Azərbaycan qazı Bolqarıstanın enerji
təhlükəsizliyi məsələlərinin həllində
öz rolunu oyanyacaq
Oktyabrın 13-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata
bəyanatlarla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyev bəyanatla çıxış etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Mən çox şadam ki, Siz mənim dəvətimi qəbul edib Azərbaycana rəsmi səfərə gəlmisiniz. Səfərin çox böyük əhəmiyyəti var və əminəm ki, çox gözəl nəticələri də olacaq.
Bu gün həm təkbətək formatda, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşlərdə biz Bolqarıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiqlədik ki, Bolqarıstan və Azərbaycan dost, tərəfdaş ölkələrdir və bizim tərəfdaşlığımızın çox böyük əhəmiyyəti var. İki il bundan əvvəl biz strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzaladıq və əslində, bu Bəyannamənin adı özlüyündə bir göstəricidir. Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Siyasi əlaqələrimiz ən yüksək səviyyədədir və bu gün əsas müzakirə mövzusu iqtisadi, nəqliyyat, energetika, turizm sahələrində və digər sahələrdə əməkdaşlığa əsaslanırdı. Bu sahədə böyük perspektivlər ola bilər. Təbii ki, qarşılıqlı ticarət dövriyyəsinin həcmi bizi qane edə bilməz. Bugünkü görüşdə müvafiq göstərişlər verilib ki, aidiyyəti orqanlar ticarət dövriyyəsinin artması ilə bağlı konkret təkliflər təqdim etsinlər.
Eyni zamanda, bu gün mən Prezidentə məlumat verdim ki, onun səfəri ərəfəsində göstəriş verilib, AZAL - Azərbaycan Hava Yolları şirkəti Bakıdan Sofiyaya birbaşa təyyarə uçuşlarını təşkil edəcək. İndi hazırlıq işləri gedir. Əminəm ki, bütün danışıqlar uğurla nəticələnəcək və tezliklə Bakıdan Sofiyaya, Sofiyadan Bakıya təyyarə reysləri açılacaq. Mən bunu da səfərin gözəl nəticəsi kimi qiymətləndirirəm.
Əlbəttə, bu gün biz energetika sahəsindəki əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Biz bu sahədə də strateji tərəfdaşıq. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Bolqarıstan Bakıda bir neçə dəfə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasında həmişə yüksək səviyyədə təmsil olunmuşdur və Cənub Qaz Dəhlizinin icrası ölkələrimizi bir-birinə daha da yaxın edəcək. Bu, nəhəng transmilli layihədir. Cənub Qaz Dəhlizinin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. Azərbaycanın nəhəng “Şahdəniz” yatağından qaz Avropa ölkələrinə, region ölkələrinə, o cümlədən Bolqarıstana çatdırılacaq. Əminəm ki, Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində öz rolunu oynayacaq.
Bununla paralel olaraq, bu gün biz energetika sahəsində, xüsusilə qaz sahəsində növbəti əməkdaşlıq planları haqqında fikir mübadiləsi apardıq. Bir halda ki, Azərbaycan qazı bir neçə ildən sonra Bolqarıstan bazarına çatdırılacaq, əlbəttə, gələcək əməkdaşlıq üçün də çox yaxşı imkanlar açılacaq.
Mən Prezidenti məlumatlandırdım ki, Bakı-Tbilisi-Qars dəmir yolu yaxın vaxtlarda istifadəyə veriləcək. Bu da tarixi layihədir və əminəm ki, Bolqarıstan da bu layihədə fəal iştirak edəcək. Bu layihə bütün ölkələr, o cümlədən dəmir yolu boyu yerləşən ölkələr üçün yeni imkanlar açacaq.
Əlbəttə ki, biz humanitar sahədə əməkdaşlıq haqqında da danışdıq. Bu sahə həm Bolqarıstan, həm də Azərbaycan üçün çox önəmlidir. İnsanlararası əlaqələr, humanitar əməkdaşlıq, təhsil sahəsində əməkdaşlıq, əlbəttə ki, əlaqələrimizin möhkəm zəminini daha da gücləndirəcək.
Bir sözlə, qeyd etdiyim məsələlər artıq əyani şəkildə göstərir ki, bizim əməkdaşlığımız çoxşaxəlidir və çox uğurludur. Prezidentin səfəri bu sözlərimi bir daha təsdiqləyir.
Cənab Prezident, Sizi bir daha salamlayıram və Sizə ən xoş arzularımı bildirirəm.
***
Sonra Prezident Rumen Radev bəyanatla çıxış
etdi.
Bolqarıstan Prezidenti
Rumen Radevin bəyanatı
Hörmətli cənab Prezident.
Xanımlar və cənablar.
Azərbaycana ilk rəsmi səfərimdən
məmnunam. Öz adımdan və
Bolqarıstan nümayəndə
heyətinin adından
Prezident İlham Əliyevə dəvətə,
gözəl ölkənizə
gəlmək və bu gün baş
tutan məzmunlu, konstruktiv danışıqlar
aparmaq imkanına görə böyük təşəkkürümü bildirmək istəyirəm.
Azərbaycan Respublikası
və Bolqarıstan Respublikası dost, uzunmüddətli
siyasi, mədəni və mənəvi əlaqələr bazasında
tərəfdaş ölkələrdir.
