Gənclik yeni proqramın imkanlarından geniş istifadə edəcək

 

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı

 

Azərbaycan gənclərinin təhsil, mədəniyyət, idmans. sahələrdəki uğurları, həmçinin yüksək intellektli aparıcı qüvvə kimi formalaşması ölkə üçün daim strateji əhəmiyyət kəsb edən, eləcə də dinamik inkişafı hədəfləyən gənclər siyasətinin sağlam təməlləri ilə bağlıdır.

2005-2009 və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının həyata keçirilməsi, ardınca “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi və nəhayət, 2017-ci il sentyabrın 15-də ölkə Prezidentinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına dair sərəncamı, həmçinin həmin proqramın məqsəd və vəzifələri göstərir ki, Azərbaycanda gənclər siyasəti zaman və məkan nöqteyi-nəzərindən lakonik və müddətli deyil, məhz dövri xüsusiyyət daşımaqla bərabər, həm də genişmiqyaslıdır.

Dörd illik proqramın hədəflərində bu siyasətin daha effektiv təşkili ilə əlaqədar gənclərin kreativinnovativ perspektivliklərini qiymətləndirmək, onların potensiallarından sosial həyatın bütün sahələrində istifadə etmək, sağlamlıqlarını qorumaq, təhsildə və elmdə onlara dəstək olmaq, ölkə üzrə könüllülük hərəkatını genişləndirmək və s. kimi həlli vacib məsələlər durur. Bütün bunların həyata keçirilməsi Azərbaycanda daha sağlam, yüksək təhsilli, elmli, mədəni və milli ruha köklənmiş nəslin yetişməsinə xidmət edəcəkdir.

Dövlət proqramının məqsəd və vəzifələrində “Gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi” kimi vacib məsələnin yer alması da elmlə məşğul olan gənclərimizin gələcək fəaliyyətləri üçün böyük stimul yaradır. İndiyədək həyata keçirilmiş proqramların gənc elm adamlarının inkişafında, xüsusən onların timsalında Azərbaycan elminin dünyaya inteqrasiyasında böyük rolu olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, xüsusi potensialları ilə seçilən gənclərimiz üçün ilin gənc alimi, xüsusən Prezident mükafatının təsis edilməsi və ümumilikdə analoji yeniliklərin həyata keçirilməsi elmlə məşğul olan gənclər üçünyeni imkanlar yaratmışdır. Bundan başqa, bir sıra dövlət təşkilatları, o cümlədən Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunda gənclərimizin sırf elmi-yaradıcılıq imkanlarını yüksəltmək, onların dünya elm mərkəzləri ilə təmaslarını genişləndirmək məqsədilə bir neçə layihə müsabiqələri elan edilmişonlar reallaşdırılmışdır. Nəticə kimi qeyd etmək olar ki, məhz ölkə Prezidentinin sərəncamları ilə imzalanan öncəki proqramların həyata keçirilməsi ilə əlaqədar AMEA-nın müxtəlif elmi profilli müəssisələrində fəaliyyət göstərən yüzlərlə gənc dünyanın ABŞ, Çin, Yaponiya, Almaniya və s. elmdə böyük nailiyyətlər əldə etmiş ölkələrin ən qabaqcıl elmi mərkəzlərində uzunmüddətli ixtisasartırma kurslarında, təlimlərdə və digər tədbirlərdə iştirak etmək imkanları qazanmış, nüfuzlu elmi konfrans, forum, konqreslərdə Azərbaycan elmini təbliğ etmişlər. Təbii ki, belə amillər gənc alim və mütəxəssislərimizin elmi klassifikasiyalarının yüksəlməsinə, tədqiqat spektrlərinin mahiyyət və miqyasca genişlənməsinə böyük təsir göstərmişdir. Son illər ərzində gənclərimiz ilin gənc alimi nominasiyasında qalib elan edilmişdir. Artıq 4 ildir ki, ardıcıl olaraq, AMEA-nın 4 gənc alimi elm üzrə Prezident mükafatına layiq görülmüşdür. Analoji təltiflər gənc elm adamlarının inkişafında, tədqiqat işlərinə olan münasibətlərində xüsusi stimul təşkil edir.

