Azərbaycan
Respublikası Nazirlər Kabinetinin iş qaydası
Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr
tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi
müddəalar
1.1. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin iş qaydası (bundan sonra - Qayda) Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Azərbaycan
Respublikasının Konstitusiyasında təsbit edilmiş və
Azərbaycan Respublikası Prezidentinin aktları ilə ona həvalə
olunmuş səlahiyyətlərin həyata keçirilməsi
üçün onun fəaliyyətinin təşkili
qaydalarını müəyyən edir.
1.2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti (bundan sonra - Nazirlər Kabineti) öz fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin və Nazirlər Kabinetinin
aktlarını, habelə bu Qaydanı rəhbər tutur.
1.3. Azərbaycan
Respublikasının Baş naziri (bundan sonra - Baş nazir)
Nazirlər Kabinetinin işini təşkil edir.
1.4. Nazirlər Kabinetinin
iclasına, bir qayda olaraq, Baş nazir sədrlik edir. Nazirlər
Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti
iştirak etdikdə, iclasa Azərbaycan Respublikasının
Prezidenti sədrlik edir.
1.5. Baş nazir rəhbəri
olduğu əlaqələndirici və məşvərətçi
orqanların iclaslarını, habelə öz yanında
müşavirələr keçirir, operativ məsələlərə
dair qərarlar qəbul edir. Baş nazir məzuniyyətdə
və ya ezamiyyətdə olduqda, yaxud səlahiyyətlərini
müvəqqəti icra edə bilmədikdə, onun səlahiyyətlərini
Baş nazirin birinci müavini icra edir. Həmin
səbəblərə görə Baş nazirin səlahiyyətlərini
Baş nazirin birinci müavininin icra etməsi mümkün
olmadıqda və ya o, təyin edilmədikdə, Baş nazirin
səlahiyyətlərini onun müəyyən etdiyi digər
müavini icra edir.
1.6. Baş nazir Nazirlər Kabinetinin
işi barədə Azərbaycan Respublikasının
Prezidentini mütəmadi məlumatlandırmalıdır.
1.7. Azərbaycan Respublikası
Prezidentinin Nazirlər Kabinetinə, yerli icra hakimiyyəti
orqanlarına, habelə Azərbaycan Respublikasının
Prezidenti və Nazirlər Kabineti tərəfindən
yaradılan publik hüquqi şəxslərə və səhmlərinin
(paylarının) nəzarət zərfi dövlətə məxsus
olan hüquqi şəxslərə (bundan sonra - dövlətin
hüquqi şəxsləri) verdiyi
tapşırığın icrasının nəticələri
barədə müvafiq hesabat tapşırığın icraçısı
tərəfindən Azərbaycan Respublikasının Prezidentinə
təqdim olunmalıdır.
1.8. Nazirlər Kabineti Azərbaycan
Respublikası Prezidentinin və Nazirlər Kabinetinin
aktlarının, Azərbaycan Respublikası Prezidentinin, Baş
nazirin və onun müavinlərinin tapşırıqlarının
Nazirlər Kabinetinin tərkibinə daxil olan mərkəzi icra
hakimiyyəti orqanları (bundan sonra - mərkəzi icra hakimiyyəti
orqanları), habelə yerli icra hakimiyyəti orqanları və
dövlətin hüquqi şəxsləri tərəfindən
icrasına nəzarəti həyata keçirir. İcraya
nəzarət Nazirlər Kabinetinin Aparatı tərəfindən
təşkil və təmin olunur.
1.9. Baş nazir, onun müavinləri,
nazirlər və başqa mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri (bundan sonra - Nazirlər
Kabinetinin üzvləri) qəbul olunmuş qərarların həyata
keçirilməsinə, habelə onlara həvalə
edilmiş vəzifələrin yerinə yetirilməsinə və
hüquqların həyata keçirilməsinə görə
şəxsən məsuliyyət daşıyırlar.
1.10. Nazirlər Kabinetinin üzvləri
öz fəaliyyətlərini Azərbaycan Respublikası
Prezidentinin sədrliyi ilə keçirilən iclaslarda,
müşavirələrdə və digər tədbirlərdə,
Nazirlər Kabinetinin iclaslarında, Baş nazirin və onun
müavinlərinin sədri olduqları əlaqələndirici
və məşvərətçi orqanların (bundan sonra - əlaqələndirici
və məşvərətçi orqanlar) iclaslarında,
Baş nazirin və onun müavinlərinin yanında
keçirilən müşavirələrdə, habelə
Nazirlər Kabineti üzvlərinin iştirakı nəzərdə
tutulan digər rəsmi tədbirlərdə iştirak zərurətini
nəzərə almaqla planlaşdırırlar.
