Getdikcə təkmilləşdirilən və daha
çox fayda gətirən strategiya
Son 14 ildə Azərbaycan neft-qaz sahəsində misilsiz
nailiyyətlər əldə edib
Dünyada iqtisadi böhranların, maliyyə çətinliklərinin hələ də səngimədiyi müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafı davam edir. İqtisadiyyat getdikcə şaxələndirilir. Neft-qaz layihələrinin uğurla reallaşması ilə yanaşı, qeyri-neft sektorunun inkişafı gündən-günə yüksək sürət götürür. Genişmiqyaslı infrastruktur yaradılır, tikinti-quruculuq, abadlıq işləri aparılır. Son illərdə simasını yaxşılığa doğru dəyişərək az qala tanınmaz olmuş şəhər və kəndlərimizdə yaşayış evləri tikilir, yeni müəssisələr istifadəyə verilir. Yollar çəkilir. Görülən işlər xalqın gündəlik həyatında, güzəranında özünü göstərir. Əhalinin elektrik enerjisi ilə təminatında heç bir problem qalmayıb. Ölkədə qazlaşma 93 faizə çatıb. Su təchizatı üçün çoxsaylı layihələrin həyata keçirilməsi davam edir.
Bütün bunlar ölkədə aparılan düzgün, məqsədyönlü və uzaqgörən siyasətin nəticəsidir. Azərbaycanın dünyanın mötəbər iqtisadi qurumları tərəfindən də qeyd edilən və dəyərləndirilən inkişafı Prezident İlham Əliyevin 2003-cü ildən üzü bəri qurduğu çoxşaxəli iqtisadi strategiyaya əsaslanaraq baş verir.
Danılmaz həqiqətdir ki, Azərbaycanın bugünkü inkişafının bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və 14 ildir Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyasından qaynaqlanıb.
Yüksəlişə doğru...
Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşduqdan sonra çox ağır problemlərlə üzləşmişdi. İqtisadi tənəzzül, sənaye potensialının azalması, inflyasiyanın getdikcə artması ölkəni dərin uçurumun astanasına gətirib çıxarmışdı. Digər tərəfdən də torpaqlarımızın 20 faizinin erməni qəsbkarları tərəfindən zəbt edilməsi, bir milyondan çox soydaşımızın öz ata-baba yurdundan, ev-eşiyindən didərgin salınması... Belə bir vəziyyətdə Azərbaycanın inkişafı üçün xarici sərmayə lazım idi və onun məhz neft sənayesinə qoyulması məqsədəuyğun idi.
Bu çətin vəziyyətdə xarici neft şirkətlərini Azərbaycana cəlb etmək, onları görəcəkləri işin uğur gətirəcəyinə inandırmaq böyük müdriklik tələb edirdi. Ümummilli lider Heydər Əliyev bunu öz bacarığı, səriştə və təcrübəsi, dünyadakı siyasi nüfuzu sayəsində həll etdi. Başqa sözlə, ulu öndər əslində, mümkün olmayan bir işi mümkünləşdirdi.
1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalandı.
“Əsrin müqaviləsi” gözlənilən və gözlənilməyən maneələr dəf edərək uğurla irəlilədi və ölkənin sosial-iqtisadi yüksəlişinin təməl daşı oldu.
Azərbaycanın sürətli inkişafına yönəlmiş bu hərtərəfli strateji kurs sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildi. Azərbaycan dünyada alternativ karbohidrogen mənbəyi, transmilli neft-qaz şirkətlərinin etibarlı tərəfdaşı, qlobal enerji təhlükəsizliyi sistemində əvəzolunmaz yeri olan bir ölkə kimi tanındı. Dünya iqtisadiyyatına sürətlə inteqrasiya olunan ölkəmiz enerji daşıyıcılarının beynəlxalq bazarlara nəql edilməsi istiqamətində möhtəşəm layihələr həyata keçirdi. Xəzər hövzəsi ölkələri ilə Qərbin enerji korporasiyaları arasında əməkdaşlığın başlanğıcını qoymuş “Əsrin müqaviləsi” çərçivəsində qazanılan nailiyyətlər xarici neft və qaz şirkətlərinin Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına marağını daha da artırdı.
Hazırda quruda və dənizdə yerləşən əməliyyat sahələrində 17 layihə üzrə imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi uğurla həyata keçirilməkdədir. Xarici tərəfdaşlarla yaradılmış 35 birgə müəssisə, 6 alyans, müxtəlif ölkələrdə çoxsaylı törəmə şirkətlər müasir neft və qaz sənayesinin demək olar ki, bütün sahələrini əhatə edir. Ölkə iqtisadiyyatının, xüsusən sənayenin, o cümlədən neft sektorunun şaxələndirilməsi, beynəlxalq standartlara uyğun yenidən qurulması, innovativ texnologiyalarla təchiz olunması, yeni idarəçilik metodlarının mənimsənilməsi üçün geniş imkanlar yaranıb.
