İqtisadi inkişafın Azərbaycan nümunəsi
İlham Əliyevin milli inkişaf strategiyası ölkəmizi
bütün böhranlardan qoruyur və yeni yüksəliş
mərhələsinin əsasını təşkil edir
Dünyanın siyasi arxitekturasını müəyyən edən dövlətlər özlərinin yüzilliklərlə, hətta minilliklərlə ölçülən mövcudluq tarixlərində heç də sabit və davamlı inkişaf yolu keçməmiş, bəzən hətta tənəzzül və iflas həddinə çatmış, böyük faciələrin astanasından geri dönmüşlər.
Bu fikri zəngin dövlətçilik ənənələrinə, qədim tarixə malik Azərbaycan haqqında da söyləmək olar. Müstəqilliyinin bərpasının 26-cı ilini qeyd edən Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində yenicə qazanılmış suverenliyini itirmək təhlükəsi ilə üzləşmişdi.
Ulu öndər Heydər Əliyev fenomeninin rəhbərliyi altında böyük məşəqqətlərdən qurtulan Azərbaycan özünün milli inkişaf yoluna qədəm qoydu. Bu gün isə müstəqil Azərbaycan ulu öndərin ideyalarından nur alaraq gələcəyə doğru inamla addımlayır. Bu ideyaları həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz inkişafının yeni mərhələsinə qədəm qoyması Heydər Əliyev yolunun nə qədər doğru-düzgün olduğunu əyani şəkildə göstərir.
Tam müstəqil siyasətin milli modeli
Müasir Azərbaycanın 1993-cü ildən başlanan yeni inkişaf tarixi respublikanın böyük iqtisadi, siyasi, hüquqi, sosial, mədəni islahatlar həyata keçirməsi, özünəməxsus milli inkişaf modelini formalaşdırması, dünya miqyasında layiqli yerini tutması, müstəqil siyasət yürütməsi ilə səciyyəvidir.
Bu tarixin cənab İlham Əliyevin prezidentliyi dövrünə təsadüf edən son 14 ilində isə respublikamız zamanı qabaqlayan inkişaf tempi ilə dünyanı heyrətləndirə bilib. 2003-cü ildə xalqın böyük dəstəyi ilə hakimiyyət estafetini götürən cənab İlham Əliyevin ötən illərdəki çoxşaxəli fəaliyyətinin qayəsində məhz milli ideyaların gerçəkləşdirilməsi dayanır. Dövlət başçısı ulu öndər Heydər Əliyevin irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirərək sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına nail olub. Cənab İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürüldü və iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etdi.
Praqmatik liderlik keyfiyyətlərinə malik olan Prezident İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirdi. Respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirildi, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atıldı.
Bir sözlə, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb oldu.
“Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyasının uğur formulu
Prezident İlham Əliyevin inam və əzmkarlıqla həyata keçirdiyi siyasi xətt, davamlı islahatlar Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığını artırdı, insan inkişafı indeksində yüksəlişini təmin etdi, sürətlə irəliləyən azsaylı dünya ölkələrindən birinə çevirdi. Bəs, bütün bunlar necə baş verdi?
Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmağı əsas hədəf kimi elan edən Prezident İlham Əliyev bunu sadəcə deklorativ bəyanatlarla ifadə etmədi. Onun icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atdı. Dövlət başçısının “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamından başlayaraq bu günə qədər sosial-iqtisadi sahədə imzalanması davam edən çoxsaylı hüquqi sənədlər yeni islahatlar kursunun bariz nümunələridir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası sayəsində paytaxtla ən ucqar əyalət mərkəzlərinin arasında fərq belə qalmadı. Yeni infrastruktur obyektləri açıldı, yollar, körpülər salındı, yeni-yeni məktəblər, ən son avadanlıqlarla təchiz olunmuş xəstəxanalar tikildi, parklar, istirahət mərkəzləri, idman kompleksləri yaradıldı, tənəzzülə uğrayan kənd təssərrüfatı yenidən dirçəlməyə başladı. Regionlarda yaradılan yeni infrastrukturlar bir zamanlar qazanc dalınca şəhərlərə üz tutan kəndlini geri qaytardı.
Qlobal böhran və
İlham Əliyevin sistemli antiböhran tədbirləri
Çox uzağa getmədən
dövlət başçısının son 5 ildə həyata
keçirdiyi yeni iqtisadi inkişaf konsepsiyasının
uğurlu nəticələrinə nəzər yetirək.
