Avropa
İttifaqı regionun lider
dövləti olan Azərbaycanla əməkdaşlığı
davam etdirməyə maraqlıdır
Prezident İlham Əliyevin yekun nitqi
-Əvvəlcə ölkəmizin inkişafının qiymətləndirilməsinə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Siz qeyd etdiniz ki, son dəfə burada 2006-cı ildə olmusunuz. O zamandan bəri çoxlu dəyişikliklər olub. Bu isə onun göstəricisidir ki, ölkə sürətlə inkişaf edir. Bu, təkcə Bakıya aid deyil, biz Azərbaycanın bütün bölgələrində sakinlər və biznes dairələri üçün maksimum imkanların yaradılması məqsədilə nəhəng infrastruktur və inkişaf layihələri həyata keçirmişik. Hazırda vəziyyət elədir ki, regionlar çox uğurla inkişaf edir. İqtisadiyyatımızın şaxələndirilməsi əsasən regional infrastrukturun yaradılması və regional inkişafın təmin olunması sayəsində mümkün olub. Bu sahəyə böyük sərmayə yönəldilib. Mən prezidentlik müddətimin əvvəlində - 2004-cü ildə demişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik. Biz o vaxtdan təhsil və səhiyyə infrastrukturuna böyük sərmayə yatırmışıq. Qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi sahəsində müvafiq işlər görülüb, onların 250 min nəfəri yeni ev və mənzillərlə təmin olunub və bu proses davam etməkdədir. Onların bir hissəsi hələ də çətin vəziyyətdə yaşayır, lakin siz də anlayırsınız ki, bu, böyük vəsait tələb edən layihələrdir. Biz həmin insanların daha yaxşı şəraitdə yaşamaları üçün milyardlarla dollar sərf etmişik.
Burada Fransa səfiri Dağlıq Qarabağ məsələsinə toxundu. Bizə belə gəlir ki, Ermənistan danışıqlar prosesinə qayıdır və bu, olduqca vacib məsələdir. Onların danışıqları boykot etmək siyasəti birincisi ağılsız, ikincisi isə səmərəsiz idi. Bildiyimə görə, Ermənistan rəhbərliyinə müxtəlif mənbələrdən, o cümlədən Avropadan mesajlar verilib ki, bu ölkə özünü belə apara bilməz. Onlar əraziləri işğal etməklə yanaşı, etnik təmizləmə aparıb və işğal olunmuş əraziləri viran ediblər. Bütün bunlardan sonra onlar danışıqların bərpası üçün hələ şərtlər də irəli sürürlər. Ancaq bu gün hesab edirəm ki, danışıqlar formatı bərpa olunmaqdadır. Bir neçə gündən sonra mən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin səfirləri ilə görüşəcəyəm və biz gələcək danışıqları, habelə prezidentlər səviyyəsində mümkün görüşü müzakirə edəcəyik. Münaqişəyə yanaşma məsələsinə gəldikdə, xüsusilə də Şərq Tərəfdaşlığı Zirvə görüşü zamanı bizim gözləntimiz ondan ibarətdir ki, postsovet məkanında mövcud olan bütün münaqişələrə münasibətdə Avropa Komissiyası tərəfindən vahid yanaşma nümayiş etdirilsin. Əks təqdirdə, biz haqlı olaraq bunu ikili standartlar yanaşması kimi qəbul edəcəyik. Bu səbəbdən, Dağlıq Qarabağla bağlı yekun bəyannamənin mətnində ərazi bütövlüyünə dair məsələnin aydın ifadə olunması çox vacibdir. Ümumilikdə isə bütün beynəlxalq formatlarda belə məsələlər müzakirə edilərkən bizim mövqeyimiz ondan ibarətdir ki, bütün münaqişələrlə bağlı vahid yanaşma olmalıdır. Bütün ölkələrin ərazi bütövlüyü məsələsinə gəldikdə, biz hər bir dövlətin ərazi bütövlüyünü tanıyırıq və bu mövqe tərəfimizdən BMT Baş Assambleyasında və Avropa Şurasında keçirilən səsvermələrdə açıq ifadə olunur. Bu, bizim üçün sual deyil, biz istənilən ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Bundan əlavə, hesab edirik ki, ölkənin rəhbərliyinin və xalqının razılığı olmadan onun sərhədləri dəyişdirilə bilməz. Bu gün biz İspaniyada və İraqda nələrin baş verdiyini görürük və nəhayət ki, beynəlxalq ictimaiyyət separatizmlə bağlı məsələlərə daha çox diqqət ayırmağa başlayır. Çünki separatizm böyük təhlükədir. Hesab edirəm ki, ərazi bütövlüyü və öz müqəddəratının təyin edilməsi arasında tarazlığı müəyyən etmək çox asandır. Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, burada hər şey aydın ifadə olunub. Ermənistan isə hər iki prinsipin bərabər hüquqa malik olduğunu iddia edərək, ictimai rəyi manipulyasiya etməyə çalışır. Öz müqəddəratının müəyyən edilməsi ərazi bütövlüyünü pozmamalıdır. Dağlıq Qarabağın gələcəyi məsələsinə gəldikdə isə bizim mövqeyimiz hər zaman ondan ibarət olub ki, gələcəkdə azərbaycanlılar Dağlıq Qarabağa, öz əzəli torpaqlarına geri dönməli, ermənilər isə onlarla birlikdə Dağlıq Qarabağda yaşamalıdırlar.
Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Bunu siz də qeyd etdiniz və bu, məlum məsələdir ki, bizim ölkədə dini və etnik tolerantlıq yüksək səviyyədədir. Biz multikulturalizmin mərkəzlərindən biri kimi tanınırıq və ötən il Azərbaycanda “Multikulturalizm İli” elan edilib. Bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh şəraitində, bir ailə kimi yaşayır və hesab edirəm ki, bu, bizim uğurlu inkişafımızın vacib elementidir. Yeri gəlmişkən, düşünürəm ki, bu məsələ müzakirələrin bir hissəsi olmalı və sazişə daxil edilməlidir. Azərbaycan Avropa ilə müsəlman dünyası arasında coğrafi körpü rolu ilə yanaşı, mədəni və müəyyən dərəcədə siyasi körpü rolunu oynayır. 2008-ci ildə biz “Bakı prosesi”nə start verdik. Həmin il biz Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin iclasına İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin müvafiq nazirlərini dəvət etdik. İlk dəfə idi ki, 100-dən artıq dövlətin nümayəndəsi bir araya gəldi və artıq bu gün o, “Bakı prosesi” adlanır. Həmin proses inkişaf etməkdə davam edir və BMT tərəfindən dəstəklənir. Müasir, dünyəvi müsəlman ölkəsi kimi Azərbaycanın rolu artır və deyərdim ki, ölkəmizdə cəmiyyətin dünyəvilik statusunun dəstəklənməsi üçün gördüyümüz işlər təkcə bizim üçün deyil, region üçün də olduqca əhəmiyyətlidir.
Beynəlxalq terrorizmlə bağlı məsələlərə gəldikdə, bir qədər əvvəl qeyd etdiklərim bununla bilavasitə əlaqəlidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, beynəlxalq terrorizmlə mübarizədə yalnız hərbi vasitələrlə uğur qazanmaq mümkünsüzdür. Çünki əvvəlcə ideoloji təhlükələrdən qorunmaq lazımdır. İnsanları qane edəcək yaşayış standartları və rahatlıq təmin olunmalıdır ki, onlar həyatlarından məmnun olsunlar. Onlar təhsil almalıdırlar. Qeyd etdiyim kimi, Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır.
Azərbaycanda getdikcə
daha çox savadlı gənclər müxtəlif
mühüm vəzifələrdə
çalışırlar. Yəni, bu, ekstremizmə qarşı
əsas səddir. Terrorizm prosesin son mərhələsidir.
Manipulyasiya, savadsızlıq, təbliğat,
narazılıq, sosial qeyri-bərabərlik, yoxsulluq,
işsizlik və nəhayət, terrorizm. Yəni,
bütün bu amillər aradan qaldırılmalıdır.
İşsizlik bizdə 5 faiz təşkil edir.
Əslində, bundan da az ola bilər, ancaq
bəziləri işləməyərək yalnız dövlətdən
ianə almaq istəyir. Biz yoxsulluğu demək
olar ki, aradan qaldırmışıq. Çünki
2003-cü ildə bu göstərici 49 faizə bərabər
idi, indi isə 6 faizdir. Bir məsələni də nəzərə
almaq lazımdır ki, Ermənistandan fərqli olaraq
əhalimizin sayı artır. Orada əhali azalmaqdadır. Əhalimiz
ildə 100 min nəfərdən artıq çoxalır.
