Sərhədləri aşan səslər
Musiqi dünyamız
“Musiqinin dili yoxdur”, - deyirlər. Əslində, bu fikri bir qədər təhrif edərək söyləyiblər. Musiqinin bir dili var və onu anlamaq üçün nə millətin, nə irqin, nə dilin, nə də dinin heç bir fərqi yoxdur. Qəlblərə yol tapmağa, duyğularla həmsöhbət olmağa yalnız musiqinin qüdrəti yetir. Ona görə də o, heç bir səddə sığmır. Bircə səhnəni xatırlayaq: Avropa ölkələrində Azərbaycanın xalq artisti Alim Qasımovun konsertidir. Dinləyicilərin əksəriyyətinin bilmədiyi bir dildə - Azərbaycan dilində muğam oxuyur. Heç geyindiyi milli paltar, əlindəki qaval da Avropa tamaşaçısı üçün doğma deyil. Amma ifa olunan musiqidəki, səsdəki hiss, həyəcan o qədər munisdir ki, hər kəs onu öz qəlbinin “dili” ilə anlaya bilir.
Bu səhnə həm də Azərbaycan xalqının zəngin mədəniyyətə malik olduğunun təzahürüdür. Bəllidir ki, sivilizasiyanın ən qədim mərkəzlərində yaşaması xalqların mədəniyyətində, incəsənətində dərin izlər buraxır. Azərbaycan musiqi sənəti də ona görə bu qədər zəngin və heyranedicidir, mövzu və janr baxımından çeşidli və rəngarəngdir. Ancaq bir həqiqət də var ki, dünya xalqları bir-birindən təcrid olaraq yaşaya bilməz və mədəniyyətlərarası əlaqə bəşər həyatının ayrılmaz hissəsidir. Azərbaycanın istedadlı musiqiçiləri də doğma xalqın musiqi xəzinəsindən bəhrələnərək, dünya musiqisini öyrənərək yeni əsərlər yazırlar.
Vətəni İtaliya olan klassik opera sonralar bütün Avropada məşhurlaşdı. XX əsrin əvvəllərində müxtəlif sahələrdə çalışan, pedaqoq, jurnalist, redaktor kimi böyük işlər görən Üzeyir Hacıbəyli bir yeniliyə imza atdı. O, “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, Yaxın Şərqdə ilk opera yazan bəstəkar kimi tarixə düşdü. 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında təqdim edilən “Leyli və Məcnun” operasının premyerası böyük səs-səda yaratdı. Dövrün mətbuat orqanları öz səhifələrində tamaşa haqqında xəbərlərə, tərif dolu məqalələrə geniş yer verdilər.
XX əsrin ikinci onilliyi Azərbaycan musiqi sənətində başqa bir yeniliklə də yaddaqalan oldu. 1911-ci ildə Şövkət Məmmədova vokal dərsi almaq üçün İtaliyaya yollandı. Milan Konservatoriyasına daxil olan yeniyetmə qızın təhsil xərcini Hacı Zeynalabdin Tağıyev öhdəsinə götürdü. Təəssüf ki, sonra bu yardım dayandırıldı. Ancaq Şövkət Məmmədova bir qədər gec də olsa arzusuna çata bildi.
On beş respublikanı bir ittifaqda birləşdirərək böyük ərazilərə sahib olan sovet hökuməti sosializmin tam qələbəsini təmin etmək üçün qapılarını kapitalist ölkələrinin üzünə möhkəm bağlamışdı. Qaydalar çox sərt şəkildə qoyulsa da, bir sıra sahələrdə müəyyən güzəştlərə getmək qaçılmaz idi. Bunlardan biri də musiqi sənəti idi. 1920-ci illərin sonunda, sovet hakimiyyətinin quruculuğu illərində ilk Azərbaycan vokalçıları Bülbül və Şövkət Məmmədova təcrübə keçmək üçün birlikdə İtaliyanın “La Skala” Opera Teatrına göndərildilər. Onlar klassik vokal-opera məktəbi ilə məşhur olan İtaliyada qabaqcıl pedaqoqlardan dərs alaraq vətənə qayıtdılar. Bülbüllə Şövkət Məmmədovadan sonra sovet hökuməti uzun illər Azərbaycandan İtaliyaya musiqi təhsili almağa kimsəni yollamadı. Sevindirici hal bu oldu ki, SSRİ-nin xalq artistləri Şövkət Məmmədova və Bülbül Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərərək bir çoxunun vokal müəllimi oldular.
Azərbaycandan İtaliyaya, “La Skala” teatrında təcrübə keçməyə getmək bir də 1964-cü ildə gənc vokalçı Müslüm Maqomayevə qismət oldu. Yenə doqquz illik fasilə yarandı. 1975-ci ildə Azərbaycan Opera və Balet Teatrının solisti, tanınmış opera müğənnisi Lütfiyar İmanov “La Skala” teatrında təcrübə keçdi.
