Təkmil sosial
inkişaf kursu
Prezident İlham
Əliyevin müəllifi olduğu bu strategiya əhalinin
etibarlı sosial müdafiəsi sahəsində dünyada ən
qabaqcıl təcrübələrdən sayılır
Müstəqilliyinin bərpasının
artıq 26-cı ilini yaşayan Azərbaycan dövləti bu
illər ərzində daim öz vətəndaşına qayğı
ilə yanaşaraq onun rifahının yüksəldilməsini,
sosial problemlərinin həllini prioritet vəzifə kimi
görmüş və bu istiqamətdə məqsədyönlü
siyasət həyata keçirmişdir.
Ulu öndər Heydər
Əliyevin müdrik və uzaqgörən siyasi kursunun
2003-cü ildən Prezident İlham Əliyev tərəfindən
yüksək səviyyədə davam etdirilməsi nəticəsində
Azərbaycan keyfiyyətcə yeni və sürətli
inkişaf mərhələsinə daxil olub. Ötən
dövrdə respublikamızın bütün sahələrdə
əldə etdiyi nailiyyətlər, yaradılan güclü
iqtisadi potensial və güclü ordu, böyük perspektivlərə
doğru inamlı addımlarla müşahidə olunan sürətli
tərəqqi prosesləri İlham Əliyevin “Biz
özümüz üçün güclü dövlət
qururuq ki, hər bir kəs Azərbaycan vətəndaşı
olmağı ilə fəxr etsin” sözlərinin əməli
təsdiqini tapdığını göstərir.
Etibarlı və
uzunmüddətli sosial müdafiə sistemi
Ölkəmizin ümumi
inkişafı, ilk növbədə, vətəndaş
firavanlığının təminatı, hər bir
insanın layiqli iş və yaşayış şəraitinə
malik olması, etibarlı və uzunmüddətli sosial
müdafiə sisteminin formalaşdırılması məqsədinə
xidmət edir. “Bizim siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı, onun qayğıları,
onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi
dayanır” - deyə bəyan edən dövlət
başçısının ildən-ilə güclənən
sosial inkişaf kursu bazar iqtisadiyyatı şəraitində
sosial ədalət prinsipinin yüksək səviyyədə təmin
olunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində mühüm irəliləyişlərə,
yoxsulluq və işsizliyin 5 faizə enməsinə imkan verib.
Azərbaycan Prezidentinin uğurlu
sosial siyasətinə və islahatlar proqramına uyğun
olaraq ötən dövrdə Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlətin
sosial məqsədlərinə doğru mühüm
addımların atılması, sosial cəhətdən həssas
əhali qruplarına dövlət qayğısının
artırılması, əmək hüquqlarının
müdafiəsi, sosial xidmət sisteminin cəmiyyətin
ehtiyaclarına uyğun qurulması, əlilliyi olan
insanların tibbi-sosial reabilitasiyası, əmək və
sosial müdafiə sisteminin elektron texnologiyalar əsasında
təkmilləşdirilməsi, əhaliyə müasir və
şəffaf xidmətlərin təşkili istiqamətində
mühüm addımların atılması təmin edilib.
5560 nəfər əlil
və şəhid ailəsinə yeni mənzil, 5900 nəfərə
avtomobil verilib
Prezident İlham Əliyevin müvafiq
fərmanı ilə müharibə əlillərinə və
onlara bərabər tutulanlara 2008-ci ilin sentyabrından
Prezidentin aylıq təqaüdü ödənilir ki, bu təqaüdün
məbləği ötən dövrdə orta hesabla 2 dəfədən
çox artırılaraq I qrup əlillər üçün
165 manata, II qrup əlillər üçün 143 manata, III
qrup əlillər üçün 110 manata
çatdırılıb. Bu təqaüdlə
bərabər, onlar əlilliyə görə aylıq sosial
müavinətlə və ya əmək pensiyası ilə də
təmin olunurlar. Hazırda həmin
insanlardan böyük əksəriyyəti əmək
pensiyası alanlardır. Eyni zamanda dövlət
başçısının digər bir fərmanı ilə
şəhid ailələrinin hələ 2007-ci ilin əvvəlindən
Prezidentin aylıq təqaüdü ilə təmin
olunmasına başlanılıb və ötən müddətdə
şəhid ailələrinə ödənilən həmin təqaüdün
məbləği 2,2 dəfə
artırılaraq 220 manata çatdırılıb. Həmin sosial ödənişlərlə bərabər,
şəhidlərin ailə üzvlərinin əmək
pensiyasının baza hissəsinin üzərinə əlavə
də hesablanır. Qarabağ müharibəsi
əlillərinin və şəhid ailələrinin hər
bir uşağına görə aylıq sosial müavinət,
əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi
üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər
üçün aylıq sosial müavinət də verilir.