“Əsrin müqaviləsi”nin kulminasiya nöqtəsi
Son 14 ildə Azərbaycanın neft-qaz sektorunda saysız-hesabsız yeniliklər, hadisələr baş verib. Hərəsi də öz əhəmiyyəti, öz mahiyyəti ilə fərqlənib. 2005-ci ilin fevral ayında “Azəri” yatağının mərkəzi hissəsindən hasilata başlandı. Fevralın 18-də “Mərkəzi Azəri” platformasında bu münasibətlə keçirilən tədbirdə Prezident İlham Əliyev çıxış edərək dedi: “Bu gün “Azəri” yatağından ilk neftin çıxarılması bir daha onu göstərir ki, qarşıya qoyulmuş bütün vəzifələr, planlar həyata keçirilir. Bütün çətinliklərə, maneələrə baxmayaraq, çətin geosiyasi vəziyyətdə Azərbaycan Xəzər dənizinin özünə məxsus olan sektorunda uğurla işləyibdir, qarşıda duran bütün vəzifələr həyatda öz əksini tapıbdır”.
Xatırladaq ki, “Azəri” təkcə Xəzərdə deyil, bütün dünyada istismar edilməkdə olan ən böyük neft yataqlarından biridir. Əslində, “Azəri” öz daxilində üç yatağı birləşdirir. “Qərbi Azəri” 2006-cı ilin ilk günlərində işə düşmüşdür. “Şərqi Azəri” isə həmin ilin oktyabrında - vaxtından dörd ay tez istismara daxil olmuşdur.
“Azəri”nin işlənməsi “Əsrin müqaviləsi”nin mühüm bir mərhələsidir. Odur ki, bu yataqdan ilk neftin alınması “Əsrin müqaviləsi”nin kulminasiya nöqtəsi sayılır.
2008-ci ilin aprel ayında “Dərinsulu Günəşli” və 2014-cü ilin əvvəlində “Qərbi Çıraq” platformaları da neft verib. Beləliklə, indi AÇG müqavilə sahəsində 8 platforma istismar olunur ki, bunların da 6-sı hasilat platformasıdır.
AÇG yataqlarından hər gün neftlə birlikdə səmt qazı da hasil olunur.
AÇG-nin “ilkin”i olan “Çıraq” platformasından çıxarılan səmt qazı 20 ildir sualtı xətlərlə Neft daşlarındakı qurğulara çatdırılır. “Azəri” yatağından da uzun müddətdir xeyli səmt qazı alınıb. “Azəri”nin səmt qazının bir hissəsi 28 düymlük sualtı xətlərlə Səngəçal terminalına gətirilir. Buradan isə mavi yanacaq SOCAR-a məxsus kəmərlə “Azəriqaz” şəbəkəsinə ötürülür. “Azəri”nin səmt qazının digər hissəsi yataqlarda təzyiqin saxlanılması üçün yenidən laylara vurulur.
AÇG-dəki digər hasilat platformalarından “Dərinsulu Günəşli”dən və “Qərbi Çıraq”dan əldə olunan səmt qazından da bu qaydada istifadə olunur.
İndiyədək Azərbaycan dövlətinə AÇG tərəfindən təhvil verilən səmt qazının ümumi həcmi 30 milyard kubmetrdən çoxdur. Səmt qazı Azərbaycan dövlətinə təmənnasız olaraq verilir ki, bu da ölkənin başdan-başa qazlaşdırılması hədəfinə daha tez çatmasına bir töhfədir.
Üçüncü minilliyin nəhəng mühəndis
qurğusu
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri 11 ildən çoxdur ki, fasiləsiz və təhlükəsiz fəaliyyət göstərir. BTC də ulu öndərin möhtəşəm əsərlərindən biridir.
Bu layihə öz tarixi boyu çox böyük maneələrdən keçib. Lakin ümummilli lider Heydər Əliyevin müdrikliyi və dünyadakı siyasi nüfuzu sayəsində reallaşıb. Nəhayət, 2002-ci il sentyabrın 18-də Səngəçal terminalında ulu öndərin, Gürcüstanın və Türkiyənin dövlət başçılarının, Azərbaycanda çalışan dünya şöhrətli neft-qaz şirkətlərinin rəhbərlərinin, xarici ölkələrdən gəlmiş hörmətli qonaqların iştirakı ilə kəmərin təməli qoyulub.