1.11. Nazirlər Kabinetində
ona təqdim olunmuş və ya Nazirlər Kabinetinin
Aparatında hazırlanmış hüquqi aktların layihələrinə,
Azərbaycan Respublikası Prezidentinin, Baş nazirin və onun
müavinlərinin tapşırıqlarına, habelə digər
sənədlərə baxılır. Nazirlər Kabinetində, həmçinin
barəsində müvafiq aktların qəbul olunması tələb
olunmayan məsələlərə, habelə müraciətlərə
(sorğulara), yuxarı inzibati orqanın səlahiyyətlərinin
həyata keçirilməsi ilə bağlı digər məsələlərə
də baxılır.
1.12. Bu Qaydanın məqsədləri
üçün aktların layihələrinə və digər
sənədlərə Nazirlər Kabinetində baxılması
onlara Nazirlər Kabinetinin iclaslarında, əlaqələndirici
və məşvərətçi orqanların
iclaslarında, habelə Baş nazir və onun müavinlərinin
yanında keçirilən müşavirələrdə və
ya təkbaşçı baxılması deməkdir.
1.13. Nazirlər Kabinetində
aktların layihələrinə və digər sənədlərə
baxılmanın nəticələri Nazirlər Kabinetinin
aktları, Nazirlər Kabinetinin iclasının, əlaqələndirici
və məşvərətçi orqanların
iclaslarının, Baş nazirin və onun müavinlərinin
yanında keçirilən müşavirələrin
protokolları, habelə Baş nazirin və onun müavinlərinin
dərkənarı və ya onların imzaladığı digər
sənədlər ilə rəsmiləşdirilir.
1.14. Nazirlər Kabinetinin
aktları, Nazirlər Kabinetinin iclasının, əlaqələndirici
və məşvərətçi orqanların
iclaslarının, Baş nazirin və onun müavinlərinin
yanında keçirilən müşavirələrin
protokolları, habelə Baş nazirin və onun müavinlərinin
dərkənarı və ya onların imzaladığı digər
sənədlər Nazirlər Kabinetinin Aparatı tərəfindən
rəsmiləşdirilir.
1.15. Nazirlər Kabineti öz
fəaliyyəti haqqında məlumatları “İnformasiya əldə
etmək haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq açıqlayır.
1.16. Nazirlər Kabinetində
baxılmış məsələlər haqqında məlumatlar
Nazirlər Kabinetinin aktlarına, Baş nazirin və onun
müavinlərinin göstərişlərinə uyğun
olaraq, mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra
hakimiyyəti orqanlarına, dövlətin hüquqi şəxslərinə,
habelə müraciət (sorğu) etmiş şəxslərə
Nazirlər Kabinetinin Aparatı tərəfindən göndərilir.
1.17. “İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, Nazirlər Kabinetində baxılan məsələlərlə
bağlı informasiya xidməti istifadə üçün nəzərdə
tutula bilər.
2. Nazirlər
Kabinetinin iş planı
2.1. Nazirlər Kabineti Azərbaycan
Respublikasının Konstitusiyasında təsbit edilmiş və
Azərbaycan Respublikası Prezidentinin aktları ilə ona həvalə
olunmuş səlahiyyətlərin (o cümlədən normativ
hüquqi aktların layihələrinin hazırlanması ilə
bağlı fəaliyyətinin) həyata keçirilməsini,
eləcə də iclasların, müşavirələrin və
digər tədbirlərin keçirilməsini planlaşdırır.
2.2. Nazirlər Kabineti növbəti il üçün bu Qaydanın 2.1-ci bəndində
nəzərdə tutulmuş məsələlərlə
bağlı illik iş planlarını (bundan sonra - iş
planı) təsdiq edir.
2.3. Növbəti il
üçün iş planına dair təkliflər Nazirlər
Kabinetinin Aparatı, mərkəzi icra hakimiyyəti
orqanları, yerli icra hakimiyyəti orqanları, habelə
dövlətin hüquqi şəxsləri tərəfindən
hər il noyabr ayının 1-dək Baş nazirə göndərilir.
İş planına dair təkliflərə
aşağıdakılar əlavə olunur:
2.3.1. məsələnin
adı (normativ hüquqi aktın layihəsinin işçi
adı), konsepsiyası və onun tənzimlənməsinin zəruriliyinin
əsaslandırılması;
2.3.2. məsələnin
həyata keçirilməsi üçün tələb
olunanlar (maliyyə, insan və digər resurslar);
2.3.3. məsul
icraçılar;
2.3.4. gözlənilən
nəticələr;
2.3.5. Nazirlər Kabinetinin
iclasında baxılmasının təxmini müddəti.
2.4. Növbəti il
üçün iş planına dair Baş nazirə
ünvanlanan təkliflər Nazirlər Kabinetinin Aparatında
baxılaraq ümumiləşdirilir və Baş nazirə təqdim
olunur. Növbəti il üçün iş planına dair Nazirlər
Kabinetində normativ hüquqi aktların layihələrinin
hazırlanması fəaliyyəti ilə bağlı Nazirlər
Kabinetinin Aparatında təkliflərə baxılarkən,
qanun layihələrinin hazırlanmasına dair Azərbaycan
Respublikası Milli Məclisinin və Azərbaycan
Respublikası Prezidentinin qarşılıqlı
razılaşdırılmış illik planı nəzərə
alınmalıdır.
