Quba qonaqları heyran etdi:
həm alması, həm xalçası ilə
Şəksiz ki, dünyanın ən dahi rəssamı təbiətin özü, ilin fəsilləri də Tanrının insanlara bəxş etdiyi rənglərin mükəmməl çələngidir. Qubaya bayram səfərinə getdik, dan yerindən qürubadək təntənəli bir el şənliyinin iştirakçısı olduq.
Qubada keçirilən ənənəvi “Alma bayramı”na və bu il ilk dəfə təşkil olunan Xalça festivalına şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında səhərdən start verildi. Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirildi. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olundu.
Hər şey nağıldan, əfsanələrdən boy alır, son rəvayəti də Qubada bir qoca çayçıdan eşitdik ki, payız Qubanı bu il qışa tapşırıb ki, gələ bilməyəcək, buralardan muğayat olsun. Mənası da odur ki, bu il payız düşməmiş qış özünü göstərib. Təbiətin sinəsinə payızın naxışları ötəri düşsə də, yaşıllıqlar baş alıb getsə də, artıq zirvələrə qış qonub. İlk qar isə əvvəlki illərə nisbətən Xınalıqdan, Qırızdan adlayaraq lap aşağılara müvəqqəti də olsa, ağ örpəklə enə bilib. Amma bayram günü havalar heç kimin qəlbinə dəymədi, günlü-günəşli oldu.
Hektarlarla sahəni əhatə edən bayram şənliyinin bütün incəliklərini və möhtəşəmliyini qələmə almaq üçün gərək bu mənzərəni Heydər Əliyev parkında izdihamın başı üstündə dalğalanan bayrağın hündürlüyündən seyr edəsən. Qubada müxtəlif şənliklər demək olar ki, hər il keçirilir, onların əksəriyyətində iştirak etmişik. Bu gün isə Quba Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin və Yay konsert zalının möhtəşəm memarlıq nümunələri kimi sıralandığı bağ açıq səma altında təşkil edilən nəhəng sərgi zalını xatırladırdı. Alma bayramı ilə Xalça festivalı qoşa keçirilirdi. Necə deyərlər, bayram bayrama qarışmışdı.
Hamının üzündə bir bayram ovqatı gəzirdi. Əcnəbi və Bakıdan gələn turistlərin sayı-hesabı yox idi. Onlardan bir neçəsi ilə tanış oluruq. Fikirlərini öyrənmək istəyirik. Özlərini Lüsi və Andres kimi təqdim edən iki gənc Milandan gəldiklərini dedilər və jurnalist olmağımıza da qədərsiz sevindilər: - Çox şadam, - dedi Andres qüsursuz rus ləhcəsində (öyrəndik ki, Milana Moskvadan köçəndən sonra Andrey dönüb Andres olub). O bizə danışdı ki, hələ 5 il bundan əvvəl evləndikdən sonra Bakıda bal ayını keçiriblər: - Bütün ölkəni gəzdik, rayonların bir neçəsində olduq. Yoldaşıma söz vermişdim ki, onun ad gününü də Qubada dağlarda qeyd edəcəyik. Amma elə oldu ki, maşınımız dağlara çatanda gecə düşdü, Qırız yolundakı şəlalənin ayağında dayandıq, balaca bir tonqal qaladıq. Mən Lüsiyə dedim ki, əzizim, sənə Qafqazın möhtəşəmliyini göstərmək istəyirdim. Amma sən yalnız balaca bir tonqalın işıqlandırdığı bu kiçik taladan başqa heç nə görmürsən. Lakin sənə göstərmək istədiyim bütün gözəlliklər təəssüf ki, bu qaranlığın arxasındadır. Söz verirəm ki, səninlə birlikdə bir də buralara gələcəyəm, ikimiz Qafqazın zirvələrini birlikdə seyr edəcəyik. O vaxtdan 5 il keçdi, başqa ölkələrdə olduq, amma Azərbaycanı unutmadıq. Mən sevdiyim qadına sizin dağların gözəlliyini göstərə bildim. Dünəndən Qubadayıq. Dağlara qış qonub, aşağıda payızdır burada, şəhərdə isə Rusiya ilə müqayisədə demək olar ki, yaydır. Bu turist üçün bilirsinizmi nə qədər mənalıdır? Biz zamana, ilin fəsillərinə də səyahət edə bildik. Ölkənizdə ömrümüzün ən xoşbəxt günlərini yaşadıq. Hər şeyə görə sizə minnətdarıq. Alma bayramı da, Xalça festivalı da həddən ziyadə maraqlıdır.
