki, neft emalı işini harada daha yaxşı öyrənməyin mümkünlüyünü söyləsin. Vaqner bildirib ki, Almaniyada belə xüsusi qurum yoxdur. Daha sonra Möhsün bəy yazırdı: “Professor Kapovskini bu sahədə ən yaxşısı hesab edir. Universiteti bitirdikdə mənin üçün zəmanət məktubu yazacaq ki, onun laboratoriyasında altı ay işləməyimə icazə versin”.

Möhsün bəy aydınlaşdırdı ki, Almaniyada Saksoniya sənaye baxımından daha inkişaf etmiş vilayətdir. Leypsiqdə yaşamaqsa olduqca xoşdur. Orada alman elmi və ədəbiyyatının inkişafını izləmək mümkündür. O, belə də etdi, Leypsiqə köçdü, təhsilini şəhərdəki universitetdə davam etdirdi. Valideynləri təkidlə evə qayıtmasını tələb etsələr də, universiteti bitirən Möhsün bəy Bakıya gəlməyə tələsmir, elmi işlə məşğul olmağı daha vacib sayırdı. Həmin il Almaniyanın Strasburq şəhərinə yollanır. Yerli universitetin tanınmış professoru Rudolf Fittiqin laboratoriyasında tədqiqat işinə başlayır. Fittiqin dissertasiya mövzusu verməzdən əvvəl nəzəri biliyinipraktiki bacarığını yoxlamaq üçün ona tiosirkə turşusunun etilrodanidə təsirini öyrənməyi tapşırır. Gənc tədqiqatçı tapşırığın öhdəsindən bacarıqla gəlir. Möhsün bəy apardığı tədqiqat işi əsasında elmi məqalə yazır və dərc olunmaq üçün nüfuzluAlman kimya cəmiyyətinin məruzələri” jurnalına göndərir. Bundan sonra professor bakılı gəncə dissertasiya mövzusu verir.

Həmin illərdə R.Fittiq laktonlar sahəsində çalışırdı. O, lakton birləşmələrini kəşf etmişdi. Əməkdaşları ilə birgə bu sıradan olan maddələri sintez edir, kimyəvi və digər xassələrini öyrənirdi. Lakin Fittiqin istər alman, istərsə əcnəbi əməkdaşlarının əldə etdiyi nəticələr həmişə dəqiq və etibarlı olmurdu. Alim belə aktual və mürəkkəb problemin həllini dissertasiya mövzusu kimi Möhsün bəyə verir. Problemin həllini tapmaq gənc tədqiqatçı üçün çətin sınaq idi, lakin mövzudan imtina etmir. Möhsün inamla işə girişir, aparılan təcrübələr, dəqiq analizlər, məntiqli araşdırmalar, çıxarılan nəticələr qaneedici olur. “Butirolaktonalfa-etilbutirolaktonmövzusunda dissertasiyanı almanca yazaraq elmi rəhbərinə təqdim edir. Rəhbər dissertasiyanı diqqətlə oxuyub ona belə bir rəy yazır: “İndiyədək təklif edilən laktonların alınma üsulları heç də həmişə arzulanan nəticələrə gətirib çıxarmırdı və ya son nəticədə təmiz olmayan maddələr alınırdı. Xanlarov öz işində butirolakton və qamma-oksiyağ turşusu arasındakı fərqə aydınlıq gətirdi. Sonra Xanlarov laktonların su, turşular, ammonyak, natrium etilat və digər reagentlərlə qarşılıqlı təsirini müəyyənləşdirdi, habelə bunların nəticəsində alınan məhsulları ətraflı tədqiq etdi...”

Müsbət nəticəli dissertasiyanı Möhsün bəy 1883-cü ildə Strasburq Universitetinin elmi şurasında uğurla müdafiə edir. Əldə olunan elmi nəticələr o dərəcədə diqqətəlayiq idi ki, tanınmış rus kimyaçıları D.İ.Mendeleyev, M.A.MenşutkinD.P.Konovalovun təqdimatı ilə onu Rus Fizika-Kimya Cəmiyyətinə üzv seçirlər.

Araşdırmalardan məlum olur ki, Möhsün bəy Məhəmməd bəy oğlu Xanlarov kimya sahəsində alimlik dərəcəsi almış ilk azərbaycanlı alimdir. O, Almaniyada təhsilini başa vurduqdan sonra Bakıya qayıtmışdır. Nəzərəçarpacaq uğura imza atmış gənc alim elmi işlərini burada davam etdirmək istəyirdi. Lakin şəhərdə hadisələr elə cərəyan edirdi ki, mühəndis-texnoloq kimi fəaliyyət göstərə bilmədi. Abşeronda neft çıxarılması və emalının durmadan artması yeni problemlər yaradırdı. Onların həlli üçün Rus Texniki Cəmiyyətinin Bakı şöbəsi yaradılmışdı. Xanlarov həmin bölməyə üzv seçildi. Texniki məsələlərin həllinə kömək göstərdi. Neftin, neft məhsullarının, eləcə də Azərbaycanın digər faydalı qazıntılarının tədqiqi üzrə Bakıda laboratoriya yaradılması məsələsini RTCBB-nin iclasında təklif etdi. Təklif bəyənildi və icra olundu. O, həmçinin digər laboratoriyanın açılmasına da nail oldu. Burada isə neftneft məhsullarının, mədən qazları və sularının, habelə digər kimyəvi nümunələrin və əyarların analizi aparılacaqdı. Həmin laboratoriyaya analiz üçün nümunələr Rusiyanın digər bölgələrindən də gətirilirdi. Laboratoriyada yerli mütəxəssislər tərəfindən ilk dəfə emal edilən neft məhsullarının standartları hazırlanırdı. Onların aldığı nəticələr kifayət qədər yüksək idi. Bu nəticələr “Rus Texniki Cəmiyyəti Bakı bölməsinin əsərləri” və “Rus Fizika-Kimya Cəmiyyətinin jurnalı” toplularında dərc olunurdu.