2.5. Növbəti il üçün
iş planına dair təqdim olunan təkliflərə dekabr
ayının 1-dək Nazirlər Kabinetinin iclasında
baxılaraq Nazirlər Kabinetinin növbəti il
üçün iş planı təsdiq edilir.
2.6. Baş nazir Nazirlər Kabinetinin
növbəti il üçün təsdiq
edilmiş iş planı və onun icrası barədə Azərbaycan
Respublikasının Prezidentini məlumatlandırır.
2.7. Azərbaycan Respublikası
Prezidentinin tapşırığı, habelə Nazirlər
Kabinetinin iclasının qərarı ilə Nazirlər
Kabinetinin təsdiq edilmiş illik iş planında dəyişikliklər
edilə bilər. Dəyişikliklər barədə
təkliflər bu Qaydanın 2.3-cü bəndində müəyyən
edilmiş qaydada verilir.
3. Nazirlər
Kabinetinin iclaslarının planlaşdırılması,
hazırlanması və keçirilməsi
3.1. Nazirlər Kabinetinin iclasları və
iclaslarının gündəliyi təsdiq edilmiş illik
iş planına uyğun olaraq planlaşdırılır.
3.2. Nazirlər Kabineti
iclasının gündəliyinin layihəsi Nazirlər Kabineti
Aparatının rəhbəri tərəfindən
hazırlanır və müvafiq materiallarla birlikdə Baş
nazirə təqdim olunur.
3.3. Baş nazir tərəfindən bəyənilmiş
iclas gündəliyinin layihəsi və müvafiq materiallar
iclasın tarixindən azı 5 iş günündən əvvəl
Nazirlər Kabinetinin üzvlərinə, habelə iclasda
iştirak edəcək digər şəxslərə Nazirlər
Kabinetinin Aparatı tərəfindən göndərilir. Nazirlər Kabinetinin iclasının gündəliyi
bilavasitə onun iclasında təsdiq olunur.
3.4. İclas gündəliyinin layihəsinin
və müvafiq materialların göndərildiyi Nazirlər
Kabinetinin üzvləri, habelə iclasda iştirak edəcək
digər şəxslər, zərurət yarandıqda,
iclasın başlanmasına 24 saat qalanadək müvafiq məsələlər
üzrə rəy və təkliflərini Nazirlər Kabinetinə
təqdim edə bilərlər.
3.5. Nazirlər Kabinetinin
iclasında Nazirlər Kabinetinin üzvləri şəxsən
iştirak etməlidirlər. Nazirlər Kabinetinin
üzvü məzuniyyətdə və ya ezamiyyətdə
olduqda, yaxud səlahiyyətlərini müvəqqəti icra edə
bilmədikdə, Nazirlər Kabinetinin iclasında onun səlahiyyətlərini
icra edən müavini iştirak etməlidir. Nazirlər Kabinetinin iclasına Nazirlər Kabineti
Aparatının rəhbəri, Nazirlər Kabineti
Aparatının struktur bölmələrinin rəhbərləri,
yerli icra hakimiyyəti orqanlarının, habelə dövlətin
hüquqi şəxslərinin rəhbərləri də dəvət
oluna bilərlər.
3.6. Azərbaycan
Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri və
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
struktur bölmələrinin rəhbərləri Nazirlər
Kabinetinin iclasında iştirak edə bilərlər.
3.7. Nazirlər Kabinetinin
iclasına dəvət olunan şəxslərin
siyahısı Baş nazirlə razılaşdırılmaqla
Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən
müəyyən olunur.
3.8. Nazirlər Kabinetinin
iclasında iştirak edən şəxslər Nazirlər
Kabinetinin Aparatı tərəfindən qeydiyyata alınır.
3.9. Nazirlər Kabineti
üzvlərinin azı yarısı iştirak etdikdə Nazirlər
Kabinetinin iclası səlahiyyətli hesab olunur.
3.10. Nazirlər Kabinetinin
iclasında Nazirlər Kabinetinin üzvləri gündəlikdəki
məsələlərə dair məruzələrlə
çıxış edə bilərlər. Nazirlər
Kabinetinin iclasında orada iştirak edən digər şəxslər
də iclasa sədrlik edənin razılığı ilə
çıxış edə bilərlər.
3.11. Nazirlər Kabinetinin
iclasında baxılan məsələlərə dair qərarlar
səsvermə ilə qəbul edilir. Qərar iclasda
iştirak edən Nazirlər Kabineti üzvlərinin sadə səs
çoxluğu ilə qəbul olunur. Səslər
bərabər olduqda, iclasda sədrlik edənin səsi həlledici
sayılır.
