Modern sənayeləşmə yeni iqtisadi inkişaf
konsepsiyasının prioritetidir
Prezident İlham Əliyevin bu
sahədə həyata keçirdiyi təkmil
strategiya davamlı yüksəliş üçün fundamental
əsaslar yaradır
Müstəqilliyinin cəmi 26 yaşı olan Azərbaycan dövlətinin bu qısa vaxt kəsiyində siyasi, sosial-iqtisadi inkişaf baxımından mühüm nailiyyətlər qazanması artıq beynəlxalq miqyasda etiraf olunan inkaredilməz faktdır. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan Respublikası davamlı iqtisadi inkişafı ilə bir çox ölkələr üçün nümunəyə çevrilib. Dünya iqtisadiyyatında baş verən böhranlara baxmayaraq, bu gün iqtisadi cəhətdən özünü təmin edən, hər hansı xarici yardıma ehtiyac duymayan ölkəmizin uğurları əlbəttə ki, Prezident İlham Əliyevin düzgün iqtisadi strategiyası, məqsədyönlü və uzaqgörən siyasəti sayəsində əldə edilib.
İnnovativ və yüksək texnologiyalar əsasında yüksələn sənaye
istehsalı
Qlobal məkanda davam edən siyasi və sosial kataklizmlərə baxmayaraq, Prezident İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi inkişaf konsepsiyası ilə Azərbaycan yerləşdiyi coğrafiyanın sabitlik adası, iqtisadi inkişafı və inteqrasiyanı təşviq edən lider dövlət statusunu qoruyub saxlayır. Müstəqil Azərbaycan yeni iqtisadi və siyasi çağırışlara adekvat islahatları davam etdirərək mühüm uğurlar qazanıb. İqtisadi inkişaf və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən Prezident İlham Əliyev respublikamızın dünyada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib. Ölkədə həyata keçirilən kompleks islahatlar eyni zamanda qeyri-neft sektorunun davamlı inkişafına stimul yaradıb.
Prezident İlham Əliyevin yeni inkişaf strategiyasının prioritetlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib, minlərlə yeni iş yeri açılıb.
Müasir dövrdə sənaye siyasəti rəqabətqabiliyyətlilik, səmərəlilik və ekoloji təhlükəsizlik meyarlarına uyğun yüksək texnologiyaların tətbiqinə yönəlməli, elmi araşdırmalarla üzvi surətdə bağlı olmalı, müasir çağırışlara cavab verməli və yeni yanaşmalara əsaslanmalıdır. Zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar, uğurla həyata keçirilən dövlət proqramları, genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyi və siyasi, makroiqtisadi sabitlik ölkədə güclü sənayenin formalaşdırılması üçün əlverişli şərait yaradır.
Azərbaycan iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı dövlət başçısının yeni iqtisadi inkişaf konsepsiyasının prioritetidir. Son illərdə bu sahəyə daha da artırılan dövlət qayğısı, sahibkarlara və xarici investorlara yaradılan əlverişli şərait qeyri-neft sektorunun davamlı inkişafına səbəb olub. Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına yatırılan 8,3 milyard dollarlıq sərmayə isə Azərbaycan iqtisadiyyatının tərəqqisindən xəbər verir.
Prezident İlham Əliyevin modern sənayeləşmə siyasətinə uyğun olaraq həyata keçirilən layihələrin reallaşması nəticəsində Azərbaycan regionun sənaye mərkəzinə çevrilməkdədir. Ümumiyyətlə, ölkədə son illər sənaye parkları və sənaye məhəllələrinin yaradılması iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsini nəzərdə tutan siyasətin mühüm hissəsidir.
Müasir istehsal infrastrukturuna malik sənaye parkı və məhəllələrinin fəaliyyəti ölkədə sənaye sahələrinin tərəqqisinin, iqtisadiyyatın tarazlı yüksəlişinin təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilmişdir. Bu cür sənaye komplekslərinin yaradılması ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, bölgələrdə məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.
Müasir tələblərə cavab verən
sənaye parkları və məhəllələri
Ölkəmizdə sənaye parklarının yaradılması bir sıra layihələrdə, o cümlədən Azərbaycan Prezidentinin 24 aprel 2013-cü il tarixli 865 nömrəli fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”də, eləcə də dövlət başçısının 2014-cü il 26 dekabr 964 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub. Bununla bağlı, xarici ölkələrin bu sahədəki müsbət təcrübəsinin ölkəmizdə tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Həmçinin BMT-nin Sənaye İnkişafı Təşkilatının, Türkiyənin Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin ekspertlərinin tövsiyələri nəzərə alınmaqla bu sahədə müvafiq təkliflər hazırlanıb, ardıcıl tədbirlər həyata keçirilib.