Lakin bundan sonra da BTC-nin əleyhdarları sakitləşə bilmirdilər. Bir sıra qeyri-hökumət təşkilatları kəmərin tikintisinə mane olmaq üçün onun ətraf mühitə ekoloji zərbə vuracağı fikrini ortaya atırdılar. İş o yerə çatdı ki, müxtəlif qruplar layihəni maliyyələşdirəcək beynəlxalq qurumların ofisləri qarşısında toplaşaraq kəmərin çəkilişinin irəliləməsinə əngəl törətməyə cəhd edirdilər. 2003-cü ilin fevral ayında Vaşinqtonda keçirilən “Şərq-Qərb enerji dəhlizi reallıqdır” beynəlxalq konfransında iştirak edən ümummilli lider bu məsələni gündəmə gətirdi. Beynəlxalq Maliyyə Korporasiyasının, kredit verəcək digər şirkətlərin rəhbərləri ilə görüşdü. Beləliklə, BTC bu çətinlikdən də çıxdı.
Üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan bu kəmərin işə düşməsini görmək ulu öndərə qismət olmadı. Layihə ilə bağlı qalan işləri Prezident İlham Əliyev böyük cəsarət və qətiyyətlə davam etdirdi.
2004-cü ilin fevral ayında Bakıda, “Gülüstan” sarayında Prezident İlham Əliyevin iştirakı ilə BTC-nin maliyyələşməsinə aid son sənədlər imzalandı və kəmərin tikintisinə sərf olunacaq vəsaitlə bağlı problem tamamilə həll olundu.
2005-ci ilin may ayında Səngəçal terminalındakı baş nasos stansiyasından kəmərə ilk neftin vurulması təntənəli surətdə qeyd edildi. Tədbirdə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə yanaşı, Gürcüstanın, Türkiyənin və Qazaxıstanın prezidentləri də qatıldı.
2006-cı ilin iyulunda BTC tam
bir sistem kimi işə salındı. Bu münasibətlə Türkiyədə
keçirilən təntənələrdə iştirak edən
Azərbaycan Prezidenti kəmərin uğurlu fəaliyyət
göstərməsi üçün xeyir-dua verdi.
Prezident İlham Əliyev
BTC-yə çox yüksək dəyər verir. Bu kəmərin
sonrakı ixrac layihələri üçün möhkəm
təməl olduğunu qeyd edir. Həqiqətən
də BTC tikilməsəydi, çox hissəsi bu kəmərlə
eyni dəhliz boyu uzanan Bakı-Tbilisi-Ərzurum xətti də
olmazdı. Bakı-Tbilisi-Ərzurum kəməri
isə əslində, “Cənub qaz dəhlizi”nə yol
açıb.
Beləliklə, BTC gətirdiyi
gəlirlərdən, Azərbaycanın və regionun iqtisadi həyatında
daşıdığı mühüm əhəmiyyətdən
əlavə, həm də ölkəmizlə Avropa arasında
daha geniş əlaqələrin yaranmasında, gələcək
planların qurulmasında böyük rol oynayıb. Odur ki, Prezident İlham
Əliyev bu kəməri belə səciyyələndirir:
“Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində
biz artıq pəncərədən başlayaraq böyük
qapı açdıq. Azərbaycanı beynəlxalq
enerji ailəsinə daxil etdirə bildik. Həm
siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə
edə bilmişik”.
Azərbaycan
neftçisinə qayğı və ehtiram
Prezident İlham Əliyev
ölkənin neft-qaz sənayesində həyata keçirilən
bütün işləri nəzarətdə saxlayır,
reallaşmaqda olan layihələrin gedişini şəxsən
izləyir. Azərbaycanla tərəfdaşlıq edən beynəlxalq
şirkətlərin hansının səlahiyyətli nümayəndələri
işgüzar səfərlə Bakıda olarsa, onları qəbul
edir, eləcə də həmin kampaniyaların buradakı təmsilçiləri
ilə görüşür, işlərin gedişi ilə
maraqlanır. Bu illər ərzində dövlətimizin
başçısının BP, “Statoyl”, “Total” və digər
dünya şöhrətli şirkətlərin rəhbərləri
ilə çoxsaylı söhbətləri və
görüşləri olub ki, bu da sözügedən sahədə
iş birliyinin möhkəmlənməsinə, yeni-yeni nailiyyətlərin
qazanılmasına stimul və təkan verib.
Ötən illər ərzində
Prezident İlham Əliyev dəfələrlə yeni dəniz
qurğularının tikildiyi, neft və qazın hasil və
ixrac edildiyi obyektlərdə, o cümlədən Heydər
Əliyev adına Bakı Dərin Özüllər Zavodunda,
Bibiheybət ərazisindəki “AMEK-Tekfen-Azfen”
tikinti-quraşdırma sahəsində, Səngəçal
terminalında, Bakı Gəmiqayırma Zavodunda olub. Dövlət
başçısı Xəzərin qoynundakı
“Möcüzələr adası”na - Neft
daşlarına gedərək dünyadakı ilk dəniz şəhərinin
55 və 60 illik yubileylərində iştirak edib.
