Azərbaycan
bu gün dünya miqyasında özünü güclü
dövlət kimi təsdiqləyib
Prezident İlham Əliyevin yekun nitqi
- İlin sonuna üç aydan az vaxt qalır. Bu müddət ərzində Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmalıdır. Bu il Dövlət İnvestisiya Proqramı lazımi səviyyədə təmin edilir, kifayət qədər vəsait nəzərdə tutulmuşdur. Nəzərdə tutulmuş bütün məsələlər ilin sonuna qədər öz həllini tapmalıdır.
Maliyyə məsələləri ilə bağlı heç bir problem yoxdur. Büdcə göstəriciləri yaxşıdır, tam icra edilir. Ona görə, investisiya proqramının icrası əlbəttə ki, təmin ediləcəkdir. Mən buna şübhə etmirəm.
Gələn ilin Dövlət İnvestisiya Proqramı ilə bağlı ilkin təkliflər gəlməkdədir. Gələn il kifayət qədər vəsait nəzərdə tutulmalıdır ki, həm infrastruktur layihələri, eyni zamanda, ölkə qarşısında duran əsas vəzifələr icra edilsin. Ona görə, hesab edirəm ki, gələn ilin investisiya proqramı ilin sonuna qədər təsdiq edilə bilər. Gələn ilin büdcəsi bu ilin büdcəsindən daha da böyük olmalıdır. Buna bütün imkanlar var. Yaxın zamanlarda bu məsələyə də baxılacaqdır.
Bildiyiniz kimi, sahibkarlığın inkişafı üçün bir çox işlər görülür. Onların arasında güzəştli kreditlərin verilməsi də var. Artıq uzun illərdir ki, bu proses davam edir. Hazırda sahibkarlara verilən güzəştli kreditlərin demək olar ki, tam həcmi əvvəllər verilmiş və qaytarılmış kreditlər hesabına təşkil edilir. Bu il kifayət qədər böyük proqram nəzərdə tutulmuşdur. Mənə məruzə edilib. Bu proqramın böyük hissəsi icra edilmişdir. Amma hələ də Sahibkarlığa Kömək Milli Fondunun sərəncamında kifayət qədər vəsait - bölüşdürülməmiş, yaxud da ki, bölüşdürülmüş, ancaq verilməmiş kreditlər var. Çalışmaq lazımdır ki, ilin sonuna qədər nəzərdə tutulmuş kreditləşmə tam həcmdə təmin edilsin.
Yol infrastrukturu ilə bağlı görülmüş işlər haqqında burada məruzədə göstərildi. Qeyd etməliyəm ki, ilin əvvəlində nəzərdə tutulmuş layihələrin hamısı təbii ki, icra ediləcək. Bundan əlavə, il ərzində mənim bölgələrə səfərlərim çərçivəsində və yerlərdən gələn təkliflər nəticəsində yeni yol layihələri də icra edilməyə başlanılmışdır. Bunlar daha çox kənd yollarıdır və eyni zamanda, şəhərlərarası yollardır. Onların arasında əvvəlcədən nəzərdə tutulmamış, ancaq builki proqrama salınmış və indi icrası gedən layihələr arasında Qax-Zaqatala-Balakən yolunu qeyd etməliyəm. Bu yolun əsaslı təmiri bu il nəzərdə tutulmamışdır. Ancaq bölgəyə səfərim zamanı bu məsələ qaldırıldı və göstəriş verildi. İndi bu layihə icra edilir. Cəlilabad-Yardımlı yolunun bir hissəsi əvvəlki dövrdə əsaslı təmir edilmişdir. Ancaq bu layihə yarımçıq qalmışdır. Cənub bölgəsinə səfərim zamanı bu məsələ də qaldırıldı və göstəriş verildi. Cəlilabad-Yardımlı yolunun tam istifadəyə verilməsi ilə bağlı bütün lazımi tədbirlər görülüb. Bu, Yardımlıya Bakıdan və digər bölgələrdən ən qısa yol olacaq və bir çox kəndləri birləşdirəcək.
