Bakıda II Türk Dünyası Sənədli Filmlər Festivalı uğurla davam edir

 

Bu günlərdə Bakıda Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyi, Yunus Əmrə İnstitutu, Türk Dünyası Qəzetçilər Federasiyası   və Bakı Dövlət Universitetinin dəstəyi ilə reallaşan II Türk Dünyası Sənədli Filmlər Festivalı uğurla davam edir. Bakı Dövlət Universitetinin böyük akt zalında festivalın məqsəd və məramına həsr edilmiş xüsusi mərasim keçirilib. Tədbirdə BDU-nun rektoru Abel Məhərrəmov, Türkiyə rəsmiləri və festival komitəsinin üzvləri çıxış etmişlər. Mərasim çərçivəsində filmlərin nümayişi ilə yanaşı, panel müzakirələr də aparılıb.

Nizami Kino Mərkəzində isə festivalın rəsmi açılış mərasimi olub. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, səfirliyin  mədəniyyət müşaviri İrfan Çiftçi və digər  rəsmi şəxslər  iştirak etmişlər. Türk Dünyası Jurnalistlər Federasiyasının  türk mədəniyyətinin təbliği məqsədi ilə təşkil etdiyi Türk Dünyası Sənədli Filmlər Festivalı ötən il “5 ölkə, 7 şəhər, 1 festival” şüarı ilə yola çıxmışdı. Bu il isə festivalın əhatə dairəsi daha  böyükdür, müsabiqəyə 7 ölkə və diyardan 18 film nümayiş etdiriləcək.

II Türk Dünyası Sənədli Filmlər Festivalının Bakıdan əvvəlki ilk tədbiri bu il sentyabrın 27-də Türkiyədə, İstanbul Universitetində keçirilib. Daha sonra festival 6-7 oktyabrda  Şimali Kiprdə (Lefkoşa) davam etdirilib. Festivala vəsiqə almış filmlərin nümayişi Bakıdan sonra 26-27 oktyabr tarixində Qazaxıstanda (Almatı), 30-31 oktyabrda Qırğızıstanda (Bişkek), 9-10 noyabrda Makedoniyada davam etdiriləcək. Festivala noyabrın 18-də İstanbulda yekun vurulacaq.

Festivalın münsiflər heyətində türk dünyasının tanınmış kinorejissor və prodüserləri təmsil olunurlar. İkinci festivaldan başlayaraq mərhum  azərbaycanlı rejissor, xalq artisti Tofiq İsmayılovun adına xüsusi mükafat təsis edilib. Festivalda müxtəlif nominasiyalarda qalib olan filmlər yaxın günlərdə bir sıra ali məktəblərdə, mədəniyyət mərkəzlərində və Yunus Əmrə İnstitutunda nümayiş etdiriləcək.

Festivalın münsiflər heyəti tərəfindən seçilmiş “Sıraç” (Türkiyə) və “Yol” (Azərbaycan) sənədli filmləri nümayiş etdirilib. Xatırladaq ki, azərbaycanlı gənc rejissorlar, Bakı Dövlət Universitetinin tələbələri Azər Ağayevlə Rəvanə Səmədovanın “Yol” filmində  XIX-XX əsrlərdə dəfələrlə sürgünə məruz qalan Axıska türklərinin qayğılı, keşməkeşli həyatından bəhs olunur. Filmdə Stalinin deportasiya siyasəti, Fərqanə hadisələri və axıskalıların Azərbaycanda yeni, doğma torpaqlardan uzaq həyata alışma prosesi rəsmi faktlarla öz əksini tapıb.

Nizami Kino Mərkəzində festivalın mükafatlandırma mərasimi olub. Əvvəlcə layihə ilə bağlı videoçarx nümayiş etdirilib. Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın, səfirliyin mədəniyyət tanıtım müşaviri İrfan Çiftçinin, Türk Dünyası Qəzetçilər Federasiyasının rəhbəri Menderes Dəmirin çıxışlarında festivalın müxtəlif ölkələrdə yaşayan türklərin mədəni varlığını təqdim etmək baxımından əhəmiyyətini yüksək dəyərləndiriblər. Tofiq İsmayılovun xatirəsinə mükafatın təsis edilməsi böyük məmnunluqla qarşılanıb. Qeyd edilib ki, rejissor Türkiyədə çalışdığı  illərdə türk mədəniyyətinin tanınmasına, qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfələr verib, “Türk sinemasının tarixiadlı kitab yazıb. Bildirilib ki, festivalın Tofiq İsmayılov adına xüsusi mükafatına Başqırdıstandan Kristen Qaynetin “7 Maydens Theatre” filmi layiq görülüb. Türkiyəli rejissor Gülşən SarununSıraç”, azərbaycanlı gənc rejissorlar Azər Ağayevlə Rəvanə SəmədovanınYolfilmləri ideya məna-məzmun baxımından festival iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Sıraçfilminin mövzusu Türkiyənin Tokat, Yozqat, Sivas, Çorum bölgələrində yaşayan türkmən Sıraç tayfasının milli-mədəni dəyərləri yaşam tərzi ilə bağlıdır. Sıraçlar Səfəvi İmperiyasının qurulmasında iştirak etmiş Oğuzun Bəydili tayfasına mənsubdur.

II Türk Dünyası Sənədli Filmlər Festivalı kinosevərlər tərəfindən rəğbətlə qarşılanır.

 

Rəhman SALMANLI,

Azərbaycan.- 2017.-19 oktyabr.- S.7.