2013-cü ilin ortalarından
etibarən dünya iqtisadiyyatını iflic edən qlobal
böhranın yeni dalğası əksər böyük
dövlətlərin iqtisadiyyatına öz mənfi təsirini
göstərdi. Xüsusən də neftin qiymətində
baş verən dəyişikliklər bəzi ölkələrdə
yeni iqtisadi böhranın baş qaldırmasına, kəskin
maliyyə çatışmazlığına, sosial və
investisiya proqramlarının ixtisar olunmasına gətirib
çıxardı.Təbii ki, bu böhran Azərbaycandan da
yan keçmədi. Lakin Prezident İlham Əliyevin
qabaqlayıcı və məqsədyönlü tədbirləri,
yeni iqtisadi islahatları böhranın yaratdığı mənfi
təsirlərdən ölkəmizin az itki
ilə çıxmasına imkan yaratdı. Realist
siyasətçi kimi yeni dövrün
çağırışlarını düzgün dəyərləndirən,
fəal antiböhran tədbirlərini reallaşdıran
İlham Əliyevin xüsusən də 2015-ci ilin əvvəlindən
həyata keçirdiyi antiböhran tədbirləri sistemliliyi
və ardıcıllığı ilə diqqət çəkdi.Qabaqlayıcı
tədbirlərin görülməsi, düzgün iqtisadi siyasətin
yeridilməsi Azərbaycanın bu iqtisadi böhranlardan
uğurla çıxmasını şərtləndirən əsas
səbəblər oldu. Neft gəlirlərini
başlıca sosial-iqtisadi problemlərin həllinə yönəltməklə
yanaşı, ölkənin çox yüksək
yığım səviyyəsi, strateji valyuta ehtiyatları
neftin qiymətindəki dəyişikliklərdən
asılı olmayaraq inkişaf tempini saxlamağa imkan verdi. Ölkədə həyata
keçirilən heç bir sosial layihə
dayandırılmadı.
2015-ci ilin sentyabrında
baş tutan referendum, yəni, İlham Əliyevin müəllifi
olduğu Konstitusiya islahatları təşəbbüsü təkmilləşmə,
modernləşmə, demokratikləşmə və davamlı
inkişaf prosesinin etibarlı təminatı, həmçinin
daha geniş miqyasda tətbiqinin zəmininə çevrildi. Konstitusiya
islahatlarının nəticələri ölkədə
köklü islahatlara, yeniliklərə təkan verdi, dövlətin mövcudluq və müstəqilliyin
davamlılıq şərtlərini təmin edən amilləri
gücləndirdi.
“Dərin islahatlar
ili” və həyata keçirilən yeni iqtisadi strategiya
Qlobal məkanda mürəkkəb
siyasi-iqtisadi proseslərin davam etdiyi, iqtisadiyyata xarici neqativ təsirlərin
gücləndiyi zamanda dövlət başçısı
yeni çağırışlara uyğun islahatlara
başladı və 2016-cı ili “dərin
islahatlar ili” adlandırdı. Prezidentin qəbul
etdiyi mühüm qərarlar, imzaladığı fərman və
sərəncamlara əsasən yeni iqtisadi strategiya start
götürdü. Elmi şəkildə həyata
keçirilən iqtisadi islahatlara əsasən, mühüm
qurumlar yaradıldı. Azərbaycan Respublikası
Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi
Xidməti, Maliyyə Bazarlarına Nəzarət Palatası,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi,
Maliyyə Sabitliyi Şurası, Milli Əlaqələndirmə
Şurası, Kredit büroları, İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyi, Mənzil
İnşaatı Dövlət Agentliyi yaradıldı. Həmçinin mərkəzi və yerli icra hakimiyyəti
orqanlarında apelyasiya şuraları yaradıldı. Bu qurumların yaradılmasında məqsəd
ölkənin dayanıqlı iqtisadi inkişafının təmin
edilməsi istiqamətində təhlil və tədqiqatlar
aparmaq, analitik məlumatlar əsasında iqtisadi islahatların
həyata keçirilməsi üçün təkliflər,
habelə orta və uzunmüddətli dövr üçün
proqnozlar hazırlamaq idi.
