Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 10 oktyabr tarixli Fərmanı
ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin (bundan sonra - Nazirlər Kabineti) Aparatı ali kateqoriyalı dövlət orqanıdır.
1.2. Nazirlər Kabinetinin Aparatı öz fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aktlarını, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin iş qaydasını, habelə
bu Əsasnaməni rəhbər tutur.
1.3. Nazirlər Kabinetinin Aparatı Azərbaycan
Respublikası Prezidentinin Administrasiyası ilə, habelə Azərbaycan
Respublikasının mərkəzi icra hakimiyyəti
orqanları ilə qarşılıqlı əlaqəli surətdə
fəaliyyət göstərir.
1.4. Nazirlər Kabineti Aparatının
müstəqil balansı, istifadəsində olan dövlət əmlakı,
xəzinə və bank hesabları, üzərində Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri və öz
adı həkk olunmuş möhürü, müvafiq
ştampları və blankları vardır.
1.5. Nazirlər Kabineti Aparatının
saxlanması xərcləri və fəaliyyəti Azərbaycan
Respublikası dövlət büdcəsinin vəsaiti
hesabına maliyyələşdirilir.
2. Nazirlər Kabineti
Aparatının fəaliyyət istiqaməti
Nazirlər Kabineti Aparatının fəaliyyət
istiqaməti Azərbaycan Respublikasının
Konstitusiyasında təsbit olunmuş və Azərbaycan
Respublikası Prezidentinin aktları ilə həvalə olunmuş
səlahiyyətlərin (bundan sonra - Nazirlər Kabinetinin səlahiyyətləri)
Nazirlər Kabineti tərəfindən həyata keçirilməsini
təşkil və təmin etməkdən ibarətdir.
3. Nazirlər Kabineti
Aparatının vəzifələri
3.0. Bu Əsasnamə ilə müəyyən
edilmiş fəaliyyət istiqamətinə uyğun olaraq,
Nazirlər Kabineti Aparatının vəzifələri
aşağıdakılardır:
3.0.1. Nazirlər Kabinetinin səlahiyyətlərinin
həyata keçirilməsini təmin etmək
üçün bilavasitə, yaxud Nazirlər Kabinetinin tərkibinə
daxil olan mərkəzi icra hakimiyyəti orqanlarını
(bundan sonra - mərkəzi icra hakimiyyəti orqanları), yerli
icra hakimiyyəti orqanlarını, həmçinin Azərbaycan
Respublikasının Prezidenti və ya Nazirlər Kabineti tərəfindən
yaradılan publik hüquqi şəxsləri və səhmlərinin
(paylarının) nəzarət zərfi dövlətə məxsus
olan hüquqi şəxsləri (bundan sonra - dövlətin
hüquqi şəxsləri) cəlb etməklə tədbirlər
görmək;
3.0.2. Nazirlər Kabinetinin, Azərbaycan
Respublikası Baş nazirinin (bundan sonra - Baş nazir) və
onun müavinlərinin fəaliyyətinin hüquqi,
analitik-informasiya və təşkilati-texniki təminatını
həyata keçirmək;
3.0.3. Nazirlər Kabinetinin fəaliyyəti
haqqında hesabatların hazırlanmasını təmin etmək;
3.0.4. Azərbaycan Respublikası Prezidentinin
və Nazirlər Kabinetinin aktlarının, habelə Azərbaycan
Respublikası Prezidentinin, Baş nazirin və onun müavinlərinin
tapşırıq və göstərişlərinin icrası
ilə əlaqədar Azərbaycan Respublikası
qanunlarının, Azərbaycan Respublikası Prezidentinin və
Nazirlər Kabinetinin aktlarının layihələrini
hazırlamaq və Baş nazirə təqdim etmək;
3.0.5. Nazirlər Kabineti Aparatının rəhbərinin
tapşırığı ilə onun əmr və sərəmcamlarının
layihələrini hazırlamaq;
3.0.6. Baş nazirin və onun müavinlərinin
tapşırıqlarını hazırlamaq;
3.0.7. Azərbaycan Respublikası
Prezidentinin, habelə Baş nazirin və onun müavinlərinin
tapşırıqlarının icrasını təşkil
etmək;
3.0.8. Nazirlər Kabinetinin aktlarını,
