Sap və rənglərin harmoniyası
Xalq sənətkarlığı
nümunələri tikməçilik
...Rənglərin
harmoniyasını yaradan
fırça ilə ilahi qüdrətdən təb alan
şairlərin qələmini
eyniləşdirənlər səhv etməyiblər. Xalqın ruhunun daşıyıcıları
kimi sevilən sənətkar istər şair, yazıçı,
istərsə də bədii sənət nümunələrini yaradan
digərləri olsun, qəlbinin səsini insanlara çatdırırlar.
Kətan
üzərində əksini
tapan təbiət mənzərələrinin isə
hər biri sanki yazılmamış, oxunmamış həyat hekayələridir.
Azərbaycan xalqına məxsus bir sıra sənət
növləri var ki, onlar əsrlərlə
yol gəlir. Elə sənətlər
də olub ki, onların yalnız adı qalıb. Bunun səbəblərindən biri vaxtilə həmin sənətin yaşadılmasına qayğı
göstərilməməsi, yaxud sənətkarların
özlərinin davamçılarını
yetişdirməmələridir. Lakin elə sənət növü də olub ki, dövrünü
başa vuraraq sıradan çıxıb.
Xalq tətbiqi sənət incilərindən biri də tikməçilikdir. Tikmələr ağbirçək nənələrin
yadigarları kimi gəlin köçən
qızlara zaman-zaman verilən cehizin əntiq əşyalarından
biri olub. Milli-mənəvi sərvətlərimizdən sayılan belə sənət növlərinin
yaşadılması və
gələcək nəsillərə
çatdırılması dövlətin, həmçinin
Heydər Əliyev Fondunun qarşıya qoyduğu məqsədlərdən
biridir.
20 ildən artıqdır ki, tikmə ustası kimi tanınan, əl işləri evlərin və muzeylərin bəzəyinə
çevrilən sənətkarlar
az deyil.
Belələrindən biri də Mehriban Əliyeva - Xəlilzadədir. Özünün də etiraf etdiyi kimi, uşaqlıq
illərindən bugünədək
iynə əlindən
yerə düşmür.
Daha doğrusu, iynə fırçası, saplar isə boyasıdır.
Tikmə ustasının əsərlərinə
kənardan diqqət yetirdikdə elə bilirsən ki, fırça ilə çəkilmiş miniatürlərdir,
amma onlar, əslində, əlvan saplardan yaradılmış
sənət əsərləri
- tikmələrdir.
Tikməçi-rəssam bu sənətə nə vaxtdan məhəbbət göstərdiyini belə xatırlayır: “Tikməni
o zamanlar yalnız balış, mütəkkə
üzü, pərdələr,
süfrələr şəklində
işləyirdilər. Anam
isə ilk dəfə
bunu çərçivələrə
alıb və miniatür işləmələrə
başlayıb...”
Ustanın təkcə
əsərlərində deyil,
əllərində də
iynənin izlərini görmək olur: “Sapla işləməyi sevirəm. Amma muncuqla da işlərim var. Sap daha keyfiyyətlidir. Muncuq gözə
xoş gəlir, təsviri almaq asandır, parlaqlığına
görə də cəlb edir, amma sapla nəsə
yaratmaq və diqqəti çəkmək
çətindir. Əsasən ipək saplardan istifadə etməyə çalışıram. Pambıq saplar
da olur, digər qarışıqları
da. Atlas parça üzərində
“xovlu” tikmə işləyirəm, yun parça üzərində
isə “təkəlduz”
tikməni”.
Bu izahdan
öyrənmək olur
ki, xovlu tikmə tərs üzdən işlənir. Tərs üzdən
çəkilir və
tikilir. Təkəlduz isə düz
üzdən hazırlanır,
sağanaq deyilən alətdə - bir-birinə
keçirilən taxta
dairələrdə işlənir,
qarmağa bənzər
iynə ilə tikilir. Xovlu tikmənin iynəsi
də fərqlidir, sapı da.
