Həsən bəy Zərdabinin qızı da maarifpərvər idi

 

Qəribsoltan atasının ən böyük arzusunu həyatının məqsədinə çevirdi. Müəllimlik sənətini seçdi ki, doğma xalqının maarif yolunu aydınlatmaq üçün bir çıraq da o yandırsın. “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur” - deyirdi atası Həsən bəy Zərdabi və bu işığın gur yanması üçün özü də səməndər quşu tək yandı. Uğurla ali təhsil, təbiətşünaslıq elmləri namizədi adı aldığı, bilik və bacarığını göstərə bilməsi üçün rahat şəraiti bəxş edəcək Peterburq mühitindən Həsən bəyi ayıran, Azərbaycana qaytaran xalqının gələcəyindən nigaranlıq duyğusu, vətənə xidmət hissi oldu.

Soydaşlarının çoxu yazıb-oxumağı belə bacarmırdı. Onları bu zülmətdən və gələcək fəlakətlərdən xilas etməyə Həsən bəy Zərdabi kimi qeyrətli millət fədailəri gərək idi. Onun böyük zəhmətlərlə nəşrinə nail olduğu Azərbaycanın ilk milli mətbuat orqanının - “Əkinçi”nin də qarşısına qoyduğu əsas məqsədlərindən biri maarifçilik idi.

Həsən bəy ailə qurarkən də elə bir ömür-gün yoldaşı seçdi ki, nəinki onun amalını, ideallarını anlasın, həm də mübarizə yoldaşı olsun. 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə doğulan, Tiflisdə Müqəddəs Nina qız məktəbində təhsil alan Hənifə xanım həyatını Azərbaycana bağladı, ilk maarifpərvər qadınlarımızdan biri kimi adı tariximizə yazıldı. Həsən bəy Zərdabi ilə çiyin-çiyinə çalışan Hənifə Abayeva-Məlikova onun vəfatından sonra da qızı və yetirmələri ilə birlikdə Azərbaycan xalqının savadlanması yolunda fədakarlıqla mübarizə apardı.

Qəribsoltan Məlikova belə bir ailənin övladı idi. O, Həsən bəylə Hənifə xanımın altı övladından biri, sonbeşik qızlarıydı. Qəribsoltan xanım 1896-cı il iyunun 11-də Zərdab kəndində (hazırda Zərdab şəhəri) dünyaya göz açdı. O zaman Həsən bəy ailəsi ilə birlikdə artıq on altı il idi ki, doğulduğu kənddə yaşamağa məcbur idi. “Əkinçi” qəzeti bağlandıqdan sonra da Həsən bəyi təhdid, təqib etməkdən əl çəkməyənlər 1880-ci ildən onun Bakıdan uzaqlaşmasına nail olmuşdular. Ancaq o, kənddə də Hənifə xanımla birlikdə maarifçilik işini davam etdirirdi. Orada öz mənzillərində pulsuz məktəb açmışdılar, təmənnasız olaraq zərdablılara elm, savad öyrədirdilər.

1896-cı ildə Bakıya döndülər. Həsən bəy “Kaspi” qəzetində işləməyə başladı. Ailəsi ilə qəzet redaksiyasının kirayə etdiyi altıotaqlı mənzilə daşındı. Orada Qəribsoltan Məlikova ömrünün ən xoşbəxt günlərini yaşadı. SonralarAtam haqqında xatirələr”ində yazırdı:Bu otaqlar həmişə evimizdə nahar eləyən, gecəni burada keçirən kənar adamlarla dolu olurdu. Onlar ya ailəmizin saysız-hesabsız qonaqları, ya da öz işləri üçün Bakıya, atamın yanına gələn tanış kəndlilər idilər”. Qəribsoltan xanım xatırlayırdı ki, görkəmli rus yazıçısı Maksim Qorki və məşhur müğənni Fyodr Şalyapinbu evdə qonaq olmuşdular.

Həsən bəylə Hənifə xanımın xeyirxahlığı nəticəsində mənzilləri pansionata dönmüşdü. On nəfər kasıb uşağı da burada yaşayırdı. Hənifə Abayeva-Məlikova onları məktəb və gimnaziyalara imtahan vermək üçün hazırlaşdırırdı.

Milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi, Həsən bəy Zərdabinin məsləhəti ilə 1901-ci ildə Bakıda qız məktəbi açıldı və müdiri Hənifə xanım oldu. Qəribsoltan da əvvəl həmin məktəbdə, sonralar Tiflisdə rus qız gimnaziyasında təhsil aldı.