Nazirlər Kabinetinin iclasının, Baş nazirin və onun
müavinlərinin sədrlik etdikləri əlaqələndirici
və məşvərətçi orqanların (bundan sonra - əlaqələndirici
və məşvərətçi orqanlar) iclaslarının,
Baş nazirin və onun müavinlərinin yanında
keçirilən müşavirələrin
protokollarını, habelə Baş nazirin və onun
müavinlərinin dərkənarlarını və ya
onların imzaladığı digər sənədləri rəsmiləşdirmək;
3.0.9. Nazirlər Kabinetində baxılmış
məsələlər haqqında məlumatları Nazirlər
Kabinetinin aktlarına, Baş nazirin və ya onun müavinlərinin
göstərişlərinə uyğun olaraq, mərkəzi
icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti
orqanlarına, dövlətin hüquqi şəxslərinə,
habelə müraciət (sorğu) etmiş şəxslərə
göndərmək;
3.0.10. Nazirlər Kabinetinin növbəti il üçün iş planına dair Baş
nazirə təqdim olunan təkliflərə baxaraq, onları
ümumiləşdirmək və Baş nazirə təqdim etmək;
3.0.11. Nazirlər Kabinetinin növbəti il üçün iş planına dair Nazirlər
Kabinetində normativ hüquqi aktların layihələrinin
hazırlanması ilə bağlı təkliflərə
baxılarkən Azərbaycan Respublikası Milli Məclisinin və
Azərbaycan Respublikası Prezidentinin qanun layihələrinin
hazırlanmasının qarşılıqlı
razılaşdırılmış illik planını nəzərə
almaq;
3.0.12. Nazirlər Kabineti iclasının
Baş nazir tərəfindən bəyənilmiş gündəliyinin
layihəsini və müvafiq materialları iclasın
keçiriləcəyi tarixdən azı 5 iş günü əvvəldən
Nazirlər Kabinetinin üzvlərinə, habelə Nazirlər
Kabinetinin iclasında iştirak edəcək digər şəxslərə
göndərmək;
3.0.13. Nazirlər Kabinetinin iclaslarında
iştirak edən şəxslərin qeydiyyatının
aparılmasını təmin etmək;
3.0.14. Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarından Baş nazirin və ya onun müavinlərinin
ünvanına daxil olmuş sorğulara cavabların layihələrini
hazırlamaq;
3.0.15. Baş nazirin və ya onun müavinlərinin
tapşırığı ilə Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə
sorğular hazırlamaq;
3.0.16. Azərbaycan Respublikası
Prezidentinin və Nazirlər Kabinetinin aktlarının, Azərbaycan
Respublikası Prezidentinin, Baş nazirin və onun müavinlərinin,
habelə Nazirlər Kabineti Aparatı rəhbərinin
tapşırıqlarının mərkəzi icra hakimiyyəti
orqanları, yerli icra hakimiyyəti orqanları və dövlətin
hüquqi şəxsləri tərəfindən icrasına nəzarəti
təşkil və təmin etmək;
3.0.17. Nazirlər Kabineti qərarlarının
layihələrinə dair “Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununda nəzərdə
tutulmuş məcburi ekspertizaların keçirilməsini və
müvafiq rəylərin hazırlanmasını təmin etmək;
3.0.18. qanunvericilik təşəbbüsü
hüququna malik subyektlərdən daxil olan qanun layihələrinə
baxmaq və onlara dair rəy (maliyyə, iqtisadi, ekoloji və
s.) hazırlanmasını təmin etmək;
3.0.19. Baş nazirin sədrlik etdiyi Nazirlər
Kabineti iclaslarının, Baş nazir və onun müavinlərinin
rəhbərliyi ilə keçirilən tədbirlərin,
habelə Nazirlər Kabinetinin Aparatında təşkil edilən
digər görüş və müşavirələrin
hazırlanmasını və maddi-texniki təchizatını
təmin etmək, həmçinin belə iclas,
görüş, müşavirə və digər tədbirlərdə
müzakirə ediləcək məsələlərlə
bağlı sənədləri hazırlamaq;
3.0.20. Baş nazirin, onun müavinlərinin,
