III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Beynəlxalq Memarlar İttifaqının, Mədəniyyət və Turizm Nazirliyinin, “Gilan Holdinqin dəstəyi, Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində keçirilən mərasimdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək ölkəmizdə memarlıq sənətinin XII əsrdə yaşayıb yaratmış Memar Əcəmidən başlayaraq indiyədək böyük inkişaf yolu keçdiyini, paytaxtla yanaşı, bölgələrdə də maraqlı və nadir memarlıq nümunələrinin mövcud olduğunu qeyd edib.

Vaqif Əliyev Beynəlxalq Memarlar İttifaqı tərəfindən bu mühüm müsabiqənin 2 ildən bir Azərbaycanda keçirildiyini bildirib. Nazir müavini artıq üçüncü dəfədir ki, keçirilən müsabiqənin hər dəfə kəmiyyət və keyfiyyət baxımından daha da inkişaf etdiyini diqqətə çatdırıb: “Müsabiqə iştirakçılarının budəfəki beynəlxalq sərgi üçün təqdim etdiyi əsərlər əvvəlkilərdən daha möhtəşəmdir. Dünya memarlığının ən gözəl incilərinin təqdim edildiyi bu müsabiqədə münsiflər heyətinin üzvləri üçün 22 ölkənin 156 iştirakçısı arasından qalibləri seçmək elə də asan olmayıb. Bakıda keçirilən bu beynəlxalq müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirirəm. Bu açıq beynəlxalq müsabiqə dünyanın tanınmış memarları ilə yanaşı, gənc memarların da böyük marağına səbəb olubburada iştirak edənlərin sayı getdikcə artmaqdadır”.

Sonra beynəlxalq münsiflər heyətinin üzvləri müsabiqənin nəticələrini açıqlayıblar. Müxtəlif nominasiyalar üzrə Elizabet Abalo DiazQonzalo Alonso Nunez (İspaniya), Camilo Rodiques RebeloSusana Aleksandra Martins (Portuqaliya), Nərgiz Ağayeva, Rizvan Bayramov, Maqsud Məmmədov, Cahid Əlizadə, Şeyda Novruzzadə (Azərbaycan), Eleni Moskovakou (Yunanıstan), Lustin Popesku (Rumıniya) və digərləri birinci yeri tutublar.

Məlumat verilib ki, müsabiqəyə 8 nominasiya üzrə təqdim olunan əsərlər 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən iki gün ərzində qiymətləndirilib. Bu müsabiqədə Azərbaycanı 53 memar təmsil edib. Memarlarımız ümumilikdə 9 mükafat əldə ediblər. Birinci yerin sahibinə 4000, ikinci yerə 2500, üçüncü yerə 1500 manat pul mükafatı verilib. Qaliblərə kubok da təqdim olunub.

Sonra mərasim Qara Qarayev adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı ilə davam edib.

Tədbirdə Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin münsiflər heyətinin sədri, Beynəlxalq Memarlıq İttifaqının sabiq prezidenti Vassilis Squtas, üzvlər - beynəlxalq təşkilatın şura üzvü Patrik Kolombye, sabiq baş katib Mişel Barmaki, sabiq vitse-prezident Hayder Ali iştirak ediblər.

 

Azərbaycan.- 2017.-7 oktyabr.- S.8.