Bu gün Prezident
Əliyev ilə biz əlaqələrin mümkünlüyünü,
həm də uzun illər həyata keçirilən
intensiv siyasi və iqtisadi dialoqu təsdiq etməklə yanaşı,
həm də əməkdaşlığın inkişafı, dərinləşməsi
üçün ölkələrimiz
arasında münasibətlərin
böyük əhəmiyyətini
də vurğuladıq.
Biz həqiqətən də
energetikadan, nəqliyyatdan,
əmtəə mübadiləsindən,
mədəniyyətdən, təhsildən, turizmdən
tutmuş, - gəlin turizmi unutmayaq, - qarşılıqlı maraq
doğuran bütün
sahələrdə əməkdaşlıq
aparılmasına imkan
verən və iki il əvvəl imzalanmış
strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamə çərçivəsində
mövcud olan yaxşı bünövrənin
gerçəkləşdirilməsi istiqamətində əməli
addımlar atmağa keçmişik. Bizim həqiqətən konkret addımlar atmağımızın zəruriliyi
çox vacibdir.
Çünki bizim siyasi əlaqələrimizin daha
da inkişaf etməsi üçün
böyük imkanlar mövcuddur. Prezident Əliyevin
də qeyd etdiyi kimi, ölkələrimiz
arasında əmtəə
mübadiləsinin həcmi
bizi qane etmir. Biz daha yaxşı nəticələrə
nail ola bilərik.
Yaxşı xəbər
budur ki, Azərbaycan rəhbərliyi
artıq gələn il yanvarın
1-dən Sofiya ilə Bakı arasında ilk reysi açmağa hazırdır. Bu, Bolqarıstanın Avropa İttifaqında sədrliyə
keçməsi prosesi
ilə üst-üstə
düşür. Bu cəhətdən Bolqarıstan
Azərbaycan Respublikasına
öz dəstəyini
təsdiq edir. Avropa İttifaqı ilə qarşıdakı
hərtərəfli razılaşmanın
imzalanması ilə əlaqədar Bolqarıstan
Avropa İttifaqının
Şərq Tərəfdaşlığını,
onun qüdrətli, sabit, perspektivli regiona çevrilməsi cəhətdən səylərini
və bu istiqamətdə Azərbaycanın
siyasətini, bütün
mühüm missiyalarda
və NATO-da Azərbaycan kontingentinin iştirakını dəstəkləyir.
Biz daha böyük nəticələrə nail ola bilərik.
Bolqarıstan Azərbaycanın kənd təsərrüfatının inkişafına,
kənd təsərrüfatında,
xüsusilə emal sənayesində yeni texnologiyaların tətbiq
olunmasına, Azərbaycan
Respublikasında əczaçılıq
istehsalının inkişafının
təşkilinə öz
töhfələrini verə
bilər. Energetika sahəsindəki yüksək texnoloji imkanları sayəsində
Azərbaycan da Bolqarıstan qurumları ilə bizim ölkəmizdə fəal
inkişaf etməli olan məişət sektorunun qazlaşdırılmasında,
eləcə də Bolqarıstanın yanacaqdoldurma
stansiyaları şəbəkəsinin
inkişafında birgə
işləməyə hazırdır.
Energetika bizi uzun illər
birləşdirəcək sahədir
və biz “Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşdirilməsinə
dəstəyimizi təsdiq
edirik. Azərbaycan qazın nəqli
mənbələrinin və
marşrutlarının inkişafı,
onun Cənubi və Mərkəzi Avropada real şaxələnməsinə
kömək üçün
bu layihənin gerçəkləşdirilməsində həlledici rol oynayır. Biz Asiya və Avropa
arasında nəqliyyat
və qaz dəhlizlərinin inkişafında
qarşılıqlı maraqları
təsdiq etdik. Bizim ölkələrimiz regionda
strateji mövqeyə malikdir və biz bu mövqeyin təqdim etdiyi bütün imkanlardan istifadə etməliyik.
Son illərdə
bizim mədəniyyət,
təhsil və elmi sahələrdə əlaqələrimiz intensiv
inkişaf edir. Mən Prezident
Əliyevə Heydər
Əliyev Fondu sayəsində Trapezitsa qalasının bərpası
layihəsinin həyata
keçirilməsinə görə
təşəkkür edirəm.
Biz hesab edirik
ki, bu, həm
təhsil, həm də mədəniyyət
sahələrində məhsuldar
əməkdaşlığın yalnız başlanğıcıdır.
Təhlükəsizlik sahəsinə
gəldikdə, əlbəttə ki, mən
Azərbaycan Respublikasının müvafiq
strukturları ilə əməkdaşlığı dəstəkləyirəm.
Həmçinin istəyirəm ki, təhsil
sahəsində əməkdaşlıq edərək sizin tələbələriniz bizim
ali məktəblərimizdə təhsil
alsınlar. Bolqarıstan həqiqətən təkcə Balkan yarımadasında deyil,
həm də Qara dəniz regionunda
təhlükəsizlik və sabitlik mərkəzidir.
Mən ümid edirəm ki,
bizim bugünkü
görüşlərimiz xalqlarımızın rifahı və
təhlükəsizliyi naminə bütün
sahələrdə məhsuldar əməkdaşlıq üçün böyük
əhəmiyyət kəsb edəcək. Təşəkkür
edirəm, cənab Prezident.
Azərbaycan.-
2017.- 14 oktyabr.- S. 2.