habelə Nazirlər Kabineti Aparatının rəhbərinin
çıxışlarını və məruzələrini
hazırlamaq;
3.0.21. Baş nazirin və onun müavinlərinin
səfərlərini, habelə onların iştirakı ilə
keçirilən tədbirlərin protokol təminatını
təşkil etmək;
3.0.22. Baş nazirin və onun müavinlərinin,
habelə Nazirlər Kabineti Aparatının rəhbərinin
tapşırığı ilə Nazirlər Kabineti
Aparatının müvafiq struktur bölmələrinin, mərkəzi
icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti
orqanlarının, habelə dövlətin hüquqi şəxslərinin
nümayəndələrinin iştirakı ilə müzakirə
və məsləhətləşmələr keçirmək;
3.0.23. “İnzibati icraat haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən, mərkəzi icra
hakimiyyəti orqanlarının qərarlarına, digər hərəkətlərinə
(hərəkətsizliyinə) münasibətdə yuxarı
inzibati orqanın səlahiyyətlərinin həyata
keçirilməsini təmin etmək;
3.0.24. idarələrarası
elektron sənəd dövriyyəsi sisteminin
iştirakçısı kimi müvafiq tədbirlər həyata
keçirmək;
3.0.25. Azərbaycan Respublikası
Prezidentinin müəyyən etdiyi hallarda Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
imzalanması və təsdiq olunması üçün tədbirlər
görmək;
3.0.26. Nazirlər Kabinetinin normativ hüquqi
aktlarını rəsmi şərh etmək;
3.0.27. əlaqələndirici
və məşvərətçi orqanların işini təşkil
etmək;
3.0.28. mərkəzi
icra hakimiyyəti orqanlarından, yerli icra hakimiyyəti
orqanlarından, dövlətin hüquqi şəxslərindən,
habelə yerli özünüidarəetmə orqanlarından
daxil olan məlumat və təklifləri təhlil edib
ümumiləşdirərək Baş nazirə və onun
müavinlərinə təqdim etmək;
3.0.29. Nazirlər Kabinetinin qərarlarının
rəsmi dərcini təmin etmək;
3.0.30. Nazirlər Kabinetinin aktlarının
nüsxələrinin Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasına, aidiyyəti mərkəzi icra hakimiyyəti
orqanlarına, yerli icra hakimiyyəti orqanlarına və
dövlətin hüquqi şəxslərinə, habelə Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilməsi üçün kağız və elektron
daşıyıcılarda Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyinə göndərilməsi
üçün tədbirlər görmək;
3.0.31. Azərbaycan Respublikası
qanunlarının icrasının təmin edilməsi ilə
bağlı qəbul edilən Nazirlər Kabineti qərarlarının
nüsxələrinin Azərbaycan Respublikası Milli Məclisinin,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin aparatlarına,
Azərbaycan Respublikasının Baş Prokurorluğuna, aidiyyəti
mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti
orqanlarına və dövlətin hüquqi şəxslərinə
göndərilməsi üçün tədbirlər görmək;
3.0.32. Azərbaycan Respublikasının
normativ hüquqi aktlarının (mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktları istisna olmaqla), Azərbaycan
Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan
Respublikası Prezidentinin sərəncamlarının və
Nazirlər Kabinetinin sərəncamlarının nəzarət
nüsxələri ilə iş aparmaq;
3.0.33. Nazirlər Kabinetinin iclaslarında
baxılmış (baxılacaq) məsələlər və
materiallar haqqında və bu məsələlərə dair qəbul
olunmuş qərarlar haqqında, habelə Baş nazirin, onun
müavinlərinin və Nazirlər Kabineti Aparatının fəaliyyəti
haqqında məlumatlandırmanı, internet saytının
yaradılmasını, siyahısı “İnformasiya əldə
etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş açıqlanmalı olan ictimai
informasiyanın həmin saytda yerləşdirilməsini və
bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.0.34. Nazirlər Kabinetinin iclaslarında
baxılmış məsələlərə dair Nazirlər
Kabineti üzvlərinin mətbuat konfranslarını (brifinqlərini)
təşkil etmək;
3.0.35. Nazirlər Kabineti iclaslarının
stenoqrafik, audio və videoyazılışını təmin
etmək;
3.0.36. Nazirlər Kabineti Aparatının əməkdaşlarını
kurs və təlimlərə cəlb və ezam etmək, həmçinin
mütəxəssislərin hazırlanması və əlavə
təhsili üçün tədbirlər görmək;
3.0.37. Nazirlər Kabinetinin Aparatında
kargüzarlığı təşkil etmək, icra və əmək
intizamına riayət olunması üzrə işin təşkili
vəziyyətini yoxlamaq;
3.0.38. vətəndaşlardan,
habelə vətəndaşlığı olmayan şəxslərdən,
əcnəbilərdən və hüquqi şəxslərdən
daxil olmuş müraciətləri (sorğuları) təhlil
etmək və onlara baxılmanı təmin etmək, fiziki
şəxslərin qəbulunu həyata keçirmək;
3.0.39. Nazirlər Kabineti Aparatının
maliyyə, təsərrüfat və maddi-texniki təminatı
məsələlərini həll etmək;
3.0.40. bu Əsasnamə
və Azərbaycan Respublikası Prezidentinin başqa aktları
ilə müəyyən edilmiş digər vəzifələri
yerinə yetirmək.
4. Nazirlər Kabineti
Aparatının hüquqları
4.0. Nazirlər Kabineti Aparatının
öz vəzifələrini həyata keçirmək
üçün aşağıdakı hüquqları
vardır:
4.0.1. Nazirlər Kabinetinin səlahiyyətlərinin
həyata keçirilməsinə dair təkliflər vermək;
4.0.2. Nazirlər Kabinetinin növbəti il üçün iş planına dair təklifləri
hər il noyabr ayının 1-dək Baş nazirə təqdim
etmək;
4.0.3. müvafiq
hüquqi aktların layihələrini hazırlamaq və aidiyyəti
subyektlərlə razılaşdırmaq, habelə onların
hazırlanmasında iştirak etmək;
4.0.4. təhlillər aparmaq, təkliflər,
tövsiyələr, rəylər, arayışlar, analitik və
digər yönümlü materiallar hazırlamaq, onları
Baş nazirə və onun müavinlərinə, habelə
Nazirlər Kabineti Aparatının rəhbərinə təqdim
etmək;
4.0.5. qeyri-hökumət təşkilatları,
beynəlxalq təşkilatlar və xarici ölkələrin
dövlət orqanları ilə əməkdaşlıq etmək,
əməkdaşlığa dair təkliflər hazırlamaq;
4.0.6. beynəlxalq,
ölkə və ya region miqyaslı tədbirlərdə
iştirak etmək;
4.0.7. hər hansı məsələnin
araşdırılması və ya həlli üçün
aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının,
yerli icra hakimiyyəti orqanlarının, habelə dövlətin
hüquqi şəxslərinin əməkdaşlarını,
müstəqil ekspert və mütəxəssisləri cəlb
etməklə işçi qruplar yaratmaq;
4.0.8. mərkəzi icra
hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti
orqanlarına, dövlətin hüquqi şəxslərinə,
yerli özünüidarəetmə orqanlarına, habelə
fiziki və hüquqi şəxslərə zəruri məlumatlar
(sənədlər) barədə yazılı və ya
şifahi sorğu vermək və onlardan belə məlumatları
(sənədləri) almaq;
4.0.9. müxtəlif
görüşlər, iclaslar, müşavirələr və
digər tədbirlər keçirmək;
4.0.10. mərkəzi
icra hakimiyyəti orqanlarının kollegiya iclaslarında
iştirak etmək;
4.0.11. Nazirlər Kabineti Aparatının əməkdaşlarının
maddi təminatının, əmək və sosial-məişət
şəraitinin yaxşılaşdırılması barədə
Baş nazirə təkliflər vermək;
4.0.12. bu Əsasnamə
və Azərbaycan Respublikası Prezidentinin başqa aktları
ilə müəyyən edilmiş digər hüquqları həyata
keçirmək.
