Dünya birliyinin rəğbətlə
yanaşdığı ölkə
Prezident İlham Əliyevin uğurlu siyasi-diplomatik fəaliyyəti
ötən 14 ildə Azərbaycanın beynəlxalq
nüfuzunu daha da yüksəldib
Dövlətin və xalqın inkişafı, yüksəlişi, dünya birliyindəki yerinin müəyyən olunması ona rəhbərlik edən şəxslərdən əhəmiyyətli dərəcədə asılıdır. Tarix bunu hər bir güclü dövlətin təcrübəsində sübut edib.
Müstəqil Azərbaycanın da 1993-cü ildən sonra yazılan tarixinə nəzər salsaq, bunu aydın görə bilərik. Məhz ulu öndər Heydər Əliyevin başlatdığı və bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs güclü Azərbaycan dövlətinin qurulmasını, onun yerləşdiyi bölgənin liderinə, dünyada isə söz sahibinə çevrilməsini təmin edib.
Qlobal miqyasda qəbul edilən siyasətçi
Bu siyasətin uğurlu nəticəsidir ki, Azərbaycan dünya birliyinin fəal və qəbul edilən üzvü kimi beynəlxalq mövqelərini ildən-ilə gücləndirir. Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasət milli maraqlarımızı, dövlətimizin qlobal miqyasda mövqelərini layiqincə təmin edir. Eyni zamanda bu siyasət müasir beynəlxalq münasibətlərdə mövcud çağırış və təhdidlərə adekvat reaksiya verərək özünü uğurla doğruldur.
Rəsmi və işgüzar görüşlərində, müxtəlif beynəlxalq tribunalardan etdiyi çıxışlarında Azərbaycanın milli və dövlət maraqlarını təmin edən Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik gedişləri ölkəmizin mövqelərini davamlı olaraq gücləndirir. Prezident Azərbaycanın dövlət siyasətini milli maraqlar çərçivəsində beynəlxalq siyasi və iqtisadi proseslərlə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yeridir.
Bəli, Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi son illərin əsas reallıqlarından biridir. Təbii ki, bu, dünyanın ölkəmizi daha yaxından tanıması, Azərbaycan həqiqətlərinin qəbul edilməsi, o cümlədən Dağlıq Qarabağ danışıqlarında respublikamızın üstün mövqeyinin təmin olunması baxımından vacib amildir.
Çünki bu gün Azərbaycanın xarici siyasətinin başlıca məqsədlərindən biri ərazi bütövlüyünün bərpa olunmasına xidmət edən beynəlxalq fəaliyyətin həyata keçirilməsidir. Ona görə Ermənistanın bütün dünyada işğalçı kimi tanınması, Azərbaycana qarşı hərbi təcavüzünün beynəlxalq ictimaiyyətə dərindən çatdırılması ölkəmizin xarici siyasətinin həyata keçirilməsində iştirak edən bütün subyektlərin vəzifəsi sırasında prioritet yer tutur. Xarici siyasətimiz qarşısında hücum strategiyasını müəyyən edən Prezident İlham Əliyev həm də erməni yalanlarının ifşa edilməsi və dünya miqyasında yayılması istiqamətində Azərbaycan diplomatları qarşısında ciddi tapşırıqlar qoyub. Bu istiqamətdə atılan təsirli addımların nəticəsidir ki, Ermənistanın hərbi təcavüzü şəraitində Azərbaycanın ümumi inkişafı və xarici siyasət strategiyası yüz ildən artıq bir dövr ərzində erməni ideoloqları tərəfindən formalaşdırılan böyük bir xülyanı tamamilə boşa çıxarıb. Məhz Azərbaycan dövlətinin güclənməsi fonunda erməni lobbisinin ölkəmizə qarşı təxribatlarının qarşısı alınır və yalanları ifşa olunur. Erməni lobbisinin sıx cəmləşdiyi ölkələrdə belə Azərbaycan həqiqətlərt siyasi-ictimai dairələrə sirayət edir.
