Azərbaycan xalçaları dünyanı heyran edir

 

Heç bir təhsili olmayan nənələrimiz əsrlər öncə ilmələrlə möcüzələr yaratmış, toxuduqları al-əlvan xalçalarla dünyanı heyran qoymuşlar. Azərbaycan xalçaları zaman-zaman dünyanın ən məhşur muzeylərinin bəzəyi olmuşdur.

Dövlət müstəqilliyimizin bərqərar olduğu müasir dövrdə xalçaçılıq sənətini yaşatmaq, onu daha da inkişaf etdirmək üçün görülən zəruri tədbirlər alqışa layiqdir. Bu yöndə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tarixi xidmətləri misilsizdir. Məhz bu qayğı və diqqətin sayəsində Azərbaycan muğamı yeni intibah dövrünü yaşayır. Bu böyük qayğıdan təhsilimizin, mədəniyyətimizin, musiqimizin yüksəlişinə yetərincə pay düşür, bir çox sosial problemlər uğurlu həllini tapır. Milli-mədəni sərvətlərimizi qayğı ilə qoruyub saxlamaq, onu layiq olduğu şöhrət zirvəsinə qaldırmaq istəyi unudulmuş xalçalıq sənətini sanki yenidən dünyaya gətirdi. Milli-mədəni irsə layiqli varislik missiyası sözün həqiqi mənasında Azərbaycan xalçaçılığının üstünə günəş kimi doğdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılmış “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti qısa fəaliyyəti ərzində böyük uğurlara imza ataraq ölkənin ayrı-ayrı regionlarında özünün yeni strukturlarını yaradır və eyni zamanda dünya sənətsevərlərinin nəzər-diqqətini Azərbaycan xalçalarına yönəltmək üçün beynəlxalq sərgilərdə iştirak edir. “Azərxalça” ASC idarə heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Vidadi Muradov  deyir:

- Xalçalıq xalqımızın qədim sənətidir. Xalça bir məişət əşyası olmaqla yanaşı, həm də bir sənət əsəridir, sənətkarlıq nümunəsidir. Nənələrimiz arzu və istəklərini zaman-zaman ilmələrlə xalçalara toxuyub nəfis sənət əsərləri yaratmışlar. Bizim  borcumuzdur ki, hər zaman Azərbaycanın adına şöhrət gətirmiş xalçaçılıq sənətini müasir dövrdə yeni zirvələrə qovuşduraq. Yaxşı işləmək, üz ağartmaq üçün geniş imkanlar var. Qısa müddət ərzində xeyli görülüb. Bölgələrdə “Azərxalça”nın ilk filialı Horadizdə açılmışdır. Bu ilk addımı məqsədli şəkildə atmışıq. Horadiz Qarabağın işğaldan azad edilmiş bir hissəsidir. Bura dövlətin qayğısı ilə müharibənin xarabalıqları üzərində yenidən qurulub müasir və yaraşıqlı bir şəhərə çevirilmişdir. Doğma yurda dönən insanların işləməsinə, faydalı məşğulluğuna böyük ehtiyac vardır. “Azərxalça”nın Horadiz filialının açılışında Prezident İlham Əliyev iştirak etdi. Burada görülən işləri yüksək qiymətləndirməklə yanaşı, bizə yeni tapşırıq və tövsiyələrini verdi. Tövsiyə etdi ki, bölgələrdə filialların sayını artırmaq lazımdır. Bu istiqamətdə fəaliyyətimizi uğurla davam etdiririk. İlk mərhələdə Füzuli, Ağdam, İsmayıllı, Qəbələ, Quba, Xaçmaz, Şəmkir, Tovuz, AğstafaQazaxda filiallar yaratmağı nəzərdə tuturuq. Artıq Horadiz və Şəmkir filialları fəaliyyət göstərir. Ağdam filialında isə son hazırlıq işləri görülür. İlin sonunadək Qazax, Tovuz, Ağstafa filialları da fəaliyyətə başlayacaqdır.

Bu yaxınlarda Horadiz filialında olduq. Böyük və işıqlı sexdə dəzgahlar səliqə ilə qurulmuşdu. Hanalardan asılmış rəngbərəng yumaqlar əlvan güllərə bənzəyirdi. Emalatxana rəisi Xatirə Mirbabayeva kollektivdəki yüksək əhvali-ruhiyyədən həvəslə söhbət açdı. Qabaqcıl xalçaçı qızlardan İlkinə Qasımovanın, Gülmirə Mahmudovanın və Nərminə Aslanovanın adını minnətdarlıqla çəkdi. Öyrəndik ki, burada çalışan xalçaçıların orta aylıq əməkhaqqı 500 manatdır. Horadiz filialının toxucuları öz yaradıcı işlərində Qarabağ xalçaçılıq məktəbinin ənənələrini bacarıqla davam etdirir, “Qarabağ” adlı xalçalar toxumağa üstünlük verirlər.

 

Lazım QULİYEV,

 

Azərbaycan.- 2017.- 26 oktyabr.- S.8.