Bakının “abidə insanlar”ı
Onlar həm də şərəf və şöhrətin simvolu sayılırlar
Bəşər tarixinin canlı şahidlərinin daşlaşmış obrazları hər zaman diqqətçəkən olub. Onlar eyni zamanda şəxsiyyətlərin simvolu olaraq paytaxt şəhərlərini bəzəyən maddi mədəniyyət nümunələri kimi sevilir və qorunur.
Heykəltəraşlıq sənətinin bu mənada tarix yaşatmasını inkar etmək mümkün deyil. Heykəllər həm də nəcib əməllərin, şərəf və şöhrətin simvolu sayılırlar. Rəngkarlıq da şəxsiyyətləri zaman-zaman yaşadan sənətlərdəndir. Onlar da xarakterik obrazlar yaradırlar. Lakin rəssamlıqdan fərqli olaraq, heykəltəraşlıqda yalnız müsbət obrazlar sənət əsərinə çevrilirlər.
Təsviri incəsənətin geniş yayılmış sahələrindən biri olan heykəltəraşlıq tarixi şəxsiyyətləri, ədəbi simaları, eləcə də həyat hadisələrini bədii obrazlar vasitəsi ilə əks etdirir. Heykəllər müxtəlif növə ayrılırlar: həcmli və ya dəyirmi (bunlara hər tərəfdən baxmaq mümkündür), bir də səth üzərində qabartma şəklində yaradılanlar. Belə heykəllər barelyef də adlanır.
Bu gün dünyanın inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri kimi məşhurlaşan paytaxt Bakıda da tarixin müəyyən dövrünün şahidi olan monumental heykəllər, eləcə də dekorativ heykəltəraşlıq nümunələri az deyil.
Təbii ki, Heydər Əliyev Sarayının qarşısında, 2005-ci il may ayının 10-da açışılışı ümumxalq şənliyinə çevrilən, ümummilli liderin şərəfinə ucaldılan möhtəşəm abidə Bakının ən gözəl monumental heykəltəraşlıq nümunlərindəndir. Ulu öndərin xarakterik cizgilərini özündə əks etdirən heykəlin müəllifləri Mixail Noqin və Salavat Şorlanovdur. Bir anlıqdan hiss edilir ki, müəlliflər tarixi şəxsiyyətin obrazını olduğu kimi yaratmaq üçün əsər üzərində gərgin yaradıcılıqla işləyiblər. Heykəlin hündürlüyü 5 metrdən, ağırlığı 2 tondan artıqdır. Tuncdan tökülmüş bu abidə-heykələ müxtəlif bucaqlardan diqqət yetirdikcə əsərdə yeni çalarlar görür, bəşəri duyğulara, qranit xarakterə və dahiliyə valeh olursan.
Şah İsmayıl Xətainin, Həsənbəy Zərdabinin, Nəriman Nərimanovun, Qara Qarayevin, Əzim Əzimzadənin, Əliağa Vahidin, Yusif Məmmədəliyevin, Mikayıl Müşfiqin, Hacı Zeynalabdin Tağıyevin, Ayna Sultanovanın, Aleksandr Puşkinin, Əlişir Nəvainin, Taras Şevçenkonun və başqalarının bu şəhərdə ucaldılan heykəlləri, həmçinin qəbirüstü abidələri görkəmli şəxsiyyətlər haqqında ətraflı təsəvvür yaradır.
Şəhidlərimizin xatirəsinə, eləcə də Xocalı faciəsinə ucaldılan möhtəşəm abidələr isə müqəddəs torpaqlarımız, azadlıq və müstəqilliyimiz uğrunda mübarizədə canlarından keçən Vətən övladların qəhrəmanlıq, vətənpərvərlik simvolu olaraq daim yad edilməkdədir.
Tarixi şəxsiyyət və ədəbi simaların heykəlləri paytaxt Bakının sinəsində, küçə və parklarında özlərinə əbədi məskən seçiblər. Lakin bunlar heç də təqdim etmək istədiklərimizin mində biri deyil. Onların əksəriyyətinin əbədi məskən saldığı ünvanlar da var. Onlar daim adları və əməlləri, yaradıcılıqları ilə xalqımızı bəşəriyyətə təqdim edən simalardır ki, başda ulu öndər Heydər Əliyev olmaqla, Fəxri xiyaban kimi müqəddəs bir ziyarətgahda qəbirüstü abidələri ilə tarixə çevriliblər.