Dövlət
başçısının əlil və şəhid ailələrinə
xüsusi qayğısı onların mənzil-məişət
şəraitinin yaxşılaşdırılması, yeni mənzillərlə
təminatı işlərində öz aydın ifadəsini
tapır.
Xüsusilə də Prezidentin 20 iyun 2014-cü il
tarixli “Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil
olmuş şəxslərin və şəhid ailələrinin
sosial-məişət şəraitinin
yaxşılaşdırılmasına dair əlavə tədbirlər
haqqında” sərəncamı bu istiqamətdə işlərin
daha da güclənməsinə imkan verib. Sərəncama
uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən son iki ildə və cari ilin ötən
dövründə 607 nəfər Qarabağ müharibəsi əlili
və şəhid ailəsi müasir tələblərə
uyğun yeni mənzillərlə təmin olunub.
Ümumilikdə bu vaxta qədər
nazirliyin xətti ilə 5560 nəfər əlil və şəhid
ailəsi mənzillə təmin olunub ki, onlardan 5,1 min nəfərə
yaxını Qarabağ müharibəsi əlilləri və
şəhid ailələri, qalanları İkinci Dünya
müharibəsi əlilləri, Çernobıl AES əlilləri
və müharibə əlillərinə bərabər tutulan
digər vətəndaşlar, gözdən əlillərdir.
Müharibə əlilləri və
onlara bərabər tutulanların dövlət büdcəsi
hesabına minik avtomobilləri ilə təminatı
proqramının gücləndirilməsində Prezidentin 23
dekabr 2013-cü il tarixli və 30 aprel
2014-cü il tarixli sərəncamları əhəmiyyətli
rol oynayıb. Həmin sərəncamların
icrası olaraq 2014-2016-cı illərdə 2063 nəfər
müharibə əlili və onlara bərabər tutulan şəxsə
“Naz-Lifan” markalı minik avtomobili verilib. İndiyədək
5,9 min nəfər müharibə əlili
və onlara bərabər tutulan şəxsə dövlət
büdcəsi hesabına minik avtomobili təqdim edilib. Bütün bunlar isə müharibə əlillərinin
və şəhid ailələrinin Prezident qayğısı
ilə əhatə olunduğunu göstərir.
Dövlət himayədarlığı
bütün sahələri əhatə edir
Prezident İlham Əliyevin
sosial islahatlar paketinin mühüm uğurlarından biri olaraq
2006-cı ildən Azərbaycanda beynəlxalq standartlara
uyğun müasir sığorta-pensiya sistemi qurulub. Həmin
sistemin əsas prinsipi müasir dünya təcrübəsində
pensiya təminatı ilə bağlı ən ədalətli
yanaşma kimi qəbul olunan mütərəqqi prinsipi - ödənilən
məcburi dövlət sosial sığorta haqları
hesabına layiqli pensiya təminatını nəzərdə
tutur. Bu sistemin pensiya təminatının artımına
yaratdığı imkanlarla bərabər, eyni zamanda ötən
11 ildə dövlət başçısı tərəfindən
əmək pensiyalarının baza hissəsinin
artırılması üzrə 9, sığorta hissəsinin
indeksləşdirilməsi üzrə 11 olmaqla 20 sərəncam
imzalanıb. Nəticədə, qeyd olunan dövrdə əmək
pensiyası xərcləri 5,9 dəfə,
onun orta aylıq məbləği isə 6,4 dəfə
artıb. 2017-ci il yanvarın 1-dən bütün növ əmək
pensiyalarının sığorta hissəsinin əvvəlki
ilin istehlak qiymətləri indeksinə uyğun, yəni 12,4 faiz indeksləşdirilərək
artırılması həyata keçirilib.