Ona görə Azərbaycan Milli Elmlər Akademiyasının 3500-dən çox gənc alim və mütəxəssisini özündə birləşdirən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası Prezident

İlham Əliyevin imzaladığı dövlət proqramının həyata keçirilməsində yaxından iştirak edir. Azərbaycanda aparılan gənclər siyasəti ilə bağlı mövcud tendensiyalar şuranın fəaliyyətinin təşkilində daim nəzərə alınır.

Elmin gənclər arasında populyarlaşdırılması, xüsusi istedad vəd edən perspektivli gənclərin bura cəlb edilməsi, onların gələcək peşəkar oriyentasiyalarında məhz elmə üstünlük vermələrini təmin etmək məqsədilə şura paytaxtregionlarda yerləşən ümumtəhsil ocaqlarında mütəmadi olaraq elmi-əyləncəli tədbirlər həyata keçirir. Şuranın ilk fəaliyyət dövrlərindən start verdiyi qeyri-ənənəvi belə layihələrə “Bu günün şagirdi, sabahın alimini misal göstərmək olar. Elm və təhsilin vəhdətinə nail olmaq mahiyyətini daşıyan belə layihələr respublikanın ən ucqar rayonlarının orta təhsil müəssisələrinin şagirdləri üçün də təşkil edilir.

Şagird və tələbələr üçün AMEA-nın institut və təşkilatlarında “Açıq qapı” günlərinin təşkili təşəbbüsü gələcəyin alimlərinin AMEA-nın müasir maddi-texniki bazası ilə tanışlıq imkanı qazanmasına real şərait yaradır, həm də onların bu elm məbədində aparılan fundamental və təcrübi tədqiqatların mahiyyətinə bələd olmalarına kömək edir.

Şura həmçinin respublikanın fərqli regionlarında yerləşən məktəblilər üçün “Nə, harada, nə zaman?”, “Riyazi məntiq” və s. elmi-intellektual müsabiqələr, olimpiadalar keçirir.

Prezident İlham Əliyev tərəfindən 26 yanvar 2015-ci ildə təsdiqlənən “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın müvafiq bəndində də yeniyetmələrdə erkən yaşlarında elmə maraq yaradılması üçün orta məktəblərdə “Elm” guşələrinin yaradılması nəzərdə tutulmuşdur. Bununla əlaqədar, Gənc Alim və Mütəxəssislər Şurası, məhz 2015-ci ildən başlayaraq, paytaxtın ümumtəhsil ocaqlarında “Elm guşə”lərinin təşkilinə start vermişdir. AMEA-nın 70 illiyinə həsr olunan ilk guşənin açılışı akademik Zərifə Əliyeva adına liseydə olmuşdur.

Arxeologiya - maddi və mənəvi irsimiz”, “Azərbaycanın qədim mədəni irsi” və s. bu kimi layihələrin ümumtəhsil müəssisələri şagirdləri üçün təşkilində əsas məqsəd böyüməkdə olan gənc nəslin milli-mənəvi irsə doğmalıq hisslərinin gücləndirilməsinə hesablanmışdır.

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə AMEA Gənc Alim və Mütəxəssislər Şurası paytaxt Bakı daxil olmaqla, Sumqayıt, Gəncə, Lerik, Qubas. rayonların orta məktəb şagirdləri üçün “Heydər Əliyev və Azərbaycan”, “Heydər Əliyev Azərbaycanda multikulturalizm siyasətinin banisidir” və s. mövzularda təqdimatlar keçirmişdir.

Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətində gənclərin fiziki hazırlıqlarının artırılması, onların idman ruhunda tərbiyələndirilməsi kimi məsələlər də hər zaman ön planda olmuşdur. Bununla əlaqədar dövri olaraq şura tərəfindən müxtəlif idman yarışları, spartakiadalar təşkil edilir. Belə idman müsabiqələrinə hər il 10 may tarixində ümummilli lider Heydər Əliyevin doğum günündə keçirilən AMEA-nın gənc alim və mütəxəssislərinin institutlararası futbol çempionatını misal göstərmək olar.

Bu gün dövlətin həyata keçirdiyi gənclər siyasəti nəticəsində Azərbaycanın elmi gəncliyi də həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir. Həmişə olduğu kimi, yenə də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının yerinə yetirilməsində yaxından iştirak etmək əzmindədir. Elmi gənclik yeni proqramın imkanlarına böyük ümid bəsləyir.

 

Famin SALMANOV,

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri,

fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan.- 2017.- 1 oktyabr.- S.4.