Bu həm də təsdiq edir ki, Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərinin yayılması istiqamətində müəyyən etdiyi xətt özünü doğruldur. İllər öncə Azərbaycan diplomatiyasını hücum strategiyasına kökləyən Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq təşkilatların tədbirlərində çıxışları zamanı əsas vurğunu torpaqlarımızın Ermənistan tərəfindən işğalı faktı üzərinə qoymaqla həqiqətləri dayanmadan, ardıcıl, sistemli şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Azərbaycan Prezidenti dünya miqyasında qəbul edilən siyasətçi olduğundan, verdiyi vədə sadiq, prinsipial dövlət başçısı kimi tanındığından onun dedikləri də beynəlxalq səviyyədə ciddi qəbul olunur.
Milli maraqlara cavab verən müstəqil siyasət
Beynəlxalq münasibətlər sistemində baş qaldıran təbəddülatlar, dünyanı cənginə alan maliyyə-iqtisadi böhran, enerji təhlükəsizliyi məsələlərinin getdikcə daha aktual şəkil alması, sivilizasiyalararası dialoqun təhdidi məlum dövlətləri həyata keçirdikləri siyasətə yenidən baxmağa vadar edir. Mövcud reallıqlar göstərir ki, bir sıra dövlətlər dünyada nəyin baş verib-verməməsindən asılı olmayaraq, ümumiyyətlə, nəinki müstəqil xarici, hətta daxili siyasət belə, həyata keçirə bilməkdən məhrumdurlar. Həmin ölkələr öz siyasətlərini kənar təsirlərlə uzlaşdırmaq, müəyyən diktələri qəbul etmək məcburiyyətindədirlər. Onların hakimiyyətlərinin həm beynəlxalq məsələlərlə bağlı siyasəti, həm də daxili həyata hesablanmış addımları mütləq vassallığında olduqları dövlətlərlə razılaşdırılır. Xüsusən, Ermənistanın beynəlxalq əməkdaşlığı kənar dövlətlərlə, hətta xaricdəki diaspor təşkilatları ilə razılaşdırmadan həyata keçirməsinin mümkünsüzlüyü, daxili iqtisadiyyatın aparıcı sahələrinin, energetika sektorunun tamamilə xarici investorlardan asılı vəziyyətə düşməsi bu ölkənin müstəqil siyasətinin olmamasını təsdiqləyən faktorlardır.
Məsələyə bu kontekstdən yanaşsaq, əminliklə deyə bilərik ki, regionun lider dövləti olan Azərbaycan həm də tam müstəqil siyasət yeridən, öz taleyini özü müəyyənləşdirən dövlətdir. Digər tərəfdən, Şərq və Qərbin qovuşuğunda yerləşən Azərbaycan həm Avropa, həm də Asiya dövlətləri və təşkilatları ilə müstəqil, ən əsası, milli maraqlarımıza xidmət edən əməkdaşlıq qurub. Azərbaycan həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Hər iki təşkilat da Azərbaycan torpaqlarının işğalını pisləyən və Ermənistan qoşunlarının respublikamızın ərazilərindən çıxarılmasını tələb edən müvafiq sənədlər qəbul ediblər.
Azərbaycan dövləti xarici siyasətdə elan etdiyi prioritetlərə uyğun olaraq dünyanın ayrı-ayrı subyektləri ilə özünün siyasi və iqtisadi əməkdaşlığını tamamilə bərabərhüquqlu tərəfdaşlıq formatında qurur. Özü də nəinki qurur, o cümlədən inkişaf etdirir, keyfiyyətcə yeni mərhələyə qaldırır. Bu münasibətlər bəzi ölkələrlə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkəmizin BMT, Avropa Şurası, İƏT, NATO və ATƏT kimi beynəlxalq təşkilatlarla sıx, qarşılıqlı münasibətləri var. Bu qurumlarla qarşılıqlı əməkdaşlıq münasibətləri müxtəlif sahələri əhatə edir. Bu əlaqələr və qarşılıqlı faydalı münasibətlər həm də regionda sabitliyin və sülhün təmin olunmasına töhfə verir, əmin-amanlığın, ərazi toxunulmazlığının qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirən Azərbaycanın dünya birliyinə təsir imkanlarını daha da genişləndirir. Azərbaycan Ordusunun bölmələri ayrı-ayrı ölkələrdə sülhün və əmin-amanlığın təmin olunmasında iştirak edir, beynəlxalq terrorçuluqla mübarizədə sözlərini deyirlər.