Ölkə üzrə əmək
pensiyaçılarının sayı 1 oktyabr 2017-ci il tarixinə
1 milyon 330 min nəfərdir və bu tarixə əmək
pensiyalarının orta aylıq məbləği 204 manat, o
cümlədən ölkə üzrə yaşa görə əmək
pensiyalarının orta aylıq məbləği 226,7
manatdır. Yaşa görə əmək pensiyalarının
orta aylıq məbləğinin əməkhaqlarının
orta aylıq məbləğinə nisbəti 43,6
faiz təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə
uyğundur.
Dövlət
başçısının “2014-2020-ci illərdə Azərbaycan
Respublikasında pensiya təminatı sisteminin islahatı
Konsepsiyası”na uyğun olaraq pensiya təminatı sistemində
növbəti islahat kimi, pensiya qanunvericiliyində edilmiş
son dəyişikliklər ölkəmizdə həmin sistemin
daim yenilənən müasir tələblərə
uyğunlaşdırılmasına, dünyanın qabaqcıl
təcrübəsi əsas götürülərək pensiya
təminatı sistemində sığorta prinsiplərinin
gücləndirilməsinə və qazanılan pensiya
hüquqları ilə toplanılan sığorta vəsaitləri
arasında balanslaşdırılmış uyğunluğun
yaradılmasına imkan verib.
Azərbaycanda müasir
sığorta-pensiya sisteminin mühüm tərkib hissəsi
olaraq 2006-cı ildən fəaliyyət göstərən fərdi
uçot sistemi məcburi dövlət sosial sığorta
ödənişinə cəlb edilən vətəndaşlar
haqqında məlumatların uçotunun təşkili və
aparılmasını təmin edir. Hər bir şəxsin
gələcək layiqli pensiya təminatı üçün
fərdi hesabına kapital toplamasına imkan verən bu sistemin əhatə
etdiyi vətəndaşların sayında artım
dinamikası cari ildə də davam edib. Belə ki, 2017-ci
ilin yanvar-sentyabr aylarında fərdi uçot sistemində əlavə
olaraq 154 913 nəfərə fərdi şəxsi hesab
açılıb və bu da ötən ilin müvafiq
dövrü (136 524 nəfər) ilə müqayisədə 18
389 nəfər və ya 13,47 faiz
çoxdur. Beləliklə, 1 oktyabr 2017-ci il
tarixə sistemdə qeydiyyata alınan
sığortaolunanların sayı 3 milyon 528 min 470 nəfərə
çatıb.
Geniş əhali
kateqoriyalarını əhatə edən sosial müavinət
və təqaüd sisteminə malik bir ölkə olan Azərbaycanda
əlil şəxslər, sağlamlıq imkanları məhdud
uşaqlar, müharibə veteranları, 1 yaşınadək
uşağı olan aztəminatlı ailələr, valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların qəyyumları (himayəçiləri)
aylıq sosial müavinətlə təmin olunurlar.
