“Yaşıl iqtisadiyyat”ın yüksəlişi
Balaxanı Sənaye Parkı Prezident İlham Əliyevin
modern sənayeləşmə siyasətinin inkişafına
mühüm təkan verir
Son illər ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir.
Prezident İlham Əliyevin uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parkları və sənaye məhəllələrinin yaradılması prosesi davam edir.
Azərbaycan regionun güclü sənaye mərkəzinə
çevrilməkdədir
Müstəqil Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş mühüm proqramlardan biri də modern sənayeləşmədir. Son illərdə yeni dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu sənayeləşmə siyasəti davamlı iqtisadiyyatın sənayeləşməsini daha da sürətləndirib. Təbii ki, sənayenin sürətli inkişafını təmin edən əsas amillər Azərbaycanın malik olduğu elmi potensial, təbii resurslar və logistik imkanlardır. Bu gün ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafında kompleksliliyin artırılması, dünya iqtisadiyyatına kifayət qədər dərin inteqrasiya olunması, enerji və resurslara qənaət edən ekoloji təmiz texnologiyaların istehsalının stimullaşdırılması, sənayenin ayrı-ayrı sahələrinin bir- biri ilə uzlaşmış şəkildə fəaliyyət göstərməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Məhz bu səbəblər, eləcə də sənaye sahəsində əldə edilən göstəricilər bir daha sübut edir ki, artıq Azərbaycan regionun güclü sənaye mərkəzinə çevrilməkdədir.
Onu da vurğulayaq ki, hazırda ölkəmizdə Sumqayıt Kimya Sənaye, Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parkları fəaliyyət göstərir.
Prezidentin
reallığa çevrilən daha bir layihəsi
Artıq ölkəmizdə
yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə
başlayıb, yeni sənaye sahələri yaradılıb, tələbatın
ödənilməsində yerli məhsulların payı əhəmiyyətli
dərəcədə artıb, ixracın həcmi yüksəlib. Müasir
texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan
sənaye müəssisələrində tullantıların təkrar
emalı kimi yeni sahələr inkişaf etdirilməklə
xammal idxalından asılılıq azaldılır, resurslara
və enerjiyə qənaət olunur ki, bu da ölkədə
“yaşıl iqtisadiyyat”ın yüksəlişinə
geniş imkan yaradır.
Prezident İlham Əliyevin 2011-ci il dekabrın 28-də imzaladığı sərəncama
əsasən yaradılan Balaxanı Sənaye Parkı bu
gün Bakı şəhəri və ətraf qəsəbələrdə
ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə
xidmət edir. 19 dekabr 2012-ci ildə Azərbaycan Prezidenti tərəfindən
təməli qoyulan, bu il sentyabrın 22-də dövlət
başçısının iştirakı ilə
açılışı olan Balaxanı Sənaye
Parkının yaradılması ölkəmizdə yüksək
texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye
məhsullarının istehsalının genişləndirilməsi,
qeyri-neft sektorunun, o cümlədən “yaşıl
iqtisadiyyat”ın inkişafı, əhalinin istehsal sahəsində
məşğulluğunun artırılması, Bakı şəhəri
və ətraf qəsəbələrdə ekoloji vəziyyətin
yaxşılaşdırılması məqsədinə xidmət
edir.
Paytaxtın mühüm sənaye mərkəzlərindən
birinə çevrilən bu parkda istehsal prosesini, real durumu
öyrənmək üçün üz tutduq Balaxanıya...
Qeyd edək ki, Balaxanı Sənaye
Parkının idarəedici təşkilatı İqtisadiyyat
Nazirliyinin “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti
təyin edilib və parkın yaradılması
üçün Balaxanı qəsəbəsində 7 hektar
torpaq sahəsi ayrılıb.
Rezidentlər 7 il müddətinə mənfəət, torpaq, əmlak
vergisindən azaddırlar
Sənaye parkının ərazisində
infrastruktur obyektlərinin qurulması və rezidentlərin tələblərinə
uyğunlaşdırılmış istehsalat binalarının
tikintisi dövlət vəsaiti hesabına həyata
keçirilib.
