Ali qonağın şərəfinə
Oktyabrın
13-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin və xanımı Mehriban Əliyevanın
adından ölkəmizdə rəsmi səfərdə olan
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin və
xanımı Desislava Radevanın şərəfinə rəsmi
ziyafət verilib.
AZƏRTAC
xəbər verir ki, dövlət başçıları
ziyafətdə çıxış ediblər.
Prezident İlham Əliyevin çıxışı
-
Hörmətli cənab Prezident.
Hörmətli
xanım Desislava Radeva.
Hörmətli
qonaqlar, xanımlar və cənablar.
Cənab
Prezident, Sizi və rəhbərlik etdiyiniz nümayəndə
heyətini Azərbaycanda bir daha səmimiyyətlə
salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Sizin
Azərbaycana səfəriniz ölkələrimiz arasında
diplomatik münasibətlərin qurulmasının 25-ci
ildönümünə təsadüf edir. Diplomatik əlaqələrimiz
25 illik dövrü əhatə etsə də,
xalqlarımız arasında münasibətlərin zəngin
tarixi var. Bu münasibətlər mədəniyyət, incəsənət,
elm və digər sahələri əhatə edir. Dahi Azərbaycan
şairi Nizami Gəncəvinin şeirləri hələ XIX əsrdə
bolqar dilinə tərcümə olunub nəşr
edilmişdir. Bolqar ədəbiyyatının klassikləri –
İvan Vazov, Xristo Botev, Emiliyan Stanev və bir çox
başqaları Azərbaycanda sevilərək oxunur. Belə gözəl
ənənə üzərində qurulmuş əlaqələrimiz
yüksələn xətlə inkişaf edir.
Bu
gün də ölkələrimiz arasında humanitar sahədə
münasibətlərin inkişafı məmnunluq doğurur.
Bakı Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti
tədris edilir, 2004-cü ildən isə bolqar dili və mədəniyyəti
mərkəzi fəaliyyət göstərir. 2013-cü ildə
Sofiya Universitetində Azərbaycan dili və mədəniyyəti
mərkəzi yaradılmışdır. Hazırda həmin
universitetdə Azərbaycan multikulturalizmi fənni tədris
olunur. Balkanlarda açıq səma altında ən
böyük muzey kompleksi olan Bolqarıstanın Veliko Trnava
şəhərindəki Trapezitsa memarlıq muzeyi qoruğunun
Heydər Əliyev Fondunun dəstəyi ilə bərpası
ölkələrimiz arasındakı dost münasibətlərin
təzahürüdür.
Azərbaycan
Bolqarıstan ilə bütün sahələrdə əməkdaşlığın
daha da dərinləşməsinə və möhkəmlənməsinə
böyük əhəmiyyət verir. Bu gün ölkələrimiz
arasında müxtəlif sahələrdə əməkdaşlığın,
o cümlədən kənd təsərrüfatının,
turizmin, informasiya-kommunikasiya texnologiyalarının, əczaçılığın
inkişafı üçün yaxşı perspektivlər
mövcuddur.
İnanıram
ki, səfəriniz zamanı keçirdiyimiz görüşlər
və apardığımız fikir mübadiləsi ölkələrimiz
arasında strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlmiş münasibətlərin daha da güclənməsinə
təkan verəcəkdir. Azərbaycan iqtisadiyyat, ticarət və
nəqliyyat sahələrində əlaqələrin genişlənməsi
üçün böyük imkanlar yaradan Şimal-Cənub və
Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata
keçirilməsinə xüsusi diqqət yetirir. Eyni zamanda,
Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq enerji layihələrinin
təşəbbüskarı və
iştirakçısıdır. Belə layihələrdən
biri - Cənub Qaz Dəhlizi həm Avropanın enerji təhlükəsizliyi,
həm də ikitərəfli və çoxtərəfli
formatda Avropa dövlətləri ilə əməkdaşlıq
üçün mühüm əhəmiyyət
daşıyır. Əminəm ki, Bolqarıstanın da
iştirakçısı olduğu bu layihə reallaşaraq,
həmçinin digər Şərqi Avropa ölkələri
ilə əməkdaşlıq üçün geniş
imkanlar açacaqdır. Bu yaxınlarda
açılışı nəzərdə tutulan
Bakı-Tbilisi-Qars dəmir yolu da Avropanı Asiya ilə birləşdirəcək
və ölkələri bir-birinə daha da
yaxınlaşdıracaqdır.