Həmçinin ailə
başçısını itirməyə görə, 3
yaşınadək uşağa qulluğa görə, yaşa
görə, beşdən çox uşağı olan
qadınların 18 yaşına çatmamış hər bir
uşağına görə, bəzi kateqoriyadan olan şəxslərə
kommunal, nəqliyyat və digər xidmətlərə görə
aylıq müavinətlər, radiasiya qəzası nəticəsində
zərər çəkmiş şəxslərə hər
il müalicə üçün, uşağın anadan
olmasına görə və s. növlərdə birdəfəlik
müavinətlər verilir. Eyni zamanda Azərbaycanın
Milli Qəhrəmanları (həlak olanların ailə
üzvləri), müharibə əlilləri və onlara bərabər
tutulanlar, şəhid ailələri, İkinci Dünya
müharibəsi iştirakçıları, əmək
pensiyası almaq hüququ olmayan ümumi səbəbdən I
qrup əlillər, fəxri adları olanlar və digər
kateqoriyadan olan vətəndaşlar Prezidentin aylıq təqaüdləri
ilə təmin edilirlər.
97 min aztəminatlı
ailəyə yaşayış stimulu
Aztəminatlı ailələrin
yoxsulluğun doğurduğu çətinliklərdən
müdafiəsində ünvanlı dövlət sosial
yardımı mühüm rola malikdir. Hazırda ölkəmizdə
97 min aztəminatlı ailə ünvanlı dövlət
sosial yardımı proqramı ilə əhatə olunur. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq
tapşırığına uyğun olaraq, bu sahədə
şəffaflığın və ədalətliliyin təmini
son illərdə aparılan islahatların əsas hədəflərindən
biri olub.
Nəticədə, 2016-cı il fevralın 15-dən istifadəyə verilən
Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi
ünvanlı dövlət sosial yardımı sistemində
bütün prosedurların məmur-vətəndaş
kontaktları olmadan tam elektron qaydada həyata keçirilməsinə
imkan yaradıb. Vətəndaşlar təmsil etdikləri ailələrin
sosial yardım almaq hüquqlarına baxılması
üçün internet əlaqəsi olan istənilən
nöqtədən və istənilən vaxt kompüterlər,
mobil telefonlar və s. vasitəsilə müraciət edə
bilirlər. Ailələr barədə sistemə
daxil edilən məlumatların yoxlanılması 20-dən
çox qurumun elektron məlumat bazalarına inteqrasiya şəraitində
həyata keçirilir və məlumatların təhlili, qərar
qəbul etmə prosesi də avtomatik şəraitdə yerinə
yetirilir.
Sosial təminat sisteminin
mühüm elementlərindən olan ünvanlı dövlət
sosial yardımlarının təyinatı mexanizminin
avtomatlaşdırılmış sistem üzərində
şəffaflaşdırılması, bu sahədə insan
faktorunun iştirakı olmadan elektron müraciət və təyinat
sisteminin tətbiqi ümumən cəmiyyət tərəfindən
rəğbətlə qarşılanıb. Təsadüfi deyil ki,
Prezident İlham Əliyev bildirib: “Ünvanlı sosial
yardım sahəsində də çox müsbət dəyişikliklər
baş vermişdir. Şəffaflıq təmin
edilir. Görülən tədbirlər, islahatlar nəticəsində
bu sahə insanları daha az narahat edir. Çünki hamımız yaxşı bilirik ki, əvvəlki
illərdə bu sahə ilə bağlı çoxsaylı
şikayətlər daxil olurdu. Artıq
yaradılan yeni sistem - şəffaflıq və sosial ədalət
bu narazılığın böyük hissəsini aradan
qaldırıb”.
Ahıl və əlillərə
dövlət arxa durur
Sosial cəhətdən həssas
əhali qruplarının ehtiyac duyduqları sosial xidmətlərlə
təminatı sosial müdafiə sisteminin əsas istiqamətlərindən
biridir. Hazırda “Sosial xidmət haqqında” qanuna müvafiq
olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin xətti ilə 11 208 nəfər tənha ahıl və
əlil şəxsə evlərində sosial-məişət
xidmət göstərilir. 1100 nəfərdən
çox şəxs isə nazirliyin sosial xidmət müəssisələrində
stasionar şəraitdə sosial xidmətlərlə təmin
edilir. Nazirliyin sosial sifarişləri əsasında
icra olunan layihələr çərçivəsində 2
mindən çox şəxsə səyyar formada sosial xidmətlər
göstərilib.