Meydana sıra ilə asılan və sərilən Quba xalçaları Azərbaycanın ən güclü xalçaçılıq məktəblərindən biri olduğunu naxışlarının sehri ilə əyani sübut edə bildi. Burada rayonun Çiçi, Pirəbədil, Qonaqkənd və digər kəndlərində toxunan yüzlərlə xalı və sumaq sərgilənmişdi. Həm də satış sərgisi kimi təşkil olunduğundan hamı bayrama görə qiymətləri mümkün qədər aşağı deyir, müştəri cəlb etmək istəyirdi. Rayonun ən məşhur xalça ustalarından biri Humay Məmmədova qubalıların xalçaya sevgisindən danışdı:
- Xalısız yaşasan, səni heç qubalı saymazlar. Toylarımız, ziyafətlərimiz xalçasız ötüşməz. Qıza uşaqlığından cehizlik xalçasını birinci alıb qoyurlar, ona görə ki, dəbdən düşmür, əksinə köhnəldikcə qiymətə minir, bahalaşır. Ev-eşiyimizə zinət verən yerə döşənən xalılardır.
Xalça
festivalında əcnəbilər daha çox gözə dəyirdilər,
naxışları müzakirə edir,
xalçaları heyranlıqla seyr edirdilər
və onların qarşısından uzaqlaşa
bilmirdilər. Naxışlara aludə olan
iki əcnəbi xanıma
yaxınlaşsaq da, ortaq
dil tapa bilmədik, tərcüməçilərini
çağırdılar, məlum oldu ki, Norveç səfirliyinin
Bakıdakı əməkdaşlarıdır. Onlardan biri Rovanne Yohansonla
kiçik, amma maraqlı bir dialoq oldu aramızda.
- Ölkəniz çox maraqlıdır, gözəl yazarlarınız
var, torpağa da bağlısınız.
Sizin də əfsanələriniz
var. Dənizi şumlayıb
əkən xalq kimi çox maraqlısınız, - dedik.
Tərcüməçi dənizi əkib becərənlər ifadəsini
ingiliscəyə çevirəndə
Rovanne təəccübləndi,
üzünün ifadəsi
ilə izah istədi.
- Sizdə torpaq azdı, dənizə xüsusi materiallar döşəyirsiniz,
torpağı qaldırır
və beləcə əkib-becərirsiniz. Əraziniz də
bunun hesabına iki min kvadratkilometr artıb. Bu əfsanəyə
bərabərdir. Əslində gördüyünüz xalçalar,
onların naxışları
da bizim əfsanələrdir. Azərbaycan xalq
nağıllarında qəhrəmanlarımız
sehrli xalçaların
üstündə arzularına
doğru uçublar, dünyaları səyahətə
çıxıblar. Sizin baxdığınız
xalçalar adi deyil, bu naxışlar
həm də qədim sənət nümunəsinin hər birimizin qəlbindəki müqəddəs yerinin fantastik yozumudur.
Rovanne Yohanson təbəssümlə
minnətdarlığını bildirsə də xalçalardan gözünü
ayırmır, biz isə
uzaqlaşırıq ki,
mane olmayaq. İsrailin Xayfa şəhərindən
gələn Polad Suleymonov da evinin
bir küncündə
Quba guşəsi yaratmaq üçün kiçik xalça axtarırdı:
- Bir kürsü qoyacağam, Quba üçün darıxanda oturub buraları xatırlayacağam,
xəyallarımda babalarımın
və özümün
vətənimi səyahət
edəcəyəm.
Qubada keçirilən festivalın
məramı odur ki, xalçalarımızı
müqəddəs nağıl,
bənzərsiz əfsanə
kimi təqdim edək, onların fəlsəfi məzmununu bütün zənginliyi ilə tamaşaçılara
çatdıraq və
dünyaya səs salaq. Biz “Made in Azerbaijan” brendi ilə xarici bazara xalça çıxaranda qədim naxışlardan, gözəl
sənət nümunəsindən
savayı, həm də ruhumuzun, mədəniyyətimizin bir
parçasını dünyaya
açırıq. Azərbaycan brendini
göylərə qaldıra
biləcək qüvvə
məhz elə bu təqdimatdan asılıdır. Xalçalarımızı,
onların naxışlarını
əcnəbilərə sevdirmək
üçün əvvəlcə
gərək özümüz
onun mənəvi gücünü anlayaq, sevək və bu sevginin sirlərindən
poetik tərzdə dünyaya danışaq.
Bu baxımdan Xalça festivalı uğurlu alınan möhtəşəm tədbir
kimi dəyərləndirilə
bilər.