Azərbaycanın
xarici siyasətində Avropa İttifaqı ilə əlaqələr
mühüm yer tutur. Bu ilin əvvəlində Brüsselə
etdiyim səfərdən sonra biz yeni tərəfdaşlıq
sazişi üzərində işləməyə
başladıq. Bolqarıstan 2018-ci ilin yanvar ayından Avropa
İttifaqına sədrlik edəcək. İnanıram ki, bu sədrlik
müddətində əlaqələrimiz daha da möhkəmlənəcək.
Azərbaycan
regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və
əməkdaşlığa mühüm töhfə verir.
Lakin regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi hələ də
həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü
nəticəsində Azərbaycan ərazilərinin 20 faizi –
tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı
7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə
siyasəti həyata keçirilmiş, bir milyondan çox azərbaycanlı
qaçqın və məcburi köçkün vəziyyətinə
düşmüşdür. Beynəlxalq təşkilatlar
münaqişə ilə bağlı öz mövqelərini
bildirmişlər. BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın işğal olunmuş
ərazilərindən dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edir. Eyni zamanda,
ATƏT, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq
Təşkilatı və digər beynəlxalq təşkilatların
müvafiq qərar və qətnamələri vardır. Azərbaycan
və Bolqarıstan arasında strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamədə
vurğulandığı kimi, Dağlıq Qarabağ
münaqişəsi Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi və sərhədlərin
toxunulmazlığı prinsipi çərçivəsində
nizamlanmalıdır. Belə ədalətli mövqeyə
görə Bolqarıstana minnətdarlığımı
bildirirəm.
Hörmətli
cənab Prezident, bir daha Sizi ürəkdən salamlayır, Sizə
cansağlığı, ölkənizə və
xalqınıza daim inkişaf və tərəqqi
arzulayıram.
Prezident Rumen Radevin çıxışı
-Hörmətli
cənab Prezident.
Hörmətli
xanım Əliyeva.
Hörmətli
xanımlar və cənablar.
İcazə
verin, bu gün keçirilmiş məhsuldar görüşlərdən
və aparılmış səmimi danışıqlardan məmnun
qaldığımı bildirim. Xüsusi məmnunluqla bəyan
edə bilərəm ki, onlar səmimi, açıq və
dostluq şəraitində keçdi. Azərbaycan
Respublikası Bolqarıstan Respublikasının xarici siyasət
prioritetləri sistemində mühüm yer tutur. Şadam ki, bu
cür vacib səviyyəyə uyğun olaraq aramızda təşəkkül
tapmış təmaslar həm siyasi, həm iqtisadi baxımdan
yüksək və ali səviyyədə böyük dinamika
ilə səciyyələnir. İcazə verin, qeyd edim ki, 2015-ci
ilin martında imzalanmış Bolqarıstan Respublikası ilə
Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamə qarşılıqlı
maraqlarımıza, böyük potensiala və bu sahədə
mövcud perspektivlərə uyğun olaraq aramızdakı
münasibətlərin əla səviyyəsinə verilən
qiymətdir və əlaqələrimizin daha da dərinləşdirilməsinə
olan ümumi arzunun təzahürüdür. İnanıram ki,
Azərbaycana etdiyimiz səfərin əsas məqsədlərindən
birinə bu gün artıq nail olduq.
Cənab
Prezident, biz Sizinlə Bolqarıstan ilə Azərbaycan
arasında ənənəvi, xoş, mehriban münasibətləri
təsdiq etdik və qarşılıqlı maraq doğuran
bütün sahələrdə ölkələrimizin və
xalqlarımızın inkişafı və rifahı naminə
həmin əlaqələrin dərinləşməsi istiqamətində
çalışmağa hazır olduğumuzu bildirdik. Gələcəyə
əminliklə nəzər salaraq keçmişi bilməliyik
və əziz tutmalıyıq. İyirmi beş illiyini 2017-ci
il iyunun 5-də qeyd etdiyimiz dövlətlərarası
münasibətlərimizin tarixi zaman baxımından qısa
olsa da çox əhəmiyyətli və hadisələrlə
zəngindir. Ötən 25 il ərzində Bolqarıstan ilə
Azərbaycan arasında münasibətlər ümumi maraq
doğuran bütün sahələrdə bərabərhüquqlu
əməkdaşlıqla, qarşılıqlı hörmət
və anlaşma ilə, eləcə də açıq qalan məsələlərin
olmaması ilə xarakterizə edilir.