Möhsün bəy neft sənayeçiləri qurultayı şurasına qəbul olunduona statistika bürosuna rəhbərlik həvalə edildi. Bir müddət bu işlə məşğul olan M.Xanlarov 1886-cı ilin martında Dəmiryol komissiyasının sədri vəzifəsinə seçildi. Neft məhsullarının daşınması üçün dəmiryol vasitələrinin ayrılması, bölüşdürülməsi məsələlərinə nəzarət etdi. Sahibkarlar arasında vaqon-sisternlərin düzgün bölüşdürülməsi məqsədilə Bakı zavodlarının istehsal gücünün təyin edilməsi ilə ciddi məşğul oldu. Mövcud qaydaların Nobel qardaşlarının neft şirkəti tərəfindən kobud şəkildə pozduğunu aydınlaşdırdı. Bu haqda komissiyanın iclasında məlumat verdi. Məlumatdan sonra şirkət tərəfindən ona böhtanlar atıldı. Buna görə M.Xanlarov tutduğu vəzifədən imtina etdi. NüfuzluBakinskie izvestiya” qəzeti redaksiyasına həqiqəti açıqlayan məktub göndərdi. Neft sənayeçiləri qurultayı şurasında və RTCBB-də fəal iştirakından da imtina etdi.

Qətiyyətli mövqeyi, dürüstlüyü, vətənpərvərliyi ilə seçilən Möhsün bəy intəhasız gücə malik Nobel qardaşlarının neft şirkətinin maliyyə fırıldaqlarını açıb bəyan etməkdən belə çəkinmədi. Bu cəsarəti ona baha başa gəldi. Buna baxmayaraq, şəhərin rəhbərliyi, adamları və əhali arasında nüfuzu daha da artdı. Hər yerdə əqidəli, nizam-intizamlı, ədalətli, qabiliyyətli şəxs kimi tanındı. Müxtəlif qurumlarda çalışdı. Bakı şəhər Dumasının üzvü kimi daha vacib və mürəkkəb problemlərlə məşğul oldu. Neftneft qalıqları saxlanması üçün anbarların yaradılması qaydalarının məcburi qərar və qətnamələrini işləyib hazırladı.

M.Xanlarov 1893-cü ilin sonunda şəhər işləri üzrə sədr müavini vəzifəsinə seçildi. Duma sədrinin ifadəsiylə desək buali dərəcədə mühüm və şərəfli vəzifə” hesab edilirdi. Möhsün bəy seçkilərdə erməni rəqibi M.A.Unanova qalib gəlmişdi. Onun çalışdığı digər qurumlarda olduğu kimi, Dumada da müxtəlif millətlərin nümayəndələri var idi. Adətən, onlar ya tək, ya da dəstə halında fəaliyyət göstərir, öz şəxsi mənafelərini güdürdülər. Möhsün bəy isə doğma şəhərinin mənafeyini hər şeydən üstün tuturdu. Bakının inkişafına, şəhər əhalisinin sosial vəziyyətinin yaxşılaşmasına çalışırdı.

Dövrünün qabaqcıl ziyalılarından olan Möhsün bəy Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına hədsiz dərəcədə sevinirdi. Onun inkişaf edəcəyinə, xalqın azadfiravan həyat sürəcəyinə böyük ümidlər bəsləyirdi.

Sovet hökuməti qurulanda Möhsün bəy yaşlı və xəstə idi. Bolşeviklərin belə mütəxəssislərə böyük ehtiyacı var idi. Odur ki, Möhsün bəy Xanlarov həmin illərdə hədə-qorxu altında işləməli oldu.

Azərbaycanın ilk kimyaçı alimi Möhsün bəy Xanlarov 1921-ci il fevralın 23-də dünyasını dəyişdi. Xalqımızın vətənpərvər və ziyalı oğlu bolşeviklər tərəfindən unuduldu, xatirələrdən də silindi. Səbəb varlı ailədən çıxması, milyonçu Hacı Zeynalabdin Tağıyevin qızı ilə evlənməsi idi. Onilliklər ötdü, onun həyatı və elmə verdiyi töhfə öyrənildi, bu dəyərli insan xalqına tanıdıldı.

 

Rəsul RƏXŞANLI,

kimya üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2017.- 1 oktyabr.- S. 7.