Azərbaycan Prezidentinin
tapşırığına uyğun olaraq son illərdə
sosial xidmət müəssisələrində müasir tələblərə
uyğun yaşayış şəraiti yaradılmaqla onlarda təminat
səviyyəsi daha da yaxşılaşdırılıb. O cümlədən
müharibə və əmək əlilləri
üçün pansionatda əsaslı təmir və yenidənqurma
işləri aparılmaqla yanaşı, pansionat
üçün yeni korpus inşa olunaraq istifadəyə
verilib. Heydər Əliyev Fondunun “Uşaq evləri
və internat məktəblərinin inkişafı” proqramı
çərçivəsində isə sağlamlıq
imkanları məhdud uşaqlar üçün sosial xidmət
müəssisələrində uşaqların
yaşayışı, reabilitasiya yönümlü sosial xidmətlərlə
təmin olunmaları üçün nümunəvi şərait
yaradılıb.
Həyata
dönüşdə dövlət dəstəyi
Prezident İlham Əliyevin
sosial inkişaf kursu əlilliyi olan şəxslər
üçün bərpa-müalicə infrastrukturunun ən
müasir tələblərə uyğun qurulmasına da şərait
yaradıb. Əsaslı təmir və yenidənqurmadan sonra
dövlət başçısının iştirakı ilə
2015-ci ilin sentyabr ayında açılışı olan
Respublika Əlillərin Bərpa Mərkəzi, habelə
2016-cı ilin dekabr ayında istifadəyə verilən
Uşaq Bərpa Mərkəzi, bu müəssisələrdə
ən yüksək standartlar səviyyəsində bərpa-müalicə
şəraitinin yaradılması bunun əyani təcəssümüdür.
Bu mərkəzdə və digər reabilitasiya
müəssisələrində əlilliyi olan şəxslərin
müasir tibbi avadanlıqlarla, səmərəli üsullarla
reabilitasiyası istiqamətində məqsədyönlü
işlər aparılır.
Eyni zamanda Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə
Bakının Yeni Günəşli yaşayış massivində
Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət
Reabilitasiya Müəssisəsinin yaradılması bu təbəqədən
olan uşaqların müasir tələblərə uyğun
fizioterapevtik müalicə xidmətləri ilə təmin
edilməsi imkanlarının daha da genişlənməsinə
səbəb olub.
Son illərdə dövlət
uşaq müəssisələrinin məzunu olan, hər iki
valideynini itirmiş və valideyn himayəsindən məhrum
olan gənclərin yeni yaşayış binalarında mənzillə
təmin edilməsi Azərbaycan Prezidenti cənab İlham
Əliyevin bu təbəqədən olan gənclərə
xüsusi qayğısının və Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın humanist təşəbbüsünün
nəticəsidir. Belə ki, Heydər Əliyev Fondunun humanist
təşəbbüsləri ilə həyata keçirilən
böyük sosial əhəmiyyətli layihələrdən
biri kimi, Abşeron rayonunun Masazır kəndində hər biri
120 mənzilli iki yaşayış binası tikilərək
qeyd olunan kateqoriyaya aid gənclərin istifadəsinə
verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun
evi” Sosial Müəssisəsi kimi fəaliyyət göstərən
bu yaşayış binalarında onların hər birinə
müasir tələblərə uyğun yaşayış
şəraitinin yaradıldığı, bütün
lazımi məişət avadanlıqları ilə təmin
olunmuş mənzillər təqdim edilib. Hazırda
“Məzun evi” üçün növbəti 120 mənzilli
yaşayış binasının tikintisi aparılır.
Burada yaşayan gənclərin məşğulluğunun təminatı
yönündə də mühüm işlər
görülür və onların artıq əksəriyyəti
ətraf ərazilərdəki müəssisələrdə
münasib iş yerləri ilə təmin olunublar. “Məzun
evi”nin sakinlərinin məşğulluğuna
yönələn işlərin davamı kimi, son vaxtlarda burada
yeni xalça və tikiş sexləri də fəaliyyətə
başlayıb və daha 28 nəfər gənc həmin sexlərdə
işlə təmin edilib. Onlar işə
başlamazdan əvvəl Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən
xalçaçılıq və tikişçilik peşələri
üzrə peşə hazırlığı kurslarına cəlb
olunub və işləyəcəkləri peşələrin
sirlərini öyrəniblər.