Bizim gözəl
turizm məkanımız olan Göygölə gedən yol
artıq uzun illərdir ki, təmirsiz qalmışdı. Biz
indi Göygölü turizm mərkəzinə çevirərək
oraya böyük turist axınına nail olmuşuq. Əlbəttə
ki, oraya gedən yol tam yüksək səviyyədə təmir
edilməlidir. Bu göstəriş də verilmişdir. Eyni
zamanda, o bölgədə olarkən bu məsələ də
qaldırıldı. Bu yaxınlarda Şamaxı rayonunda olarkən
orada da Şamaxını Lahıcla birləşdirən yol
haqqında məsələ də öz həllini
tapmışdır. Bu yolun bir hissəsi istifadəyə
verilib, qalan hissə də bu il və gələn il istifadəyə
veriləcək. Lahıc nadir bir yaşayış mərkəzidir. Oraya hər il
on minlərlə turist gəlir. İndi
Lahıca həm alternativ, həm də ən qısa yol
Şamaxı-Dəmirçi-Lahıc yolu olacaqdır. Bu da bir neçə kəndi birləşdirən
yoldur.
Ona görə, bunu deyirəm
ki, biz proqramı tərtib edirik, vəsait ayırırıq. Ancaq il ərzində
yeni təkliflər gəlir və bu təkliflər də həmişə
təmin edilir. Ona görə, bizim əsas fəaliyyət
istiqamətimiz də bundan ibarətdir ki, Azərbaycan
xalqının maraqlarını təmin edək, xalqı narahat
edən məsələlər öz həllini tezliklə
tapmalıdır. Çalışmalıyıq
ki, gələn ilin kənd yolları proqramının tərtibində
və təşkilində bütün yerlərdən gələn
təkliflər nəzərə alınsın. Mənə artıq ilkin məruzə edilib. Biz
gələn il bu ilə nisbətən daha
çox kəndi yeni yollarla təmin edəcəyik. Baxmayaraq
ki, bu il də yüzlərlə kəndə
yol salınıb. Bu proses hələ neçə il bundan sonra da davam etməlidir, o vaxta qədər
ki, bizim bir dənə də təmirsiz və yaxşı vəziyyətdə
olmayan kənd yolu qalmasın.
Mən giriş sözümdə
qeyd etdim ki, infrastruktur layihələri arasında meliorasiya məsələləri
indi ön plandadır. Bu layihələrin icrası artıq
öz səmərəsini verib. Bu il
nəzərdə tutulub ki, 150 min hektar yeni sahəyə suyun
verilməsi təmin edilsin və biz bu hədəfə
çatmalıyıq. Gələn il isə
ən azı bu günə qədər suvarılmayan, yaxud da
suvarılması lazımi səviyyədə olmayan 100 min
hektar sahəyə yeni kanallar çəkilməlidir ki, bu
proses daha da sürətlə getsin. Beləliklə,
suvarılan torpaqların həcmi hər il
artacaq. Bu da təbii ki, özlüyündə kənd
təsərrüfatının sürətli
inkişafını təmin edəcək. Çünki bu gündən sonra, - əslində bu
məqsəd, bu vəzifə əvvəlki dövrlərdə
də qarşıya qoyulmuşdur, - kənd təsərrüfatının
intensiv inkişafı təmin edilməlidir.
Bizim torpaq fondumuz məhduddur. Kənd təsərrüfatının
sürətli inkişafı ancaq intensiv metodlardan asılı
olacaqdır. Onların arasında əlbəttə
ki, aqrotexniki tədbirlər, laboratoriyaların qurulması,
torpağın düzgün təhlili, - bütün bu məsələlər
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təmin
edilir, - və suvarma məsələləridir. Ona görə, meliorativ tədbirlər həm
növbəti ilin Dövlət İnvestisiya Proqramında,
ondan sonrakı illərdə də daim prioritet
olmalıdır.
Onu da qeyd etməliyəm ki, bu il yerlərdən gələn təkliflər nəticəsində
bir neçə önəmli layihənin icrasına başlanılıb.
Şəmkirçay su anbarından kanalın
Goranboy rayonuna qədər uzadılması, Neftçala su
kanalının tikintisinin davam etdirilməsi və digər
layihələr on minlərlə hektar yeni torpaq sahəsinə
suyun verilməsini təmin edəcək. Əlbəttə
ki, Taxtakörpü su anbarının mövcudluğu və
yeni kanalların çəkilməsi Xızı, Siyəzən,
Şabran rayonlarındakı böyük torpaq sahələrinə
suyun verilməsini təmin edəcək.