İnvestisiya cəlbediciliyinin təmin olunması məqsədilə sənaye parklarının ərazisində yerli və xarici investorlar üçün güzəştlər nəzərdə tutulur. Sənaye parklarında fəaliyyət göstərəcək rezidentlər 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən və parkda istifadə məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV-dən azad edilir. Bu, baza güzəştlər portfeli kimi qəbul edilir və zərurət yaranarsa, güzəştlər paketi daha da genişləndirilə bilər. Daha bir vacib məqam isə sənaye parklarının ərazisində ən müasir tələblərə cavab verəcək infrastrukturun yaradılmasıdır. Sənaye parklarının yaradılmasında sosial sahəyə də xüsusi diqqət yetirilir. Burada sənayenin müxtəlif sahələri üzrə onlarla müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulur ki, bu da minlərlə yeni iş yerinin açılması deməkdir.
Ölkədə sənaye məhəllələrinin yaradılması isə dövlət başçısının “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli fərmanına əsasən həyata keçirilir. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və s. məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir. Sənaye məhəllələrində də yerli və xarici investorlar üçün güzəştlər mövcuddur.
Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq sənayeləşmə prosesi getdikcə sürətlənir. Həmin proqramda mövcud istehsal sahələrinin genişləndirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının daha da artırılması qarşıya qoyulan məqsədlərdəndir.
Elmtutumlu iqtisadiyyatın formalaşmasına verilən töhfələr
Bu gün ölkədə rəqabətqabiliyyətli sənayenin inkişafına təkan vermək məqsədilə sənaye parkları və məhəllələrinin yaradılması uğurla reallaşdırılır. Artıq ölkəmizdə Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir, Qaradağ və Balaxanı sənaye parkları, Neftçala Sənaye Məhəlləsi yaradılıb. Pirallahı Sənaye Parkının və Masallı, Hacıqabul sənaye məhəllələrinin yaradılması istiqamətində işlər gedir.
Sentyabrın 22-də dövlət başçısının açılışında iştirak etdiyi Balaxanı Sənaye Parkının yaradılması qeyri-neft sektorunun, o cümlədən “yaşıl iqtisadiyyat”ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir. Hazırda Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə qeydiyyata alınan 5 rezident tərəfindən 23 milyon manat investisiya yatırılıb. Balaxanı Sənaye Parkında ilkin mərhələdə ümumilikdə 400-ə yaxın daimi iş yeri yaradılacaq.
Prezident İlham Əliyevin iştirakı ilə sentyabrın 24-də açılışı olan Neftçala Sənaye Məhəlləsində isə 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir.
Sahibkarların böyük maraq göstərdikləri Masallı Sənaye Məhəlləsində hazırda tikinti işləri davam edir. Artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə təqdim olunub. Masallı Sənaye Məhəlləsində həyata keçiriləcək layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir.
Prezident İlham Əliyev iyul ayının 25-də imzaladığı sərəncama əsasən Hacıqabul Sənaye Məhəlləsinin ərazisində isə qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri yaradılacaq. Sənaye məhəlləsinin fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun qurulmasını təmin etmək məqsədi ilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan İqtisadiyyat Nazirliyinə 4 milyon manat vəsait ayrılıb.
Bütün rayonlarda sənaye
məhəllələri yaradılacaq
Neftçala Sənaye Məhəlləsinin açılışında Prezident İlham Əliyev hər bir rayonda sənaye məhəllələrinin yaradılmasının vacibliyini söyləyərək qeyd edib ki, gələn ilin İnvestisiya Proqramında dövlət investisiya xərcləri sırasında yeni bölgələrdə sənaye məhəllələrinin yaradılması nəzərdə tutulmalıdır. Artıq müvafiq göstəriş verilib və bölgələrdə yaşayan, fəaliyyət göstərən sahibkarlar, iş adamları bu məhəllələrin yaradılmasında fəal iştirak etməlidirlər. Çünki istehsal sahəsinə yatırılan sərmayə özəl sektor tərəfindən qoyulur.
Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı bu məsələlərə toxunaraq vurğulayıb ki, artıq bölgələrdə logistik mərkəzlərin tikintisinə başlanılıb: “Sənaye zonalarının yaradılması artıq reallaşır. Mən bu barədə bir neçə il bundan əvvəlki müşavirələrdə də demişdim ki, hər rayonda müasir sənaye zonaları yaradılmalıdır. Biz artıq buna da nail oluruq”.
Əminliklə söyləmək olar ki, sənaye parklarının, məhəllələrinin yaradılması ölkə iqtisadiyyatının modernləşməsinə, həmçinin innovativ və elmtutumlu iqtisadiyyatın formalaşmasına, investisiya mühitinin cəlbediciliyinin artmasına, sahibkarlığın dəstəklənməsinə, ölkənin ixrac qabiliyyətinin genişlənməsinə töhfə verəcək.