Yeri gəlmişkən, son
illərdə Azərbaycan neftçisinin əmək və məişət
şəraiti də xeyli yaxşılaşıb ki, bu da
dövlətin onlara qayğısından qaynaqlanır. Elə Neft
daşlarının özündə neftçilərin
yaşadıqları yataqxanalarda yaradılan şərait,
onların qidalanması və işdən sonrakı asudə
vaxtlarının səmərəli keçirməsi,
yaxşı istirahət etməsi üçün
görülən tədbirləri xatırlatmaq kifayətdir.
Azərbaycan o ölkədir
ki, burada 1846-cı ildə dünya miqyasında sənaye
üsulu ilə ilk neft hasil edilmişdir. Birinci neft
buruğu artıq tarixi abidə kimi qorunur və şəhərimizin
mərkəzində yerləşir. Dövlət
başçısı həmin abidənin
açılışında da iştirak etmişdir.
Buna görə də Azərbaycan
Prezidenti ilə Azərbaycan neftçisi arasında
qarşılıqlı hörmət və etimad, bir-birinə
rəğbət hissləri hökm sürür. Dövlət
başçısı neftçi əməyini həmişə
yüksək qiymətləndirir: “Azərbaycan neftçilərinin
fəaliyyətini xüsusi qeyd etmək istəyirəm... Azərbaycan neftçiləri bütün dövrlərdə
öz fədakarlığı, peşəkarlığı
ilə cəmiyyətdə çox böyük hörmət
qazanmışlar. Azərbaycanda neftçi
peşəsi çox hörmətli peşədir.
Bütün bu uğurlarımızın əldə edilməsində
Azərbaycan neftçilərinin çox böyük xidməti,
zəhməti, böyük payı var. Ona görə mən
Dövlət Neft Şirkətində 9 il
çalışmış bir insan kimi özümü də
müəyyən dərəcədə neftçi hesab edirəm”.
Xatırladaq ki, böyük perspektivlərə
malik olan, Azərbaycanı dünyada qaz ixrac edən ölkə
kimi tanıdan və “Cənub qaz dəhlizi”nin
ehtiyat mənbəyi olan “Şahdəniz” yatağı da məhz
Prezident İlham Əliyevin SOCAR-ın birinci vitse-prezidenti
işlədiyi dövrdə kəşf olunub və işlənməyə
başlayıb. “Şahdəniz”in bugünkü
uğurları məhz o illərdə layihənin araya-ərsəyə
gəlməsi üçün çəkilən böyük
zəhmətdən qaynaqlanır.
Dəniz
yataqlarının “şah”ı - “Şahdəniz”
Dünyanın enerji təhlükəsizliyinin
təmin edilməsində qaz amili mühüm rol oynayır. Bu baxımdan
Azərbaycanda son illərdə kəşf olunmuş qaz
yataqlarının dünyanın enerji təhlükəsizliyinin
təmin edilməsinə sanballı töhfə verəcəyi
şəksizdir. Sözügedən yataqlar
sırasında böyük potensiala malik olan “Şahdəniz”
xüsusi yer tutur.
“Şahdəniz” son dövrlərdə
təkcə Xəzər regionunda deyil, bütün dünyada
kəşf olunmuş ən zəngin qaz-kondensat
yataqlarından biridir. Onun 1,2 trilyon kubmetr qaz, 240 milyon
tondan çox kondensat ehtiyatları var. “Cənub qaz dəhlizi”nin
əsas ehtiyat bazası da “Şahdəniz”dir.
Yatağın işlənməsinin
birinci mərhələsi çərçivəsində
hasil olunan qaz 2006-cı ilin sonundan Cənubi Qafqaz Boru Kəməri
vasitəsilə Azərbaycana və Gürcüstana
çatdırılır. 2007-ci ilin
ortalarından isə mavi yanacaq Bakı-Tbilisi-Ərzurum
marşrutu ilə Türkiyəyə də nəql edilir.
Beləliklə, qədim zamanlardan neft diyarı
kimi tanınan Azərbaycan son illərdə “Şahdəniz”in
sayəsində qaz ixrac edən ölkəyə çevrilib.
Hazırda “Şahdəniz”in
ikinci mərhələsinin işə düşməsinə
hazırlıq işləri görülür. Bu layihə
üçün nəzərdə tutulan iki platformanın hər
ikisinin Heydər Əliyev adına Bakı
Dərin Özüllər Zavodunda inşa edilmiş dayaq
blokları artıq dənizdədir. Birinci blok
keçən il sentyabrın 1-də Prezident İlham
Əliyevin iştirakı ilə Xəzərdəki daimi yerinə
yola salındı. Zavodun yanalma
körpüsündə STB-1 daşıma barjına yüklənmiş
qurğu yataqda uğurla quraşdırıldı.
İkinci dayaq bloku isə “Şahdəniz”in ərazisinə bu il martın 15-də göndərildi.