Bu il kənd təsərrüfatı
ilə bağlı bir çox önəmli tədbirlər həyata
keçirilmişdir. Mənim sədrliyimlə
müxtəlif sahələr üzrə müşavirələr
keçirilmiş, pambıqçılıq,
baramaçılıq, tütünçülük,
fındıqçılıq, çəltikçilik,
sitrusçuluq, çayçılıq - bütün bu məsələlər
çox geniş müzakirə edilmişdir. Dövlət proqramları hazırlanmış, təsdiq
olunmuş və bütün hədəflər müəyyən
edilmişdir. Bu proqramlar çox konkret
xarakter daşıyır. Orada həm icra
mexanizmləri, maliyyə vəsaiti nəzərdə tutulur.
Əlbəttə ki, gələn ilin dövlət
büdcəsində bu proqramların reallaşması nəzərdə
tutulmalıdır.
Bir daha demək istəyirəm
ki, müşavirələrdə bütün rəqəmlər
qeyd edildi, qarşıya hədəflər qoyuldu. Həmin rəqəmləri
və hədəfləri təkrar etmək istəmirəm.
Əsas odur ki, bu proqramların çox operativ
icra mexanizmləri və maliyyə resursları təmin edilməlidir.
Hesab edirəm ki, bu il
kənd təsərrüfatı texnikasının
alınması ilə bağlı rekord il olmuşdur. Bu il artıq 8 min texnika gətirilib. Biz bu il 10 min texnika gətirməli idik. Yəqin ki, qalan texnika da ilin sonuna qədər gətiriləcək.
Deməliyəm ki, mən indi bölgələrdə
olarkən texnika ilə bağlı heç bir şikayət,
yaxud da əlavə təklif yoxdur. Biz demək
olar ki, bu məsələni də həll etmişik. Əlbəttə ki, bəzi kənd təsərrüfatı
sahələrinin inkişafı üçün xüsusi
texnikanın alınması davam etdirilməlidir və biz bunu
edəcəyik. Amma prinsipcə hesab edirəm
ki, biz bu problemi də köklü şəkildə həll etmişik.
Heyvandarlığın
sürətli inkişafı da prioritetlərdən biridir. Bu il bu
istiqamətdə çox işlər görülüb və
gələn il də görüləcək. Əlbəttə
ki, Göygöl rayonunda Süni Mayalanma Mərkəzinin
yaradılması bu sahədə dünyanın ən mütərəqqi
təcrübəsini Azərbaycana gətirməyi təmin
edir. Yerli cinslərin sağlamlaşdırılması,
yaxşılaşdırılması, cins mal-qaranın
alınması məsələnin həllini kompleks şəkildə
təmin edəcək və əminəm ki, biz bir neçə
ildən sonra südçülük və ətçilik sahəsində
daha da böyük uğurlara nail ola biləcəyik.
Azərbaycanda yeni süd zavodları
yaradılmalıdır. Çünki bizdə
bu sahədə bu qədər ki, inkişaf gözlənilir,
mövcud istehsal gücü bizi qane etməyəcək.
Bölgələrdə
logistik mərkəzlərin tikintisinə
başlanılmışdır. Biz əslində
artıq neçə ildir ki, soyuducu anbarlar, taxıl
anbarları, logistika ilə bağlı digər məsələləri
uğurla həll edirik. Demək olar ki,
bütün bölgələrdə bu məsələlər
öz həllini tapıbdır. İndi
vaxt gəlib ki, böyük ixraca hesablanmış logistik mərkəzlərin
yaradılması təmin edilsin. Çünki
biz əvvəlki dövrlərdə bu işləri daha
çox məhsulun xarab olmaması, saxlanması və daxili tələbatın
təmin edilməsi üçün görürdük. Ancaq bizim ixrac imkanlarımız artacaq, - indi mən
bu barədə də danışacağam, - və belə
olan halda, mütləq böyük logistik mərkəzlər
tikilməlidir. Onlardan birini mən Şəmkir
rayonunda olarkən görmüşəm. Əslində
o logistik mərkəzin təməlini də mən
qoymuşam. İndi deyə bilərəm
ki, bu bölgədə ən böyük logistik mərkəz
yaradılıbdır. Hesab edirəm ki,
bundan sonra bizə ən azı üç böyük logistik
mərkəz lazımdır - Mərkəzi Aran, şimal və
cənub zonalarında. Mən
sahibkarları da bu işlərə dəvət edirəm.
