Cocuq Mərcanlı etüdləri...

 

Böyük Qayıdış”ın ilk ünvanına - Cocuq Mərcanlıya səfərimin təəssüratlarını şeirə çevirdim...

Böyük Qələbəyə gedən yolun ilk dayanacağında yaşadığım hisslər, duyğular safdır, səmimidir, qürurludur...

Cocuq Mərcanlı həyatımızın da, ruhumuzun da, elə sözümüzünbaş mövzusudur...

 

 

Aprel şəhidləri

 

Bizi ilk qarşılayan

Aprel şəhidləriydi,

Bu Cocuq Mərcanlının

Ən müqəddəs yeriydi.

Ayağına gül qoyduq

Şəklinə baş əydik.

Ay oğul, təki belə

Toyunuza gələydik.

Daim gənc qalarsınız

Göz aydın, üzü gülər,

Daim ayağınızı

Öpəcək qızılgüllər.

Əsgər gedən oğullar

Burdan gedər döyüşə.

Sevən yaşıdlarınız

Bura gələr görüşə.

Gələnlər gedəcəklər

Kimi ucalacaqdı,

Kimi qocalacaqdı,

Kimi zəfər çalacaq!

Düşməndən intiqamı

Dönə-dönə alacaq!

Aprel döyüşçüləri

Belə cavan qalacaq.

Onlar zamandan güclü,

Dövrandan üstündülər.

Onlar gecə aydılar.

Gündüzlər də gündülər...

Eh... Bunlar hamısı sözdü,

Şəhidlər ölümsüzdü!

 

 

Şuşa məscidi

 

Cocuq Mərcanlıya

Şuşadan qonaq gəlib.

Cocuq Mərcanlının gününə.

Geyinib dümağ gəlib.

Şuşanın məscidi namaza durub.

Əllərini Allah dərgahına qaldırıb.

Qarabağa azadlıq diləyir.

“Allahım, köməyimiz ol” - deyir.

Azanın səsi

Haqqın qapısını döyür.

Məscid onun üzüdü,

İçi insan içidi.

Bu, Şuşadakı məscidin özüdü,

Əsgərlərimizə gəlmiş elçidi.

Gəlin bizi alın! - deyir.

Gəlin zəfər çalın! - deyir.

Azərbaycanın ən uca Şuşa səhnəsindən,

Qarabağ şikəstəsi”nin səsindən

Ən uca zənguləsindən

Yadları salın!

Qarabağı alın! - deyir.

Məsciddə görüş

Ruhu titrədən bir görüşdü.

Ordumuz ayağa qalxsa,

Şimşək kimi çaxsa,

Ordumuz üçün ən asan döyüşdü.

Qalanını tarix yazır.

Hər azərbaycanlının içində

Bir əsgər var

Döyüşə hazır!

 

Yaman olur

 

Havadan, sudan, çöldən

Gözəllik ətri gəlir.

Qızılgüllər titrəyir

Əlvan ləçəklər gülür.

Bu gözəllik qoynuna

Tanrı nuru tökülür...

Sevincdən gözüm dolur.

* * *

Şirin dil son hədd ola

İnsanlar arasında.

Ölkələr arasında

Qızılgül sərhəd ola...

Yar həsrəti-hicranı

Ən çəkilməz dərd ola...

İnsanlar mələk olur.

* * *

Beşiyim, məzarımsan,

Ana torpağım mənim.

Qəlbin qəlbimdə vurur,

Ay Qarabağım mənim.

Bülbüllər yetişdirən

Havam, bulağım mənim.

Görürəm rəngin solur.

* * *

Səni belə görəndə

Tufan olur, qan olur.

Hirsim qaynayıb daşır,

Səbrim ilə savaşır.

Bizə döyüş yaraşır,

Bizə zəfər yaraşır.

Hikkəm başımdan aşır

Ruhum dağa dırmaşır,

Varlığım tufan olur.

Xalq bu həddə gələndə

İntiqam yaman olur.

 

Biz Cocuq Mərcanlılıyıq

 

Dağlı, eniş-yoxuşlu,

Torpaqlı, daşlı, quşlu,

Ağaclı - vətəndaşlı

Hamımız bir canlıyıq.

