Avropa çempionatının qaliblərinin
mükafatlandırılması mərasimi keçirilib
Oktyabrın 1-də Bakıda Milli Gimnastika Arenasında qadınlar arasında voleybol üzrə Avropa çempionatının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Avropa çempionatının finalçıları Serbiya millisinin, həmçinin ikinci yeri tutan Niderland və üçüncü olan Türkiyə yığmalarının üzvləri mükafatlandırılıb.
Mərasimdə əvvəlcə turnirin ən yaxşı voleybolçuları təltif edilib. Serbiya voleybol komandasının oyunçusu Brankiça Mihayloviç və Niderland yığmasının üzvü Anne Bujisə “Ən yaxşı hücumçu”, Türkiyə voleybolçusu Eda Erdem Dündara “Ən yaxşı orta blokçu” mükafatları təqdim olunub. Bundan başqa, Serbiya millisinin voleybolçuları Stefana Velkoviç “Ən yaxşı blok oyunçu”, Tiyana Boşkoviç “Ən dəyərli oyunçu”, Niderland millisinin üzvləri Lonneke Sloejes “Ən yaxşı diaqonal oyunçu”, Laura Dijkem “Ən yaxşı toppaylayıcı”, Azərbaycan millisinin üzvü Valeriya Məmmədova isə “Ən yaxşı libero” elan olunub və xüsusi mükafatlarla təltif ediliblər.
Sonra qalib komandaların üzvlərinə medallar təqdim olunub.
Üçüncü yerdə qərarlaşmış Türkiyə millisinin üzvlərinə bürünc medalları gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Elşən Əfəndiyev təqdim ediblər.
İkinci yerdə qərarlaşmış Niderland millisinin voleybolçularına gümüş medalları Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Özkan Mutlugil və Gürcüstan Voleybol Federasiyasının prezidenti İrali Çaçua veriblər.
Avropa çempionatının qalibləri Serbiya millisinə qızıl medallar Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tərəfindən təqdim olunub.
Aleksandar Boriçiç və Azad Rəhimov Serbiya millisinin kapitanı Melisa Rasiçə çempionluq kubokunu təqdim ediblər.
Çempion komandanın şərəfinə Serbiyanın dövlət himni səsləndirilib və bayrağı qaldırılıb.
Beləliklə, sentyabrın 22-də 16 komandanın iştirakı ilə start götürən Avropa çempionatı Serbiya millisinin qələbəsi ilə başa çatıb.
Növbəti Avropa çempionatı 2019-cu ildə Çexiya, Macarıstan, Polşa
və Türkiyənin ev sahibliyi
ilə keçiriləcək. Həmin çempionatda
24 komanda medallar uğrunda mübarizə aparacaq.
Azərbaycan.-
2017.- 3 oktyabr.- S.7.