Daxili tələbatı ödəyən sənaye müəssisələri
Dövlət başçısının tapşırığına uyğun olaraq artıq bölgələrdə qeyri-neft sənayesinin inkişafı istiqamətində ciddi addımlar atılır. Yaradılan fabrik və zavodlar, yeni istehsal müəssisələrinin fəaliyyəti ölkədə müxtəlif ərzaq sahələri üzrə istehsal həcmini əhəmiyyətli dərəcədə genişləndirib.
Üzvü olduğum Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatlardan ibarət nümayəndə heyəti tez-tez bölgələrdə yaradılan sənaye müəssisələrinin fəaliyyəti ilə tanış olurlar. Bu günlərdə isə nümayəndə heyətimiz Neftçala Sənaye Məhəlləsinə səfər etdi. Sənaye Məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Məhəllənin inzibati binasında toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələr mövcuddur. Burada avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan müəssisələr və sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb.
Səfər zamanı sahibkarlarla görüşərək onların fəaliyyəti və müəssisələrin istehsal prosesi ilə yaxından maraqlandıq. İlkin təəssüratlarımız budur ki, yaxın zamanlarda Neftçala Sənaye Məhəlləsinin ərazisi genişləndiriləcək və burada fəaliyyət göstərən rezidentlərin sayı artacaq. Bu isə rayonun sosial-iqtisadi inkişafına mühüm töhfəsini verəcək.
Milli Məclisdə təmsilçisi olduğum Sabirabad rayonunda da bu sahədə işlər uğurla həyata keçirilir. Yaxın günlərdə istifadəsi planlaşdırılan quşçuluq fabriki 12 ha torpaq sahəsini əhatə edir. Bu fabrikdə 300 nəfər insan daim işlə təmin olunacaq. Fabrik il ərzində 1500 ton quş əti, 132 milyon yumurta istehsal edəcək.
Əlbəttə ki, bunu ölkənin ərzaq təhlükəsizliyinin vacib töhfəsi kimi qiymətləndirmək olar. Çünki sənaye məhsulu istehsalı iqtisadi inkişafın əsas göstəricilərindən biri olub, yeni iş yerlərinin yaradılmasının, innovasiyaların tətbiqi və ixracyönümlü əmtəələrin çeşidinin artırılmasının əsas yollarından biridir. Sənaye sahəsində ölkədəki xammal ehtiyatları insanların tələbatlarına cavab verə bilən son məhsul halına gətirilir ki, nəticədə, ixtisaslaşmış əməyin tətbiqinə geniş meydan açılır.
Azərbaycanın sənayeləşmə siyasətinin
təntənəsi
Düşünülmüş neft-qaz strategiyasının reallaşdırılması ölkənin dayanıqlı maliyyə resurslarının formalaşmasına və bununla da mövcud sənaye potensialından səmərəli istifadə imkanlarının genişləndirilməsinə şərait yaratmışdır. Elə bu ilin doqquz ayında qeyri-neft iqtisadiyyatımızın 2,5 faiz artımı bunu bir daha təsdiqləyir. Bu, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapır. Qeyri-neft sənayesinin 9 ayda 3,1 faiz artması isə Prezident İlham Əliyevin sənayeləşmə siyasətinin təntənəsidir.
Son illər dövlət tərəfindən böyük investisiyalar yatırılan kənd təsərrüfatında da çox böyük inkişaf var. Xüsusilə dövlət başçısının sədrliyi ilə müxtəlif sahələr üzrə müşavirələrin keçirilməsi, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıqla bağlı bütün məsələlərin müzakirə edilməsi, dövlət proqramlarının hazırlanması və bütün hədəflərin müəyyən olunması bu sahənin sürətli inkişaf mərhələsinə keçdiyini bir daha təsdiqləyir. Bu sahədə 2,8 faiz artımın qeydə alınması isə görülən işlərin bariz təcəssümüdür.
Prezident İlham Əliyevin yeni iqtisadi inkişaf konsepsiyası əsasında müasir istehsal infrastrukturuna malik sənaye parklarının, sənaye məhəllələrinin yaradılması, yeni müəssisələrin fəaliyyətə başlaması onu deməyə əsas verir ki, ölkədə aparılan uğurlu sənayeləşmə bütövlükdə iqtisadiyyatın keyfiyyətli və davamlı inkişafı üçün fundamental əsaslar yaradır.
Elçin QULİYEV,
Milli Məclisin deputatı
Azərbaycan.-
2017.-19 oktyabr.- S. 4.