Biz Cocuq Mərcanlılıyıq.

* * *

Yollar qəddi, ütülü,

Bulaq-sükut bülbülü,

Şehli bağların gülü -

- Qəlbi həyəcanlıyıq.

Biz Cocuq Mərcanlılıyıq.

* * *

Körpədən son yaşacan,

Lap ayaqdan-başacan.

Ey böyük Azərbaycan

Hamımız bir canlıyıq!

Biz Cocuq Mərcanlılıyıq.

 

Lələtəpə

 

Dədəm Qorqudun dövründə

Laləli bir təpə idim

Sonradan lələ olmuşam,

Bir Lələtəpə olmuşam.

Başımın üstündə Allah

Əlimdə üç rəngli bayraq.

Gecə, gündüz, axşam, sabah,

Ana yurda keşikçiyəm.

 

Xalqın dağ olmuş səsiyəm,

Mən igidlər nərəsiyəm.

Mən lələlər lələsiyəm.

Məktəblərin zəng səsiyəm.

Dağam, dağlar balasıyam.

Mərcanlılar qalasıyam

Hələ mənim çox işim var

Çox zəfərlər çalasıyam.

 

Yurdun Lələ dayağıyam

Elin Lələ bayrağıyam

Əsgərlərin səngəriyəm

Düşmənlərə göz dağıyam.

 

 

Birinci sinfə ikinci dəfə

Cocuq Mərcanlıda getdim

 

Birinci sinifdəyik

Mən sinif yoldaşım.

Onun yeddi yaşı var,

Mənim səksən üç yaşım.

Onun ilə söhbətə

Bərk qarışmışdı başım.

Müəllimə dedi:

- Yaxşı!

Siz sakit olun bir az.

Dərsdə danışmaq olmaz.

Mən tez kəsdim sözümü,

Yığışdırdım özümü.

Sinif dostum soruşdu:

- Sən qorxursan ondan?

- Mən qorxuram qanundan.

- Qanun kimdi, ay dayı?

- Hamı ona tabedi

Səndən, məndən savayı.

- Niyə o bizə dəymir?

- Sənin yaşın çox azdı,

- Mənim yaşım lap çoxdu.

Bizi əsgər qoruyur

Heç bir qorxumuz yoxdu...

 

* * *

Quliyeva Səidə Allahqulu qızı Bakıda rahat evini qoyub könüllü Cocuq Mərcanlıya gedib. Orta məktəbdə kitabxanada işləyir. O, ürəyinin çağırışına əməl edib. Hər ürəkdə belə çağırış olmur. Ürəkdə belə istək olsa da, hər adam cəsarət edib Bakıda rahat evini qoyub, düşməndən yeni alınıb, yeni salınmış Cocuq Mərcanlı qəsəbəsinə işləməyə, yaşamağa gedə bilməz. Bunun üçün ürəkdə istəkdən başqa qeyrət, təpər, alovlu vətənpərvərlik, vətəni əsl Leylinin Məcnuna olan məhəbbəti kimi bir İlahi məhəbbət olmalıdır. Səidə qızımızda o var. Qızın özü bilmir ki, qəhrəmanlıq elə buna deyirlər.

 

Səidə qızıma

(Mahnı mətni)

 

Səni vətənin çağırdı.

Səs qəlbində ağrıdı.

A qeyrətli qızım mənim,

Şir ürəkli quzum mənim.

Qoy tanısın el səni

Səidə, ay Səidə.

     * * *

Kitabların sirdaşısan

Hamının qız qardaşısan.

Özündən xəbərin yoxdu

Sən özündən yaxşısan.

Qəlbin günəşdir sinəndə

Səidə, ay Səidə.

      * * *

Mərcanlıda cocuqlara

Şirin nağıl olacaqsan.

Evdə bacı olacaqsan

Çöldə oğul olacaqsan.

Adın nəğmədir sənin

Səidə, ay Səidə.

      * * *

Başdan ayağa hünərsən,

Odlar qızı igid ərsən.

İnanıram ilk imkanda

Şuşaya da sən gedərsən

Olacaqsan orda sən

Səidə, ay Səidə.

 

Fikrət Qoca

 

Azərbaycan.- 2017.- 19 oktyabr.- S.8.