Bu səbəbdən işsizliyin
aşağı səviyyədə saxlanılması olduqca
ciddi çağırışdır. Təbii
ki, biz terrorizmlə mübarizə sahəsində beynəlxalq
səylərə töhfəmizi veririk. Bu
mənada, bizim ölkədə daxili təhlükə
mövcud deyil. Bütün təhlükələr
xaricdən qaynaqlanır.
Bolqarıstan səfiri enerji
və nəqliyyat məsələlərini qeyd etdi. Bolqarıstan
enerji sahəsinin inkişafında bizim yaxşı tərəfdaşımızdır.
Ümid edirəm ki, Bolqarıstan üç ildən
sonra Azərbaycan qazını qəbul edəcək. Çıxışımın əvvəlində
də qeyd etdiyim kimi, Azərbaycanda enerji sahəsinin
inkişafı sərhədlərimizin hüdudları ilə
məhdudlaşmır. Enerji təhlükəsizliyimizə
gəldikdə, bütün işlər görülüb, biz
müxtəlif istiqamətlərdə neft, qaz və elektrik
enerjisi ixrac edirik. Bizim 7 kəmərimiz
var. Onların 3-ü ilə neft nəql olunur - ikisi Qara dənizə,
biri isə Aralıq dənizinə çıxır. Qaz kəmərlərinin sayı dördə bərabərdir
ki, onlar vasitəsilə biz bütün istiqamətlərə
- Gürcüstan, Türkiyə, İran və Rusiyaya qaz nəql
edə bilirik. Sonuncu ən böyük qaz
kəməri Bakıdan İtaliyaya qədər uzanan kəmərdir
ki, onun da tikintisi davam edir. Müasir nəqliyyat
infrastrukturunun yaradılması üçün tərəfimizdən
bütün işlər görülüb. Bizim ehtiyatlarımız məlumdur, bazar müəyyən
edilib. Bizim üçün ən
böyük bazar Avropadır və Avropanın daha çox
qaza ehtiyacı olacaq. Biz bilirik ki, Avropada təbii
qaza tələbat artacaq və Azərbaycan Avropa
üçün yeganə yeni enerji mənbəyidir. Avropanı hazırda qazla təmin edən
bütün digər mənbələr istifadə
olunmaqdadır. Azərbaycan yeni mənbədir,
yaxında yerləşir, ehtiyatlar böyükdür və
növbəti onilliklərə kifayət edəcək
potensiala malikdir. Biz Avropa Komissiyası ilə
sıx əməkdaşlıq edirik. Artıq
üçüncü dəfədir ilin əvvəlində
biz Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət
Şurasının toplantısını keçiririk ki, həmin
iclaslarda Avropa Komissiyasının vitse-prezidentləri
iştirak edirlər.
Azərbaycanda
azadlıqların təmin olunması və demokratiyanın
inkişafı məsələsinə gəldikdə, mən
hər zaman həmkarlarımız və dostlarımıza məsələnin
mahiyyətinə nəzər salmağı tövsiyə edirəm. Azərbaycan
medianın kəskin hücumuna məruz qalmaqdadır. Bizim inkişafımıza sevinməyən və ya
Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən
dairələr ölkəmizi gözdən salmağa
çalışırlar. Onu totalitar,
avtoritar, hüquqların tapdalandığı və
azadlıqların pozulduğu bir ölkə kimi göstərməyə
cəhd edirlər. Bu, bir tendensiyadır.