2017-ci ilin yanvar-sentyabr aylarında
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
reabilitasiya müəssisələri tərəfindən 6 965
nəfər əlilliyi olan şəxsə və
sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə,
9 636 nəfərə isə protez-ortopedik xidmətlər
göstərilib, onlara ümumilikdə 22 453 protez-ortopedik məmulat
və reabilitasiya vasitəsi, o cümlədən 645 ədəd
əlil arabası verilib.
Əlilliyi olan şəxslərin
əmək bazarına çıxış və reabilitasiya
imkanlarının genişlənməsində dövlət
başçısının iştirakı ilə 2013-cü
ilin dekabrında açılışı olan
Sağlamlıq İmkanları Məhdud Gənclərin
Peşə Reabilitasiya Mərkəzi mühüm rol
oynayır. Cari ilin 1 oktyabr tarixinədək həmin mərkəzdə
1215 nəfər sağlamlıq imkanları məhdud gənc
peşə hazırlığı kurslarına qəbul olunub.
Müasir, şəffaf
xidmətlər şəbəkəsi
Dövlət
başçısının sosial sahə ilə bağlı
tapşırıqlarından biri də aztəminatlı ailələrin
aktiv məşğulluq tədbirlərinə cəlb
olunması yolu ilə onların dövlət yardımından
asılılığının aradan qaldırılması,
gəlir imkanlarının artırılmasıdır.
Prezidentin 7 aprel 2016-cı il tarixli sərəncamına
əsasən, ilk dəfə olaraq ölkəmizdə dövlət
səviyyəsində özünüməşğulluq
proqramının həyata keçirilməsinə
başlanılıb və müvafiq potensialları nəzərə
alınmaqla özünüməşğulluq proqramına cəlb
edilmiş 1400 nəfərə yaxın şəxsdən
artıq 1000 nəfərdən çoxu ailə əməyinə
əsaslanan fərdi təsərrüfatlarını quraraq
özünüməşğulluq fəaliyyətinə yiyələnmələri
üçün aktivlərlə (mal və materiallarla) təmin
edilib.
Nazirlər Kabinetinin 2017-ci
ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında Azərbaycan Prezidenti İlham
Əliyev bu proqramı yenilik, yeni təşəbbüs kimi
qiymətləndirib. Dövlət başçısı
vurğulayıb ki, artıq bir çox ailələrə
dövlət tərəfindən maliyyə dəstəyi
göstərilir. Bu ailələrə
tövsiyələr verilir ki, onlar öz ailə biznesini necə
qursunlar və onların ünvanlı dövlət sosial
yardımına ehtiyacı qalmasın, özləri
üçün yaxşı şərait yaratsınlar.
Əmək və sosial
müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində
müasir və şəffaf xidmətlər sisteminin
yaradılması son illərdə aparılan islahatların əsas
hədəfləri arasında olub. 2006-cı ilin əvvəlindən
Azərbaycanda beynəlxalq standartlara cavab verən, fərdi
uçot və pensiya təminatı sahəsində funksiyaların
bir-birini tamamladığı vahid mexanizm əsasında
avtomatlaşdırılmış sığorta-pensiya
sisteminin tətbiqinə başlanılıb. Həmin sistem əsasında Azərbaycanda Şərqi
Avropa və MDB məkanında ilk dəfə olaraq
pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən
təyinatı mexanizmi formalaşdırılıb. Bu sığorta-pensiya sisteminin ən mühüm cəhəti
pensiyaların məbləğinin hər kəsin ödəmiş
olduğu sığorta haqlarına, sistemə verdiyi paya
uyğun müəyyənləşdirilməsidir ki, bu da
dünyada ən ədalətli bir istiqamət kimi qəbul
olunur.
