Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva məcburi köçkünlərin təhsilinə xüsusi diqqət yetrilir

 

Oktyabrın 5-də - Beynəlxalq Müəllimlər Günündə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi üçün istifadəyə verilən yeni binada yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov məktəbin binasında yaradılan şərait barədə Mehriban xanım Əliyevaya məlumat verdi.

Qeyd edildi ki, bu təhsil müəssisəsi 2017-2018-ci tədris ilində istifadəyə verilib. Məktəbin binasının inşasına bu il başlanılıb və dörd ay ərzində tikilib istifadəyə verilib. 196 şagird yerlik məktəb Qubadlıdan olan məcburi köçkün ailələrinin və ətraf ərazidə yaşayan sakinlərin övladları üçün nəzərdə tutulub.

Mehriban xanım Əliyeva məktəbdə təhsil alan birinci sinif şagirdləri ilə söhbət etdi, onların dərsləri ilə maraqlandı. Uşaqlar məktəbdə tədris üçün bütün şəraitin mövcud olduğunu söylədilər və yaxşı oxuyacaqlarına söz verdilər. Ən müasir avadanlıqla təchiz edilən binada tədrisin yüksək keyfiyyətlə təşkili üçün hər cür şərait yaradılıb. Məktəbdə şagirdlər birinci sinifdən doqquzuncu sinfə qədər təhsil alırlar. Kabinetlərin və laboratoriyaların hamısı lazımi avadanlıq və dərs ləvazimatları ilə təmin edilib.

İnformatika otağında şagirdlərin kompüter bacarıqları ilə maraqlanan Azərbaycanın Birinci vitse-prezidenti onlara uğurlar arzuladı.

Birinci vitse-prezident Mehriban Əliyeva yüksək balla ali məktəblərə daxil olan Qubadlı rayonunun şagirdlərinin fotolarından ibarət stendə baxdı.

Təhsil müəssisəsində son 10 ildə bu rayondan olan məcburi köçkünlər üçün tikilmiş yeni məktəb binalarını əks etdirən fotostendqoyulub.

Azərbaycanın Birinci vitse-prezidenti dövlətimizin başçısı İlham Əliyevin Qubadlı rayonundan olan idmançılarla görüşünə həsr edilən fotostendlə də tanış oldu.

İdman zalında Mehriban Əliyeva Qubadlıdan olan idmançıların məşqini izlədi.

Məktəbin kollektivi ilə görüşən Mehriban Əliyeva tədris ocağının yeni binasının istifadəyə verilməsi və Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriklərini çatdırdı.

“Məktəb illəri hər bir insanın həyatında silinməz iz qoyur. Sizin peşəniz olduqca vacibdir”, - deyən Birinci vitse-prezident təhsil müəssisəsinin kollektivinə fəaliyyətlərində uğurlar arzuladı.

Sonda xatirə şəkli çəkdirildi.

 

Azərbaycan.- 2017.-6 oktyabr.- S.1-2.