Layihənin növbəti uğuru bu il iyunun 1-də platformanın birinin üst
modullarının Bibiheybətdəki “AMEK-Tekfen-Azfen”
tikinti-quraşdırma sahəsindən Xəzərə yola
salınması oldu. Yolasalma mərasimində
Prezident İlham Əliyev iştirak etdi. İkinci
platformanın üst hissəsinin tikintisi isə ATA-da başa
çatmaq üzrədir.
“Şahdəniz-2” ilə bağlı
işlərin qrafikə uyğun davam etməsi “Cənub qaz dəhlizi”nin uğurla fəaliyyətə
başlaması üçün ən vacib şərtlərdəndir.
Bu ilin fevral ayında “Cənub
Qaz Dəhlizi” Məşvərət Şurasının
Bakıda keçirilən üçüncü
toplantısı layihənin inkişafında yeni bir mərhələ
açdı.
Toplantı iştirakçılarının qəbul
etdikləri bəyannamədə Azərbaycanın Avropaya əlavə
qaz verə biləcək işlənməmiş əhəmiyyətli
qaz ehtiyatlarının olduğu da göstərildi. Qeyd
edildi ki, “Abşeron”, “Ümid”, “Babək”, “Qarabağ”, “Dan
Ulduzu”, “Əşrəfi”, “Şahdəniz-3” və digər
yataqlar “Cənub qaz dəhlizi”nin növbəti inkişaf mərhələsində
ehtiyat mənbəyi ola bilərlər. Bu yataqlar
sırasında “Abşeron”un xüsusi yeri
var.
Ümumiyyətlə, Azərbaycanın
təsdiq edilmiş qaz ehtiyatları 2,6
trilyon kubmetrdir. Bu isə o deməkdir ki, gələcək
onilliklər ərzində Azərbaycan həm regionun, həm də
Avropa ölkələrinin qaza tələbatının ödənilməsində
əhəmiyyətli rol oynayacaq.
Ölkədə
qazlaşmanın səviyyəsi 93 faizi ötüb
Qaz hasilatının
artımı Azərbaycanda əhalinin və sənayenin təbii
qaz təminatında ciddi dönüş etmək
üçün əsas amil olmuşdur. Son illərdə
Azərbaycanda qaz hasilatının artaraq ildə 29 milyard
kubmetri ötməsi ölkə əhalisinin bu yanacaq
növünə olan ehtiyacının daha dolğun ödənilməsinə
imkan verir. 2014-2018-ci illərdə
regionların sosial-iqtisadi inkişafını əhatə edən
üçüncü Dövlət Proqramında
qarşıya qoyulan vəzifələrə uyğun olaraq qaz
təsərrüfatı durmadan inkişaf etdirilir, yeni
yaşayış məntəqələrinin
qazlaşdırılması, təchizat şəbəkəsinin
əsaslı təmiri üzrə göstəricilər ilbəil
artır. Beləliklə, mavi yanacaq almayan
kəndlərə bir-birinin ardınca qaz xətlərinin
çəkilişi davam edir. İndi hətta
sovet dönəmində mavi yanacaq görməyən ucqar
dağ kəndlərinə də qaz çəkilib.
Təkcə keçən il quraşdırılan yeni qaz kəmərlərinin
ümumi uzunluğu 7800 kilometri ötüb. Bundan əlavə,
279,4 kilometr uzunluğunda kəmərlər
əsaslı təmir edilib. İl ərzində
209 yaşayış məntəqəsinə təbii qaz verilib.
Cari ilin 9 ayı ərzində 50-dən çox
yaşayış məntəqəsinə təbii qazın
verilməsinin özü diqqətçəkən faktdır.
Hazırda bir sıra digər kəndlərə
də qaz xətlərinin çəkilişi davam edir və
onlar da tezliklə mavi yanacaq alacaqlar.
Bu il avqustun 4-də Qaxda keçirilən
barama, tütün və fındıq istehsalının
inkişafı məsələlərinə dair respublika
müşavirəsində Prezident İlham Əliyev hazırda
Azərbaycanda qazlaşdırmanın artıq 93 faiz səviyyəsində
olduğunu vurğulamaqla yanaşı, qeyd etmişdir ki, indi
biz dünya, Avropa və qonşu ölkələr
üçün də qaz təchiz edən etibarlı ölkəyə
çevrilmişik.