Dövlət öz dəstəyini verəcək,
kreditlər ayıracaq, bütün lazımi infrastruktur təşkil
ediləcək. Çünki bu, bizim
böyük ixrac potensialımızın inkişafı
üçün mütləq lazım olacaq.
İstixanaların
salınması Azərbaycanda çox geniş vüsət
alıb. Çox şadam ki, mənim
çağırışım və tövsiyələrim
reallaşır. Mənə bu yaxınlarda
verilən məlumata görə, biz bu təşəbbüsü
irəli sürəndən sonra hazırda 400 hektardan çox
sahədə yeni, müasir istixana kompleksləri
yaradılır. Onların bir hissəsi
istifadəyə verilib, böyük hissəsi isə hələ
yaradılmaqdadır. İndi təsəvvür
edin, məhsuldarlıq yüksək olan 400 hektarda yeni
istixanalar yaradılır. Bu istixanaların
böyük hissəsi ixraca hesablanıb və beləliklə,
bizim ixracımız daha da artacaq. Əlbəttə
ki, böyük logistik mərkəzlərin yaradılması
da bu potensiala uyğun şəkildə nəzərdə
tutulmalıdır.
Ölkəmizdə 38
aqroparkın yaradılması prosesi gedir. Onlardan ikisi
artıq fəaliyyət göstərir. Qalan
aqroparklarda işlər gedir. Bu işlər
tam nəzarət altındadır, mənə müntəzəm
olaraq məlumat verilir. Hesab edirəm ki, bu
aqroparkların uğurlu fəaliyyəti bizim bütün
sahibkarların diqqətini cəlb edəcək. Bu, həm sahibkarlar, həm dövlət, həm də
bizim valyuta ehtiyatlarımızın artırılması
üçün çox gəlirli sahədir.
Sənaye zonalarının
yaradılması artıq reallaşır. Mən bu barədə bir
neçə il bundan əvvəlki
müşavirələrdə də demişdim ki, hər
rayonda müasir sənaye zonaları yaradılmalıdır.
Biz artıq buna da nail oluruq. Bu
yaxınlarda Neftçala Sənaye Məhəlləsinin
açılışı oldu. Balaxanıda,
Masallıda sənaye zonaları yaradılır. Mingəçevirdə böyük
tekstilyönümlü yüngül sənaye zonası
yaradılır. Hacıqabul rayonunda sənaye
məhəlləsi yaradılır.
İqtisadiyyat Nazirliyinə göstəriş
verilmişdir ki, gələn il də bir
neçə rayonda sənaye zonalarının
yaradılması ilə bağlı praktiki işlər
başlasın. Neftçala rayonunda və digər
rayonlarda olduğu kimi, burada da dövlət yenə də əsas
yükü öz üzərinə götürəcək.
Bütün infrastruktur, bütün tikililər
- anbarların, istehsalat sahələrinin binaları dövlət
tərəfindən inşa ediləcək. Qoy, sahibkarlar təkliflər versinlər, bazarın
düzgün monitorinqini aparsınlar. Xüsusilə
o sahələrə üstünlük verilməlidir ki, biz o
sahələrdə hələ idxaldan asılıyıq.
Yəni, birinci növbədə idxal təhlil
edilməli və idxalı əvəzləyən məhsulların
istehsalı ilə bağlı təkliflər verilməlidir.
Bununla bərabər, əlbəttə ki, ixrac
potensialı olan istehsalın yaradılması da diqqət mərkəzində
olmalıdır. Yəni, daxili tələbat
və ixrac sənaye zonalarının əsas meyarları
olmalıdır. Ona görə, ixrac
bazarları da düzgün təhlil edilməlidir ki, biz
hansı məhsulla hansı bazara çıxa bilərik.
