Bolqarıstan Prezidenti
Rumen Radev İçərişəhərlə
tanış olub
Azərbaycan Respublikasında
rəsmi səfərdə
olan Bolqarıstan Respublikasının Prezidenti
Rumen Radev və xanımı Desislava Radeva oktyabrın 14-də İçərişəhərlə tanış olublar.
AZƏRTAC xəbər
verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
rəisi Əsgər Ələkbərov ali qonağa əvvəlcə Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə
məlumat verdi.
Bildirildi ki, eramızdan əvvəl VII-VI əsrlərdə
əsası qoyulmuş
Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan
abidə silindr formalı əsl qaladan və cənub tərəfdən
ona bitişən iri dayaq tikilidən
ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək
nəsillərə çatdırılması
üçün Prezident
İlham Əliyevin tapşırıqları əsasında
2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.
Yaxınlıqdakı Sıratağlı dini-memarlıq
kompleksinin ərazisindəki
ekspozisiya ilə tanışlıq da Bolqarıstan Prezidentində
böyük maraq doğurdu.
Gəzinti zamanı
ali qonağa və nümayəndə heyətinin üzvlərinə
YUNESKO-nun Dünya Mədəni
İrsi Siyahısına
daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu, burada aparılan abadlaşdırma
və bərpa işləri barədə
də məlumat verildi. Qeyd edildi ki, İçərişəhər ərazisində müxtəlif
əsrlərə aid nadir tarixi
memarlıq abidələri
var və bunlar dövlət tərəfindən qorunur.
Prezident Rumen Radev Kiçik karvansaradakı Azərbaycan
təsviri və dekorativ-tətbiqi sənət
mərkəzində – “İncəsənət
bağı”ndakı sənət
nümunələrinə baxdı.
Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Prezident və xanımı isti təndir çörəyinə qonaq
oldular.
Bolqarıstan Prezidenti Rumen Radev tanınmış rəssam
Əli Şəmsinin
emalatxanasında oldu, burada ona rəsm
əsəri hədiyyə
edildi.
Gəzinti zamanı
qonaqlar orta əsr Şərq memarlığının şah
əsəri, dünya
əhəmiyyətli tarixi-memarlıq
abidəsi olan Şirvanşahlar sarayı
kompleksi ilə də tanış
oldular.
Məlumat verildi ki, XV əsrin əvvəllərində
inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin
təpələrindən birinin
ən hündür nöqtəsində yerləşir. Abidə Xəzər
dənizindən və
şəhərin ətrafındakı
yüksəkliklərdən aydın görünür.
Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
Bolqarıstan dövlətinin başçısı
“İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini
yazdı.
İçərişəhərlə
tanışlıq Prezident Rumen
Radevdə və qonaqlarda xoş
təəssüratlar yaratdı.
Azərbaycan.-
2017.- 15 oktyabr.- S.2.