Prezident İlham Əliyevin 2016-cı
il 6 dekabr tarixli “Milli iqtisadiyyat və
iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin
təsdiq edilməsi haqqında” fərmanla iqtisadiyyatın
müxtəlif sahələrinin inkişafına dair strateji yol
xəritələrinin təsdiq olunması həm də qlobal
böhrandan çıxış yollarını özündə
ehtiva etdi. Fərman iqtisadiyyatın əsas
prioritet istiqamətləri üzrə yeni hədəfləri
müəyyənləşdirdi.
Beləliklə, qlobal miqyasda
tüğyan edən sosial-iqtisadi böhranın, maliyyə
çətinliklərinin fəsadlarından qorunmaq
üçün həyata keçirilən yeni iqtisadi kurs
öz səmərəli nəticəsini verməyə
başladı.
Qeyri-neft sənayesinin
inkişafı iqtisadiyyata yeni nəfəs verdi
Ötən ilin əvvəllərindən
iqtisadiyyatda başladılan yeni islahatlar əsasən qeyri-neft
sektorunu əhatə etdi. Qeyri-neft sektorunun mühüm sahələri
kimi kənd təsərrüfatının, sənayenin
inkişafı ilə bağlı strateji hədəflərin
müəyyənləşdirilməsi və institusional dəyişikliklərin
həyata keçirilməsi, dövlət dəstəyinin
gücləndirilməsi bu sahələrin keyfiyyətcə
yeni mərhələyə keçməsinə zəmin
yaratdı. Bütün bunlar isə sahibkarlara dövlət
dəstəyinin genişləndirilməsi nəticəsində
baş verdi.
2016-cı ildən
başlayaraq sistemli şəkildə görülən tədbirlərin
nəticəsində aqrar sektorda ciddi irəliləyişlərin
şahidi olduq.
40-dan çox yeni aqrokomplekslərin yaradılması, yerli və
xarici investorların aqrar sektora sərmayə yatırması
üçün cəlbetmə işlərinin həyata
keçirilməsi, kənd təsərrüfatı məhsullarının
inkişafı ilə bağlı dövlət
proqramlarının qəbulu, dövlət
başçısının regionlarda keçirdiyi
ümumrespublika müşavirələri, yeni istehsal olunan məhsulların
xarici bazarlarda satışının təmin edilməsi, “Made
in Azerbaijan” brendinin müxtəlif ticarət nümayəndəlikləri
və subyektlərinin vasitəsilə dünyada
tanıdılması və s. bu kimi tədbirlərin
reallaşdırılması nəticəsində aqrar sektora
yeni nəfəs gətirildi. Qısa zaman kəsiyində
“Made in Azerbaijan” brendi dünyada böyük etimad qazanmağa
başladı. Beynəlxalq bazarlarda ixrac məhsullarımızın
çeşidləri getdikcə çoxaldı və Azərbaycanın
iqtisadi ticarət tərəfdaşlarının sayı 180
ölkəyə çatdı.
Müasir sənaye sahələrinin
yaradılması, sənayenin infrastruktur təminatının
yaxşılaşdırılması sahəsində
çoxsaylı layihələr icra edildi və ölkə sənayesi
yeni inkişaf mərhələsinə qədəm qoydu. “Azərbaycan
Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər
üçün Dövlət Proqramı”nın
əsas istiqamətlərindən biri sənaye və
texnologiyalar parklarının, eləcə də sənaye məhəllələrinin
yaradılmasıdır. Prezident
İlham Əliyevin uğurlu
sənayeləşmə siyasətinə uyğun olaraq,
innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli
sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft
sektorunun davamlı inkişafını təmin etmək və
əhalinin istehsal sahəsində məşğulluğunu
artırmaq məqsədilə texnoparklar, sənaye parkları
və məhəllələrin yaradılması prosesi davam
edir. Ölkəmizdə
Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir
və Pirallahı sənaye parkları, Sumqayıt Texnologiyalar
Parkı, Yüksək Texnologiyalar Parkı, Mingəçevir
Yüksək Texnologiyalar Parkı və Neftçala Sənaye
Məhəlləsi yaradılıb. Masallı və
Hacıqabulda isə yeni sənaye məhəllələrinin
tikintisi davam etdirilir.
Transmilli
maraqların mərkəzində dayanan Azərbaycan
Azərbaycanda yaradılan
sabitlik, əlverişli investisiya mühiti ölkəmizə
investisiya axınını gücləndirib. Elə bunun nəticəsidir
ki, iqtisadi və siyasi baxımdan sabit ölkə olan Azərbaycan
son iyirmi ildə 200 milyard dollardan çox sərmayə cəlb
edib.
