Şamaxı-Çöl Göylər-Padar avromobil
yolunun üstündə yeni aqroparklar salınır
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 2-də
Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun
açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi.
Bildirildi ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, ölkəmizin 2 magistral avtomobil yolu - M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolları arasında yeni bir bağlantı yaratmaq, respublikadakı turizm potensialından daha uğurlu istifadə etmək məqsədilə 2011-ci ildə 35,8 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun tikintisinə başlanılıb. Yolun uzunluğu 53 kilometrdir. Görülən işlər nəticəsində avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 7 metrdir. Bundan başqa, yol boyunca müxtəlif diametrli 53 suötürücü boru tikilib ki, onların da ümumi uzunluğu 795 metrdir. Avtomobil yolunda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 363 yol nişanı quraşdırılıb, 132,5 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkilib.
Bildirildi ki, bu avtomobil yolunun tikintisi Aran iqtisadi rayonu ilə Dağlıq Şirvan iqtisadi rayonu arasında 53 kilometr uzunluğunda yeni avtomobil yolu əlaqəsi yaradacaq. Bu da indi istifadə edilən hərəkət marşrutları ilə müqayisədə orta hesabla 120-180 kilometr az məsafə qət etməyə, yanacağa və vaxta qənaət etməyə imkan verəcək.
Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun tikintisi zamanı rayonun Adnalı və Çarhan kəndlərinə giriş yollarında təmir işləri aparılıb. Adnalı kəndinin dörd kilometrlik giriş yolu 4-cü texniki dərəcəyə uyğun inşa olunub. Çarhan kəndinin eyni texniki dərəcəyə uyğun inşa edilən giriş yolunun uzunluğu isə 3,2 kilometrdir. Adnalı və Çarhan kəndlərinə giriş yollarının təmiri 4,2 min nəfər əhalinin yaşadığı 2 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək.
Prezident İlham Əliyevə Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisi barədə də məlumat verildi. Dövlətimizin başçısının 2017-ci ilin iyul ayında imzaladığı Sərəncama uyğun olaraq ümumi uzunluğu 11 kilometr olan Göylər-Quşçu avtomobil yolunun tikintisinə 3,9 milyon manat vəsait ayrılıb. Yol-tikinti işləri qısa müddət ərzində başa çatdırılıb. Hərəkət hissəsinin eni 6 metr olan bu yolun tikilməsi 14 min nəfər əhalinin yaşadığı 4 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək.
Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Azərbaycan Prezidenti tədbirdə
çıxış etdi.
Prezident İlham
Əliyevin çıxışı
- Sizi ürəkdən
salamlayıram. Bu, mənim Şamaxıya
Prezident kimi altıncı səfərimdir. Çox şadam ki, Şamaxı rayonunda işlər
yaxşı gedir, böyük layihələr icra edilir. Onlardan biri də Şamaxı-Padar yoludur. Bu, çox böyük layihədir, böyük
investisiyalar qoyulubdur. Əlli üç
kilometrlik yoldur. İndi tam əsaslı
şəkildə bərpa edilib və 16 kəndi birləşdirən
rahat bir yol artıq Şamaxı sakinlərinə təqdim
edilir.
Bu yolun həm sosial, həm də
iqtisadi baxımdan çox böyük əhəmiyyəti
var. Bu yolun üstündə böyük kənd təsərrüfatı
müəssisələri yaradılır. Şamaxı
rayonunun yol infrastrukturu yaxşılaşır. Əvvəlki illərdə biz bir neçə kəndi
birləşdirən yolların
açılışını etmişik. Hazırda Bakı-Şamaxı yolu dörd zolağa
genişləndirilir, çox rahat bir yol olacaqdır. Eyni zamanda, bu böyük yolun layihəsi çərçivəsində
bir neçə kəndə ayrıca yollar çəkilib.
Yol inkişaf, həyat, rahatlıq deməkdir.
Əlbəttə ki, kənd təsərrüfatı
ilə məşğul olan fermerlər bu imkanlardan istifadə
edib daha da yaxşı məhsul yetişdirəcəklər və
öz məhsullarını daha da tez bir zamanda bazarlara
çıxaracaqlar.
Bu layihə bir çox layihələrin
arasında önəmli yer tutur. Ancaq yeganə layihə
deyil. Son illərdə Şamaxı
rayonunda inkişafla bağlı çox böyük işlər
görülür, quruculuq-abadlıq işləri həyata
keçirilir. Şamaxının sosial
infrastrukturu yaxşılaşır, müasir diaqnostika mərkəzi
tikilibdir. Mərkəzi Rayon Xəstəxanası, Olimpiya
İdman Kompleksi, bir çox məktəb binaları tikilib,
yollar çəkilib, qazlaşdırma layihələri
uğurla gedir. Məndə olan məlumata
görə, qazlaşdırma təqribən 70 faizə
çatıbdır, ondan da çoxdur, daha da artacaq.