Elə olmasın ki, belə zonalar
yaradılsın, orada məhsul istehsal olunsun, sonra da onu sata
bilməsinlər. Əlbəttə ki,
sahibkarlar da bu işlərdə çox fəal iştirak etməlidirlər
- həm bölgələrdə, həm də Bakıda
yaşayan sahibkarlar. Bu zonaların çox
böyük potensialı var. Çünki bizim, - mən bu barədə
dəfələrlə demişəm, - bir neçə ənənəvi
sənaye mərkəzimiz var - Bakı, Sumqayıt, Gəncə,
indi Mingəçevir şəhərləri və digər
bölgələr. Hesab edirəm ki, əksər
rayonlarda sənaye zonalarının yaradılması
yaxşı nəticə verəcək.
Təqribən bir il,
bəlkə də bundan bir qədər də əvvəl
xalçaçılığın inkişafı istiqamətdə
çox ciddi addımlar atılmağa
başlanmışdır. Bu il 10
xalça fabrikinin istifadəyə verilməsi nəzərdə
tutulur. Onlardan ikisi mənim iştirakımla
açılıb, səkkizi ilin sonuna qədər
açılmalıdır. İndi verilən təkliflərə
baxılır, gələn il də
bölgələrdə təqribən 10-a yaxın fabrik
açılacaq. Bu, çox müsbət irəliləyişdir.
Xalçaçılıq bizim milli sənətimizdir,
eyni zamanda, xarici bazarlara çıxışı olan məhsuldur,
ölkəmizə valyuta gətirən sahədir, işsizliyi,
xüsusilə qadınlar arasında işsizliyi aradan
qaldıran sahədir. Xalçaçılığın
çox böyük potensialı var. Dövlət vəsait
ayırıb, bütün bu fabriklər dövlət
hesabına tikilir, həm dəzgahlar, həm də
bütün digər avadanlıq dövlət vəsaiti
hesabına alınır. Biz bütün
istehsal zəncirini ardıcıllıqla yaratmalıyıq.
Ona görə, göstəriş verilib, bu il
və gələn il müxtəlif bölgələrdə
yun qəbulu məntəqələri açılacaq. Bu məsələ təhlil edildi və
gördük ki, burada da xaotik bir vəziyyət
yaranıbdır. Bizim cəmi bir və ya
iki yerdə yun qəbulu məntəqəmiz var. Onlar da elə
vəziyyətdədir ki, heç olmasa idi, bəlkə bundan
yaxşı idi. Ona görə, yeni,
müasir məntəqələr yaradılacaq. Rayonlar müəyyən edilib, vəsait nəzərdə
tutulub, bu, birinci məsələ. İkincisi,
Sumqayıt şəhərində əyirici-boya fabrikinin
tikintisi nəzərdə tutulur. Bu məqsəd
üçün də vəsait ayrılıb. Ümid
edirəm, gələn il fabrikin
açılışı olacaq ki, biz həm boyadan, həm də
iplikdən xarici asılılığa son qoyaq. Əlbəttə ki, biz bundan sonra xarici bazarlara
çıxışı təmin etməliyik. Bunun üçün yəqin ki, sərgilərdə,
beynəlxalq tədbirlərdə daha fəal iştirak etməliyik.
Həmçinin reklam xarakterli tədbirlər də
görülməlidir ki, Azərbaycan öz milli sənətini
dünyaya təqdim etsin.
Tikinti sektorunda canlanma gedir. Bu, tikinti
materialları sektoruna da müsbət təsir göstərir.
Gələn il bu sahədə işlər
daha da sürətlə gedəcək. Hazırda
Bakı şəhərində 95 yaşayış binası
tikilir. Bu binaların özəlliyi ondan
ibarətdir ki, onlar yararsız, qəzalı vəziyyətdə
olan binaların, bəzi hallarda daxmaların yerində tikiləcək.
Orada yaşayan vətəndaşlara kompensasiya
ödənilir, yaxud da ki, kirayə pulu verilir. Sonra onlar daha da böyük mənzillərlə təmin
ediləcəklər. Artıq bir layihə
icra edilib. Orada əvvəllər
yaşamış və bu gün yaşayan sakinlər
çox razıdırlar. Onlara təmirli,
müasir və daha böyük həcmli mənzillər
verilmişdir.
Bu, həm sosial, həm də
iqtisadi layihədir. Bunun tikinti sektoruna çox böyük təsiri
var. Eyni zamanda, MİDA-nın - Mənzil İnşaatı
Dövlət Agentliyinin xətti ilə Yasamal rayonunda
böyük şəhərcik tikilir. Gələn
ilin dövlət büdcəsində vəsait nəzərdə
tutulmalıdır ki, həm bu layihə davam etdirilsin, həm də
Hövsan qəsəbəsində MİDA-nın yeni layihəsi
icra olunsun.