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyev ölkəmizin inkişafına və təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini davamlı şəkildə gücləndirib. Ən əsası, dəfələrlə sübut olunub ki, Azərbaycan heç bir dilemma qarşısında deyil, hansısa məsələdə tərəddüd etmir. Ölkəmizin sosial, siyasi, iqtisadi həyatına kiçicik bir məsələnin diktə edilməsi isə mümkün deyil. Bu da bir daha onu təsdiq edir ki, müstəqil siyasətin fəlsəfəsində müstəqil qərarların qəbul edilməsi dayanır. Bunun nəticəsidir ki, Azərbaycanın siyasi kursu beynəlxalq müstəvidə rəğbətlə qarşılanır. Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu barədə deyib: “Bizim xarici əlaqələrimiz çoxşaxəlidir. Biz bütün ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər qurmuşuq, buna nail olmuşuq. Bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Xarici siyasətimiz də açıqdır, müstəqildir və bu da dünya birliyi tərəfindən böyük rəğbətlə qarşılanır”.
Böyük diplomatik zəfər
2011-ci ildə Azərbaycanın qazandığı növbəti diplomatik uğur ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsində mühüm rol oynadı. Həmin il oktyabrın 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə görə Azərbaycan bu mötəbər təşkilatın Təhlükəsizlik Şurasına (TŞ) üzv seçildi. Bu möhtəşəm hadisə dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə təsadüf etdiyi üçün cəmiyyətimizin xoş ovqatını daha da rövnəqləndirdi. Bu əlamətdar hadisə münasibətilə bəyanat verərək xalqımızı təbrik edən Prezident İlham Əliyev Azərbaycanın BMT TŞ-yə üzv seçilməsini tarixi nailiyyət kimi qiymətləndirib.
BMT TŞ-yə üzvlüyün təyinatla və ya növbəlilik prinsipi əsasında deyil, məhz səsvermə yolu ilə mümkün olduğunu da nəzərə alsaq, bu zaman Azərbaycana beynəlxalq ictimaiyyətin etimadının nə dərəcədə olduğunu görə bilərik. BMT üzvü olan digər ölkələr bu qədər səs ala bilmədikləri halda, Azərbaycan səsvermənin ilkin mərhələlərindən faktiki olaraq dünyanın bütün bölgələrinin etimadını qazandığını ortaya qoydu. Məsələyə bu kontekstdən yanaşsaq, BMT TŞ-yə keçirilən səsvermədə Azərbaycana səs verənlər sadəcə, Cənubi Qafqazın sıradan bir ölkəsinin deyil, beynəlxalq miqyasda özünün müsbət imici ilə tanınan, bütün dünyada hər bir sahə üzrə ciddi nüfuz qazanan bir respublikanın namizədliyini dəstəkləmiş oldular. Bu səsvermə nəticəsində BMT Təhlükəsizlik Şurasına seçilmək Azərbaycanın dünyadakı nüfuzunun göstəricisi, beynəlxalq aləmdə ciddi və etibarlı bir ölkə olduğunu nümayiş etdirdi.
Şərqi Avropa ölkələri qrupundan Ermənistan da BMT TŞ-nin üzvu seçilmək iddiasına düşmüşdü. Amma bu ölkənin hansı əməli işi ilə bu quruma üzv olmaq istəyi məntiqi baxımdan aydın deyildi. Bunu ermənilər özləri də çox gözəl bilirdilər və biabır olacaqlarını və heç birinci turda belə, keçməyəcəklərini anladıqları üçün namizədlikdən imtina etdilər.
Azərbaycan heç vaxt BMT-nin ən ali tribunası olan Təhlükəsizlik Şurasında təmsil olunmamışdı. Ona görə də bu hadisə ictimaiyyət tərəfindən çox düzgün olaraq Azərbaycanın beynəlxalq müstəvidə qazandığı son dərəcə böyük siyasi və diplomatik qələbə kimi qəbul edildi. Bunun üçün Azərbaycan tərəfi xeyli müddət idi ki, genişmiqyaslı iş aparırdı və nəhayət, bu fəaliyyət layiqli bəhrəsini verdi.