İçməli su layihəsi. Şamaxı şəhərinin
içməli su layihəsi də artıq öz həllini
tapıb. Bu gün bu layihənin rəsmi
açılışı olacaqdır. Bu
da çox böyük, tarixi layihədir. Çünki
içməli su hər bir insan üçün bəlkə
də ən vacib məsələlərdən biridir. Biz Şamaxıda bu məsələni də həll
etmişik. Bu gün, eyni zamanda, Qobustan
şəhərinin içməli su layihəsi istifadəyə
verilibdir. Ona görə bu layihə də
infrastruktur layihələri arasında, əlbəttə ki,
önəmli yer tutur. Elektrik enerjisi ilə
bağlı məsələlər öz həllini tapır.
Yəni, bir sözlə, yol, içməli su, elektrik,
qazlaşdırma, səhiyyə, idman, təhsil məsələləri
öz həllini tapıb.
Eyni zamanda, hamımız
yaxşı bilirik ki, Şamaxı bizim qədim
diyarımızdır, tarixi şəhərimizdir. Qədim xəritələrdə
Şamaxının adı var. Bu, bizim böyük sərvətimizdir.
Şamaxı rayonunda yerləşən tarixi
abidələr bizim milli sərvətimiz, dəyərimizdir.
Mən onların arasında Şamaxı Cümə
Məscidini xüsusi qeyd etməliyəm. Bu,
Azərbaycanın ən qədim məscididir.
Dünyanın ən qədim məscidlərindən biridir,
743-cü ildə tikilib və bir neçə il
bundan əvvəl əsaslı şəkildə təmir
olunub, yenidən qurulub, əlavə binalar inşa edilib.
Şamaxı Cümə Məscidinin bütün müsəlman
aləmi üçün böyük əhəmiyyəti var.
Mən İslam Əməkdaşlıq Təşkilatının
xətti ilə keçirilmiş bütün tədbirlərdə
həm ikitərəfli münasibətlər əsnasında,
həm də çıxışlarda qeyd edirəm ki, Azərbaycan
qədim müsəlman diyarıdır, dünyanın ən qədim
məscidlərindən biri də bizdə yerləşir.
Bu gün, eyni zamanda, Dəmirçi
kəndində qədim məscidin əsaslı bərpadan
sonra açılışı olacaq. Bu, onu göstərir
ki, Şamaxı rayonunda doğrudan da bir çox tarixi, dini
abidələrimiz var. Biz onları qoruyuruq. İlk növbədə, Azərbaycan xalqı
onları əsrlər boyu qoruyubdur. Bütün
ictimai-siyasi quruluşlardan asılı olmayaraq, xalqımız
bizim milli, dini dəyərlərimizi qoruyub. Bu gün isə müstəqil Azərbaycan dövləti
onları qoruyur, saxlayır, bərpa edir. Bu
gün Şamaxı rayonunun ölkəmizin tarixində və
bugünkü həyatda çox böyük yeri və rolu
var. Bütün Azərbaycan xalqı bunu yaxşı bilir.
Eyni zamanda,
Şamaxının iqtisadi inkişafı ilə bağlı
ciddi addımlar atılır. Bu yolun üstündə
yeni aqroparklar salınır. İndi mənə
verilən məlumata görə, Şamaxı rayonunda
üç aqropark artıq fəaliyyətə
başlayıb. Aqroparklarla bağlı
bizim siyasətimiz artıq bəyan edilib, ölkəmizdə
37 aqropark yaradılır. Onların bir
neçəsi istifadəyə verilib. Aqroparklara
texnika verilir, infrastruktur yaradılır. Özəl
sektora kreditlər verilir, fermerlər, iş adamları da
öz vəsaitini qoyurlar ki, tezliklə bitkiçilik və
heyvandarlıq sahələrində daha da yaxşı nəticələr
əldə edək. Bax, o 37 aqroparkın
üçü Şamaxı rayonundadır. Birinin ərazisi
15 min hektar, digərinin ərazisi 1500 hektar,
üçüncünün isə ərazisi 2 min
hektardır. Yəni, 20 min hektara yaxın ərazidə
kənd təsərrüfatı üçün gözəl
imkanlar yaradılır. Həm insanlar
işləyəcək, məhsul yetişdiriləcək,
bolluq yaranacaq və ixrac imkanlarımız da genişlənəcək.