Xəzər
dənizinin mirvarisi, Böyük İpək Yolunun ayrılmaz
hissəsi olan Bakı şəhərində həmin İpək
Yolunun bərpasına ümumi marağımızı qeyd etmək
istərdim. Asiya ilə Avropa arasında nəqliyyat və
enerji dəhlizlərinin yaradılmasında geostrateji
üstünlüklərdən istifadəni vacib sayıram:
Bolqarıstan Avropaya qapı, Azərbaycan isə Avropa ilə
Asiya arasında körpü və Mərkəzi Asiyaya qapı
olaraq öz rolunu oynaya bilər. Bolqarıstanın və Azərbaycanın
geosiyasi yerləşməsi ölkələrimizin
üstünlüyüdür. Mən əminəm ki, biz bu
üstünlüyü ölkələrimizin rifahı naminə
birgə səylərlə inkişaf etdirərək bundan
yararlanacağıq. Təsadüfi deyil ki, məhz enerji sahəsində
qarşılıqlı fəaliyyət gün ərzində gələcək
əməkdaşlığımızın təfərrüatlı
qaydada nəzərdən keçirilmiş imkanları və
prioritetləri sırasında oldu. Bu baxımdan, icazə
verin, enerji resurslarının təchizatında mənbələrin
və marşrutların şaxələndirilməsi sahəsində
gələcək əməkdaşlıq üçün
böyük potensialın olduğunu bir daha qeyd edim.
Avropa
İttifaqı ilə münasibətlərə gəldikdə,
biz həm Şərq Tərəfdaşlığı çərçivəsində,
həm münasibətləri yeni inkişaf mərhələsinə
daxil edəcək hərtərəfli sazişin
bağlanması ilə əlaqədar
danışıqların aparılmasında Azərbaycanın
Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq
etmək arzusunu yüksək dəyərləndiririk və dəstəkləyirik.
Bu, şübhəsiz ki, Bolqarıstan ilə Azərbaycan
arasında iqtisadi mübadilənin, qarşılıqlı təmasların
və sərmayələrin artması üçün yeni
perspektivlər açacaq.
Ölkələrimiz
arasında rəsmi münasibətlərlə yanaşı,
xalqlarımız arasında əlaqələr əsrlər
boyu davam etmişdir. Bolqarıstanda Nizami Gəncəvi, Şah
İsmayıl Xətai kimi dahi şairlərin
yaradıcılıq fəaliyyəti və
bütövlükdə Azərbaycan mədəniyyətinin
nailiyyətləri ilə tanışdırlar. Məmnuniyyətlə
qeyd edirik ki, son illər ərzində ikitərəfli
münasibətlərimizin mədəniyyət, təhsil və
elm sahələrində inkişafı, eləcə də mədəni-tarixi
irsin qorunması istiqamətində ciddi addımlar
atılmışdır.
Mədəni
və mənəvi sahələrdə layihələrin
mühüm sosial elementi mövcuddur və bu layihələr
xalqlarımız arasında yaxınlaşmaya xidmət edir. Bu
baxımdan, icazə verin, Veliko Tırnovo şəhərinin
yaxınlığında Trapezitsa qalasının ictimaiyyətə
açıq elan olunması, bərpası və
konservasiyası layihəsinin həyata keçirilməsində
göstərilmiş maliyyə dəstəyinə görə
Heydər Əliyev Fondu qismində Azərbaycan tərəfinə,
xüsusən də bu cür nəcib missiyanın
reallaşmasında şəxsi xidmətlərinə görə
Mehriban xanım Əliyevaya xüsusi təşəkkürümü
bildirim.
Hörmətli
cənab Prezident.
Hörmətli
xanım Əliyeva.
Hörmətli
xanımlar və cənablar.
Göstərilmiş
qonaqpərvərliyə və səfərimizi əla təşkil
etdiyinizə görə təşəkkürümü qəbul
etməyinizi xahiş edirəm. Sağ olun.
Azərbaycan.-
2017.- 14 oktyabr.- S. 3.