Mən Prezident seçildiyim gündən bu
tendensiya bizim hökuməti müşayiət edir. Bunun müxtəlif səbəbləri var. Bunlardan
biri erməni lobbisi və diasporudur ki, o, Qərbdə
böyük siyasi, ictimai və media köklərinə
malikdir. Qarayaxmanın böyük hissəsi
onların payına düşür, ancaq təkcə onlar
deyil. Müəyyən QHT-lər, bizdən istədiklərini
əldə edə bilməyən müəyyən xarici dairələr
və Azərbaycanın müstəqil siyasət yürütməsindən,
başqalarının işlərinə
qarışmamasından və başqalarının da bizim
daxili işlərimizə qarışmasına imkan verməməsindən
narazı olanlar da bu siyahıdadır. Burada müəyyən
digər amillər də ola bilər, ancaq əsas
məsələ ondan ibarətdir ki, bizə qarşı
böhtan və dezinformasiya kampaniyası aparılır. Lakin mahiyyətə baxsanız görərsiniz ki, Azərbaycan
demokratik ölkədir, biz 2001-ci ildən Avropa
Şurasının üzvüyük, qanunvericiliyimiz dəmək
olar ki, yüz faiz Avropa standartlarına uyğundur. Azərbaycanda
bütün azadlıqlar təmin olunur, əhalimizin 70 faizindən
çoxu internet istifadəçisidir və dövlət hər
bir şəhər və qəsəbəyə
genişzolaqlı internetin çəkilməsi sahəsinə
sərmayə yatırır - yəni, mətbuat
azadlığının tərəfimizdən məhdudlaşdırılmasından
söhbət gedə bilməz və bizim belə bir niyyətimiz
yoxdur. Əks təqdirdə, biz bütün bu
işləri görməzdik. Daha bir
azadlıq toplaşma azadlığıdır. Bu azadlıq tam təmin olunur, heç bir məhdudiyyət
tətbiq edilmir və müxalifət müntəzəm surətdə
mitinqlərini keçirir. Həmin mitinqlərdə
min nəfərə yaxın insanın iştirakı isə
digər bir məsələdir. Bunlar əsasən
partiyaların üzvləri və onların
qohumlarıdır. Yəni, bu mitinqlər
normal, adi vətəndaşları cəlb etmir və burada
bizim günahımız yoxdur. Həmin
mitinqlər şəhərin mərkəzində, metro
stansiyasının yaxınlığında keçirilir,
heç bir məhdudiyyət qoyulmur və sonuncu mitinq isə,
zənnimcə, bir həftə əvvəl baş tutub. Beləliklə, hər hansı bir
azadlığın məhdudlaşdırılması ilə
bağlı niyyət və əməldən söhbət gedə
bilməz. Həbslərə gəldikdə,
onlar hər bir ölkədə baş verir. Polis
zorakılığına dair deyə bilərəm ki, siz Azərbaycanda
onun şahidi ola bilməzsiniz,
çünki o, mövcud deyil. Bəzən biz
sizin təmsil etdiyiniz ölkələrdə polis
zorakılığını görürük. Ancaq heç kəs sizi demokratiyanın olmamasında
və zorakılıqda ittiham etmir. Biz itlərin
dinc etirazçılara hücum etmələri səhnələrini
yaxşı xatırlayırıq. Atlardan
və dəyənəklərdən istifadə
olunmasını biz televizordan izləyirik. Yəni,
bu baxımdan da yanaşma obyektiv və vahid olmalıdır.
Azərbaycan etmədiyi əməllərə
görə gözdən salınmamalıdır. Eyni zamanda, demokratiyanın rəmzi hesab olunan dövlətlərin
hərəkətləri normal qəbul edildiyi halda, biz
atdığımız bənzər addımlara görə tənqidə
məruz qalmamalıyıq. Ancaq
şübhəsiz ki, insan haqları və demokratik
inkişafla bağlı məsələlər bizim Avropa
Komissiyası ilə sazişimizin tərkib hissəsi olacaq.
Burada Avropa Şurasından
çıxmaq məsələsinə toxunuldu. Siz bizim
kütləvi informasiya vasitələrimizi yaxşı
tanıyırsınız, çünki hər hansı bir azərbaycanlı
rəsminin belə bir fikir bildirməsi ilə bağlı məndə
məlumat yoxdur. Lakin media azaddır və
istədiklərini yaza bilər. Təbii
ki, biz ictimaiyyətin əhval-ruhiyyəsinə reaksiya veririk və
hər bir hökumət, ilk olaraq, ictimai rəyi nəzərə
almalıdır. Təəssüf ki, Avropa
Şurası ilə bağlı ictimai rəy o qədər də
müsbət deyil. Bunun bir neçə səbəbi
var. Birincisi, bu təşkilata üzv olarkən bizim gözləntimiz
ondan ibarət idi ki, o, bizə Dağlıq Qarabağ
münaqişəsinin həllində yardım edəcək.
Lakin Avropa Şurası bu işdə uğursuz oldu, bu iş
baş tutmadı və baş tutmayacaq da. İkincisi,
üzvlüyümüzün əvvəlində mən bizim
nümayəndə heyətinin ilk rəhbəri olmuşam.