Ona görə bu sahədə
görülən işlər, əlbəttə ki, məni
çox sevindirir. Eyni zamanda, son vaxtlar Şamaxı
üçün ənənəvi sahə olan
üzümçülük bərpa edilir, yeni üzüm
bağları salınır. Mən bu
gün onların birinə baxacağam. Burada
300 hektardan çox sahədə yeni bağlar salınıb.
Bilirəm ki, digər böyük layihə də
icra edilir, oranın da sahəsi təxminən 300 hektardan
çoxdur.
Biz Azərbaycanda
üzümçülüyü bərpa edəcəyik və
edirik. Şamaxılılar yaxşı bilirlər ki,
1970-ci illərdə Ulu Öndərin təşəbbüsü
ilə bizim əsas üzümçülük mərkəzlərimizdən
biri də Şamaxı olmuşdur. İnsanlar
nə qədər xeyir götürdülər, evlər
tikildi, avtomaşınlar, soyuducular alındı. Bütün bunlar o vaxt Heydər Əliyevin fəaliyyəti
nəticəsində mümkün olmuşdur. Düzdür, indi biz başqa sahələrə də
üstünlük veririk - maldarlıq, bitkiçilik,
taxılçılıq. Bilirsiniz ki, o
vaxt biz bu sahələri o qədər də inkişaf
etdirmirdik. Çünki həm ət, həm
süd başqa respublikalardan gəlirdi. İndi
isə əkin sahələrinin bir hissəsi o məqsədlər
üçün istifadə olunur. Ancaq
üzümçülüyün çox böyük
perspektivləri, ənənələri var və biz indi xarici
bazarlara da çıxırıq. Biz
artıq böyük kontraktlar imzalamışıq, dövlət
kömək göstərir və
üzümçülüyün bərpası Azərbaycanda
sürətlə gedəcək. Burada da
Şamaxı rayonu lider olmalıdır. Mən
görürəm ki, burada üzümçülüyə
böyük maraq var, belə də olacaq.
Əlbəttə ki,
Şamaxı turizmin inkişafı üçün çox
böyük imkanlara malik olan bir rayondur. Həm tarixi,
dini abidələr var, yeni, gözəl, ən yüksək səviyyəyə
cavab verən otellər tikilir. Bu gün
Şamaxıda ölkəmizdə ilk dəfə olaraq Safari
Parkı açılır. Bu da çox əlamətdar
hadisədir. Çünki inkişaf
etmiş ölkələrdə belə parklar var. Orada
açıq şəraitdə heyvanlar, ceyranlar, marallar
müşahidə olunur. Bizdə də
Safari Parkı məhz Şamaxıda açılır. Dəmirçi kəndinin, - o da tarixi bir yerdir, - bərpası
da artıq öz həllini tapıb. Ona
görə turizmin inkişafı daha da sürətlə getməlidir.
Çünki Şamaxının həm təbii
şəraiti, iqlimi, gözəlliyi, Bakıya
yaxınlığı, infrastruktur layihələrinin, otellərin
mövcudluğu bunu şərtləndirir.
Bax, rayon bu cür inkişaf
edəcək - kənd təsərrüfatı, emal müəssisələri,
turizm, sənaye istehsalı, aqroparklar. Əminəm ki,
Şamaxı bundan sonra da uğurla inkişaf edəcək.
Sizi bütün nailiyyətlər münasibətilə
təbrik edirəm.
***
Rayon ictimaiyyəti adından
çıxış edən Allahverdi HÜMBƏTOV dedi:
-Cənab Prezident, Şamaxıya
xoş gəlmisiniz. Biz Sizi bütün
Şamaxı sakinləri adından ürəkdən
salamlayırıq. Siz hər dəfə
Şamaxıya gələndə bizim üçün bayram
olur.
Biz böyük bir layihənin,
53 kilometrlik bir yolun açılışında Sizinlə
iştirak edirik. Sizin xeyir-duanızla bu yol artıq istifadəyə
verilir və rayonumuzun bütün əhalisinin ürəyincədir.
Bu yoldan istifadə edən bütün insanlar
Sizə həmişə dua oxuyacaqlar. Ona görə
ki, uzun müddət bu yol bərbad vəziyyətdə
olmuşdur. Bu gün isə çox
yüksək səviyyədə bərpa olunmuş vəziyyətdə
xalqımızın istifadəsinə verilir.
Cənab Prezident, Ulu Öndərimizin
yol haqqında fikirləri var idi. O deyirdi ki, yol
iqtisadiyyatdır, mədəniyyətdir, insanların həyatıdır.