2014-cü ilin iyul ayından istifadəyə
verilən əmək müqavilələrinin elektron
qeydiyyatı sistemi əmək bazarına dövlət nəzarəti
sahəsində idarəetmə mexanizminin müasir meyarlara
uyğun, obyektiv və səmərəli təşkilinə, əmək
bazarının dəqiq və əhatəli uçotunun
aparılmasına, əmək münasibətlərinin elektron
müstəvidə şəffaflaşdırılmasına,
sosial sığorta və vergi daxilolmalarının
artırılmasına, işçilərin əmək və
sosial hüquqlarının formalaşması üçün
mühüm əsasların yaradılmasına imkan verib.
Hazırda Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
30-a yaxın elektron xidmət əhalinin istifadəsindədir
ki, təkcə 2017-ci ilin sentyabr ayında bu e-xidmətlərə
520 205, yanvar-sentyabr aylarında isə 7 milyon 6 min 738 müraciətin
qeydə alınması onlara nə qədər böyük
sosial tələbin olduğunu göstərir.
Azərbaycan əmək
bazarının səmərəliliyi üzrə dünyada
17-ci yerə yüksəlib
Azərbaycan Prezidenti
İlham Əliyevin uğurlu sosial siyasətinin nəticəsi
olaraq ölkəmizdə qurulmuş etibarlı sosial müdafiə
sistemi səmərəliliyi, şəffaflığı və
əhatəliliyi ilə səciyyəvidir. Təsadüfi
deyil ki, Dünya Bankı Azərbaycanın sosial müdafiə
sistemini geniş əhatəliliyə malik olan, yoxsulluğun
azaldılmasında mühüm rol oynayan bir sistem kimi qiymətləndirib.
Eyni zamanda ölkəmizin əmək
bazarında davamlı xarakter alan inkişaf
meyilləri beynəlxalq səviyyədə də yüksək
dəyərləndirilir. Dünya İqtisadi Forumunun “2017-2018
Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək
137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycanın
eyni zamanda əmək bazarının səmərəliliyi
üzrə 9 pillə irəliləyərək 17-ci yeri
tutması bunu bir daha təsdiq edir. Azərbaycan əmək
bazarının səmərəliliyi üzrə hesabatda əksini
tapan sıralamada digər bütün MDB ölkələrindən,
eyni zamanda İsrail, Fransa, İsveç, Belçika, Avstriya,
Qətər, Yaponiya, İspaniya, İtaliya, Finlandiya, Latviya,
Çin, Malayziya və digər ölkələrdən
öndə qərarlaşıb.
Hazırda Azərbaycanın əmək
və sosial müdafiə, tibbi-sosial ekpertiza və reabilitasiya
sahələrində avtomatlaşdırılmış sistemləri
ayrı-ayrı ölkələr tərəfindən
qabaqcıl təcrübə nümunələri kimi öyrənilir.
Bütün bunlar bir daha təsdiq
edir ki, ölkəmizdə həyata keçirilən sosial
siyasətin mərkəzində Azərbaycan vətəndaşı
dayanır. Qeyd olunanlar Prezident İlham Əliyevin sosial
inkişaf kursuna uyğun olaraq əhalinin sosial müdafiəsinin
gücləndirilməsi, bütün sosial proqramların
uğurla davam etdirilməsi, əmək və sosial müdafiə
infrastrukturunun təkmilləşdirilməsi sahəsində
qarşıdakı dövrdə də mühüm
uğurların əldə olunacağına əsas
yaradır. Çünki Azərbaycanda formalaşan
əmək bazarının tənzimlənməsi və sosial
müdafiə sistemi sürətlə dəyişən
paradiqmalara uyğun şəkildə və müasir
çağırışlara cavab verəcək formada təkmilləşdirilir
və bu prosesin uğurla davam etdiriləcəyinə İlham
Əliyevin sosial-iqtisadi siyasəti təminat verir.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-
2017.-13 oktyabr.- S.1; 4.