Öz
sənətinin bilicisi olmaq
üçün yalnız fitri
istedadla kifayətlənmək olmaz. Öyrənmək, həm də seçdiyin sənəti incəliklərinə
qədər mənimsəmək, ustadlardan
dərs almaq vacibdir. Qeyd etdiyimiz kimi sovet hökuməti xarici ölkələrdə təhsil almaq imkanlarını məhdudlaşdırmışdı.
Daha dəqiqi, yalnız dövlətin
razılığı və göndərişi ilə SSRİ-nin hüdudlarından kənara
çıxmaq mümkün idi. Bunun müqabilində Azərbaycandan asanlıqla Sovet İttifaqının paytaxt
şəhərinə - Moskvaya və Leninqrada (indiki Sankt-Peterburq) gedib konservatoriya təhsili almaq
olardı. Bir də həmin illərdə
artıq Üzeyir Hacıbəylinin böyük zəhmət çəkərək
qurduğu, ən yaxşı pedaqoqları
dəvət etdiyi Azərbaycan Dövlət
Konservatoriyası var idi. Üzeyir bəydən
dərs almış, onun
qayğısını görmüş böyük Azərbaycan bəstəkarları
- Qara Qarayev, Fikrət
Əmirov, Cövdət Hacıyev, Cahangir Cahangirov və başqaları musiqi
xəzinəmizi öz bənzərsiz əsərləri
ilə zənginləşdirirdilər. Təbii ki, bu məsələnin bir tərəfidir. Musiqi əsərlərinin
təqdimatı onun necə
yazılmasından az əhəmiyyətli
deyil. Elə Maestro Niyazi fenomeninin yaranmasında da bu amilin
böyük rolu var.
Bu ağır xasiyyətli,
ötkəm adam
haqqında danışanlar
etiraf etməyi unutmurlar: o, dahi dirijor idi.
Dirijorun həyat
yoldaşı Həcər
xanım xatırlayırdı:
“Üzeyir bəyin övladı olmadığından
o, bütün məhəbbətini
Niyaziyə yönəltmişdi.
Onun istedadına inanaraq sənət yolunu düzgün istiqamətləndirmişdi.
Ancaq hər ikisinin ətrafında olan bəzi insanlar onların münasibətlərini
gərginləşdirməyə cəhd ediblər. Xoşbəxtlikdən bu, o qədər
də uzun çəkməyib. Məsələn,
Niyazi “Arşın mal
alan”ı işləyərək əsərdə
müxtəlif dəyişikliklər
etmişdi ki, ekranda gözəl səslənsin. Amma bəzi naxələf
adamlar Üzeyir bəyin yanına gedərək ona deyiblər ki, Üzeyir bəy, bu, biabırçılıqdır.
O, hətta özündə
cəsarət tapıb
“Arşın mal alan”ı da təhrif etməkdən çəkinmir. Beləliklə, onların arasına
inciklik toxumu səpirdilər. Niyazi bunu
çox ağır yaşayırdı. Hərdən
də uşaq kimi kövrələrək
məndən soruşurdu:
“Axı onlar niyə anlamaq istəmirlər ki, mən nə etdiyimi bilirəm?” Niyazi “Arşın mal alan”ın ictimai
baxışına getmək
istəmirdi. Deyirdi ki, Həcər,
əgər musiqi barədə bəd danışsalar, özümü
saxlaya bilməyəcəyəm.
Onu güclə yola gətirdim.
Film başa
çatandan sonra Üzeyir bəy Niyazini bağrına basdı. Sevincindən danışa bilmirdi.
Təkcə bu sözləri dedi: “Ay səni, qoçaq oğlan. Çox sağ ol,
hər şey yerində idi”. Niyaziyə elə bil dünyanı
bağışladılar”.
Maestro yalnız
bir məsələdə
güzəştə gedə
bilərdi. Əsəri bəyəndisə, hətta bəstəkarı
ilə həmin vaxt münasibəti kəskin olsa belə, ona böyük məmnuniyyətlə
dirijorluq edəcəkdi.
Və heç kimə sirr deyildi ki,
Maestro Niyazi səsləndirdiyi
əsəri göylərə
qaldıra bilir. Hətta münasibətlərinin sərinləşdiyi
vaxtlarda da onun dirijorluğu ilə bəstəkarlar Qara Qarayevin, Fikrət Əmirovun ölməz bəstələri
sənət möcüzəsinə
çevrildi.
Sovet İttifaqından xarici ölkələrə qastrol
səfərlərinə göndərilən
musiqiçilər, müğənnilər
çox böyük diqqətlə seçilirdi. Moskvanın icazə
verdiyi qədər müttəfiq respublikalardan,
o cümlədən sovet
Azərbaycanından sənətçilər
dünya səhnələrində
çıxış edirdilər.