Hələ orta məktəbin 8-ci sinfində
oxuyarkən tikmələr
tikə-tikə qədim
sənətə öz
“ilkləri”ni də gətirdiyini deyir tikməçi-rəssam:
“Məsələn, əlinizi
parçanın üzərində
gəzdirsəniz, “mərtəbə”ləri
hiss edəcəksiniz. Bu, “relyefli tikmə” adlanır. Həmin əsərlər ilk dəfə olaraq qrafikanın tikmədə
tətbiqidir. Heç bir
ölkənin tikməsində
belə bir şey yoxdur. Deməli, xalqımız öz sənətini yaradanda onun “sirlərini” də işləyir ki, bədnamlar oğurlayanda təsdiq edə bilək ki, bu, bizim
milli sərvətimizdir”.
Hələ emalatxanası
olmayan usta sənət əsərlərini
“sellofan”lara bükməklə qoruyur. Bu əsərləri əsasən gecələr
yaratmağa adət edən tikməçi-rəssam
deyir ki, əl işlərinin satışını təşkil
etmək kimi problem də yaşayır.
Çünki emalatxanasızdır
və buna görə də ev şəraitində,
gecələr işləyir:
“Ölkəmizə gələn
turistlərə xaricdən
gətirilmiş miniatür
hədiyyələri göstərməkdən
və satmaqdansa, tikmələrimizi və ya başqa xalq
tətbiqi sənət
nümunələrimizi təqdim
etmək lazımdır”.
L.Kərimov adına
Azərbaycan Xalçası
və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində məşhur tikmə ustası, bir çox beynəlxalq sərgilərin iştirakçısı
və diplomçusu Mehriban Əliyeva-Xəlilzadənin
növbəti dəfə
əl işləri nümayiş etdiriləndə
heyrət dolu baxışlar onun yaratdığı incilərə
dikilmişdi. “Tikmələrin izi ilə” keçirilən tədbirdə sənətkarın
muncuqlu, pilək tikmə, döymə, doldurma, cülmə, kəsmə, güləbətin,
təkəlduz texnikası
ilə yaratdığı
əsərlər müəllifinin
sənətə məhəbbətini
təsdiqləyirdi.
Daha geniş auditoriyalara əsərləri ilə çıxmağa qadir olan tikməçi-rəssam Şəki şəhərində anadan olub, orada ərəb-fars təmayüllü orta məktəbi fərqlənmə ilə bitirib. 1985-1988-ci illərdə şəhər Pionerlər evində bədii tikmə dərnəyində məşğul olan, əl işləri 1986-cı ildən respublika və bir sıra xarici ölkələrdə sərgilənən tikmə ustasının hazırladığı “Tanrı gözəldir”, “Müqəddəs Kəbə”, “Heydər Əliyev”, “Atatürk”, “Şərq ulduzu” “Hekayə”, “Əfsanə”, “Muğam üçlüyü”, “Xosrov və Şirin”, “Sülh quşu”, “Gecə-gündüz” və digər sənət nümunələri öz ecazkarlığı ilə fərqlənir. Müəllif təsviri sənətə və toxuculuğa xas xüsusiyyətləri tikmədə ustalıqla birləşdirərək maraqlı kompozisiyalı əsərlər yaratmağa müvəffəq olub.
Usta tikməçi-rəssam deyir ki, hər bir sənət nümunəsinin daha geniş auditoriyalarda nümayişi üçün sərginin keçirilməsi çox vacibdir. Buna görə də dövlətimizin bu istiqamətdə həyata keçirdiyi layihələr xalq sənətinə sevgidən qaynaqlanır. Burada məqsəd, eyni zamanda qədim tikmə texnikasını qoruyub saxlamaqla yanaşı, yenilikləri, müasir tikmə sənətini geniş ictimaiyyətə çadırmaqdır.
Həm də həndəsi və nəbati naxışlardan istifadə edərək portret, miniatür, mənzərə janrlarında əsərlər yaradan rəssam-tikməçi 2003-cü ildən respublika Rəssamlar İttifaqının üzvüdür. Bir çox beynəlxalq sərgilərdə uğurlu iştirakına görə müxtəlif mükafatların sahibidır.
...İlmə-ilmə naxışlanan tikmələr gözün nurundan, zərif barmaqlardan sığal tapdığından gözəl, incə və qəlbəyatan olur. Qoy onlar bundan sonra da nənələrdən nəvələrə hədiyyə olunan milli-mənəvi sərvətlərimizdən biri kimi evlərimizin bəzəyinə çevrilsin.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2017.- 28 oktyabr.- S.7.