O zaman mən Azərbaycan parlamentinin üzvü idim və 2001-2003-cü
illərdə Azərbaycanın Avropa Şurasının
Parlament Assambleyasındakı nümayəndə heyətinə
rəhbərlik etmişəm. Yəni, onun necə
təşkilat olmasını mən bilirəm və orada Azərbaycana
qarşı münasibətin də necə olduğundan xəbərdaram.
Münasibət olduqca mənfi idi. Biz həmin təşkilata Ermənistanla eyni gündə
üzv olmuşuq və biz Azərbaycana qarşı kəskin
mənfi münasibətlə Ermənistana olan müsbət
münasibəti müqayisə edirdik. Seçkilərin
daim saxtalaşdırıldığı, siyasətçilərin
parlamentdə qətlə yetirildiyi, terrorizmin demək olar ki, rəsmi
siyasət səviyyəsində qəbul edildiyi, digər
dövlətin ərazisini işğal etmiş və hərbi
cinayətlər törətməklə milyonlarla insana əzab
verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən
hər zaman himayə olunur, Azərbaycan isə hər zaman
hücumlara məruz qalırdı. Təəssüf
ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri
Azərbaycana qarşı yeni hücum təşkil ediblər.
Onlar bizi üzvlükdən məhrum etmək və
bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər.
Təbii ki, bizim siyasətçilər,
parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya
nümayiş etdirirlər. Birincisi, onlar
üzv ölkələrlə bağlı Avropa İnsan
Hüquqları Məhkəməsinin 10 mindən artıq qərarının
icrasını təmin etsinlər. Ondan
sonra Azərbaycanın üzvlükdən
çıxarılmasından və ya sanksiyalardan bəhs edə
bilərlər. Bu, baş vermiş olsa, bu
hal ikili standartların təntənəsi olacaq. Müxtəlif səbəblərdən Avropa Məhkəməsinin
10 min qərarının icra edilmədiyi bir halda Azərbaycan
o qərarları icra edir, lazım gəldikdə təzminat
ödəyir və ümumilikdə, olduqca konstruktiv
davranır. Beləliklə də Azərbaycana
qarşı məqsədyönlü hücum məyusluq
yaradır və “bizim o təşkilatda nə işimiz var
kimi” fikirlər meydana gəlir. Belə
fikirlərin üstünlük təşkil etməməsi
üçün biz konstruktiv qaydada
çalışmalıyıq. Hesab edirəm
ki, bunun yollarından biri bizim Avropa Komissiyası və Avropa
İttifaqı ilə əlaqələrimizin möhkəmləndirilməsidir.
Bizim üçün prioritet budur. Biz artıq 16 ildir ki, Avropa Şurasının
üzvüyük. Sizə səmimi,
dostcasına deyim ki, Azərbaycan Avropa Şurasını tərk
etsə, heç kəs buna əhəmiyyət verməyəcək.
Həyatımızda heç nə dəyişməyəcək,
biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin,
nə də yoxsul yaşamayacağıq. İnsan
haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə
olacaq. Biz bunları hazırda Azərbaycana
qarşı həyata keçirilən əsassız
hücumun mərkəzində dayanan Avropa Şurasının
baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə
edirik.
Avropa təsisatlarına gəldikdə,
bir daha qeyd etmək istəyirəm, Avropa İttifaqı bizim
prioritetimizdir və sizin də səfəriniz onu
nümayiş etdirir ki, Azərbaycan da Avropa üçün
vacib tərəfdaş hesab olunur.
Mən Şərq Tərəfdaşlığı
Sammitində iştirak üçün dəvətə
görə minnətdaram. Mən bu dəvəti
prezident Tuskdan fevral ayında aldım və bildirdim ki, birmənalı
olaraq, Zirvə görüşündə iştirak edəcəyəm.
