Ömrün də qocalıq adlı bir payızı var

 

01 Oktyabr 2017

 

Hava yağışlı olsa da, pəncərələr taybatay açıq idi. Çiskin yağış gecədən bəri yağır, ancaq göylərin eyni açılmır. Ağacların saralmağa fürsət tapmamış yaşıl yarpaqlarından süzülən damlalar asta-asta torpağı döyəcləyirdi. Təbiətin payızıdır...

Buranın sakinləri də ömürlərinin payızını yaşayırlar. Və bu gün onların günü - Ahıllar Günüdür. Yığışıb bayramlarını qeyd edirlər. Təbrikə Bilgəhdəki 142 saylı məktəbin şagirdləri və müəllimləri, Uşaq Teatrının kollektivi də gəlib. Özləri-özlərini isə bir az qabaq təbrik ediblər. Qocalar evi adı ilə tanınan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin zalında konsert proqramı təşkil edərək xeyli oxuyub-oynadılar, şeirlər söylədilər. Buranın işçilərindən birinin ifa etdiyiAna” mahnısına çoxu kövrəldi. Görünür, insan bütün yaşlarda ana sevgisinə möhtacdır...

Müəssisənin direktoru, əməkdar müəllim Qətibə Əsədovadan məlumat alırıq ki, hazırda burada 205 nəfər yaşayır: “İki aydır yeni qərara əsasən, Qocalar evinə qəbul 70 yaşdan başlayıb. Əvvəllər isə 63 yaşından qəbul edilirdi. Burada yaşayanlar tam dövlət təminatındadırlar. Yaşlıların lazımi avadanlıqlarla təchiz olunmuş otaqları var. Bir müddət əvvəl Qocalar evində əsaslı təmir işləri aparıldı, pansionat üçün beşmərtəbəli ikinci korpus inşa olundu. Binanın açılış mərasimində Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak etdilər”.

Qətibə Əsədovadan öyrənirik ki, Qocalar evinin sakinləri müxtəlif yaşlardadır. Onların arasında qadınlar çoxluq təşkil edir. Buranın ən yaşlı sakini isə 95 yaşlı kişidir. O, çoxdan buradadır. Qocalar evinə hələlik son götürülən qocanın 93 yaşı var. Qətibə Əliyevanın bildirdiyinə görə, o, çöldə qaldığından Qocalar evinə ağır vəziyyətdə gətirilib.

Qocalar evinə kimsəsizlikdən pənah gətirənlər çoxdur. Amma övladları, qohum-əqrəbası olanlar da az deyil. Buranın sakinlərinin hərəsinin bir həyat hekayəsi var...

Davud Əliyev 1945-ci ildə Bakıda dünyaya gəlib. 15 yaşından rəssamlığa başlayıb. Orta məktəbi bitirəndən sonra arzularının ardınca Riqa şəhərinə yollanıb. 1972-ci ildə Riqada Rəssamlıq Akademiyasına qəbul olunub. 1978-ci ildə ali təhsilli rəssam kimi Bakıya qayıdıb. Burada uzun illər öz peşəsi üzrə işləyib. Sonralar gah Bakıda, gah Moskvada yaşayıb, çalışıb. Bir müddət Türkiyədə də olub, orada da sərgiləri keçirilib. Deyir ki, mən incəsənət yolunda canımı qoymuşam: “Bakıya qayıtdım. Burada evim vardı. Yandı. İki qardaşıq. Qardaşımın öz ailəsi var. Mən isə heç vaxt ailə qurmamışdım. Qocalar evinə gəlməyə məcbur oldum”. Qocalar evində də rəssamlığını unutmayıb. Müxtəlif mövzuda rəsmlər, portretlər çəkir. Burada sərgisi də açılıb.

Davud Əliyev Qocalar evinə 2005-ci ildə gəlib. Elmira Ələkbərovanı da burada tanıyıb. Elmira xanım 1943-cü ildə Bakıda dünyaya göz açıb. Uzun illər bağça müəlliməsi işləyib. Üç qızı, nəvə-nəticələri var. Övladları ali təhsillidirlər. Qızları ailə qurduqdan sonra həyat yoldaşı vəfat edib. Ondan bir müddət sonra, 2000-ci ildə bura gəlib. Dediyinə görə, özü heç kimə yük olmaq istəməyib: “Qızlarımdan heç bir narazılığım yoxdur. Gəlirlər, zəng edirlər”.