Bakını heykəllər şəhəri kimi tanıdan möhtəşəm sənət əsərləri, təbii ki, paytaxta ilk qədəm basan qonaqların diqqətini daha çox çəkməkdədir. Ona görə də bu daşlaşmış, qaranitləşmiş ömür sahiblərinin abidələrini ziyarət edənlərin sayı gündən-günə artmaqdadır . Elə bu yerdə deyə bilərik ki, Bakı sözün əsl mənasında, tolerantlığın paytaxtıdır, çünki burada heykəlləşən tarixi şəxsiyyətlərin dinləri də müxtəlifdir, dilləri də...
Ötən əsrin 20-ci illərinin sonlarından etibarən klassik tətbiqi sənətin nümayəndələrindən olan P.V.Sabsayın heykəltəraşlıq yaradıcılığı diqqəti cəlb edir. O, 1930-cu ildə M.F.Axundzadənin tuncdan tökülmüş heykəlini yaratmaqla şöhrət qazanıb. Böyük mütəfəkkirə həsr edilmiş monumental fiqurla postament arasındakı dəqiq nisbət, memarlıq üslubunun düzgün icrası, buradakı kiçik bağça ilə uyarlıq onun xarakterik xüsusiyyətlərindən xəbər verir.
Belə heykəllər qalereyasını xatırladan, möhtəşəmliyi ilə diqqəti cəlb edən, yaxınlıqdan ötüb-keçənləri bir anlıq da olsa ayaq saxlayıb baxmağa həvəsləndirən Nizami adına Ədəbiyyat Muzeyinin binası heykəltəraşlıqla memarlığın sintezinə ən gözəl nümunə sayılır. Burada tətbiq olunan milli memarlıq elementləri binanın xarici görünüşünə incəlik və zəriflik gətirməklə yanaşı, onun zəngin mənəviyyat xəzinəsinin saxlanc yeri kimi də dəyərini birə-min artırmış olur.
Muzeyin qərb fasadının eyvanında qoyulmuş ədəbi simaların heykəlləri binanın arxitekturası ilə bir kompozisiya yaradır, həmahənglik təşkil edir. Burada F.Əbdürrəhmanov M.Füzulinin, C.Qaryağdı M.P.Vaqifin, E.Tripolskaya Natəvanın, P.Sabsay M.F.Axundzadənin, N.Zaxarov C.Məmmədquluzadənin, S.Klyatski C.Cabbarlının heykəllərini böyük məharət və ustalıqla işləmişlər.
Heykəltəraşlıqla memarlığın uğurlu sintezindən yaradılan bir abidə də Bakının mərkəzində ucalmaqdadır. Bu, dahi Nizaminin 1949-cu ildə qoyulmuş, əzəməti ilə seçilən heykəlidir. Heykəltəraş Fuad Əbdürrəhmanov, memar S.Dadaşov və M.Hüseynovun hazırladıqları abidə-heykəlin kürsüsünü haşiyələyən tunc barelyeflərdə şairin poemalarından müəyyən epizodlar maraqlı kompozisiyalarda qabarıq formada təsvir olunub.
Bu heykəldən bir qədər aralıda, İçərişəhərin Qala qapısı divarlarının yaxınlığında görkəmli satirik şair M.Ə.Sabirin heykəli ilə qarşılaşırıq. Əsasən tələbə-gənclərin istirahət yerinə çevrilmiş “mini-park”da heykəltəraş C.Qaryağdı, memar Ə.İsmayılov və Q.Əlizadənin 1958-ci ildə əlində kitab, oturmuş halda təsvir etdikləri şairin baxışlarından “süzülüb gələn” “...eyləməyin dəngəsər”... kimi satirik misralar sanki adamı ofsunlayır.