3.12. Nazirlər Kabinetinin
iclasında baxılan məsələyə dair Nazirlər
Kabineti üzvünün xüsusi rəyi olduqda, onun tələbi
və ya iclasa sədrlik edənin göstərişi ilə
xüsusi rəy iclas protokoluna daxil edilməlidir.
3.13. Nazirlər Kabinetinin iclasında
məruzələr üçün vaxt 15 dəqiqəyə
qədər, həmməruzələr üçün 10 dəqiqəyə
qədər, müzakirələrdə
çıxışlar üçün isə 5 dəqiqəyə
qədər müəyyən olunur.
3.14. Nazirlər Kabinetinin
iclası açıq keçirilir. Nazirlər Kabinetinin
iclasına sədrlik edənin təşəbbüsü ilə
Nazirlər Kabinetinin iclası qapalı da keçirilə bilər.
Nazirlər Kabinetinin qapalı iclası keçirilərkən
(ayrı-ayrı məsələlər qapalı müzakirə
olunarkən) materialların hazırlanması, iclaslara buraxılış,
stenoqraflama, protokolların və qəbul edilən aktların
tərtibi məxfi sənədlərlə müəyyən
olunmuş iş qaydalarına və məxfilik rejiminə riayət
olunmaqla həyata keçirilir.
3.15. Nazirlər Kabinetinin iclasında
baxılacaq məsələlər və materiallar haqqında kütləvi
informasiya vasitələrinin məlumatlandırılması,
iclas başa çatdıqda Nazirlər Kabineti üzvlərinin
iclaslarda baxılmış məsələlərə dair mətbuat
konfransının (brifinqin) təşkili, vətəndaşların
iclasda baxılmış məsələlər və bu məsələlərə
dair qəbul olunmuş qərarlar haqqında kütləvi
informasiya vasitələri ilə məlumatlandırılması
Nazirlər Kabinetinin Aparatı tərəfindən təmin
edilir.
3.16. Nazirlər Kabinetinin
iclasında kütləvi informasiya vasitələri nümayəndələrinin
iştirakı, video və fotoçəkilişlərin, habelə
səsyazmanın aparılması qaydası Nazirlər Kabineti
Aparatının rəhbəri tərəfindən müəyyən
olunur.
3.17. Nazirlər Kabinetinin
iclasının stenoqrafik, audio və
videoyazılışı Nazirlər Kabinetinin Aparatı tərəfindən
təmin edilir.
Qapalı iclasın (qapalı müzakirənin)
audio və videoyazılışı aparılmır.
3.18. Nazirlər Kabinetinin
iclasında iştirak edən şəxslərin iclasa video və
fotoaparatlar, səsyazma qurğuları, habelə rabitə vasitələri
gətirməsinə icazə verilmir.
3.19. Azərbaycan
Respublikası Prezidentinin tapşırığı ilə
Nazirlər Kabinetinin iclasında əlavə (gündəlikdənkənar)
məsələlərə də baxıla bilər.
3.20. Nazirlər Kabinetinin
növbədənkənar iclası Baş nazirin, Baş nazir
məzuniyyətdə və ya ezamiyyətdə olduqda, yaxud səlahiyyətlərini
müvəqqəti icra edə bilmədikdə Baş nazirin
birinci müavininin, o, olmadıqda isə digər müavininin
qərarı ilə keçirilir.
3.21. Nazirlər Kabinetinin iclasında
baxılmaq üçün hazırlanmış
materialların keyfiyyətinə və vaxtında təqdim
olunmasına görə Nazirlər Kabinetinin üzvləri,
Nazirlər Kabineti Aparatının rəhbəri, yerli icra
hakimiyyəti orqanlarının, habelə dövlətin
hüquqi şəxslərinin rəhbərləri şəxsən
məsuliyyət daşıyırlar.
4. Nazirlər
Kabinetinin və əlaqələndirici və məşvərətçi
orqanların iclaslarında, Baş nazirin və onun müavinlərinin
yanında keçirilən müşavirələrdə qəbul
olunan, habelə Baş nazirin operativ məsələlərə
dair qəbul etdiyi qərarların rəsmiləşdirilməsi
4.1. Nazirlər Kabinetinin və
əlaqələndirici və məşvərətçi
orqanların iclaslarında, Baş nazirin və onun müavinlərinin
yanında keçirilən müşavirələrdə qəbul
olunan qərarlar protokolla rəsmiləşdirilir. Həmin
protokollar Nazirlər Kabinetinin Aparatı tərəfindən
iclas və ya müşavirə başa çatdıqdan sonra
24 saat müddətində tərtib olunur və iclasa və ya
müşavirəyə sədrlik edən şəxs tərəfindən
imzalanır.
4.2. Operativ məsələlərə
dair Baş nazirin qəbul etdiyi qərarlar Nazirlər Kabinetinin
aktları və ya Baş nazirin dərkənarı ilə rəsmiləşdirilir.