5. Nazirlər Kabineti
Aparatının fəaliyyətinin təşkili
5.1. Nazirlər Kabinetinin Aparatı bilavasitə
Azərbaycan Respublikasının Baş nazirinə və onun
müavinlərinə, habelə Nazirlər Kabineti
Aparatının rəhbərinə tabedir.
5.2. Nazirlər Kabineti Aparatının
strukturunu və işçilərinin say həddini Azərbaycan
Respublikasının Prezidenti müəyyən edir.
5.3. Nazirlər Kabinetinin Aparatına
ümumi rəhbərliyi Nazirlər Kabineti Aparatının rəhbəri
həyata keçirir.
5.4. Nazirlər Kabineti Aparatının rəhbəri,
Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla, Baş nazir tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilir.
5.5. Nazirlər Kabineti Aparatının
inzibati vəzifə tutan digər işçilərinin vəzifəyə
təyin və vəzifədən azad edilməsi, habelə
dövlət qulluğu haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi ilə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərinə aid
edilmiş hallar istisna olmaqla, işçilərə
müvafiq ixtisas dərəcələrinin verilməsi Baş
nazir tərəfindən həyata keçirilir.
5.6. Nazirlər Kabineti Aparatının rəhbəri
Baş nazirə və onun müavinlərinə tabedir.
5.7. Nazirlər Kabineti Aparatının rəhbəri
bu Əsasnamə ilə Nazirlər Kabinetinin Aparatına həvalə
olunmuş vəzifələrin yerinə yetirilməsinə və
hüquqların həyata keçirilməsinə görə
şəxsən məsuliyyət daşıyır.
5.8. Nazirlər Kabineti Aparatının rəhbərinin
bir müavini vardır. Nazirlər Kabineti Aparatının rəhbərinin
müavini ona Nazirlər Kabineti Aparatının rəhbəri
tərəfindən həvalə olunmuş vəzifələri
yerinə yetirir və buna görə şəxsən məsuliyyət
daşıyır.
5.9. Nazirlər Kabineti Aparatının rəhbəri:
5.9.1. Nazirlər Kabineti Aparatının fəaliyyətini
təşkil edir və ona rəhbərlik edir, habelə Nazirlər
Kabineti Aparatının rəhbərinin müavininin, Nazirlər
Kabineti Aparatının struktur bölmələrinin rəhbərlərinin
işini əlaqələndirir, onlara müvafiq
tapşırıqlar verir;
5.9.2. Baş nazirin sədrlik etdiyi Nazirlər
Kabineti iclaslarının, habelə Baş nazirin və onun
müavinlərinin rəhbərliyi ilə keçirilən
görüş, müşavirə və digər tədbirlərin
təşkilini təmin edir;
5.9.3. Nazirlər Kabineti Aparatının
struktur bölmələrinin fəaliyyət istiqamətlərinə
dair təklifləri təsdiq olunmaq üçün Baş
nazirə təqdim edir;
5.9.4. Baş nazirin, onun müavinlərinin,
habelə Nazirlər Kabineti Aparatının ünvanına
daxil olmuş sənədləri və müraciətləri
baxılmaq üçün Nazirlər Kabineti Aparatının
müvafiq struktur bölməsinə (bölmələrinə)
göndərir;
5.9.5. hüquqi aktların layihələrini
razılaşdırmaq məqsədi ilə Azərbaycan
Respublikasının Prezidentinə göndərmək
üçün Baş nazirə müraciət edir, rəy və
təkliflər verilməsi üçün mərkəzi icra
hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına
və dövlətin hüquqi şəxslərinə göndərir;
5.9.6. Nazirlər Kabineti Aparatının
strukturu və işçilərinin say həddi barədə
Baş nazirə təkliflər verir;
5.9.7. Nazirlər Kabineti Aparatının
müəyyən edilmiş strukturu və işçilərinin
say həddi daxilində Nazirlər Kabineti Aparatının struktur
bölmələrinin daxili strukturunu təsdiq olunmaq
üçün Baş nazirə təqdim edir, habelə
ştat cədvəlini və ayrılmış büdcə təxsisatı
daxilində xərclər smetasını təsdiq edir;
5.9.8. Nazirlər Kabinetinin Aparatını təmsil
edir;
