Ölkəmizdə uşaqların sağlam
və xoşbəxt böyüməsi üçün
dövlət tərəfindən bütün
zəruri tədbirlər görülür
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustanda yeni tikilmiş 100 yerlik uşaq bağçasının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycanda uşaqlara diqqət və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub. Həmin siyasəti dövlətimizin başçısı İlham Əliyev uğurla davam etdirərək, bu istiqamətdə çox mühüm sənədlər imzalayıb, layihələrin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. Gələcəyimiz olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi üçün bu gün dövlət tərəfindən bütün zəruri tədbirlər görülür. Bu tədbirlər müasir körpələr evi-uşaq bağçalarının tikintisini, həmçinin mövcudlarının əsaslı şəkildə yenidən qurulmasını əhatə edir. Bu cür layihələrin icra edilməsi, ümumilikdə, uşaqların sosial müdafiəsinin gücləndirilməsində, onların bilikli, savadlı və intellektual şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır. Qobustan şəhər 100 yerlik uşaq bağçasının inşası da bu baxımdan böyük əhəmiyyət daşıyır. Bu müəssisədəki otaqlarda balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb. Bundan başqa, burada uşaqların asudə vaxtlarının səmərəli təşkili və mənalı istirahətləri üçün də hərtərəfli şərait mövcuddur.
Məlumat verildi
ki, Qobustan şəhər
uşaq bağçasının
binasında inşaat işləri 2017-ci ilin avqustunda başa çatdırılıb. Ümumi sahəsi 826 kvadratmetr
olan uşaq
bağçasının binası 2 mərtəbəlidir. Burada 4 tədris və 4 yataq
otağı var. Otaqların hamısı
zəruri avadanlıq, o cümlədən
yumşaq və bərk inventar,
əyani vəsaitlərlə təchiz olunub.
Bundan başqa, binada, həmçinin oyun
zalı, 2 kompüter otağı, həkim
otağı, mətbəx də var. Bir sözlə, bu cür müəssisələrin
yaradılması dövlətimizin gələcəyimiz olan uşaqlara göstərdiyi
diqqət və qayğının daha bir təzahürüdür. Uşaq
bağçasının həyətində abadlıq işləri
aparılıb, balacaların əylənməsi üçün attraksionlar
quraşdırılıb.
Azərbaycan.-
2017.- 3 oktyabr.- S.2.