4.3. Nazirlər Kabinetinin iclasında
baxılmış Azərbaycan Respublikası
qanunlarının, Azərbaycan Respublikası Prezidenti və
Nazirlər Kabineti aktlarının layihələrinin təkmilləşdirilməsi
zərurəti yarandıqda, həmin layihələr barəsində
iclasda bildirilmiş rəy və təkliflər, habelə
aidiyyəti mərkəzi icra hakimiyyəti orqanına
(orqanlarına) verilən tapşırıqlar iclas protokoluna
daxil edilir. Tapşırıqda başqa müddət müəyyən
olunmadıqda, təkmilləşdirilmiş layihə 10 iş
günü müddətində Baş nazirə təqdim edilməlidir.
4.4. Nazirlər Kabinetinin
iclaslarının və müşavirələrin
protokolları Nazirlər Kabinetinin üzvlərinə, habelə
Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən
müəyyən olunmuş siyahı üzrə digər
şəxslərə iclasdan və ya müşavirədən
sonra 2 iş günü müddətində göndərilir.
4.5. Bu Qaydada nəzərdə
tutulan digər məsələlərə dair
tapşırıqların icra müddəti bu Qaydanın 5-ci
hissəsi ilə müəyyən olunur.
5. Nazirlər
Kabinetinin aktlarında, Nazirlər Kabinetinin və əlaqələndirici
və məşvərətçi orqanların iclaslarının
protokollarında verilən tapşırıqların, habelə
Azərbaycan Respublikası Prezidentinin, Baş nazirin və onun
müavinlərinin tapşırıqlarının icrası
qaydası
5.1. Azərbaycan Respublikasının
Konstitusiyasında və Azərbaycan Respublikası Prezidentinin
aktlarında Nazirlər Kabinetinin səlahiyyətlərinə
aid edilmiş məsələlərin həlli, habelə Azərbaycan
Respublikası Prezidentinin Nazirlər Kabinetinə verdiyi
tapşırıqların icrasının təşkili məqsədilə
Nazirlər Kabineti aktlar qəbul edir, həmçinin Baş
nazir və onun müavinləri Nazirlər Kabinetinin digər
üzvlərinə, Nazirlər Kabineti Aparatının rəhbərinə,
yerli icra hakimiyyəti orqanlarının və dövlətin
hüquqi şəxslərinin rəhbərlərinə
tapşırıqlar verirlər.
5.2. Bu Qaydanın 5.1-ci bəndində
müəyyən edilən hallarda, habelə Nazirlər
Kabinetinin və əlaqələndirici və məşvərətçi
orqanların iclaslarının protokollarında, həmçinin
Baş nazirin və onun müavinlərinin keçirdikləri
müşavirələrin protokollarında və dərkənarlarında
tapşırıqlar verildikdə, əsas icraçı
müəyyən olunmalı və layihənin
razılaşdırılması vacib olan mərkəzi icra
hakimiyyəti orqanı (orqanları), yerli icra hakimiyyəti
orqanı (orqanları), dövlətin hüquqi şəxsi
(şəxsləri) göstərilməlidir. Verilmiş
tapşırıqda əsas icraçı kimi əsasnaməsinə
və ya nizamnaməsinə uyğun olaraq müvafiq sahədə
dövlət siyasətini və tənzimləməsini həyata
keçirən mərkəzi icra hakimiyyəti orqanı
(orqanları), yerli icra hakimiyyəti orqanı (orqanları) və
ya dövlətin hüquqi şəxsi (şəxsləri)
müəyyən olunmalıdır.
5.3. Azərbaycan Respublikası
Prezidentinin tapşırığına əsasən Azərbaycan
Respublikası Prezidentinin Administrasiyası rəhbərinin məktubu
ilə Nazirlər Kabinetinə daxil olan Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidenti aktlarının layihələrinə və
digər sənədlərə, məktubda başqa müddət
nəzərdə tutulmadıqda, bir ay müddətində
Nazirlər Kabinetində baxılmalıdır.
5.4. Tapşırıqların
icraçılara çatdırılması Nazirlər
Kabinetinin Aparatı tərəfindən 2 iş günü
müddətində, operativ məsələlərə dair
Baş nazirin qəbul etdiyi qərarlar və ya onun dərkənarları,
habelə “təcili” və “qısa müddətdə” göstərişi
ilə verilən tapşırıqlar isə
imzalandığı gündən etibarən 12 saatdan gec
olmamaq şərtilə təxirəsalınmadan təmin
olunur.
5.5. Nazirlər Kabinetinin
aktlarında verilən tapşırıqlar icraçılara
onlara aktın nüsxəsi göndərilməklə
çatdırılır.
5.6. Nazirlər Kabinetinin
iclaslarının protokollarında verilən
tapşırıqlar icraçılara onlara iclas protokolundan
çıxarış göndərilməklə
çatdırılır.
