Rumen Radev: "Azərbaycan Şərqi
və Mərkəzi Avropada şaxələndirmə
imkanlarının təmin edilməsində mühüm
rol oynayır"
Oktyabrın 13-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin nümayəndə
heyətlərinin iştirakı ilə geniş tərkibdə
görüşü olub.
AZƏRTAC xəbər verir ki, dövlət başçıları görüşdə çıxış etdilər.
Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Çox şadam ki,
ölkəmizə səfərə
gəlmisiniz. Nyu-Yorkda BMT Baş
Assambleyasının iclasında
qısa görüşümüz
olub. Dəvəti qəbul edib
Azərbaycana səfərə
gəldiyinizə görə
minnətdaram. Bu, ölkəmizə
Sizin ilk səfərinizdir. Əminəm ki, səfər çox uğurlu olacaq.
Tərəfdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı bu gün artıq
fikir mübadiləsi apardıq. Əminəm ki, bölüşdüyümüz
ideyalar ölkələrimiz
arasında daha geniş əməkdaşlığa
yol açacaq. Siyasi və iqtisadi sahələrdə əməkdaşlığın
səviyyəsindən məmnunuq.
Lakin əminəm ki, iqtisadi sahədəki potensialımız bu gün mövcud olan potensialdan daha üstündür.
Bu cür yaxşı
siyasi münasibətlərə
malik olmaqla yanaşı, biz ticarət,
investisiya sahələrinə
və digər sahələrə də diqqət yetirməliyik.
Nəticədə tərəfdaşlığımız
daha da genişlənəcək
və şaxələnmiş
olacaq.
Bolqarıstan bizim üçün çox sıx tərəfdaşdır,
dost ölkədir. Eyni zamanda,
beynəlxalq təşkilatlar
çərçivəsində də çox fəal əməkdaşlıq
edirik. Səfəriniz bir daha göstərir ki, biz yaxın dostuq və əməkdaşlığımız
uğurla davam edəcək.
Sizə Azərbaycanda xoş səfər arzulayıram. Bir daha ölkəmizə xoş gəlmisiniz.
Bolqarıstan Prezidenti
Rumen RADEV dedi:
-Cənab Prezident, əvvəlcə,
icazə verin dəvətə və gözəl ölkənizə
səfər etmək imkanına görə nümayəndə heyətim
adından Sizə təşəkkürümü bildirim.
Ölkələrimizin rəhbərliyi
arasında müzakirələrin aparılması və dialoqun davam etdirilməsi üçün burada
olmağımızdan şadıq. Hesab edirik, siyasi dialoqun intensivliyi göstərir
ki, xalqlarımız və ölkələrimiz
arasında çox yaxşı münasibətlər
var. Bununla belə, Siz də qeyd etdiyiniz kimi, siyasi dialoqun səviyyəsi
əməkdaşlığımızın bir
çox digər sahələrdə
inkişafı üçün
yaxşı şərait yaradır. İndicə iqtisadi və enerji əməkdaşlığını,
imkanlarını və potensialını müzakirə etdik. Biz Cənub Qaz Dəhlizinə dəstək veririk. Azərbaycan Şərqi və Mərkəzi
Avropada şaxələndirmə
imkanlarının təmin edilməsində mühüm
rol oynayır. Buna
görə, biz həmin layihəyə dəstəyimizi
veririk. Daşımalar, nəqliyyat dəhlizinin
yaradılması ilə bağlı çox
böyük potensial var. Biz, həmçinin
ölkələrimiz üçün vacib olan Bakı ilə Sofiya arasında birbaşa
uçuşları müzakirə etdik.
Əgər həmin hava xəttini aça bilsək, bütün
digər sahələrin inkişafına töhfə vermiş olacağıq.
Azərbaycan.-
2017.- 14 oktyabr.- S. 2.