İkinci Bakı Şopinq Festivalı
yenilikləri ilə əvvəlki festivaldan
fərqlənir
Festivalda 467-dən artıq
ticarət obyekti iştirak edir
Bu qızılı
payız günlərində
Bakıda başqa bir xoş ovqat
yaşanır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında
turizmin inkişafı
ilə bağlı əlavə tədbirlər
haqqında” 1 sentyabr
2016-cı il tarixli sərəncamına
əsasən, ölkəmizdə
turizmin rəqabət qabiliyyətinin artırılması,
bu sektorun iqtisadiyyatın prioritet sahələrindən biri kimi inkişaf etdirilməsi məqsədi
ilə oktyabrın
15-dən noyabrın 15-dək II Şopinq Bakı Festivalı keçirilir. Bakılılar və şəhərimizin
qonaqları müxtəlif
ünvanlarda bu festivala qatılan super-marketlərə, ticarət
şəbəkələrinə daha tez-tez üz
tuturlar.
Belə ticarət festivalları inkişaf etmiş dünya ölkələrində
keçirilir. Məqsəd ölkəyə daha çox turist cəlb etməkdir. Bu təcrübə İstanbul
və Dubay kimi şəhərlərdə
yaşanıb və özünü doğruldub.
Xatırladaq ki, ilk Bakı Şopinq Festivalı bu ilin 10 aprel - 10 may tarixlərində keçirilib.
İldə iki dəfə
keçirilməsi nəzərdə
tutulan festival beynəlxalq
təcrübəyə əsaslanır.
Çünki kütləvi turizm
inkişaf etdikcə, ölkəyə daha çox valyuta axını cəlb olunur. Bakıda təşkil olunan
“Şopinq festival” Qafqazda
və Orta Asiyada ilk dəfə Azərbaycanda keçirilib.
Bu isə nəinki
Qafqaz respublikaları,
hətta Fars körfəzi
ölkələrində də
ölkəmizə marağın
yaranmasına səbəb
olub. Belə bir festivalın
Bakıda keçirilməsi
ekspertlər tərəfindən
də yüksək qiymətləndirilir. Hətta bu
barədə Strateji Yol Xəritəsində də qeyd olunub.
Artıq
ikinci təcrübə
olduğuna görə
festivala hazırlıq
yüksək səviyyədə
aparılıb. Bazara keyfiyyətli
və daha çox tələbat olan məhsullar çıxarılıb. Tədbirin keçirilməsi
təkcə ticarət
deyil, xalqımızın
milli-mədəni irsini
və tarixini tanıtmaq baxımından
maraqlıdır.
İkinci Bakı Şopinq Festivalı bir sıra yeniliklərlə müşayiət olunur. Birinci və
ikinci festivallar arasında həm mövsüm, həm də təbliğat baxımından müəyyən
fərqlər mövcuddur.
Xüsusi turist paketləri
hazırlanaraq turizm agentliklərinə təklif
edilib. Bu paketlərə aviabilet,
transfer, sığorta, hoteldə
qalma, festival mağazalarına
şopinq turların təşkili daxildir.
Alıcılar festival boyunca xüsusi
hədiyyə kartları
qazanacaq, uduşlu lotereyalar və endirim kuponları əldə edəcəklər.
Turistləri və alıcıları
həvəsləndirmək üçün ticarət
mərkəzlərində interaktiv
oyunlar təşkil olunub. Paytaxtın Fəvvarələr meydanında “Fan” zonası
fəaliyyət göstərir.
Festivala hipermarketlər, supermarketlər
şəbəkəsi də
ilk dəfə olaraq qatılıb. Hətta bir sıra apteklər də festivalda ilkin olaraq təmsil olunurlar. Festivala qoşulan ticarət
və xidmət obyektlərinin sayında ciddi artım var. Əgər ilk festivalda tərəfdaş qismində
çıxış edən
müəssisələrin sayı
33 idisə, budəfəki
festivalda 111-dir. Bu da keçən dəfəkindən
üç dəfə
çoxdur. Birinci festivalda
əlavə dəyər
vergisini (ƏDV) cəmi
172 şirkət qaytarıb.
Budəfəki festivalda isə
467 müəssisənin ƏDV-ni qaytarması nəzərdə tutulur.