Xəzərdən
uzaq sahillərədək
Azərbaycanın təşəbbüsü
və liderliyi ilə həyata keçirilən növbəti
qlobal layihə - “Cənub qaz dəhlizi” uğurla icra edilir. Dəhliz
bir-birinə calanaraq 3500 kilometr məsafə boyu uzanan
üç boru kəmərindən ibarətdir. Azərbaycanın və Gürcüstanın ərazisində
qazı başlanğıcını Səngəçaldan
götürən və hazırda genişləndirilməsi
başa çatmaqda olan Cənubi Qafqaz Boru Kəməri nəql
edəcək. “Cənub qaz dəhlizi”nin
“onurğa sütunu” adlandırılan TANAP (Transanadolu Qaz Boru Kəməri)
Azərbaycan qazını Türkiyədəki
istehlakçılara çatdıracaq. Türkiyə
ilə Yunanıstanın sərhədindən başlanan TAP-la
(Transadriatik Qaz Boru Kəməri) isə mavi yanacaq Avropaya ixrac
ediləcək. TANAP-ın gələn il,
TAP-ın isə 2020-ci ildə fəaliyyətə
başlayacağı gözlənilir.
İlkin mərhələdə ildə
16 milyard kubmetr qaz ixrac olunacaq ki, bunun da 6 milyard kubmetri
Türkiyə, 10 milyard kubmetri isə Avropa üçün nəzərdə
tutulub. Sonrakı mərhələlərdə
bu həcmlərin xeyli artırılacağı istisna deyil.
Azərbaycan “Cənub qaz dəhlizi”
layihəsini tərəfdaşlıq etdiyi ölkələrlə,
dünyanın tanınmış şirkətləri ilə,
beynəlxalq təşkilatlarla birlikdə icra edir. Başqa
sözlə, Azərbaycan dünyada nadir və nümunəvi
beynəlxalq əməkdaşlıq formatı yaradıb.
Hazırda “Cənub qaz dəhlizi”
layihəsinin icrasında 7 ölkə - Azərbaycan,
Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan,
Albaniya və İtaliya iştirak edirlər. Gələcəkdə
layihəyə 3 Balkan ölkəsinin qoşulacağı da
gözlənilir. Azərbaycan bu layihənin
təşəbbüsçüsü və aparıcı
qüvvəsidir.
Prezident İlham Əliyev Xəzər
dənizini beynəlxalq əməkdaşlıq məkanına
çevirə bildi və dünyanın əsas neft-qaz
şirkətləri buraya çox böyük həcmdə sərmayələr
yatırdı.
Azərbaycanın bugünkü nailiyyətləri
həmin siyasətin nəticəsidir. Odur
ki, ölkəmiz dövlətlər və şirkətlər
arasında beynəlxalq əməkdaşlığa
böyük dəyər verir və dünyada etibarlı tərəfdaş
kimi tanınır. Bunun əsas səbəblərindən
biri Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizdə
bütün sərmayələrin zəruri səviyyədə
qorunmasıdır: “Hasilatın pay bölgüsünə dair
Azərbaycanın beynəlxalq neft şirkətləri ilə
imzaladığı bütün müqavilələr
parlamentimiz tərəfindən ratifikasiya olunur və qanun
formasında Prezident tərəfindən imzalanır”.
Bu, həmin müqavilələrin
mətninin bir sözünün belə dəyişdirilməyəcəyi
ilə bağlı 100 faiz zəmanətdir. Belə zəmanət
sərmayəçilərdə inam, əminlik yaradır və
Azərbaycanın etibarlı tərəfdaş kimi
tanınmasında mühüm rol oynayır.
Dövlətimizin
başçısı Azərbaycanın digər ölkələrlə
əməkdaşlıq və tərəfdaşlığının
iki mərhələdən ibarət olduğunu qeyd edərək
onların hər birini yüksək dəyərləndirir. Regional əməkdaşlıq
dedikdə, Azərbaycan, Gürcüstan və Türkiyə
arasında uzun illərdir mövcud olan uğurlu
qarşılıqlı əlaqələr nəzərdə
tutulur. Bu əməkdaşlığın
nəticəsində Xəzərdən Qara dənizədək
uzanan Bakı-Supsa kəməri inşa edilib. Sonra sözügedən üç ölkəni birləşdirən
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri çəkilib.
Daha sonra “Şahdəniz” qazını
daşıyan Bakı-Tbilisi-Ərzurum xətti istifadəyə
verilib. Beləliklə, daha böyük
layihələrə, daha geniş dəhlizlərə yol
açılıb.
“Cənub Qaz Dəhlizi”nin
Məşvərət Şurasının indiyədək
baş tutan üç iclasının hamısının
Bakıda keçirilməsi də layihənin təşəbbüsçüsünün,
liderinin və aparıcı qüvvəsinin məhz Azərbaycan
olduğunu təsdiqləməklə yanaşı, həm də
iştirakçılar arasında etibarlı tərəfdaşlığın
yarandığını sübut edir. “XXI əsrin
layihəsi”, “Avropanın enerji xəritəsini dəyişdirəcək
layihə” adlandırılan “Cənub qaz dəhlizi” hər bir
ölkəyə fayda gətirəcək. İştirakçı
olan bütün ölkələr və şirkətlər
qazanc əldə edəcəklər.