O illərdə Müslüm
Maqomayev, Zeynəb Xanlarova, İslam Rzayev, Rəşid Behbudov, kaman ustası Habil Əliyev və başqa sənətkarlar yalnız Sovet İttifaqının ərazilərində
deyil, xarici ölkələrdə də
məşhurlaşmışdılar. Hətta həmin illərdə belə bir deyim
də var idi ki, Azərbaycanı
dünyada neftinə və Rəşid Behbudovuna görə tanıyırlar.
İndi də o
böyük sənətkarların
- Maestro Niyazi, Bülbül,
Müslüm Maqomayev,
Lütfiyar İmanov, Zeynəb Xanlarova, Rəşid Behbudov və digərlərinin
lent yazılarını dinləyəndə
bir daha əmin olursan ki, zəngin musiqi mədəniyyətinə
malik olmaq məsələnin bir hissəsidir. Digər əsas məsələ
onu necə tanıtmaqdır və onlar bunu mükəmməl
şəkildə bacarırdılar.
1990-cı illərdə
Azərbaycan öz tarixi qələbəsini çaldı, yenidən müstəqilliyinə qovuşdu. Amma ölkə
böyük sınaqlarla
qarşılaşdı. İqtisadi çətinliklərin məngənəsinə
düşdü. Həmin
vaxtlar Azərbaycanı
tərk edən sənət adamları az olmadı.
Bu gün
azad Azərbaycanın
musiqi sənətini təbliğ etmək yolunda heç bir maneə yoxdur. İstənilən ölkədə musiqi təhsili almaq və bəstəkarlarımızın
əsərlərini dünyada
tanıtmaq üçün
imkanlar var. Azərbaycan
musiqiçiləri, xanəndələri,
müğənniləri tez-tez
xarici ölkələrdə
konsert proqramları ilə iştirak edirlər. Onların hər çıxışı
musiqi sənətimizin
təbliği yolunda atılmış növbəti
addımdır. Ona görə
də bu sənətçilərin uğurları
Azərbaycan musiqi sənətinin nailiyyətidir.
Bu ilin aprelində hər bir musiqisevərimizi qürurlandıran hadisə
Hollandiyada baş verdi. Azərbaycan peşəkar
bəstəkarlıq məktəbinin
görkəmli nümayəndəsi,
xalq artisti Firəngiz Əlizadənin
“Nasimi Passion” əsəri
böyük bir layihə çərçivəsində
təqdim olundu. Belə ki, son illər Avropanın nüfuzlu mədəniyyət
təşkilatlarından olan,
“Amsterdam Royal Concertgebouw” tərəfindən
müxtəlif dinlərə
- pravoslav, katolik, iudaizm və buddizmə məxsus
“Passions” - “İlahilər” layihəsi
həyata keçirilir.
İslam
dininə aid olan ilahilərin bəstələnməsi
azərbaycanlı bəstəkara
həvalə edildi.
Firəngiz Əlizadə “Nasimi
Passion” adlı möhtəşəm
bir əsər yaratdı. Əsərdə Şərq təfəkkürünün
və onun fəlsəfi ideyalarının
özəyini təşkil
edən tendensiyaların
müasir üsullarla sintezi təqdim olundu.
Avropa ölkələrində, kütləvi
informasiya vasitələrində
böyük rezonans doğuran bu iri-həcmli musiqi əsərinin premyerası
“Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin,
xorunun və solistlərinin müşayiəti
ilə keçirildi. Bəstəkar “Nasimi Passion”da şair İmadəddin Nəsiminin əsərlərinin
yazıldığı dildə
- Azərbaycan dilində
səsləndirilməsinə də nail oldu. Və Almaniya Dövlət Teatrının
solisti Əvəz Abdullayev şairin söz və könül dünyasını,
sufi zikrlərindəki
ab-havanı tamaşa salonuna gətirə bildi.
Qeyd edək ki, hazırda Almaniyada yaşayan, Manheym Milli Opera Teatrının solisti, Azərbaycanın xalq artisti Əvəz Abdullayev Azərbaycan Dövlət Konservatoriyasının
məzunudur, illərlə
Azərbaycan Opera və
Balet Teatrında çalışıb, aparıcı
bariton partiyalarını
ifa edib. İndi də arabir Bakıda çıxış
edir, Azərbaycan bəstəkarlarının Avropada
səslənən əksər
vokal əsərlərinin
ilk ifaçısıdır.
Bu gün dünya musiqisinin inkişafında Azərbaycanın
da öz töhfələri var. Təqdirəlayiqdir
ki, öz köklərinə sıx
bağlı, xalqımızın
və ümumilikdə
dünya musiqi xəzinəsini dərindən
öyrənməyə can atan
gənc musiqiçilərimiz
yetişir. Azərbaycan musiqisinin bundan
sonrakı inkişafında,
təbliğində və
təqdimatında bu gənclərin də imzaları olacaq.
Zöhrə FƏRƏCOVA,
Azərbaycan.- 2017.- 28 oktyabr.- S.7.