5.7. Baş nazirin və onun müavinlərinin
keçirdikləri müşavirələrin protokollarında
verilən tapşırıqlar icraçılara onlara
müşavirə protokolu və ya ondan
çıxarış göndərilməklə
çatdırılır. Baş nazir və onun
müavinləri tərəfindən baxılan sənədlər
üzrə tapşırıqlar icraçılara tərtib
edilmiş dərkənar onlara göndərilməklə
çatdırılır.
5.8. Tapşırığın icra
müddəti təqvim günü ilə və ya dövrlə
müəyyən olunur. Tapşırığın
icra müddəti dövrlə müəyyən olunduqda, onun
icrasının başlanma tarixi imzalandığı gündən
hesablanır.
5.9. “Təcili” göstərişi ilə
verilən tapşırıq 3 iş günü,
“qısa müddətdə” göstərişi ilə verilən
tapşırıq isə 7 iş günü müddətində
icra olunmalıdır. “Təcili” və ya
“qısa müddətdə” göstərişi ilə
verilmiş tapşırıqlarda təkliflərin
razılaşdırılması nəzərdə tutula bilməz.
Tapşırığın icra müddəti
göstərilmədikdə o, tapşırığın (qərarın)
imzalanması tarixindən etibarən bir ay müddətində
(növbəti ayın müvafiq gününə qədər,
növbəti ayda həmin gün olmadıqda isə ayın
son gününə qədər) icra olunmalıdır.
Tapşırığın icra müddətinin son
günü qeyri-iş gününə təsadüf etdikdə,
icra müddətinin son günü növbəti iş
günü hesab olunur.
5.10. Tapşırığın
müəyyən olunmuş müddətdə icrası
mümkün olmadıqda, tapşırığı icra edən
uzadılmanın səbəbləri və mümkün icra
tarixi göstərilməklə, müddətin
uzadılması haqqında Nazirlər Kabinetinə təklif
verməlidir. Belə təklif tapşırığın (qərarın)
icrasının başa çatma tarixindən 7 iş
günü əvvəl təqdim olunmalıdır. “Təcili” və ya “qısa müddətdə”
göstərişi ilə verilmiş
tapşırıqların icra müddəti uzadılmır.
5.11. Tapşırıq bir neçə
mərkəzi icra hakimiyyəti orqanına, yerli icra hakimiyyəti
orqanına, dövlətin hüquqi şəxsinə verildikdə,
tapşırıqda birinci göstərilmiş və ya
“çağırış” sözü ilə ifadə
olunmuş orqanın rəhbəri tapşırığın
əsas icraçısı hesab edilir. Birgə
icraçılar təkliflərini əsas icraçıya
tapşırığın icrasına ayrılmış
müddətin birinci yarısında təqdim etməlidirlər.
5.12. Azərbaycan Respublikası
Prezidentinin Nazirlər Kabinetinə verdiyi
tapşırığın icrası üzrə Baş nazir və
ya onun müavinləri tərəfindən müəyyən
edilən əsas icraçı Azərbaycan Respublikası
Prezidentinin müəyyən etdiyi müddətin (“təcili” və
ya “qısa müddətdə” göstərişi ilə verilən
tapşırıqlar istisna olmaqla) bitməsinə ən geci 5
iş günü qalmış Azərbaycan
Respublikasının Prezidentinə təqdim olunacaq hesabatın
layihəsini Baş nazirə və ya onun müavinlərinə
təqdim edir.
5.13. Tapşırıq müəyyən
olunmuş müddətdə icra olunmadıqda,
tapşırığın icraçısı
tapşırığın icrası üçün
verilmiş müddət bitdikdən sonra 3 iş günü
müddətində müvafiq olaraq
tapşırığı vermiş Azərbaycan
Respublikasının Prezidentinə, Baş nazirə və ya
onun müavinlərinə tapşırığın
icrasının vəziyyəti və onun müəyyən
olunmuş müddətdə icra olunmamasının səbəbləri
haqqında arayış təqdim edir.
6. Nazirlər
Kabinetində hüquqi aktların layihələrinin
hazırlanması, təqdim edilməsi, baxılması və
Nazirlər Kabinetinin aktlarının qəbul edilməsi, rəsmi
dərc edilməsi və qüvvəyə minməsi
6.1. Azərbaycan
Respublikası Konstitusiyasının 120-ci maddəsinin I hissəsinə
uyğun olaraq, Nazirlər Kabineti ümumi qaydalar müəyyən
etdikdə qərarlar, başqa məsələlər üzrə
sərəncamlar qəbul edir.
6.2. Nazirlər Kabinetinin
aktları Baş nazir (bu Qaydanın 1.5-ci bəndi nəzərə
alınmaqla) tərəfindən imzalanır.