Parkın Balaxanı bərk məişət
tullantılarının zərərsizləşdirilməsi
poliqonuna, tullantıların çeşidlənməsi və
yandırılması zavodlarına, o cümlədən əsas
nəqliyyat qovşağına yaxın olması, logistika,
xammal və enerji təchizatına, eləcə də istehsal
edilən məhsulun asanlıqla satış bazarına
çıxarılmasına əlverişli imkan yaradır.
Balaxanı Sənaye Parkında işlənmiş mühərrik
yağlarının, tullantı plastik butulkaların,
kağız-karton məmulatların, tullantı plastik
materiallarının, süngər tullantılarının təkrar
emalı sahələri üzrə qeydiyyata alınan 5 rezident
tərəfindən 23 milyon manat investisiya yatırılıb.
Həmçinin parkın
rezidentlərinə, digər sənaye parklarının
rezidentləri kimi dövlət tərəfindən bir sıra
güzəştlər edilib. Belə ki, onlar 7 il müddətinə
mənfəət, torpaq, əmlak vergisindən azad olunur, sənaye
parkında istehsal sahəsinin qurulması və məhsul
istehsalı məqsədilə idxal edilən texnika, texnoloji
avadanlıq və qurğular ƏDV-dən və idxal
rüsumundan azad edilir.
İstifadəyə yararsız plastik butulkalar necə
xammala çevrilir?
Balaxanı Sənaye
Parkının rezidentlərindən olan “Az.Ekol.” MMC-də
plastik-PET butulkaların təkrar emalından plastik
qırıntılar istehsal edilir. Layihənin ümumi
investisiya məbləği 1,5 milyon
manatdır. Müəssisənin illik istehsal
gücü 1500 tondur. İstehsal sahəsində 30-dan
çox daimi iş yeri açılıb.
Balaxanı Bərk Məişət
Tullantılarının Çeşidlənməsi Zavodundan
müəssisəyə daxil olan yararsız plastik butulkalar
bunkerə daxil olduqdan sonra lentlər üzərində hərəkət
edir. Hərəkətdə olan butulkalar işçilər
tərəfindən rənglərinə və tərkibinə
uyğun olaraq çeşidlənir. Sonra dəzgahlara
ötürülür və doğranılır. Doğranma prosesi yekunlaşdıqda alınan xammal
öncə qaynar suda, sonra soyuq suda yuyulur və qurudularaq anbara
ötürülür. Beləliklə,
tullantı plastik butulkalar yüksək keyfiyyətli plastik
qırıntılara çevrilir. Yəni
müəssisə plastikləri xammala çevirərək
satışını həyata keçirir.
Bu plastik
qırıntılardan yenidən butulkalar, plastik ipliklər,
müxtəlif plastik vasitələr, elektrik
avadanlıqlarının qoruyucuları və digər məhsullar
hazırlanır. Müəssisənin xammalı əsasən
Rusiyaya satılır. Gələcəkdə
digər xarici ölkələrə də ixracı nəzərdə
tutulur.
Lazımsız
plastiklərin emalından alınan yeşiklər
Parkda tullantı-plastik məmulatların
təkrar emalı nəticəsində müxtəlif plastik
qablaşdırma məhsullarının istehsalını həyata
keçirən rezidentlərdən biri də “METAK” MMC-dir.
Ümumi investisiya dəyəri 17 milyon manat olan bu layihəyə
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondundan 1,2 milyon manat güzəştli kredit ayrılıb. Bu vəsait hesabına Avropa, Türkiyə və
Çindən alınmış istehsal xətləri sənaye
parkında quraşdırılıb. Xammalı
Balaxanı Bərk Məişət Tullantılarının
Çeşidlənməsi Zavodundan alan
müəssisənin illik istehsal gücü 12 min tondur.
Müəssisəyə gələn
plastik öncə burada yenidən çeşidlənir. Sonra dəzgahlarda
doğranır və digər qurğularda yuyulub qurudulur.
