Bolqarıstan Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrini daha da genişləndirir

 

Azərbaycan və Bolqarıstan respublikaları arasında diplomatik münasibətlərin qurulması müstəqillik əldə etdiyimiz ilk dövrlərə təsadüf edir. Bolqarıstan Respublikası ölkəmizin müstəqilliyini 14 yanvar 1992-ci il tarixində tanımış və iki ölkə arasında diplomatik münasibətlər 5 iyun 1992-ci ildə qurulmuşdur. Həmin vaxtdan etibarən sabit inkişaf xətti götürərək tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bir çox mühüm hadisələrlə əlamətdar olmuşdur.

Bolqarıstanın Azərbaycanda səfirliyi 1999-cu ildə fəaliyyətə başlamışdır. Prezident İlham Əliyev 16 aprel 2004-cü ildə Bolqarıstanda Azərbaycan səfirliyinin təsis edilməsi haqqında sərəncam imzalamışdır. Hər iki dövlət beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərini rəhbər tutaraq əlaqələrini uğurla inkişaf etdirməkdədir. Ötən müddətdə dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafına əlavə impuls vermişbir sıra uğurlu nəticələr qazanılmışdır. Bu gün ölkələrimiz arasında mövcud olan münasibətlərin xarakteri deməyə əsas verir ki, dünya siyasətində özünəməxsus yeri olan Bolqarıstan Azərbaycanla əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. Bu maraq ilk növbədə, Azərbaycanın Qərblə Şərqi qovuşduran geostrateji tranzit xətlərinin təmas məkanında yerləşməsi, qlobal enerjikommunikasiya layihələrinin reallaşdırılmasında aparıcı rol oynaması, habelə zəngin intellektual resurslara malik olması ilə şərtlənir.

Bolqarıstan Respublikası iqtisadiyyatın bütün sahələrində ölkəmizlə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Bu maraq Azərbaycan və Bolqarıstan respublikalarının prezidentləri arasında aparılmış danışıqlarda, iki dövlətin yüksək vəzifəli rəsmilərinin və adamlarının keçirdikləri görüşlərdə bir daha təsdiqlənmişdir. İki ölkə arasında müxtəlif sahələri əhatə edən 74 sənəd imzalanmışdır.

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin bu günlərdə Azərbaycana rəsmi səfəri də mühüm nəticələrlə yadda qalmışdır. Ölkə rəhbərləri arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, humanitar, mədəni və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilmiş, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanmışdır. Dövlət başçıları son illər ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd etmiş, əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektivin olduğunu vurğulamışlar. Ölkələrimizin energetika sahəsində, həmçinin “Cənub qaz dəhlizi” layihəsində uğurlu əməkdaşlığı da xüsusi qeyd olunmuşdur.

“Cənub qaz dəhlizi”nin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə yeddi ölkəni birləşdirir. Azərbaycanın “Şahdəniz” yatağından qaz Avropa ölkələrinə, region ölkələrinə, o cümlədən Bolqarıstana da çatdırılacaq. Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində mühüm rol oynayacaq.

Təqdirəlayiqdir ki, Azərbaycan-Bolqarıstan arasında əlaqələr humanitar, elm və təhsil sahələrində də uğurla inkişaf edir. Məhz bunun sayəsində xalqlarımız arasındakı dostluq əlaqələri daha da möhkəmlənir və ölkələrimizin gələcək rifahına xidmət edir.

Heydər Əliyev Fondu tərəfindən Trapezitsa qalasının bərpası layihəsinin həyata keçirilməsi bu əməkdaşlığa verilən töhfədir.

Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini xatırladıb: “Bu gün həm təkbətək formatda, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşlərdə biz Bolqarıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiqlədik ki, Bolqarıstan və Azərbaycan dost, tərəfdaş ölkələrdir və bizim tərəfdaşlığımızın çox böyük əhəmiyyəti var. İki il bundan əvvəl biz strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzaladıq və əslində, bu bəyannamənin adı özlüyündə bir göstəricidir. Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Siyasi əlaqələrimiz ən yüksək səviyyədədir və bu gün əsas müzakirə mövzusu iqtisadi, nəqliyyat, energetika, turizm sahələrində və digər sahələrdə əməkdaşlığa əsaslanırdı. Bu sahədə böyük perspektivlər ola bilər. Təbii ki, qarşılıqlı ticarət dövriyyəsinin həcmi bizi qane edə bilməz. Bugünkü görüşdə müvafiq göstərişlər verilib ki, aidiyyəti orqanlar ticarət dövriyyəsinin artması ilə bağlı konkret təkliflər təqdim etsinlər”.

Bolqarıstan əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara dinamik inteqrasiyasına maraq göstərir. Bolqarıstan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış edən Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir, respublikamızla enerji sektorunda fəal əməkdaşlıq niyyətini izhar edir. Bundan başqa, respublikamızın Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm geosiyasi əhəmiyyət kəsb edən proses olaraq Bolqarıstan üçünvacib önəm daşıyır. 2006-cı ilədək Rusiyadan qaz idxal edən Azərbaycan məhz “Şahdəniz” yatağından hasil olunan təbii qaz hesabına nəinki öz tələbatını ödəmək, hətta mavi yanacağını Avropa bazarlarına çıxarmaq imkanı qazanmışdır.

Prezident Rumen Radev ölkələrimiz arasındakı əməkdaşlığın hazırkı səviyyəsini belə xarakterizə edib: “Azərbaycan Respublikası və Bolqarıstan Respublikası dost, uzunmüddətli siyasi, mədəni və mənəvi əlaqələr bazasında tərəfdaş ölkələrdir. Bu gün Prezident Əliyev ilə biz əlaqələrin mümkünlüyünü, həm də uzun illər həyata keçirilən intensiv siyasiiqtisadi dialoqu təsdiq etməklə yanaşı, həm də əməkdaşlığın inkişafı, dərinləşməsi üçün ölkələrimiz arasında münasibətlərin böyük əhəmiyyətini də vurğuladıq. Biz həqiqətən də energetikadan, nəqliyyatdan, əmtəə mübadiləsindən, mədəniyyətdən, təhsildən, turizmdən tutmuş, - gəlin turizmi unutmayaq, - qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlıq aparılmasına imkan verən və iki il əvvəl imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə çərçivəsində mövcud olan yaxşı bünövrənin gerçəkləşdirilməsi istiqamətində əməli addımlar atmağa keçmişik. Bizim həqiqətən, konkret addımlar atmağımızın zəruriliyi çox vacibdir. Çünki bizim siyasi əlaqələrimizin daha da inkişaf etməsi üçün böyük imkanlar mövcuddur”.

Azərbaycan-Bolqarıstan münasibətləri inkişaf dinamikliyi, sanballı hüquqi bazası və qarşılıqlı mənfəət kəsb edən məqamlar ilə səciyyələnir. Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərindən biri kimi sərhədlərin toxunulmazlığını əsas tutan Bolqarıstan Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstək verdiyini dəfələrlə təsdiqləmiş, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirmiş, Azərbaycanın, habelə beynəlxalq ictimaiyyətin bu istiqamətdə göstərdiyi səyləri dəstəkləmiş və bu dəstəyi davam etdirməkdədir.

Beynəlxalq və regional miqyasda nəhəng layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır. Bolqarıstan Prezidentinin Azərbaycana rəsmi səfərinin yekunları ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın güclənməsi perspektivdə daha böyük işlərin görülməsini vacib edir.

 

Azərbaycan.- 2017.- 20 oktyabr.- S. 1; 6.