“ASAN xidmət” mərkəzlərinin
tikintisi davam etdirilir. Yaxın aylarda Mingəçevir və
Quba şəhərlərində yeni mərkəzlər
açılacaq. Şəki və İmişli şəhərlərində
isə gələn il yeni mərkəzlərin
açılması nəzərdə tutulur. Mən hesab edirəm
ki, gələn il əlavə bir neçə
şəhərdə “ASAN xidmət” mərkəzlərinin
tikintisi başlanmalıdır. Çünki bu
layihənin çox böyük səmərəsi var, xalq tərəfindən
yüksək qiymətləndirilir, bəyənmə əmsalı
100 faizə yaxındır. Ona görə
biz çalışmalıyıq ki, bütün bölgələrdə,
- indi biz buna yaxınlaşırıq, - bundan sonra hər bir
yerdə “ASAN xidmət” fəaliyyət göstərsin.
“ASAN” öz
funksiyalarını genişləndirir. İndi
kommunal xidmətlər göstərilir. “ABAD
mərkəz”lər yaradılır. Mən Masallıda,
Balakəndə olarkən artıq orada kəndli-fermerlərin
məhsulları ilə də tanış
oldum. Bunun çox böyük faydası var.
Eyni zamanda, “ABAD mərkəz”lərin yaradılması
özünüməşğulluq proqramının
icrasına da böyük dəstək olacaq. Özünüməşğulluq proqramına gəldikdə,
mən əvvəlki müşavirələrdə bu barədə
göstərişlər vermişəm. İndi
qanunvericilikdə də lazımi düzəlişlər
edilib. Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin kifayət qədər böyük vəsaiti
yaranacaq və bu vəsait də özünüməşğulluq
proqramının icrasına yönəldilir. İlkin məlumat müsbətdir. Bu məsələ yerlərdə çox
böyük həvəslə qarşılanır. Əlbəttə ki, dövlət ağır vəziyyətdə
yaşayanlar üçün öz hesabına pulsuz imkan
yaradır, vəsait verir ki, onlar bundan sonra öz
dolanışığını lazımi səviyyədə
təmin etsinlər.
Turizmin inkişafı
növbəti reallıqdır. Son bir-iki il ərzində
bu sahədə sürətli inkişafı
görürük. Yerlərdəki turizm mərkəzlərində
mənə deyirlər ki, xüsusilə yay aylarında və əsas
turizm mövsümündə otellərdə yer olmur. Ona görə, yeni otellərin tikintisi mütləq
təmin edilməlidir. Yerli icra orqanları
şərait yaratmalıdırlar, yerlər
ayırmalıdırlar və özəl sektor bu sahəyə
fəal investisiya qoymalıdır.
Strateji Yol Xəritələrinin
icrası ilə bağlı monitorinq aparılır. Monitorinqin nəticələri
mənə məruzə edildi. Monitorinq
göstərir ki, bəzi hallarda nəzərdə tutulan tədbirlərin
icrası gecikir. Buna yol vermək olmaz.
Bütün dövlət qurumları
qarşısında vəzifə qoyulmuşdur. Hər bir dövlət qurumu bilir nə etməlidir.
Ona görə, bəzi qurumlarda Strateji Yol Xəritələrinin
icrası 50 faizdir, 70 faizdir, bəzi qurumlarda isə 10 faizdir,
15 faizdir. Bunun izahatı tələb
olunmalıdır. Mən göstəriş
verirəm ki, gecikməyə yol verən qurumlar tezliklə
işlərində dönüş yaratsınlar. Bütövlükdə Strateji Yol Xəritələrinin
qəbulu və elan edilməsi çox ciddi islahatdır - 164
prioritet və 683 tədbir nəzərdə tutulmuşdur.
Onların hamısı 2020-ci ilə qədər
öz həllini tapmalıdır. Ona
görə, bu məsələ ilə bağlı monitorinqin
nəticələri təhlil olunmalı və burada
qüsurlara yol verən qurumlar tezliklə düzəlişlər
etməlidirlər. Mənə mütəmadi
olaraq məlumat veriləcək. Yubanma
aradan qaldırılmalıdır. Aidiyyəti
dövlət qurumları nəticə çıxarsınlar.