Yenidən yüksək dərəcəli istilik
sistemindən keçirilən məhsul xammala çevrilir.
Bu xammaldan müxtəlif kənd təsərrüfatı
məhsullarının qablaşdırılmasında istifadə
edilən yeşiklər hazırlanır. Müəssisəyə
daxil olan 250 ton məhsuldan 230 tonluq xammal əldə edilir.
Hazırda müəssisədə 30 nəfər
çalışır. Yeni avadanlıqlar gətirildikdən
sonra burada əlavə 70 iş yeri açılacaq.
İşlənmiş
mühərrik yağları keyfiyyətli dizel
yanacağına çevrilir
Balaxanı Sənaye
Parkının daha bir rezidenti işlənmiş mühərrik
yağlarının təkrar emalını həyata
keçirən “Ekokat” MMC-dir. İnvestisiya qoyuluşu 1 milyon
manat təşkil edən müəssisənin illik istehsal
gücü 3000 tondur. Rezidentə İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
200 min manat məbləğində güzəştli kredit
verilib. Bu güzəştli kredit
hesabına Türkiyə və Çindən emal
avadanlıqları alınıb.
Yeni yaradılan müəssisədə
işlənmiş mühərrik yağlarını texnoloji və
kimyəvi proseslərdən keçirməklə təkrar
emalından 88 faiz həcmdə yenidən istifadəyə
yararlı mühərrik yağları istehsal olunur.
Müəssisəyə gətirilən
işlənmiş yağlar böyük çənlərə
boşaldıldıqdan sonra bişirilmə prosesi
başlanır. Bu mərhələdən sonra
yağın içərisindən lazımsız materiallar
götürülür və tərkibinə müəyyən
qatqılar qatılaraq təkrar emal olunur. Nəticədə
iri tutumlu nəqliyyat vasitələrinin və kənd təsərrüfatı
texnikasının mühərriklərində istifadə
üçün bütün standartlara cavab verən yağlar
- ölkəmizdə ən çox tələbat olan salidol
sürtkü yağı, universal sənaye, transformator,
transmissiya (sürət qutularında istifadə olunan)
yağlar istehsal edilir.
Gələcəkdə
istehsal prosesi zamanı baza yağları ilə yanaşı,
dizel yanacağı da əldə olunacaq ki, bu da istehsalın
yanacağa olan tələbatının ödənilməsinə
yönəldiləcək. Qalan neft qalıqları isə
asfalt, ruberoid və s. istehsalında bitum əvəzedicisi kimi
istifadə oluna bilər. Bundan başqa, ölkəmizdə
ildən-ilə sürətlə artan avtomobil və digər
texnikalarda istifadə olunmuş mühərrik və ya
sürtkü yağlarının təkrar emalı bu
yağların kənara atılaraq ətraf mühiti
çirkləndirməsinin qarşısını alacaq.
Fəhlələri
robotlar əvəz edir
Sənaye parkının
rezidentlərindən biri olan “FORİELLA” MMC isə süngər
tullantılarının təkrar emalı və mebel
istehsalı üzrə fəaliyyət göstərir. Ümumi investisiya məbləği
3,5 milyon manat olan müəssisənin
yaradılmasına da dövlət tərəfindən dəstək
verilib. Belə ki, bu müəssisəyə
Sahibkarlığa Kömək Milli Fondundan 2 milyon manat güzəştli
kredit ayrılıb. Müəssisənin illik istehsal
gücü 3 min dəst qonaq, yataq, mətbəx mebelləri,
100 min ədəd stul, 10 min masa təşkil edir.
Müəssisədə
tullantı süngərlər təkrar emal edilir. Öncə
tullantılar çeşidlənir və dəzgahlarda
doğranır. Yuyulub-qurudulduqdan sonra isə
xammal digər dəzgahda bir-birinə bərkidilir. Hazırlanan süngərin hər tərəfinin
hamar olması üçün üzlük çəkilir.
Bu süngərlərdən müxtəlif
stulların, divan-kresloların oturacaqlarında, eləcə də
müəssisənin hazırladığı mətbəx
mebelləri üçün istifadə olunur.