Fikrimcə, orada olmaq çox vacibdir. Azərbaycan
lap əvvəldən “Şərq Tərəfdaşlığı”
proqramına dəstək verdi. Mən şəxsən Şərq Tərəfdaşlığının
ilk Sammitində olmuşam və bütün həmin sammitlərdə
iştirak etmişəm, sonuncunu istisna etməklə. Orada olmamağımın da səbəbini yəqin
ki, bilirsiniz. İndi isə həmin
mühüm toplantını kənara qoymaq üçün əsas
yoxdur. Bir sözlə, onun
üçün ümidlərimiz böyükdür. Eyni zamanda, lap əvvəldən
razılaşmamağım onunla bağlı idi ki, üzv
dövlətlərə daha fərdi yanaşma tətbiq edilməlidir,
çünki həmin ölkələr fərqlidir. Biz Azərbaycanıq. Biz geniş
imkanlara malik, müasir, öz hesabına yaşayan, siyasi, təhlükəsizlik,
iqtisadi və maliyyə resursları baxımından
özünü təmin edən müstəqil ölkəyik.
Bu səbəbdən, bu cür olaraq, biz həmin
qrupa dəvət olunduq. Lakin həmin
vaxtdan etibarən qrupda iki ölkə Avrasiya İqtisadi
İttifaqına üzvdür, üç ölkə
Assosiasiya Sazişini imzalamış ölkədir. Qalan
bir ölkə - Azərbaycan isə hazırda tərəfdaşlıq
haqqında saziş üzərində iş aparır. Buna görə, ölkələrə daha fərdi
yanaşmanın tətbiq edilməsi lap əvvəldən
mövqeyimizin əsasını təşkil edirdi. Əfsuslar olsun ki, əvvəlki Avropa komissiyaları
zamanı yanaşmamıza yaxşı yanaşılmadı.
Əksinə, biz bəzən hücum hədəfinə
çevrildik. Hansısa xüsusi
razılaşmanı tələb edən tərəf kimi
ittiham olunduq. Bu, belə deyildi. Əslində, biz komissiya ilə xüsusi ünsiyyəti
yaratmaq istəyirdik. Saziş üzərində
fəal danışıqlara başlamağımız
faktı göstərir ki, bu yanaşma artıq
üstünlük təşkil etməyə başlayır.
Bu, çox müsbətdir. Şərq
Tərəfdaşlığı, əlbəttə ki, vacib
çərçivədir. Lakin bu çərçivədə,
fikrimcə, Azərbaycan ilə Avropa Komissiyası arasında
ayrıca razılaşma ən mühüm məsələdir.
Söyləyəcəyim sonuncu məqama
gəldikdə, almaniyalı səfirə deməliyəm ki,
almanların Azərbaycanda 200 il ərzində
olması bu il qeyd edilir. Onlar ölkəmizin qərb
hissəsində iki və ya üç şəhərin təməlini
qoymuşlar. İlk almanlar Azərbaycana 200 il əvvəl gəliblər. Biz
həmin irsi Azərbaycanın qərb şəhərlərində
qoruyub saxlayırıq. Biz alman kilsəsini
və məşhur şərab anbarlarını bərpa
etmişik. Onlar yaxşı şərab
istehsal edirdilər. 200 və 100 il əvvəl
tikdikləri evlər isə yenə də qalır.
Avropa İttifaqı
Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin
sədri Valter Stivens: Cənab Prezident, mən Sizə “Çox
sağ olun” deməliyəm. Bizi
qəbul etdiyinizə görə çox minnətdaram. Sizinlə fikir mübadiləsi aparmaq imkanına
görə təşəkkür edirik.
Siz burada Şərq Tərəfdaşlığı
çərçivəsində fərqləndirməni qeyd
etdiniz. Bu, həmçinin Şərq Tərəfdaşlığına
yenidən baxılmasına dəlalət edən elementdir.
Bu, sizinlə
razılaşdırdığımız yeni saziş üzərində
irəliləyişin əldə olunmasının vacibliyini
bir daha göstərir. Fikrimcə, artıq
böyük irəliləyiş əldə olunub. Bunun mümkün qədər tez tamamlanmasını
səmimiyyətlə arzulayırıq.
Aviasiya haqqında saziş də vacibdir, tamamlanmalıdır. Hesab edirəm ki, Zirvə görüşünə Azərbaycan artıq bir neçə nəticələrlə gələcək və bu, əlaqələrimizin gücləndirilməsində maraqlı olduğumuzu göstərəcək. Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun. Sizə Bakıda xoş səfər arzulayıram. Bilirəm, sizin bir çox mühüm görüşləriniz var. Yenidən səfər etmək qərarına gəlsəniz, sizi yenidən görməyimə ümid edirəm.
Valter Stivens: Sağ olun.
Prezident İlham Əliyev: Sağ
olun.
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.-
2017.-5 oktyabr.- S.3.