“Cənub qaz dəhlizi” layihəsi
Prezident İlham Əliyevin dərin bilik və təcrübəyə
malik, praqmatik və uzaqgörən rəhbər olduğunu bir
daha təsdiq etdi. Çünki bu layihəni tərəfdaşlarla birlikdə
icra etmək üçün Azərbaycan dövlətinin təkcə
maliyyə resursları deyil, güclü siyasi iradəsi də
var. Əgər Azərbaycan dövləti “Cənub qaz dəhlizi”nin
seqmentlərini təşkil edən dörd nəhəng layihəyə
- “Şahdəniz” yatağının ikinci mərhələsinin
işlənməsinə, CQBK-nın genişləndirilməsinə,
TANAP-ın və TAP-ın çəkilişinə sərmayə
qoymasaydı, digər investorlar da bu işə
qoşulmazdı.
Dövlət
başçısı qeyd edir ki, bu layihələrə sərmayə
qoyulmasaydı, biz öz enerji resurslarımızı heç
bir yerə ixrac edə bilməzdik. Çünki biz
qapalı bir ərazidə yaşayırıq. Okeanlara, açıq dənizlərə
çıxışımız yoxdur. Belə
olan halda, neft-qaz kəmərləri ilə resurslarımız
xarici bazarlara çıxır. Həm Azərbaycanın,
həm də digər iştirakçı tərəflərin
maraqları təmin olunur.
“Yeni əsrin
müqaviləsi” – çoxşaxəli inkişafın yeni
nümunəsi
1994-cü il
sentyabrın 20-də “Əsrin müqaviləsi”nin
imzalanması ilə Azərbaycanın yeni neft strategiyası və
doktrinasına start verilmişdir. Zaman göstərdi
ki, bu həm də gələcək əsrlərə hesablanmış
bir sazişdir. AÇG-nin birgə işlənməsi və
hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş
və yenidən işlənmiş sazişin imzalanması
deyilənlərin əyani təsdiqidir.
2017-ci il
sentyabrın 14-də imzalanmış saziş Azərbaycan
dövlətinin ulu öndər Heydər Əliyev iqtisadi və
siyasi kursuna sədaqətini, ölkə iqtisadiyyatının
çoxşaxəli variantda inkişaf etdiyini əyani göstərdi.
Prezident İlham Əliyevin Azərbaycana
dünyada böyük hörmət və nüfuz
qazandırdığını sübut etdi.
1994-cü ildə AÇG-nin
tammiqyaslı işlənməsi üçün saziş 30 il müddətinə imzalanmışdı. İndi dəyişdirilmiş və yenidən
işlənmiş sazişin imzalanması vaxtilə
başlanan möhtəşəm işlərə mane olmaq istəyənlərə
- xaricdəki əleyhdarlarmıza və daxildə aranı
qarışdıran, “sapı özümüzdən olan
baltalara” tutarlı cavabdır. Onlar: “Azərbaycanda neft
yoxdur, olmayacaq” - deyirdilər. Gələcəkdə nefti nəql
edəcək infrastrukturun qurulmasına hər vəchlə
mane olmağa can atırdılar.
Azərbaycanda neft olub və
var. Yeni müqavilə isə göstərdi ki, hələ
bundan sonra da olacaq və hasil ediləcək.
İndiyədək AÇG-dən 3,2 milyard barel (təqribən 440 milyon ton) neft
çıxarılıb. 23 ildə layihəyə
33 milyard dollar sərmayə qoyulub. Azərbaycan
125 milyard dollardan çox birbaşa mənfəət əldə
edib.
AÇG üzrə HPBS-dən əldə
olunan bilavasitə gəlirlərə Azərbaycan
Respublikasına bonus ödənişləri, mənfəət
neftindən pay, vergilər, təmənnasız səmt
qazı, SOCAR-ın mövcud infrastrukturunun (gəmilər,
qazma qurğuları, tikinti-quraşdırma sahələri və
s.) modernləşdirilməsi, icarə haqları, məşğulluq
fonduna, sosial və digər fondlara ödənişlər
daxildir.
“Əsrin müqaviləsi”nin imzalanmasından keçən 23 il tarix
üçün böyük zaman kəsiyi deyil. Bununla belə, həmin qısa dövr ərzində
Azərbaycan bir sıra qlobal layihələr həyata
keçirmişdir.
Beləliklə, AÇG-dən
növbəti illərdə çıxarılacaq neftdən gələn
gəlirlər ölkəmizin maddi imkanlarının genişləndirilməsinə
daha bir təkan verəcək. Çünki AÇG
potensialı böyük olan yataqlar blokudur. Hesablamalara görə, burada bir milyard ton neft
ehtiyatı var. Deməli, imzalanan saziş - onu haqlı olaraq
“Yeni əsrin müqaviləsi” adlandırırlar - 1994-cü
ildə imzalanmış sazişdən daha böyük
miqyaslıdır. Başqa sözlə, növbəti 32 il ərzində AÇG-nin ölkəmizə
gətirdiyi iqtisadi mənfəətlər maksimuma
çatdırılacaq.