Masa istehsalı müəssisəsində
isə Almaniyadan gətirilmiş müasir dəzgahlar
quraşdırılıb. Burada istehsal prosesi
çox maraqlıdır. Belə ki,
sifariş olunan məhsulun dizaynı kompüterdə
hazırlandıqdan sonra dəzgaha komanda verilir və bir
neçə dəqiqədən sonra çeşidlər
hazır olur. Digər dəzgahlarda isə
müxtəlif çeşidlərin bir-birinə bərkidilməsi
prosesi aparılır. Stul istehsalı
prosesində isə hazır hissələr
quraşdırıldıqdan sonra materialın səthi
hamarlaşdırılır və rəngləməyə
verilir. Rəngləməni isə robot həyata
keçirir. Belə ki, bütün proses bitdikdən
sonra stulların rəngləri seçilməklə robota
tanıdılır və komanda verilir.
Onu da qeyd edək ki, müəssisə
xammalı Ukraynadan alır. Hazırlanan
stol-stulların materialı əsasən fıstıq
ağacındandır.
Tullantı
kağızları - çap-poliqrafiya məhsulları
Parkın rezidentlərindən
olan “Çapar” poliqrafiya müəssisəsi isə 3 hissədən
- təkrar emal, qablaşdırma və çap kəsim sahəsindən
ibarətdir. Burada tullantı kağızlardan istifadə olunmaqla
çap-poliqrafiya məhsulları istehsal edilir.
Müəssisənin
ümumi investisiya məbləği 1 milyon manatdır. Aylıq
istehsal gücü 40 ton olan müəssisəyə yaxın
günlərdə yeni avadanlıqlar gətiriləcək.
Bundan sonra aylıq istehsal gücünün 150
tona yüksəlməsi gözlənilir. Səbəb
isə sifarişlərin artmasıdır. Xammalı əsasən
Rusiya və Türkiyədən alan müəssisədə
hazırda 30 nəfər işçi qüvvəsi
çalışır.
Təkrar emal
biznesi
Sahibkarların
marağını nəzərə alaraq Balaxanı Sənaye
Parkının fəaliyyətinin genişləndirilməsi
işləri davam etdirilir. Artıq polietilen və polipropilen
tullantılarının, kartriclərin təkrar emalı,
polietilen tullantılarının təkrar emalından
yapışqan lent istehsalı, qida yağlarının təkrar
emalı nəticəsində biodizel, taxta tullantıların
emalından kömür, qida tullantılarından gübrə
və yem, kağız tullantılarından meyvə-tərəvəz
üçün qablaşdırma məmulatları
istehsalı sahələri üzrə sahibkarlar sənaye
parkında fəaliyyət göstərmək
üçün müraciət ediblər.
Sənaye parkının gələcək
planları ümumi və davamlı infrastrukturun
yaradılması, emal, istehsal və xidmət sahələrinin
əlaqəli şəkildə vahid məkanda yerləşməsi,
sənayenin ətraf mühitə təsirlərinin
azaldılmasıdır. Məqsədləri isə təkrar emal
biznesinin genişləndirilməsi, yaşıl məhsul
istehsalının artırılması, innovativ
texnologiyaların tətbiqi, məlumat və bilik mübadiləsinın
həyata keçirilməsidir.
Bu gün həqiqətən
ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə
siyasəti çərçivəsində müasir
texnologiyalara əsaslanan yeni-yeni müəssisələr
yaradılır, rəqabətqabiliyyətli və
ixracyönümlü sənaye məhsullarının
istehsalı artır. Bütün bunlar isə Prezident İlham
Əliyevin həyata keçirdiyi yeni iqtisadi strategiyanın
uğur formuludur. Çünki həyata
keçirilən hər bir layihə Azərbaycanın gələcək
inkişafı ilə bağlı
düşünülmüş proqramdır.
Rəşad
BAXŞƏLİYEV
Elgün
MƏNSİMOV
Azərbaycan.-
2017.-10 oktyabr.- S.1-2.