6.3. Nazirlər Kabinetində hüquqi
aktların layihələrinin hazırlanması, təqdim edilməsi,
baxılması və Nazirlər Kabinetinin aktlarının qəbul
edilməsi, rəsmi dərc edilməsi və qüvvəyə
minməsi zamanı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikası Konstitusiya Qanununun, Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanına
əlavə - “İcra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının hazırlanması və qəbul
edilməsi qaydası haqqında Əsasnamə”nin, Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 385 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Dövlət və
yerli özünüidarə orqanlarının
aktlarının elektron informasiya sistemləri vasitəsilə
açıqlanması Qaydası”nın, habelə Nazirlər
Kabinetinin və mərkəzi icra hakimiyyəti
orqanlarının hazırladıqları normativ hüquqi
aktların layihələrinin “Elektron hökumət”
portalında yerləşdirilməsinə, Nazirlər Kabinetinin
aktlarının rəsmi dərc edilməsinə dair Nazirlər
Kabinetinin müəyyən etdiyi qaydaların tələbləri
nəzərə alınır.
6.4. Mərkəzi icra hakimiyyəti
orqanları, yerli icra hakimiyyəti orqanları və dövlətin
hüquqi şəxsləri tərəfindən Azərbaycan
Respublikası qanunlarının, Azərbaycan Respublikası
Prezidenti və Nazirlər Kabineti aktlarının layihələrinin
razılaşdırılması həyata keçirildiyi zaman
layihəyə və ya onun ayrıca struktur elementinə dair
icraçılar arasında fikir ayrılıqları olduqda,
layihə irad və təkliflərlə birlikdə əsas
icraçı tərəfindən Baş nazirə təqdim
edilir.
6.5. Həmin layihə və ya onun
ayrıca struktur elementinə dair qarşılıqlı həllin
tapılması məqsədilə Baş nazirin
tapşırığı ilə onun müavini və ya Nazirlər
Kabineti Aparatının rəhbərinin yanında Aparatın
müvafiq struktur bölməsinin (bölmələrinin), layihəni
hazırlayan əməkdaşının (əməkdaşlarının),
habelə irad və təklifləri olan mərkəzi icra
hakimiyyəti orqanının (orqanlarının), yerli icra
hakimiyyəti orqanının (orqanlarının) və dövlətin
hüquqi şəxsinin (şəxslərinin) nümayəndələrinin
iştirakı ilə müzakirə aparılır.
6.6. Bu Qaydanın 6.5-ci bəndinə
uyğun aparılan müzakirə nəticəsində layihəni
razılaşdırmaq mümkün olmadıqda, bu barədə
Baş nazirə məlumat verilir.
6.7. Azərbaycan
Respublikası qanunlarının, Azərbaycan Respublikası
Prezidenti və Nazirlər Kabineti aktlarının layihələrinə
və ya onun ayrıca struktur elementinə dair mərkəzi
icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti
orqanlarının və dövlətin hüquqi şəxslərinin
rəyləri Baş nazir üçün məcburi hesab
olunmur. Baş nazir qarşılıqlı həlli
tapılmayan layihə və ya onun ayrıca struktur elementinə
dair öz qərarını həyata keçirir.
7. Əlaqələndirici
və məşvərətçi orqanlar
7.1. Əlaqələndirici orqan olan
komissiyalar və təşkilat komitələri müəyyən
tapşırıqların yerinə yetirilməsi
üçün mərkəzi icra hakimiyyəti
orqanlarının, yerli icra hakimiyyəti orqanlarının və
dövlətin hüquqi şəxslərinin işini əlaqələndirmək
məqsədi ilə yaradılır.
7.2. Məşvərətçi
orqan olan şuralar konkret sahənin araşdırılması
və təhlili, habelə inkişafı ilə bağlı təkliflərin
hazırlanması məqsədi ilə yaradılır.
7.3. Əlaqələndirici və məşvərətçi
orqanlar təmsilçilik əsasında yaradılır. Əlaqələndirici və məşvərətçi
orqanların tərkibinə, baxılan məsələlərdən
asılı olaraq, mərkəzi icra hakimiyyəti
orqanlarının, yerli icra hakimiyyəti orqanlarının və
(və ya) dövlətin hüquqi şəxslərinin
nümayəndələri daxil edilir. Əlaqələndirici
və məşvərətçi orqanların fəaliyyətinə
yerli özünüidarə orqanlarının və
qeyri-hökumət təşkilatlarının nümayəndələri
də cəlb edilə bilər.
7.4. Əlaqələndirici və məşvərətçi
orqanların qərarları ilə onların tərkibində
işçi qruplar yaradıla bilər.
7.5. Əlaqələndirici və məşvərətçi
orqanların qərarları iclas protokolları ilə rəsmiləşdirilir.
7.6. Əlaqələndirici və məşvərətçi
orqanların fəaliyyəti əsasnamələri ilə tənzimlənir.
