Tariximiz üçün xüsusi
önəm daşıyan 36 min səhifəlik
sənədlərin surəti Azərbaycan rəsmilərinə
təqdim edilib
İsveçrədə
səfərdə olan Azərbaycan
Respublikası Baş nazirinin
müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov və
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
BMT-nin Cenevrə bölməsinin
kitabxanasına baş çəkiblər.
AZƏRTAC xəbər verir ki, kitabxananın müdiri Françesko Pisano qonaqlara kitabxananın tarixi barədə məlumat verib. Qeyd edilib ki, Birinci Dünya müharibəsini başa çatdırmaq üçün 1919-cu il aprelin 28-də Parisdə keçirilmiş sülh danışıqlarının yekununda yaradılmış Millətlər Liqası sülh və təhlükəsizliyin qorunmasında uğurlu fəaliyyət göstərməyə müvəffəq ola bilmədi. Müxtəlif vaxtlarda təşkilatın tərkibinə 63 üzv dövlət daxil olub və təşkilatın fəaliyyətinə 1946-cı ildə son verilib. Hazırda BMT-nin Cenevrə bölməsinin kitabxanasında Millətlər Liqasının arxivi yerləşir. Həmin arxiv Azərbaycan üçün misilsiz əhəmiyyətə malikdir. Çünki burada Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) aid bir çox tarixi sənədlərin əsilləri qorunub saxlanılır. Bu sənədlər sırasında Paris sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin hazırladığı məktub və müraciətlər, xəritə və digər mühüm tarixi sənədlər mövcuddur.
Bu sənədlərin yüksək əhəmiyyətini nəzərə alaraq, 2016-cı ilin sonunda ölkəmizin Cenevrədəki beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə Millətlər Liqasının AXC ilə bağlı arxiv materiallarının rəqəmsal formaya salınması və Azərbaycan tərəfinə təhvil verilməsi barədə nümayəndəlik və kitabxana arasında Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, Azərbaycan Xalq Cümhuriyyəti ilə yanaşı, Ermənistana və Gürcüstana aid, ümumilikdə, 36 min səhifəni əhatə edən sənədlərin rəqəmsal surətləri hazırlanıb. Həmin sənədlərin yerləşdiyi elektron daşıyıcı oktyabrın 3-də BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller tərəfindən Azərbaycanın Baş nazirinin müavini Əli Həsənova təqdim olunub.
Françesko Pisano, həmçinin Azərbaycanın daimi nümayəndəliyi tərəfindən kitabxanaya təqdim edilmiş kitablara görə minnətdarlığını ifadə edib və gələcəkdə kitabxana fondunun Azərbaycan haqqında daha çox kitabla genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan haqqında tarixi əhəmiyyət kəsb edən sənədlərin qorunmasına görə təşəkkür edən Baş nazirin müavini Əli Həsənov arxiv sənədlərinin və tarixi faktların böyük əhəmiyyət daşıdığını qeyd edib. O vurğulayıb ki, qonşularının məkrli siyasətinə və işğalına məruz qalan Azərbaycan kimi ölkələrin tarixi ədalətin bərpa olunmasında arxiv sənədlərinə böyük ehtiyacı var və həmin sənədlər toplusu tarix elminə böyük töhfələr verəcək.
***
Həmin gün
Azərbaycan nümayəndə heyəti BMT-nin
Cenevrə bölməsinin iqamətgahında yerləşən
“Azərbaycan otağı”na baş çəkib.
Bildirilib
ki, 2007-ci ildə Azərbaycan Hökuməti
tərəfindən bərpa olunmuş və
milli xalçalarla, Azərbaycan
rəssamlarının və tətbiqi sənət
ustalarının əsərləri ilə bəzədilmiş
“Azərbaycan otağı” mühüm
iclasların keçirilməsi üçün
istifadə edilir. BMT-nin
Cenevrə bölməsinin iqamətgahında “Azərbaycan
otağı”nın fəaliyyət göstərməsi əməkdaşlığın
inkişafının bariz nümunəsi kimi səciyyələndirilib.
Azərbaycan.-
2017.-5 oktyabr.- S.4.