Yeni müqavilənin şərtləri
Azərbaycanın və SOCAR-ın son 23 ildə artan maliyyə
və texnoloji potensialını əks etdirməklə
yanaşı, həm də xarici tərəfdaş şirkətlərin
Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir.
Yəni, ölkəmizin yaratdığı tərəfdaşlıq
formatını yeni müstəviyə qaldırır.
Neft kapitalı insan
kapitalına çevrilir
Prezident İlham Əliyevin
düşünülmüş və sabaha hesablanmış
iqtisadi siyasəti sayəsində neft gəlirləri Azərbaycanın
gələcəyini təmin edəcək qeyri-neft sektorunun
genişləndirilməsinə və şaxələndirilməsinə
yönəldildi. Dünyada maliyyə böhranının
hökm sürdüyü, neftin qiymətinin bir neçə dəfə
aşağı düşdüyü şəraitdə belə,
Azərbaycan bir sıra ölkələr qədər çətinlik
çəkmədi. Zaman göstərdi ki,
Azərbaycan dövləti karbohidrogenlərin ixracından əldə
olunan gəlirləri iqtisadiyyatın şaxələndirilməsinə
yönəltməklə düzgün addım atıb.
Hələ 1999-cu ildə ulu
öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)
yaradılmışdır. Sonrakı illərdə
ölkənin sosial-iqtisadi inkişafına sərf olunan daxili
investisiyaların xeyli hissəsi məhz bu fondun hesabına
formalaşmışdır. Ulu öndər
Heydər Əliyev düzgün və uzaqgörən siyasət
həyata keçirərək neftdən əldə olunan gəlirləri
xalqın ən ümdə problemlərinin qısa müddətdə
həllinə yönəltmişdir. Bu
uğurlu xətt indi Prezident İlham Əliyev tərəfindən
ardıcıllıqla həyata keçirilir və
günün tələbləri baxımından daha da
inkişaf etdirilir.
Ölkəmizdə neft gəlirlərindən
məqsədyönlü şəkildə istifadə olunur. ARDNF
dünyadakı ən şəffaf neft fondlarındandır.
Azərbaycanın həyata
keçirdiyi neft-qaz layihələri ölkənin
böyük həcmdə valyuta ehtiyatları əldə etməsinə
imkan verdi. Dövlət bu
ehtiyatlardan səmərəli istifadə edərək
onları ölkənin əsas inkişaf istiqamətlərinə
yönəltdi. Beləliklə, Azərbaycanın
iqtisadi inkişafı təmin edildi. İnsanların
rifah halı yüksəldi. Eyni zamanda,
çoxsaylı infrastruktur layihələri icra edildi, sosial məsələlər
öz həllini tapdı.
Azərbaycan Prezidentinin
götürdüyü xətt düzgün, Azərbaycanın
inkişafı davamlıdır. Özü də hər sahədə!
Prezident İlham Əliyevin yeni müqavilənin
imzalanmasında dediyi kimi: “Bizim çox böyük maliyyə
resurslarımız var. Artıq 1999-cu ildən fəaliyyətə
başlamış Azərbaycan Dövlət Neft Fondu bizim
üçün çox önəmli bir amildir. Biz valyuta ehtiyatlarımızı
artırırıq, hətta neftin qiymətinin
aşağı düşməsi ilə əlaqədar
yaranmış bəzi çətinliklər də bizi bu
yoldan döndərə bilmədi. Biz hətta
bu illərdə öz valyuta ehtiyatlarımızı
artırmışıq, artıracağıq. Əlbəttə ki, “Əsrin kontraktı”nın
uzadılması və “Şahdəniz” layihəsinin, “Cənub
qaz dəhlizi”nin icrası nəticəsində bizim maddi
imkanlarımız daha da genişlənəcək”.
Neft-qaz gəlirlərinin hesabına ölkədə yeni müasir yollar və möhtəşəm körpülər salınıb. Qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələr tikilib. Bütün sahələrdə yeni infrastruktur qurulub. Bölgələrimiz abadlaşıb, paytaxtımız dünya meqapolisləri sırasına çıxıb. Azərbaycanda tikilən 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə inşa edilən 50-dən çox olimpiya mərkəzi, çəkilən 11 min kilometrdən çox yollar, enerji infrastrukturu, şaxələndirilmiş iqtisadiyyat... Bir sözlə, ölkənin bütün inkişafının təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə olunması faktoru dayanır. Azərbaycan neft kapitalını insan kapitalına çevirə bilmişdir.
Flora SADIQLI
Azərbaycan.-
2017.-17 oktyabr.- S.3.