8. Nazirlər
Kabinetinin Azərbaycan Respublikasının Milli Məclisi
qarşısında hesabatı
8.1. Nazirlər Kabineti hər il Azərbaycan Respublikası Milli Məclisinin
yaz sessiyasının beşinci iclasında öz fəaliyyəti
haqqında hesabat verir.
8.2. Hesabatın layihəsinin
hazırlanması üçün Baş nazir aidiyyəti
üzrə Nazirlər Kabinetinin üzvlərinə
tapşırıqlar verir.
8.3. Nazirlər Kabinetinin
üzvləri aidiyyəti üzrə hesabatın layihəsini
hazırlayaraq Baş nazirə təqdim etməlidirlər.
8.4. Nazirlər Kabinetinin
üzvlərindən daxil olmuş layihələr baxılmaq və
ümumiləşdirilmək üçün Baş nazirin
müavinlərinə, Nazirlər Kabineti Aparatının rəhbərinə
və Aparatın müvafiq struktur bölmələrinə
göndərilir.
8.5. Nazirlər Kabinetinin Azərbaycan
Respublikasının Milli Məclisi qarşısında
hesabatını Baş nazir və ya onun birinci müavini, Azərbaycan
Respublikası Prezidentinin tapşırığı olduqda isə
Nazirlər Kabinetinin müvafiq üzvü verir.
9. Azərbaycan
Respublikası Milli Məclisinin Nazirlər Kabinetinə
sorğuları
9.1. Azərbaycan
Respublikasının Milli Məclisi Nazirlər Kabinetinə onun
səlahiyyətlərinə aid edilmiş məsələlərə
dair sorğu ilə müraciət etdikdə, Nazirlər
Kabinetinin sorğuya cavabının layihəsi Baş nazirin
tapşırığı ilə aidiyyəti mərkəzi
icra hakimiyyəti orqanı (orqanları) tərəfindən
hazırlanır.
9.2. Azərbaycan
Respublikası Milli Məclisinin sorğusuna cavab Nazirlər
Kabinetini təmsil edən səlahiyyətli şəxs tərəfindən
Azərbaycan Respublikası Milli Məclisinin iclasında bir
aydan gec olmayaraq təqdim edilir.
10. Azərbaycan
Respublikası Milli Məclisinin deputatlarının Nazirlər
Kabinetinin üzvlərinə sorğuları
Azərbaycan Respublikası
Milli Məclisinin deputatlarından Baş nazirin və ya onun
müavinlərinin ünvanına daxil olmuş sorğulara
cavab layihələri Nazirlər Kabinetinin Aparatı tərəfindən
15 gündən gec olmayaraq hazırlanır. Nazirlər
Kabinetinin digər üzvlərinə daxil olmuş sorğulara
cavablar aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı tərəfindən
hazırlanmalıdır. Sorğulara cavab
vermək üçün Baş nazir və ya onun
tapşırığı ilə Nazirlər Kabinetinin digər
üzvləri Azərbaycan Respublikası Milli Məclisinin
iclaslarında iştirak edirlər.
11. Nazirlər
Kabinetinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
sorğuları
11.1. Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin
1-8-ci bəndlərində nəzərdə tutulmuş məsələlərin
həllinə dair Nazirlər Kabineti Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə
sorğu verə bilər.
11.2. Nazirlər Kabineti Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə
əsasən, Azərbaycan Respublikası Konstitusiyasının
və qanunlarının şərh edilməsi
üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
sorğu verə bilər.
11.3. Bu Qaydanın 11.1-ci və
11.2-ci bəndlərində nəzərdə tutulmuş
sorğular Baş nazirin və ya onun müavinlərinin
tapşırığı ilə Nazirlər Kabinetinin
Aparatı və ya sorğu təşəbbüsü ilə
çıxış edən aidiyyəti mərkəzi icra
hakimiyyəti orqanı (orqanları) tərəfindən hazırlanır.
11.4. Bu Qaydanın 11.1-ci və
11.2-ci bəndlərində nəzərdə tutulmuş
sorğular Baş nazir tərəfindən verilə bilər.
12. Vətəndaşların
qəbulu və müraciətlərinə baxılması
12.1. Nazirlər Kabineti “Vətəndaşların
müraciətləri haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq vətəndaşların müraciətlərinə
baxılmasını, onlara dair qərarların qəbul edilməsini
və cavablandırılmasını, həmçinin vətəndaşların
qəbulunu təmin edir.
12.2. Nazirlər Kabinetinin
üzvləri tərəfindən vətəndaşların qəbulu
Baş nazir tərəfindən hər ay təsdiq olunan qrafik
üzrə həftənin müəyyən günlərində
aparılır.
12.3. Baş nazirin və ya
onun müavinlərinin ünvanına daxil olan müraciətlər
ilə iş Nazirlər Kabinetinin Aparatı tərəfindən
aparılır.
Azərbaycan.-
2017.- 11 oktyabr.- S.5.