Azərbaycanın BMT TŞ-nin üzvü seçilməsi ilk növbədə, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin göstəricisi idi. Ölkəmizin bu qələbəsini məhz Prezident İlham Əliyev təmin etdi. Bu mənada bu prosesin qalibi Prezident İlham Əliyevdir. Çünki məhz beynəlxalq münasibətlər sistemini dəqiqliyi ilə bilmək, düzgün mövqe tutmaq Azərbaycanın xarici siyasətinin doktrinasının tələblərinə müvafiq real, çevik manevrlər etmək və bu planda BMT müstəvisində, xüsusilə də BMT Baş Məclisinin sessiyalarında ölkəmizin maraqlarını müdafiə edən ardıcıl tədbirlər reallaşdırmaq məhz dövlət başçısının iradəsi, siyasi dəst-xətti ilə bağlıdır. Azərbaycanın bu posta seçilməsi Prezident İlham Əliyevin apardığı düşünülmüş və məqsədyönlü siyasətin məntiqi sonluğu idi.
Prezident İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında TŞ-nin iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, beynəlxalq aləmdə çəkisinin artması, dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsi deməkdir.
Azərbaycanın
iştirakı olmadan regionda heç bir layihə reallaşa
bilməz
Prezident İlham Əliyevin
düşünülmüş, yeni dünya sisteminin
müasir çağırışlarına cavab verən
siyasi kursu Azərbaycanı regionun lider dövlətinə
çevirməklə yanaşı, beynəlxalq aləmdə
ölkəmizi etibarlı tərəfdaş kimi də
tanıdıb.
Azərbaycan özünün müstəqil
siyasi kursuna müvafiq olaraq yaxın qonşu və uzaq dövlətlərlə
səmərəli əlaqələrə,
qarşılıqlı faydalı münasibətlərə
malikdir. Bu münasibətlər bəzi
ölkələrlə strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlib.
Respublikamız həm də Cənubi
Qafqaz regionunda sabitləşdirici rol oynayan dövlət, Avropa
ilə Asiyanı daha sıx bağlayan nəhəng iqtisadi və
enerji layihələrinin təşəbbüsçüsü
və təşkilatçısı kimi çox böyük
nüfuz, etibar qazanıb. Cənab Prezidentin qətiyyətli
mövqeyi Cənubi Qafqazda hər hansı taleyüklü məsələnin
həllində, transmilli layihənin reallaşmasında Azərbaycanın
iştirakı və razılığı olmadan konkret nəticəyə
gəlinməsini mümkünsüz edir.
Cənubi Qafqazı əhatə
edən hər bir layihəni həyata keçirməsi Azərbaycanın
bölgədəki əvəzolunmaz yerindən və rolundan xəbər
verir. Bunu xüsusən, tək Azərbaycanın deyil, Orta
Asiya dövlətlərinin karbohidrogen ehtyatlarını
dünya bazarlarına çıxaran enerji layihələri də
göstərir. Zaman Azərbaycanın bu təşəbbüslərinin
nə qədər düzgün olduğunu təsdiqləyir.
Çünki bu gün dünya siyasətinin ən
aktual məsələlərindən biri enerji təhlükəsizliyidir.
Təsadüfi deyil ki, çağdaş
dünyamızda baş verən müharibələr, ekoloji və
humanitar fəlakətlər,
enerjidaşıyıcılarının nəqli sahəsində
problemlərin və mübahisələrin yaşanması
ayrı-ayrı dövlətlərdən enerji təhlükəsizliyi
üçün daha ciddi düşünməyi, xüsusən
alternativ nəql sistemlərinin yaradılması istiqamətində
əməli hərəkətə keçməyi tələb
edir. Bu baxımdan zəngin karbohidrogen
ehtiyatlarına malik Azərbaycanın marşrutların
genişləndirilməsi ilə bağlı yeni təşəbbüsləri
də alternativ nəql imkanlarının axtarışında
olan Avropanın diqqətini cəlb edir. Digər
tərəfdən, Azərbaycan rəhbərliyi neft və
qazın nəqli marşurutlarının şaxələndirilməsi
ilə bağlı səslənən təklifləri hər
zaman dəstəkləyib, xüsusən bu sahədə
müxtəlif layihələr üzərində baş
sındıran Avropa İttifaqının enerji təhlükəsizliyinə
töhfələr verməyə hazır olduğunu hər
zaman bəyan edib. Ona görə bir
çox ölkələrin enerji təhlükəsizliyinin təminatına
böyük töhfələr verən respublikamız
dünya birliyində etibarlı və strateji tərəfdaş
kimi öz yerini möhkəmləndirib.