Davud Əliyevlə 2009-cu ildə evləniblər. İndi qocalığın, xəstəliklərin öhdəsindən birlikdə gəlirlər. Qocalar evində onlar kimi dörd ailə var.

Zəminə Cəbrayılova Füzuli rayonundandır. 1933-cü ildə anadan olub. Azərbaycan Pedoqoji İnstitutunda (hazırda Azərbaycan Dövlət Pedoqoji Universiteti) fizika-riyaziyat müəllimi ixtisasına yiyələnib. Ali məktəbi bitirdikdən sonra doğma rayonuna qayıdıb. Füzuli rayonundakı

1 saylı orta məktəbdə müəllimə işləyib.

Ailə qurub, tək övladı - Esmira dünyaya gəlib. Həyat yoldaşı ilə onu boya-başa çatdırıblar. Esmira da anası kimi müəllimliyi seçib. Ailə qurub, bir qızı, bir oğlu olub. Füzuli rayonu erməni işğalına məruz qalanda ev-eşiyindən məhrum olanlardan, vətənindən ayrı düşənlərdən biri də Zəminə Cəbrayılova olub. Məcburi köçkünlük həyatı onları dərbədər salıb. Danışır: “Yataqxanaya sığındıq. 1993-cü ildə tale məni bura gətirib çıxartdı. Qızım 2004-cü ildə, 42 yaşında vəfat etdi. Onun həyat yoldaşı 1-ci qrup Qarabağ əlili idi. Qızımdan sonra o da dünyasını dəyişdi. Nəvələrim yanıma gəlirlər”. Zəminə Cəbrayılova Qocalar evinin şairlərindən biridir. Ürəyində qövr edən yurd həsrətini şeirlərində dilə gətirir. “O yerlər üçün burnumun ucu göynəyir”, - deyir.

Minə Abakərova da bura 2000-ci ildə gəlib. Şəkilidir. 1943-cü ildə anadan olub. O da ali təhsillidir. Uzun illər ozamankı Xalq Nəzarəti Komitəsində çalışıb. 1962-ci ildə Qax rayonuna gəlin köçüb. Ancaq orada çox yaşamayıb. Deyir: “Tək qız olduğumdan anam mənə çox bağlı idi. Astma xəstəsi olduğu üçün yarı canım həmişə yanındaydı. Anamın istəyi ilə həyat yoldaşımla Şəkiyə köçdük. Orada işə düzəldik. Uzun illər anama baxdım. O, həyəti uşaqları arasında bölmüşdü. Anamın həyat yoldaşımın vəfatından sonra ögey qardaşımın oğlanları məni yola vermədilər. Oğlumun yanına, Bakıya gəldim. Baxdım ki,

ailəsi ilə kirayədə yaşayır, çətinlik çəkirlər. Gəlinim , oğlum da evdən getməyimə razı deyildilər. Mən özüm gəldim...”

Hər həftənin bazar günü səhər saat

9-dan axşam saat 6-dək onların görüş günüdür. Ancaq təkcə həmin günlər, saatlar deyil, hər zaman qocaların gözləri yoldadır. Dövlət onlar üçün hər cür şərait yaradıb. Ancaq doğmaların sevgisini heç əvəz etmir. “Ata-anasını bura qoyub getdikdən sonra peşman olanlar, gəlib aparanlar olur?” Sualımıza Qətibə Əsədovanın cavabı kədərli olur: “Burada bir yaşlı qadın var, oğlanları peşman olmuşdu, gəlib apardılar. Bir aydan sonra gəlini döymüşdü. Qayıtdı gəldi. İndi o, ağır xəstədir”.

Qocalar evi kimsəsizlər yurdu deyil. Buradakıların hamısını atılmışlar saymaq da doğru olmaz. Müxtəlif səbəblərdən gələnlər var. Elələri var ki, övladı əlildir, onun özünə baxan lazımdır. Ancaq elə analar, atalar da var ki, onları bura oğullarının, qızlarının naxələfliyi gətirib. Bunu etiraf edənlər var, övladları tərəfindən unudulduqlarından utanaraq gizlədənlər .

Tale onları müxtəlif bölgələrdən, fərqli ailələrdən bura gətirib çıxarıb. Həyat hekayələri qədər fərqli olsa da, onlar üçün sonluq eynidir...

Onlar evimizin duaçılarıdır. Bu gün ahılları yaddan çıxarmaq sabahını unutmaqdır. Axı ömrü vəfa edən hər kəsin sonunda qocalıq adlı payızı var...

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2017.- 1 oktyabr.- S.7.