Prezident İlham Əliyevin qətiyyətli
siyasəti nəticəsində Azərbaycan həm də
Avrasiya məkanının mühüm logistik mərkəzlərindən
birinə çevrilib. Dövlət
başçısının Azərbaycanın tranzit
potensialının artırılması ilə bağlı
qlobal miqyaslı təşəbbüsləri ölkəmizin
sosial-iqtisadi inkişafına əsaslı töhfə verib.
Bu gün Azərbaycan Şərq-Qərb və
Şimal-Cənub dəhlizləri üzərində
mühüm nəqliyyat- logistika mərkəzidir.
“Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında qeyd edilir ki, Azərbaycanı
regionun ticarət mərkəzinə çevirmək məqsədi
ilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli
istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin
inkişafı, ölkənin bölgələrində
logistika mərkəzlərinin yaradılması nəzərdə
tutulur. Bütün bunlar, eyni zamanda, istehsal və investisiya
mərkəzi kimi də ölkənin cəlbediciliyinin
artmasına, yeni biznes və məşğulluq
imkanlarının yaranmasına yol açıb.
Cənubi Qafqazın ən
böyük və ən perspektivli dövləti, Şərqlə
Qərbin qovşağında unikal coğrafi geosiyasi şəraitə
malik olan Azərbaycan, bu gün regionda gedən əsas proseslərin
və transmilli maraqların mərkəzində dayanmaqla
geoiqtisadi cəhətdən dünyanın aparıcı
dövlətləri, böyük şirkətləri
üçün cəlbedici tərəfdaşa çevrilib.
Şərqdən
Qərbə, Şimaldan Cənuba gedən ən qısa yollar
Azərbaycandan keçir
Azərbaycanı regionun ticarət
mərkəzinə çevirmək məqsədilə son illərdə
ölkənin strateji coğrafi mövqeyindən səmərəli
istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin
inkişafı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi
və tranzit potensialının daha da artırılması
üçün konkret hədəflərə istiqamətlənmiş
kompleks tədbirlər həyata keçirilir.
Ölkəmiz həmçinin
qlobal enerji bazarında mühüm rol oynayır. Beynəlxalq
bazarlarda etibarlı neft və qaz təchizatçısı
olan Azərbaycan dünyanın bir çox ölkələrinin
enerji təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan öz beynəlxalq tərəfdaşları
ilə birlikdə “Cənub qaz dəhlizi” layihəsinin başa
çatdırılmasına çox yaxındır. Sərmayələrinin həcmi 40 milyard dollara
çatan bu layihə dünyanın ən iri infrastruktur layihələrindən
biridir. Azərbaycan Şərq-Qərb və
Şimal-Cənub nəqliyyat dəhlizlərinə
böyük sərmayələr yatırır. Ölkəmizdən keçən hər iki
marşrut Şərqdən Qərbə, Şimaldan Cənuba
gedən ən qısa yollar olacaq.
Əlverişli geostrateji mövqeyə
malik olan Azərbaycanın tranzit daşımaları sahəsində
potensialından daha geniş və səmərəli istifadə
edilməsi məqsədi ilə Prezident İlham Əliyevin 21
oktyabr 2015-ci il tarixli fərmanı ilə
Tranzit Yükdaşımalar üzrə Koordinasiya
Şurası yaradılıb. Şura tərəfindən
ölkəmizin ərazisindən keçən tranzit dəhlizlərin
rəqabət qabiliyyətinin və səmərəliliyinin
artırılması, yükdaşımaların keyfiyyətinin
yüksəldilməsi istiqamətində tədbirlər həyata
keçirilir.
Tranzit daşımaları
sahəsində potensialını reallaşdırmaq məqsədilə
nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində
mühüm işlər görən Azərbaycan meqalayihələr
həyata keçirir. Bu baxımdan Trans-Xəzər Şərq-Qərb
Ticarət və Tranzit Dəhlizi xüsusi önəm kəsb
edir. Bu dəhliz məsafə
baxımından Çinlə Avropa arasındakı ən qısa
marşrut olduğundan tranzit və yükdaşıma
baxımından çox səmərəlidir. Belə ki, orta hesabla 5400 km uzunluğunda olan Şərq-Qərb
nəqliyyat dəhlizinin tranzit müddəti 15 gündür.