Müsahiblərimizdən biri, Quba ziyalısı Salavat İbrahimov dövlətin bu bölgəyə ayırdığı
xüsusi diqqətdən
və qayğıdan,
bunun rayon üçün
tarixi əhəmiyyətindən
ürək dolusu danışdı:
- Quba ötən əsrin 70-ci illərində daim ulu öndərin diqqət mərkəzində
olub, burada min hektarlarla palmet bağları salınıb,
meyvəçilik inkişaf
etdirilib, emal müəssisələri, zavodlar
tikilib. İndi də Prezident
İlham Əliyev rayonumuzun ölkənin ən gözəl bölgələrindən birinə
çevrilməsi üçün
böyük işlər
görür. Əvvəllər kiminsə ağlına gəlməzdi ki, bölgədə belə gözəl, müasir şəhər yaratmaq mümkündür. Bu əlbəttə ki, Azərbaycan Prezidentinin böyük səyləri
nəticəsində olmuşdur.
Lakin rayonumuzda dövlət başçısı İlham
Əliyevin qərarı
və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
Quba Soyqırımı
Memorial Kompleksinin yaradılması,
tikilib istifadəyə
verilməsi çox böyük siyasi məzmun kəsb edir. Bu abidə
kompleksi artıq erməni faşizmini, onun bütün əcaibliklərini ifşa
edən siyasi tribunaya çevrilmişdir.
Burada keçirilən
tədbirlər, gələn
qonaqlar Qubanın gözəllikləri ilə
birlikdə həm də 100 il əvvəl erməni faşistlərinin törətdikləri
saysız cinayətlərlə,
vəhşiliklərlə əyani
tanış olur, bir daha dünya
düzənində zorla
yaradılan əzabkeş
erməni surətinin ağ yalan olduğunu
dərk edirlər. Məhz bu baxımdan Quba həm də
siyasi məzmun kəsb edən, erməni vəhşiliklərini
əbədi ittiham edən tribunaya çevrilmişdir. Bütün bunlar
dövlətimiz tərəfindən
rayonumuzun mükəmməl
inkişafı üçün
atılan vacib addımlardır və biz
bunu çox yüksək qiymətləndiririk.
Quba rayon sakini Səmayə Qarayeva deyir ki, burada əsrlər
boyu azərbaycanlı,
tat, ləzgi, yəhudi,
xınalıqlı, qırızlı
və digər millətlərin, etnik azlıqların təmsilçiləri
bir ailədə qardaş kimi yaşayıblar. Dar gündə,
çətində hamı
bir-birinə dayaq, arxa olub. Quba xalçaları necə ilmə-ilmə bir-birinə sıx toxunaraq bənzərsiz naxışlarla vahid sənət əsərinə
çevriliblərsə, eləcə
də Qubada xalqlar bir-birinə qırılmaz qohumluq, qardaşlıq telləri ilə bağlanıb, tolerantlığın dünyada
heç vaxt heç yerdə rast gəlinməyən unikal naxışlarını
milli münasibətlərə
qovuşdurublar.
Qonşu rayondan qonaq gələn Qusar Rayon Dram Teatrının
aktyoru Bağır Əhmədov deyir ki, iki rayon arasında
körpülər çoxdur:
- Ancaq Qusar körpüsü “Cənnət yolu” kimi ad qazanıb. Deyirlər ki, bir dəfə Qusara gələn qələm sahibi gecə sıra ilə düzülən işıqların çiskində nur koridoru kimi bərq vurmasına heyran olub, cənnət yolu deyib. Bax, mən də o körpüdən keçib gəlmişəm. Bizim xalqların arasında belə əsrarəngiz, qırılmaz körpülərin sayı-hesabı yoxdur. Bu körpülərdən bizim qan qohumluğumuz keçir, qardaşlığımız, sevgilərimiz keçir. Ona görə də, can qohum, altdan geyib üstdən yaraqlanmışam, üstdən geyib altdan yaraqlanmışam, bığlarıma sığal verib qardaşlarımın bayramına gəlmişəm!
Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, kəndirbazların məharəti, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirildi. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunur.
Bayram tədbirində Milli Məclisin deputatları, bir sıra nazirliklərin vəzifəli şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, 40-a yaxın xarici ölkə nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri, Quba ziyalıları iştirak edirdilər. Tədbir tanınmış incəsənət ustalarının bayram konserti ilə başa çatdı.
Bahadur İMANQULİYEV
Azərbaycan.-
2017.-11 oktyabr.- S.7.