İndi isə mən bu il qeyri-neft ixracımızla bağlı bəzi
rəqəmləri səsləndirmək istəyirəm ki, Azərbaycan
ictimaiyyəti görsün, bizim işimiz necə gözəl
nəticə verir. Bu rəqəmlər səkkiz
ayı əks etdirir. Doqquz ayın rəqəmləri,
yəqin ki, bir qədər sonra məlum olacaq. Yəni, indi səkkiz ayın göstəriciləri
Azərbaycan ictimaiyyətinin diqqətinə
çatdırılacaq.
Deməli, ixracımız hansı
səviyyədə artıb? Tərəvəz
ixracı 68 faiz, o cümlədən pomidor 60 faiz. Bu gün qeyri-neft sektorunun ən çox gəlir gətirən
sahəsi pomidor ixracıdır. Səkkiz ayda bu, ölkəyə
128 milyon dollar gətirib və 59 faiz artım var. Kartof 63 faiz,
salat tərəvəzi 20 faiz, soğan ixracı 15 dəfə
artıb. Pambıq 2,4 dəfə, o
cümlədən pambıq lifi 8,4 dəfə, meyvə
ixracı bütövlükdə 12 faiz artıbdır. Ancaq alma və şaftalı üzrə artım iki
dəfədən çox olub. Süd məhsullarının
ixracı dörd dəfə artıb. Spirtli
və spirtsiz içkilər 28 faiz, onun içərisində
şərab 56 faiz artıb. Meyvə-tərəvəz
emalı məhsulları 50 faiz, tütün məmulatları
45 faiz, çay 63 faiz, bitki və heyvan mənşəli
yağlar 19 faiz, şokolad 65 faiz.
Sənaye məhsulları -
qızıl 56 faiz, elektrik enerjisi 4,1 dəfə, alüminium
28 faiz, kimya sənayesi məhsulları 25 faiz, plastiklər 14
faiz, mis-filiz konsentratları 94 faiz, avadanlıqlar, mexaniki
qurğular 48 faiz, mis və ondan hazırlanan məmulatlar 54
faiz, toxuculuq məmulatları 92 faiz. Elektrik
avadanlıqları və hissələri 75 faiz, daş, gips,
sement 34 dəfə.
Bu rəqəmlər ən
yaxşı göstəricidir. Onlar göstərir ki,
qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim
bütün vəzifələrimiz uğurla icra edilir. Mən əvvəlki dövrlərdə də qeyd
etmişdim ki, bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafıdır.
Ondan sonrakı dövrlərdə qarşıya
daha çox məsələ qoyulur ki, biz qeyri-neft
ixracının artımına nail olaq və buna da nail oluruq.
Çünki budur bizim inkişaf perspektivlərimiz.
Qeyri-neft sektorunun ixracı bizə böyük həcmdə
valyuta gətirir. Bu, hələ işimizin
birinci mərhələsidir. İndi
aqroparklar, istixanalar, heyvandarlığın inkişafı, sənayeləşmə
siyasətimiz bundan sonra daha da böyük nəticələr
verəcək. Mən həmişə deyəndə
ki, ölkəmizin gələcək inkişafı ilə
bağlı çox nikbin fikrim var, bax, buna əsaslanıram.
Ölkəmizin ictimai-siyasi vəziyyəti
də bir çox ölkələr üçün nümunə
ola bilər. Xalq-iqtidar birliyi
həmişə olduğu kimi möhkəmdir.
İqtisadi göstəricilər, - bu gün müşavirədə
bu göstəricilər səsləndi, - hər bir ölkə
üçün nümunə ola bilər.
Perspektivlərimiz bunlardır - sənayenin, kənd təsərrüfatının
inkişafı, infrastruktur, Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub
Qaz Dəhlizi” layihələrinin icrası, “Azəri”,
“Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi.
Bunlar yalnız sadaladığım əsas
istiqamətlərdir.
Ona görə əminəm
ki, nəinki bu ilin sonuna qədər, bundan sonrakı illərdə
də ölkəmiz uğurla inkişaf edəcək, Azərbaycan
həmişə zirvələrdə olacaq. Sağ olun.