Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı statusunu təhvil almağa hazırlaşır

 

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı statusunun təhvil alınması ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıq işləri davam etdirilir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə üzərində loqotip əks olunmuş suvenirlərin hazırlanması üçün təkliflər verməsi və 2017-ci ilin noyabrınadək bu işlərin başa çatdırılması tapşırılıb.

Bu məqsədlə muxtar respublikada xalq yaradıcılığının müxtəlif sahələri üzrə fəaliyyət göstərən sənətkarlarla görüş keçirilib, onlara müxtəlif növ əl işləri, Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olduğunu əks etdirən suvenirlər hazırlanması tövsiyə edilib.

Hazırda sənətkarlar tərəfindən 20 ədəd ağac üzərində, 3 ədəd daşduz üzərində oyma, 15 ədəd keramikadan sənətkarlıq nümunələri, həmçinin 13 ədəd mis üzərində döymə, 20 ədəd muncuqla düzmə, 10 ədəd gips, 5 ədəd xalça, 35 ədəd gil üzərində, o cümlədən “Möminə xatın” milli moda evi tərəfindən 20 ədəd olmaqla, ümumilikdə, 121 ədəd Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olmasını əks etdirən suvenir hazırlanıb. Bu istiqamətdə sənətkarlar tərəfindən işlər davam etdirilir.

Bir neçə aydan sonra Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı statusunu təhvil alacaq. İslam mədəniyyətinin tarixində özünəməxsus yer tutan, müasir inkişafı ilə diqqəti cəlb edən, gündən-günə gözəlləşən Naxçıvan həm də qədim sivilizasiyanın beşiyidir. Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı olması muxtar respublikamızın, ölkəmizin, ümumilikdə isə İslam dünyasının mədəni həyatında yaddaqalan bir hadisə kimi tarixdə öz yerini tutacaq.

Qeyd edək ki, İslam mədəniyyəti nümunələri ilə zəngin olan, bəşər sivilizasiyasına dəyərli töhfələr vermiş Naxçıvan şəhəri 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 23 yanvar tarixli Sərəncamı ilə elan olunmuş müsabiqədə seçilmiş “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin təqdimatı keçirilib.

 

Azərbaycan.- 2017.- 8 oktyabr.- S.6.