Azərbaycanın yeni energetika naziri kollektivə təqdim olunub

 

Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazovu nazirliyin kollektivinə və yanacaq-energetika sektorunda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərlərinə təqdim edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Əli Əsədov P.Şahbazovun nazir təyin olunması haqqında Prezidentin Sərəncamını oxuyub, ona işlərində uğurlar arzulayıb. O, enerji sektorunun ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını qeyd edərək, bu sahənin müasir çağırışlara uyğun şəkildə inkişafı ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədləri diqqətə çatdırıb, məsləhət və tövsiyələrini verib.

Yeni təyin olunmuş energetika naziri P.Şahbazov ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib. O, Azərbaycan Neft Akademiyasının məzunu olması, diplomatiya sahəsindəki 20 ildən artıq fəaliyyəti barədə ətraflı məlumat verərək, bu müddət ərzində xaricdə Azərbaycanın enerji siyasətinin həyata keçirilməsində yaxından iştirak etdiyini bildirib.

Nazir qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi enerji siyasəti beynəlxalq aləmdə yüksək rəğbət qazanıb. O, enerji siyasətinin xarici istiqamətlə yanaşı, geniş daxili seqmentlərə də malik olduğunu diqqətə çatdıraraq, ölkəmizdə energetika sektorunun qloballaşma dövrünün tələblərinə uyğun inkişafı və bu sahədə beynəlxalq təcrübənin tətbiqinin zəruriliyini vurğulayıb. Qarşıya qoyulmuş vəzifələrin yüksək səviyyədə həyata keçirilməsinin isə sıx əməkdaşlıq münasibətləri ilə mümkünlüyünü bildirib.

Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, “Azərişıq” ASC-nin sədri Baba Rzayev, SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev iştirak edib.

Qeyd edək ki, Pərviz Oqtay oğlu Şahbazov energetika naziri vəzifəsinə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 oktyabr tarixli Sərəncamı ilə təyin edilib.

 

Azərbaycan.- 2017.-14 oktyabr.- S.4.