Qəribsoltan Məlikova kiçik yaşlarından ata-anasının maarifin, təhsilin inkişafı istiqamətində böyük səylə çalışdıqlarını gördü. Atası Həsən bəy ömrünün sonunadək xalqını düşündü. O, vəsiyyət etdi: “Sizdən xahiş edirəm, mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin. Məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu, mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olardı”. Həsən bəy Zərdabi 1907-ci il 28 noyabrda vəfat etdi. Ertəsi gün böyük izdiham və təntənə ilə Bibiheybət qəbiristanlığında dəfn olundu.

Həyat yoldaşı, qızı, dostları, yetirmələri Həsən bəyin maarif sahəsində gördüyü işləri davam etdirdilər. Hənifə xanım 1909-1919-cu illərdə Bakı şəhər Dövlət Birinci Rus-Tatar Qız Məktəbinin müdiri oldu.

Qəribsoltan xanım da atasının arzusunu həyata keçirmək üçün Bakıya döndü. 1910-cu ildə, H.Zərdabinin vəfatından üç il sonra pedaqoji fəaliyyətə başladı. Bakıda 1915-1918-ci illərdə rus-tatar qız məktəbində, 1918-1920-ci illərdə üçüncü rus qız gimnaziyasında, sonra isə ikinci rus-qız gimnaziyasında Azərbaycan dilindən dərs dedi. O, işləməklə yanaşı, pedaqoji kursda təhsilini də artırdı.

Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra onların da qara günləri başladı. Doğrudur, savadlı kadrlara ehtiyac olduğu üçün yeni hökumət Hənifə xanımla Qəribsoltan kimi işini sevən, təcrübəli pedaqoqları da işsiz buraxmadı. Hətta Hənifə xanım Abayeva-Məlikova 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə çalışdı. Həyatını Həsən bəyin böyük məhəbbətlə sevdirdiyi Azərbaycanın işıqlı gələcəyinə, təhsilinin inkişafına həsr edən Hənifə xanım həmin illərdə övladlarının həsrəti, nigaranlığı içərisində əzablı günlər yaşayırdı.

Böyük qızı Pəri xanım həyat yoldaşı Əlimərdan bəy Topçubaşoviki övladıyla birlikdə 1919-cu ildə Parisə getmiş, bolşeviklər Azərbaycanı işğal etdikdən sonra geri qayıda bilməmişdi. Kiçik oğlu Səffət bəy 1914-1917-ci illərdə Riqa Politexnik İnstitutunda oxumuş, Rusiyadakı inqilab təhsilini yarımçıq qoymuşdu. Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 100 tələbədən biri kimi xaricə göndərilmişdi. Almaniyada aldığı ali təhsilini 1922-ci ildə tamamlamışdı. Onu da bacısı Pəri xanım kimi sovet hakimiyyəti vətəninə həsrət qoymuşdu. Parisdə bacısıgildə, sonra İstanbulda yaşamışdı...

Hənifə xanım böyük oğlu Midhəd bəyin dağını, sonbeşik qızı Qəribsoltan xanımın çəkdiyi iztirabları görmədən, Pəri xanımla Səffət bəyin həsrəti ilə 1929-cu ildə gözlərini əbədi yumdu. Onu şəhər qəbiristanlığında dəfn etdilər.

Doğmalarından ayrı düşən Qəribsoltan xanım onların dərdini təkbaşına çəkməli oldu. Həsən bəy Zərdabi ocağının cəfakeşi atasının böyük əməllərinin unudulduğunun, xidmətlərinin gözdən salındığının şahidi oldu. Böyük qardaşı, Moskvada ali texniki təhsil almış Midhəd bəy 1937-ci ildə sovet hökuməti tərəfindən güllələndi. Qəribsoltan xanım ömür boyu ədəbi irsi tənqid olunmuş, yasaq edilmiş atasının, repressiya qurbanı olmuş qardaşının, Fransada yaşamağa məcbur olan bacı və qardaşının, bu üzüntülərə tab gətirməyən anasının dərdi ilə yaşadı.

O, ailə, övlad sahibi olmadı. Rauf Hacıyevi himayəsinə götürdü. Anası, əslən zərdablı olan Nanə xanım da uşaq ikən yetim qalmış, üç yaşından Hənifə xanımın övladlığa götürdüyü on uşaqdan biri kimi böyüyüb, tərbiyə, təhsil almışdı.

