Mixail Myasnikoviç: “Belarus Azərbaycan ilə əlaqələrin
inkişafına xüsusi önəm verir”
Belarus Azərbaycan ilə siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafına xüsusi önəm verir.
Bu fikri Minskdə səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşündə Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviç bildirib.
Belarusla Azərbaycan arasında tarixi dostluq əlaqələrindən söz açan Mixail Myasnikoviç deyib ki, ölkələrimiz dövlət müstəqilliklərini bərpa etdikdən sonra ikitərəfli münasibətlər strateji müttəfiqlik müstəvisinə qədəm qoyub.
Son illər hər iki ölkənin dövlət başçılarının ikitərəfli rəsmi səfərlərinin qarşılıqlı əlaqələrin inkişafına xüsusi təkan verdiyini vurğulayan Belarus Respublika Şurasının sədri bildirib ki, hazırda Belarusda Azərbaycanın 58 şirkəti fəaliyyət göstərir. Azərbaycanda isə Belarusun 70-ə yaxın müxtəlif fəaliyyətli şirkəti mövcuddur. “Düşünürəm ki, hər iki ölkə investisiya qoyuluşunu artıra bilər. Parlamentlərimiz bu istiqamətdə fəaliyyətlərini gücləndirə, müxtəlif təkliflərlə çıxış edə bilərlər”, - deyə o qeyd edib.
Mixail Myasnikoviç bildirib ki, son 10 ildə Belarus Gəncə avtomobil zavodunda traktor, yük avtomobili yığılması və kommunal texniki avadanlıqlar üçün Azərbaycana 400 milyon dollar məbləğində məhsul ixrac edib. Zavodda BELARUS markalı təxminən 10 min traktor və 4 minə yaxın yük avtomobili istehsal edilib. Sədr təklif edib ki, Azərbaycanın və Belarusun birgə istehsalı olan məhsullar İran, Türkiyə bazarlarına çıxarılsın. Azərbaycan və Belarus əməkdaşlığı strateji xarakter daşıyır.
Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Azərbaycan və Belarus arasında istər siyasi, istər iqtisadi sahədə əlaqələr inkişaf edir, heç bir fikir ayrılığı yoxdur.
“Azərbaycan və Belarus prezidentləri arasında səmimi dostluq münasibətləri var. Biz həmişə dost kimi bir-birimizi dəstəkləmişik. Beynəlxalq təşkilatlarda hər iki ölkənin sıx əməkdaşlığı mövcuddur. Düşünürəm ki, bu əməkdaşlıq daha da inkişaf və yeni formatda davam etdirilməlidir”, - deyə Oqtay Əsədov bildirib.
Milli Məclisin sədri qeyd edib ki, regional parlament qurumları yaradılmalıdır və bu istiqamətdə Azərbaycan və Belarus parlamentləri birgə çalışa bilərlər.
Oqtay Əsədov vurğulayıb ki, Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq da yüksək səviyyədədir. Bu sahədə əməkdaşlıq daha da inkişaf etdirilir.
Belarusun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayan Milli Məclisin sədri bildirib ki, 2016-cı ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisə zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko dərhal bəyanat verərək Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
Görüşdə Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Fuad
Muradov, deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva,
Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli
səfiri Lətif Qəndilov və digərləri iştirak ediblər.
Azərbaycan.-
2017.-12 oktyabr.- S.3.