Müqayisə üçün qeyd edək ki, ənənəvi
okean daşımaları vasitəsilə Çindən
Türkiyə istiqamətindəki yükdaşımalara 30-35
gün sərf olunur.
Oktyabrın 30-da rəsmi
açılış mərasimi keçiriləcək
Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən
qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli
bağlantı kimi ölkəmiz üçün yeni tranzit
imkanları yaradacaq.
Prezident İlham Əliyevin 18 mart
2015-ci il tarixli sərəncamı ilə
yaradılan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı Transxəzər beynəlxalq nəqliyyat marşrutu,
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri
kimi layihələrin fəal iştirakçısıdır.
Ələt qəsəbəsində tikilməkdə
olan liman regionun avtomobil, dəmir və dəniz
yollarının kəsişmə nöqtəsinə
çevriləcək. Çindən
tutmuş Mərkəzi Asiya və Avropayadək
daşımalara töhfəsini verəcək yeni liman
kompleksinin akvatoriya hissəsinə aid olan qurğuların tikintisinin
bu ilin sonunadək başa çatdırılması nəzərdə
tutulur.
Onu da vurğulayaq ki, son illərdə
Azərbaycanda 6 beynəlxalq hava limanı tikilib, 11 min kilometr
müasir şose və yollar çəkilib. Xəzər
dənizində Azərbaycanın 300-ə yaxın gəmidən
ibarət ən iri ticarət donanması var.
“Yeni əsrin
müqaviləsi” - uğurlu gələcəyin təminatı
Sentyabrin 14-də Bakıda daha bir
mühüm tarixi hadisə baş verdi.
“Əsrin müqaviləsi”nin 23-cü ildönümündə
Azərbaycan hökuməti və Dövlət Neft Şirkəti
(SOCAR), “BP”, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və
“ONGC Videsh” şirkətləri ilə birlikdə “Azəri-
Çıraq - Günəşli” yatağının dərinsulu
hissəsinin birgə işlənməsi və hasilatın pay
bölgüsü haqqında dəyişdirilmiş və yenidən
işlənmiş saziş imzalandı. Bu, “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər
uzadılmasını nəzərdə tutan saziş idi. Yeni
sazişə əsasən ölkəmizə xarici investorlar tərəfindən
3,6 milyard dollar həcmində bonus ödəniləcək.
Növbəti 32 il müddətində
AÇG-yə 40 mlrd dollardan artıq sərmayə
qoyulması potensialı var.
Mərasimdə
çıxış edən Prezident İlham Əliyev bildirdi
ki, “Əsrin müqaviləsi” ulu öndər Heydər
Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz
xidmətlərindən biridir. Bu gün bütün
Azərbaycan xalqı bu sazişin gözəl nəticələrini
öz həyatında görür.Yeni imzalanan saziş
1994-cü ildə imzalanan sazişdən daha da böyük
miqyaslıdır.
Dövlət başçısı
bu gün dünyada ayaqda möhkəm dayanan ölkə kimi
tanınan Azərbaycanın aparıcı xarici neft, enerji
şirkətləri ilə çox uğurlu,
qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq
formatı yaratdığını söyləyərək
“Əsrin müqaviləsi”nin 23 il ərzində
ölkəmizə çox böyük siyasi, iqtisadi dividendlər
qazandırdığını vurğuladı: “Əsrin
kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri
qeyri-neft sektoruna yönəldək. Hesab edirəm
ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən
fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə
bildi”.
Azərbaycanın
sosial-iqtisadi uğurları beynəlxalq hesabatlarda əksini
tapır
Sentyabrın 20-də Nyu Yorkda BMT-nin
Baş Assambleyasının 72-ci sessiyasının açılışında
Prezident İlham Əliyev Azərbaycanın son 14 ildə
qazandığı uğurlarını ali
tribunadan dünya birliyinə çatdırdı. Azərbaycanın
sosial və iqtisadi sahələrdə böyük inkişafa
nail olduğunu söyləyən dövlət
başçısı dedi ki, 2004-cü ildən başlayaraq
Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox
artıb, ölkədə 1 milyon 600 mindən artıq iş
yeri açılıb, yoxsulluq 40 faizdən 5 faizə enib.
2004-cü ildən etibarən ölkəmizdə əməkhaqları
5,6 dəfə, pensiyalar isə 8,2 dəfə
artıb. Ümumilikdə, 2004-cü ildən
başlayaraq 3000-dən artıq məktəb, 600-dən
çox xəstəxana və tibb mərkəzləri tikilib,
yaxud təmir edilib.