Son illərdə bu istiqamətdə
baş verən və gələcəkdə Avropanın enerji
xəritəsinə ciddi korrektələr edəcək hadisələr
Azərbaycanın enerji siyasətinin böyük
uğurları olmaqla yanaşı, həm də onu təsdiq
edır ki, Azərbaycanın iştirakı olmadan bölgədə
hər hansı transmilli layihə həyata keçirilə
bilməz. Müsahibələrinin birində bu məsələyə
toxunan Prezident İlham Əliyev haqlı olaraq deyib ki, bu, Azərbaycanın
beynəlxalq birliyin hörmətli üzvü olduğuna
görədir: “Bu gün regionumuzda Azərbaycanın
iştirakı və ya razılığı olmadan heç
bir layihə həyata keçirilə bilməz. Bu, təkcə coğrafi mövqeyə görə
deyil. Düşünürəm ki, ən
çox beynəlxalq birliyin hörmətli üzvü
olduğumuza görədir. Tərəfdaşlarımız
bilir ki, bizim sözümüzlə imzamız uyğun gəlir
və biz tərəfdaşlarımızı heç vaxt pis
vəziyyətdə qoymarıq. Bizimlə
danışıqlar aparmaq o qədər də asan məsələ
deyil, lakin biz razılaşırıqsa, bu, o deməkdir ki, bu,
100 faiz həyata keçiriləcək. Biz
ləyaqətlə yaşayırıq. Biz
ölkəmizlə fəxr edirik və gələcəkdə
bu müsbət tendensiyaları daha da gücləndirmək istəyirik”
- deyə Prezident İlham Əliyev bildirib.
Bakı-Tbilisi-Ceyhan və
Bakı-Tbilisi-Ərzurum kəmərlərinin
inşasının başa çatdırılmasından sonra
“Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi
enerji məsələlərində Azərbaycanın
mühüm siyasi-diplomatik uğurudur. Bu uğur Azərbaycanın
enerji təhlükəsizliyində söz sahibinə
çevrilməsi ilə yanaşı, hər bir məsələdə
qətiyyətli mövqeyindən, əməkdaşlıq əlaqələrində
etibarlı tərəfdaş olmasından və beynəlxalq
birlikdə yüksək nüfuz sahibinə çevrilməsindən
irəli gəlir. Layihə vaxtında, bəlkə
də tez icra ediləcək. Bununla da Azərbaycan
Türkiyəyə və ondan sonra Avropaya daha böyük həcmdə
təbii qaz ixrac edə biləcək. Beləliklə,
Türkiyə və Avropa ölkələri yeni alternativ mənbəyə
çıxış əldə edəcəklər. Ümumiyyətlə, bütün tərəflər
layihənin icrasından ancaq fayda görəcəklər.
Bu layihənin əsas investoru isə Azərbaycandır.
Həm də bu layihə imkan verəcək ki,
Azərbaycan zəngin qaz resurslarını bundan sonra onilliklər
ərzində dünya bazarlarına çatdırsın.
Beynəlxalq miqyasda hər
bir ölkənin inkişaf səviyyəsini, nüfuzunu,
dünyada qazandığı etimadı və digər bu kimi əsas
xüsusiyyətlərini xarakterizə edən cəhətlərdən
biri onun yeritdiyi siyasətin məzmun və mahiyyətidir. Təbii ki, hər
bir ölkə dünya birliyinin subyekti olaraq həm
özünün milli maraqlarına cavab verən həm də
müstəqil siyasət həyata keçirmək istəyir.
Bu mənada yuxarıda qeyd olunanlar təsdiq edir
ki, Prezident İlham Əliyevin lider qətiyyəti ilə Azərbaycan
tamamilə müstəqil, ölkənin beynəlxalq mövqelərinin
möhkəmlənməsinə və inkişafına
hesablanmış siyasət yeridir. Dövlət
başçısının düşünülmüş,
məqsədyönlü fəaliyyəti ölkəmizdə
milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın
regional və beynəlxalq miqyasda nüfuzunun daha da artmasına
gətirib çıxarıb. Beləliklə,
uğurla reallaşan siyasətin nəticəsi olaraq dünya
birliyi Azərbaycana böyük hörmət və rəğbətlə
yanaşır.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2017.-15 oktyabr.- S.1; 4.