5.9.9. Azərbaycan Respublikası Prezidentinin,
Baş nazirin və onun müavinlərinin
tapşırıqlarının icrasını təşkil
edir;
5.9.10. Azərbaycan Respublikası
Prezidentinin və Nazirlər Kabinetinin aktlarının
icrasını təmin edir;
5.9.11. Nazirlər Kabinetinin səlahiyyətlərinin
həyata keçirilməsi üçün mərkəzi
icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti
orqanlarına və dövlətin hüquqi şəxslərinə
müvafiq tapşırıqlar verir, bu
tapşırıqların icrasına nəzarət edir və
onlardan zəruri məlumatlar alır;
5.9.12. Nazirlər Kabineti aktlarının
layihələrinə viza verir;
5.9.13. Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının rəsmi şərhini təşkil edir;
5.9.14. əlaqələndirici
və məşvərətçi orqanların işinin təşkilini
təmin edir;
5.9.15. Baş nazirin
tapşırığı ilə Nazirlər Kabineti
Aparatının müvafiq struktur bölmələrinin, mərkəzi
icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti
orqanlarının, habelə dövlətin hüquqi şəxslərinin
nümayəndələrinin iştirakı ilə müzakirə
aparır;
5.9.16. Baş nazir tərəfindən vəzifəyə
təyin olunmuş şəxslərin həvəsləndirilməsi
və intizam tənbehi barədə Baş nazirə təkliflər
verir;
5.9.17. Nazirlər Kabineti Aparatının fəaliyyətinə
dair əmr və sərəncamlar formasında qeyri-normativ
hüquqi aktlar qəbul edir, onların icrasını təşkil
edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.9.18. Nazirlər Kabineti Aparatının
işçiləri barəsində həvəsləndirmə
və intizam tənbehi tədbirləri görür, habelə
işçilərin məzuniyyətləri, ezamiyyətləri
və xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə
bağlı məsələləri həll edir, Nazirlər
Kabineti Aparatının struktur bölmələrinin
yardımçı vəzifə tutan işçilərini
işə qəbul və işdən azad edir;
5.9.19. “Dövlət sirri haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, Nazirlər Kabinetinin
Aparatında məxfiləşdirilməli məlumatların
siyahısını təsdiq edir, dövlət sirrinin
mühafizəsinin təmin olunmasına nəzarət edir;
5.9.20. “İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, Nazirlər Kabinetinin Aparatında informasiyanın əldə
olunmasına məhdudiyyət qoymaq yolu ilə onu xidməti
istifadə üçün nəzərdə tutulmuş hesab
edir;
5.9.21. Nazirlər Kabineti iclasının
gündəliyinin layihəsini formalaşdırır və
müvafiq materiallarla birlikdə Baş nazirə təqdim edir;
5.9.22. Nazirlər Kabinetinin iclasına dəvət
olunan şəxslərin siyahısını Baş nazirlə
razılaşdırmaqla müəyyən edir;
5.9.23. Nazirlər Kabinetinin iclaslarında
kütləvi informasiya vasitələri nümayəndələrinin
iştirakı, video və fotoçəkilişlər, habelə
səsyazma aparılması qaydasını müəyyən
edir;
5.9.24. Nazirlər Kabineti iclaslarının
və müşavirələrinin protokollarının Nazirlər
Kabinetinin üzvlərinə, habelə digər şəxslərə
iclasdan və ya müşavirədən sonra 2 iş
günü müddətində göndərilməsini təmin
edir;
5.9.25. bu Əsasnamə
ilə, Baş nazirin və onun müavinlərinin
tapşırığı ilə müəyyən edilən
digər səlahiyyətləri həyata keçirir.
5.10. Nazirlər Kabineti
Aparatının rəhbəri öz vəzifələrini
yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya
məzuniyyətdə olduqda, onun səlahiyyətlərini
Nazirlər Kabineti Aparatının rəhbərinin müavini
icra edir.
Azərbaycan.- 2017.- 11
oktyabr.- S.6.