Bütün bunlar beynəlxalq
təşkilatların hesabatlarında da öz əksini
tapıb.
2009-cu ildə Azərbaycan Dünya Bankının “Doing
Business” hesabatında “Dünyanın aparıcı
islahatçı ölkəsi” kimi qiymətləndirilib.Davosun
Dünya İqtisadi Forumunun “2016-2017-ci illər üzrə
qlobal rəqabətə davamlılıq hesabatında” Azərbaycan
138 ölkə sırasında 37-ci yer tutub. 2015-ci
ildə Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin
icrasında əldə etdiyi böyük nailiyyətinə
görə həmin ilin “Cənub-Cənub”
mükafatını almış və 2010-cu ildən etibarən
yüksək insan inkişafı kateqoriyalı ölkələr
sırasına daxil edilib. Azərbaycanın kosmik sənayesinin
sürətli inkişafı, 2 telekommunikasiya və Yer səthinin
müşahidəsi peykləri - “Azerspace” və “Azersky” və
bu yaxınlarda buraxılacaq “Azerspace-2” adlanan
üçüncü peyk ölkəmizin dünya kosmik
klubunun üzvləri sırasına daxil olmasını
mümkün edib.
Bu günlərdə
Dünya İqtisadi Forumunun açıqladığı
“2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda isə Azərbaycanın
reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə
qərarlaşması qürur doğuran bir xəbər oldu. Bu, o deməkdir
ki, Azərbaycan dünyanın ən mötəbər
reytinqində Yer üzünün hər dörd ölkəsindən
üçünü geridə qoyub. MDB məkanında
isə liderliyini qoruyub saxlayır. İqtisadiyyatın
rəqabət qabiliyyəti indeksinə görə, Azərbaycan
hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya,
Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi
ölkələrdən də irəlidədir.
Əlbəttə ki, Azərbaycanın
mövqeyinin dünyanın ən mötəbər reytinqlərində
irəliləməsi Prezident İlham Əliyevin
apardığı kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq
ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir.
İlham
Əliyevlə qüdrətli gələcəyə doğru
addımlayan Azərbaycan
Dövlət başçısının söylədiyi kimi, Azərbaycan özünün mövcudluq tarixində heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb. Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən, özünəməxsus iqtisadi və siyasi inkişaf modelinin formalaşması faktı tam təsdiqini tapıb. İnkişaf fenomeninə çevrilən Azərbaycanın idarəçilik və inkişaf modeli bir çox ölkələr üçün praktik nümunədir. Hansı ki, bu model qlobal iqtisadi və maliyyə böhranları şəraitində özünü tam doğruldub.
Bütün bunlar Prezident İlham Əliyevin yüksək şəxsi və siyasi keyfiyyətləri, hər bir məsələdə qətiyyətli mövqedən çıxış etməsi, xarizması sayəsində əldə edilib. Dövlət başçısı bu uğurların əsasının düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və xalqa xas olan vətənpərvərlik amillərinin təşkil etdiyini vurğulayıb. Oktyabrın 2-də 2018-ci il üçün yeni hədəfləri açıqlayan dövlət başçısı gələn ilin sürətli iqtisadi inkişaf ili olacağını bəyan edib.
Həqiqətən də son 14 ildə görülən işlər İlham Əliyevin uzaqgörənliyini, onun siyasi, iqtisadi, kommersiya və digər risklərin dəqiq hesablanmış balansı və ölkənin uzunmüddətli strateji maraqları üzərində qurduğu çoxvariantlı iqtisadi strategiyasının əsaslı olduğunu göstərdi. Çünki İlham Əliyevin məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasəti ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin təmin edilməsinə yönəlib. Birmənalı demək olar ki, Azərbaycanın dünya siyasətinin mühüm halqasına, qlobal proseslərdə mühüm aktora çevrilməsi məhz İlham Əliyevin nüfuzlu dövlət xadimi, qətiyyətli, xalqının mənafeyni hər şeydən uca tutan lider olması ilə şərtlənir. Əminliklə söyləyə bilərik ki, məhz İlham Əliyevin qətiyyətli qərarları ilə yaratdığı yeni tarixi reallıq Azərbaycanı indikindən də qüdrətli gələcəyə doğru aparır.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2017.-12 oktyabr.- S.1; 5.