Doğrudan da belədir. Bu
yolun təkcə bizim gediş-gəlişimiz
üçün yox, Azərbaycan iqtisadiyyatının gələcəyi,
inkişafımız üçün çox böyük əhəmiyyəti
var. Eyni zamanda, yol insanların həyatı deməkdir. Bu, həyati bir məsələni həll edən infrastrukturdur.
Cənab Prezident, bu yolun çəkilməsinin
əhəmiyyəti bir də ondan ibarətdir ki, bizim qonşu
bölgələrimiz olan ulu Şirvanla Muğanı birləşdirirsiniz.
Siz bununla tarixdə yeni bir səhifə
açırsınız. Buna görə
Sizə çox minnətdarıq. Hər
iki bölgənin insanlarının rahatlığı
üçün bu yolun əhəmiyyəti çox
böyükdür.
Cənab Prezident, Sizin diqqət və
qayğınız nəticəsində Şamaxı gündən-günə
gözəlləşir. Sizin dediyiniz kimi, burada
turizmin inkişafı üçün böyük potensial
var. Bu gün insanlar, turistlər yüksək səviyyədə
təmir olunmuş qədim tarixə malik Cümə Məscidini,
yenidən bərpa edilmiş rəsədxananı görmək
üçün axın-axın Şamaxıya gəlirlər.
Onlar gəlib Şamaxının səfalı mənzərəsini
görürlər. Biz hər gün
görürük ki, Cümə Məscidinin
qarşısında nə qədər turist avtobusu dayanır.
Bu, bizim üçün şərəfdir, bütün bunlar
Sizin sayənizdə mümkün olub.
Möhtərəm Prezident, Ulu Öndərimiz bizə torpaq bağışlamışdır. Biz kənddə yaşayırıq. Bizim iş yerimiz torpaqdır. Bütün ailələrimiz torpaqda çalışır və evlərinə ruzi-bərəkət gətirirlər. Bütün bunlar hamısı Sizin sayənizdə mümkün olub. Bu gün Siz insanlara torpağı sevməyi öyrədirsiniz. Biz bu gün torpağı sevirik, torpaqda çalışırıq və bu, demək olar ki, Sizin adınıza yazılmış olan bir inqilabdır. Siz bizə torpağı sevdirdiniz. Buna görə Sizə təşəkkür edirik.
Hörmətli Prezident, biz
şamaxılılar Sizi çox sevirik. Bu, həqiqətən
belədir. Hər evdə, hər ailədə, ürəyimizin
başında Sizin yeriniz var. Ona görə
də Sizə çox dərin təşəkkürümüzü
bildiririk. Sizin apardığınız uğurlu
siyasətin, Azərbaycan naminə gördüyünüz
bütün işlərin arxasında dayanmışıq.
Sizə arxa-dayaq olacağıq.
İnşallah Sizin sayənizdə Azərbaycan
qüdrətli bir dövlətə çevriləcək. Sizə böyük Allahdan kömək, möhkəm
cansağlığı diləyirik. Cənab Prezident, Ulu
Tanrı Sizə yar olsun, Allah Sizi qorusun!
Prezident İlham Əliyev: Bu yol
Şirvan, Muğan, cənub və Aran zonalarını birləşdirir.
Ağsu aşırımı bağlı olanda
bu istiqamətlərə ancaq Bakıdan getmək mümkün
idi. Çünki bu yol bərbad vəziyyətdə
idi.
Allahverdi Hümbətov: İndi bu yol
əsas yoldur, çox gözəldir.
Prezident İlham Əliyev: Bəli, əsas
yoldur. İndi cənub, Aran və ətraf
zonalara rahat getmək mümkündür.
Sakinlər: Sizin sayənizdə, cənab
Prezident. Çox sağ olun.
Prezident İlham Əliyev: Çox
gözəl layihədir. Mən çox
şadam ki, bunu icra etdik. Növbəti ildə
bir kənd yolu layihəsi də var. 2018-ci ildə biz onu da icra
edəcəyik ki, Şamaxı rayonunda bir dənə də təmirsiz
kənd yolu qalmasın.
Sakinlər: İnşallah. Cənab
Prezident, Allah köməyiniz olsun.
Prezident İlham Əliyev: Sağ
olun. Sizi təbrik edirəm.
Sakinlər: Çox sağ
olun. Allah Sizi qorusun.
***
Sonra xatirə şəkli
çəkdirildi.
Daha sonra Prezident İlham
Əliyev yolun rəmzi açılışını bildirən
lenti kəsdi.
Azərbaycan.-
2017.- 3 oktyabr.- S.3-4.