Ailə üzvləri repressiyaya məruz qaldığından Qəribsoltan xanım Gəncəyə gedir. Orada sakit yaşamaq istəyir. Böyük Vətən müharibəsi illərində o, Nanə xanımla birlikdə doğma Zərdaba köçür. Hər ikisi bir müddət Zərdab məktəbində müəllim işləyir.

Həsən bəyin ailəsinin tək yadigarı Qəribsoltan xanımı yenidən sarsıdan bir hadisə baş verir. Bibiheybət məscidinin yanından yol çəkildiyindən atasının məzarı yerləşən qəbiristanlığın dağıdılacağı xəbəri gəlir. Çox çətinliklə atasının cənazəsinin qalıqlarını oradan çıxarıb, anasının məzarının yanında dəfn etdirir.

Həyatında baş verən faciələrə, qarşılaşdığı bitib-tükənməyən çətinliklərə baxmayaraq, vətənpərvər müəllimə Azərbaycanda Sovet hakimiyyəti qurulan ilk vaxtlardan yeni yaradılan məktəblərin, savad kurslarının təşkilində yaxından iştirak etdi, qabaqcıl pedaqoq kimi respublikada maarifin inkişafında əlindən gələn köməyi əsirgəmədi. Azərbaycan elm mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərinə görə Qəribsoltan Məlikova 1948-ci ildəAzərbaycan SSR-in əməkdar müəllimifəxri adına layiq görüldü, “Lenin” ordeni ilə təltif edildi.

Fədakar maarifçi qadın 1956-cı ilədək Bakının bir sıra orta məktəblərində yorulmaq bilmədən çalışdı, neçə-neçə nəslin yetişməsində böyük rol oynadı. Uzun müddət Bakıda kimsəsiz uşaqların oxuduğu internat məktəbdə dərs deyən Qəribsoltan xanım onlara analıq etdi. O, maaşını, hətta təqaüdünü həmin uşaqlara xərclədi.

Qəribsoltan Məlikovanın himayəsində böyüyüb, təlim-tərbiyə almış Rauf Hacıyev istedadlı bəstəkar kimi tanındı, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında böyük xidmətlər göstərdi. Neçə-neçə ölməz əsərin müəllifi, Azərbaycan Respublikasının SSRİ-nin xalq artisti, Azərbaycan SSR-in mədəniyyət naziri olmuş Rauf Hacıyev Qəribsoltan xanıma doğma övlad sevgisi göstərdi.

Maarifpərvər ziyalı Qəribsoltan Məlikova 1967-ci ilin 9 martında Bakıda vəfat etdi. Valideynləri kimi Qəribsoltan xanıma da rahat bir məzar nəsib olmadı. Atasının nəşi iyirmi il sonra ikinci dəfə dəfn olunduğu yerdən də götürülərək Fəxri xiyabana gətirildi. Həyatı boyu çətinliklərlə üzləşən millətinin təəssübkeşi, nəhayət, burada özünə əbədi mənzil tapdı. Hənifə Abayeva-Məlikovanın da ikinci dəfə onun yanında dəfn olunduğu söylənilir... Ancaq əsl həqiqət budur ki, Azərbaycanın ilk maarifpərvər qadınlarından biri olan Hənifə xanımın məzarının yeri dəqiq bilinmir.

Qəribsoltan Məlikovanın məzarı da qırx ildən çox naməlum qaldı. Nəhayət, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru Xatirə Quliyeva Rauf Hacıyevin qohumlarının köməyi ilə uzun axtarışlardan sonra onun yerini dəqiqləşdirdi. Səbəbi məlum olmasa da, reallıq budur: Qəribsoltan Məlikovanın Bakının köhnə qəbiristanlıqlarından birindəki məzarında ondan başqa iki nəfər də dəfn edilib. Onlardan biri bəstəkar Rauf Hacıyevin anası Nanə Hüseynova, ikincisi həyat yoldaşı İradə Hacıyevadır.

Xalqı üçün yananlar, ömürlərini onun işıqlı gələcəyinə qurban verənlər bunun əvəzini gözləməyiblər. Əbəs yerə demirlər ki, “Sonunu düşünənlər qəhrəman olmurlar”. Ancaq xalq olaraq, dövlət olaraq varlığımıza görə minnətdar olduğumuz şəxsiyyətlərə bir ehtiram borcumuz var. Onlardan birimaarif xadimi Qəribsoltan Məlikovadır...

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2017.- 6 oktyabr.- S.7.