Bu tədbirə ümumilikdə 578 müəssisə
qatılıb. Festival günlərində alıcılar
üçün xüsusi
mükafatlar təsis edilib, bu da
alış-verişi artırır.
Ölkəmizə gələn
turistlərin sonralar da keçiriləcək festivallarda iştirakına
nail olmaq üçün
xüsusi imtiyaz kartları verilir. Müştərilər dünya brendlərinə
məxsus geyim, elektronika, məişət
texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları ticarət
mərkəzlərindən xüsusi kampaniya və endirimlərlə əldə edirlər.
Bu ünvanlarda interaktiv oyunlar, moda nümayişləri və digər əyləncə xarakterli
tədbirlər də
yer alıb. Festivalda əcnəbilərlə yanaşı,
Azərbaycan vətəndaşları
da “Tax-Free” sistemindən
istifadə edə bilirlər, bu da dünya təcrübəsində
bir ilkdir.
Ötən ilin sentyabrı ilə bu ilin sentyabr
ayını müqayisədə
Azərbaycana gələn
turistlərin sayında
7 faiz artım var. Ölkə rəhbərinin
2017-ci il fevralın 20-də imzaladığı
“Ticarət festivalları
dövründə fiziki
şəxslər tərəfindən
Azərbaycan Respublikasının
ərazisində alınmış
istehsal, yaxud kommersiya məqsədləri
üçün nəzərdə
tutulmayan mallara görə ödənilmiş
əlavə dəyər
vergisinin qaytarılması
Qaydası” haqqında
fərman festivalın
yüksək səviyyədə
təşkilinə böyük
təsir göstərib.
İkinci Şopinq Festivalının
yüksək səviyyədə
keçirilməsi üçün
Vergilər Nazirliyi bütün imkanları səfərbər edib.
Nazirliyin
30 əməkdaşı iki
növbədə işləyir.
Azərbaycan Beynəlxalq Bankı
və AzərTürk
Bank da festivala xidmətlərini təklif
edib. Əlavə dəyər vergisinin
qaytarılması qaydaları
festivalın iştirakçısı
olan bütün ticarət obyektlərində
tətbiq edilib. Bu kampaniyadan Vergilər
Nazirliyində qeydiyyatdan
keçmiş iştirakçı-sahibkarlar
mal aldıqları zaman
yararlanırlar. Həmin mağazalar
“Tax Free” nişanı ilə
fərqlənirlər.
Bu günlərdə
şəhərin əsas
parklarında mədəni
tədbirlərin keçirilməsi
üçün lazımi
şərait yaradılıb. Paytaxtın mərkəzi
küçələri, mehmanxana
və ticarət mərkəzlərində informasiya
köşkləri qurulub,
“Çağrı” mərkəzi
istifadəyə verilib.
Azərbaycan Konqreslər
Bürosunun peşəkar
mütəxəssisləri istirahət günlərində
də ənənəvi
iş rejimində çalışırlar. Festivalın rəsmi
internet saytında iştirakçıların
qeydiyyatı, onları
maraqlandıran informasiyalar
və festivalla bağlı bütün məlumatlar yer alıb. İştirakçılar müştəri xidmətlərinə 157-yə zəng
etməklə üzləşdikləri
problemlə bağlı
istədikləri məlumatı
ala bilərlər. Alış-veriş zamanı ƏDV-nin qaytarılması şopinq
mərkəzlərində quraşdırılan
xüsusi məntəqələrdə
həyata keçirilir.
Festival günlərində
“Tax Free” sistemi üzrə
ƏDV-nin qaytarılması
ən azı 100 manat məbləğində
alış-veriş edən
yerli vətəndaşlara
da şamil edilib. Festivalda daha çox
xarici markalar təmsil olunur. Burada ən önəmlisi odur ki, yerli
şirkətlər nə
qədər fəal olsalar, bizneslərini daha da inkişaf
etdirə və məhsullarının xarici
bazarlara çıxışını
asanlıqla təmin edə bilərlər.
Bir çox yenilikləri ilə fərqlənən
və noyabrın 15-dək
davam edəcək İkinci Bakı Şopinq Festivalının
iştirakçısı olmaq
hamı üçün
maraqlıdır.
Rəhman SALMANLI
Azərbaycan.-
2017.-18 oktyabr.- S.10.