Ötən əsrin 60-cı illərinin yadigarı olan “Azad qadın” monumental abidəsi də respublika heykəltəraşlıq məktəbinin uğurlu nümunələrindəndir. Başındakı çadrasını qətiyyətlə atan qadın Azərbaycan dramaturgiyasının banilərindən olan C.Cabbarlının “Sevil” əsərinin qəhrəmanını xatırladır. Hündür, düzbucaqlı postament üzərində ucaldılmış əsərin bədii məzmununda xəlqilik, millilik ruhu nəzəri ilk andaca cəlb edir.
Dünya şöhrətli bəstəkar Üzeyir bəy Hacıbəylinin Musiqi Akademiyasının qarşısındakı abidəsi ötən əsrin 60-cı illərinin nümunəvi sənət əsərlərindəndir. Musiqi əsərini dinləyən bəstəkarın psixoloji vəziyyətinə münasib bir formanın seçilməsi heykəltəraşın istedadından xəbər verir. XVI əsr dahi Azərbaycan şairi Məhəmməd Füzulinin də Akademik Milli Teatrın qarşısındakı meydanda qoyulmuş heykəlinin kompozisiya quruluşu, möhtəşəmliyi, sakit siluet təsiri bu sənət əsərini daha məzmunlu, monumental göstərir.
Şairə Natəvanın “Azərbaycan” kinoteatrının qarşısında “xəyala dalmış mərmər abidə”sinin müəllifləri heykəltəraş, xalq rəssamı Ö.Eldarov, memarı F.Leontiyevadır. 1960-cı ildə ucaldılan abidə obrazın bədii həllinin poetikası ilə seçilir.
Bakının park və xiyabanlarında qarşılaşdığımız “abidə insanlar”dan biri də xalqımızın cəsur oğlu, Sovet İttifaqı Qəhrəmanı, partizan Mehdi Hüseynzadədir. Haqqında az eşidilməyən, qorxubilməz Mehdini əlində qumbara “daşa döndərən” heykəltəraş onu sanki canlandırıb - növbəti əməliyyat apardığı anda təsvir edib: partizanın düşmənə nifrət dolu baxışları, bir-birinə dişləri ilə sıxılmış dodaqları və gizlədilən əzabları üz cizgilərində çox məharətlə işlənib.
Böyük Vətən müharibəsi qəhrəmanlarından Kamal Qasımovun, Hüseynbala Əliyevin, İsrafil Məmmədovun, Adil Quliyevin, Xıdır Mustafayevin və digər belə ölməz döyüşçülərin də obrazları Azərbaycan heykəltəraşlığında portret janrının inkişafından xəbər verir.
Heykəlləşmiş, obrazları daşlaşmış tarixi şəxsiyyətlərimiz - qəhrəmanlarımızla yanaşı, sənət dünyasında klassikləşmiş korifeylərimiz də Bakının daimi sakinlərini və qonaqlarını “salamlayan” ev sahibləri kimi əzizdirlər. SSRİ xalq artistlərindən Bülbülün, Rəşid Behbudovun, bəstəkar Cahangir Cahangirovun portretləri istedadlı heykəltəraş Cəlal Qaryağdı tərəfindən ustalıqla işlənərək heykəl ömrü qazanıblar.
Paytaxtın daim insan seli ilə üz-üzə qalan beynəlxalq dəmir yolu vağzalında ölməz C.Cabbarlının, yaxınlıqdakı parkda isə xalq şairi S.Vurğunun ayaqüstü abidələri əzəməti və özünəməxsusluqları ilə seçilirlər.
Monumentallarla yanaşı,
paytaxtda büst-heykəllər
də az
deyil. Onların arasında general-mayor Həzi Aslanovun Dağüstü parkda qoyulmuş abidəsi
1948-ci ilin yadigarlarındandır.
Dəniz
kənarında Bəhram
Gurun simvolik obrazı isə dekorativ hekəltəraşlığın
maraqlı nümunəsidir.
Bütün bunlar bir “daş ballada”nın simvolu - tarixin yaddaş salnaməsində daşlaşmış
insan ömürlərinin
heykəl və abidə səhifələridir,
vərəqləyin və
oxuyun, dünənimizi
öyrənib, gələcəyimizi
möhtəşəm qurmaq
üçün...
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 2017.-29 oktyabr.- S.7.