İlham Əliyev: "Məscidləri
dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz"
İstanbulda D-8 İqtisadi Əməkdaşlıq
Təşkilatının IX Zirvə görüşü
keçirilib
Oktyabrın 20-də İstanbulda İnkişaf
etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının
(D-8) “Əməkdaşlıq yolu ilə
imkanları artırmaq” devizi altında IX
Zirvə görüşü keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər
verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində
Zirvə görüşündə iştirak
edib.
Əvvəlcə birgə
foto çəkdirildi.
Zirvə görüşü
müqəddəs “Qurani-Kərim”dən ayələrin
oxunması ilə başladı.
İnkişaf etməkdə
olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının
- D-8-in baş katibi Seyid Ali-Mohammad Musəvi
Zirvə görüşünü
açıq elan edərək tədbirin əhəmiyyətindən
danışdı.
D-8 təşkilatının
hazırkı sədri, Pakistanın Baş
naziri Şahid Xaqan Abbasi qurumun
müasir dövrdə fəaliyyətinin daha da genişləndirilməsində
üzv ölkələrin səylərinin
gücləndirilməsinin vacibliyini
vurğuladı. Qeyd etdi
ki, Pakistan D-8 təşkilatına
sədrliyi dövründə bu qurumun möhkəmlənməsinə
və inkişafına çalışıb. Məhz bu dövrdə D-8 BMT-də müşahidəçi
statusu əldə edərək beynəlxalq
səviyyədə mövqeyini gücləndirib.
Pakistanın Baş naziri
dedi ki, qurumun üzvləri 20 il ərzində
iqtisadiyyat, ticarət, nəqliyyat, turizm və digər sahələrdə əlaqələri
inkişaf etdiriblər.
Baş nazir Şahid Xaqan Abbasi D-8 təşkilatına
sədrliyin Pakistandan Türkiyəyə keçdiyini elan etdi.
Təşkilatın
yeni sədri, Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
çıxışında üç
qitədə yerləşən ölkələri əhatə
edən D-8-in son 20 ildə fəaliyyətinin
uğurlu olduğunu vurğulayaraq, dünyada baş verən gərginliklər fonunda Zirvə görüşünün
keçirilməsinin önəmini qeyd
etdi. Son illər müsəlmanların yaşadıqları
bölgələrdə baş verən
münaqişələrin, terrorizmin, təbii
fəlakətlərin ciddi fəsadlarla nəticələndiyini
deyən Türkiyə Prezidenti təəssüflə
bildirdi ki, qlobal ədalətsizlik azalmaq
əvəzinə, daha da
artır. Dünyada İslamla terrorizmin
əlaqələndirilməsi cəhdlərinin,
islamofobiyanın və ksenofobiyanın artdığını,
miqrant böhranının dərinləşdiyini
bildirən Türkiyə Prezidenti dedi ki, D-8 ölkələri
dünyada çox az ölkənin sahib olduğu gənc və dinamik
artan əhaliyə, zəngin təbii sərvətlərə,
sürətli inkişafa malikdir.
Prezident
Rəcəb Tayyib Ərdoğan üzv ölkələrin bu
potensialından tam səmərəli
istifadə olunması nəticəsində
qarşılıqlı ticarət dövriyyəsinin
hazırkı 100 milyard dollardan
qısa müddətdə 500 milyard dollara çatdırıla biləcəyini qeyd etdi. Türkiyə Prezidenti iqtisadiyyat, ticarət, nəqliyyat, müdafiə
sənayesi, təhsil, kənd təsərrüfatı və
digər sahələrdə əlaqələrin genişləndirilməsi
üçün böyük
imkanların olduğunu vurğulayaraq
D-8 üzvlərinin sayının artırılmasının,
qarşılıqlı ticarətin milli
valyutalarla aparılmasının təşkilatın
daha da güclənməsinə
imkan yarada biləcəyini
bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev
D-8 IX Zirvə görüşündə
çıxış etdi.
Prezident İlham
Əliyevin çıxışı
-Hörmətli Prezident Rəcəb Tayyib
Ərdoğan.
Hörmətli baş katib.
Xanımlar və cənablar.
İlk
növbədə, əziz qardaşım, Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana D-8 İqtisadi
Əməkdaşlıq Təşkilatının IX Zirvə
görüşünə dəvətə və göstərilən
qonaqpərvərliyə görə təşəkkür edirəm.
Azərbaycan D-8-in üzvü olmamasına baxmayaraq,
Prezident Rəcəb Tayyib
Ərdoğan Azərbaycanı bu tədbirə
dəvət edib. Mən buna
görə öz qardaşıma dərin
təşəkkürümü bildirirəm.
2015-ci ilin
noyabr ayında “Böyük
iyirmilər”in Zirvə görüşü
Türkiyənin Antalya şəhərində
keçirilib. Türkiyə bu görüşə qrupa
üzv olmayan
yalnız bir ölkəni xüsusi
qonaq kimi dəvət
edə bilərdi və Prezident Rəcəb
Tayyib Ərdoğan bu
tədbirə Azərbaycanı dəvət etmişdir.
Bu, bir daha
Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun bariz nümunəsidir.
Hörmətli görüş iştirakçıları, mən
sizin diqqətinizi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə
cəlb etmək istəyirəm. Ermənistan 25 ildən
artıqdır ki, Azərbaycanın tarixi torpaqlarını – Dağlıq
Qarabağı və ətrafındakı 7 rayonu
işğal edib. Həmin
ərazilərdə etnik təmizləmə
siyasəti aparılıb, 1 milyondan
artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1992-ci ildə Ermənistan
Xocalı soyqırımını törədib. Bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı qətlə yetirilib, onlardan 106-sı
qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb
və yaralanıb. BMT Təhlükəsizlik Şurası
münaqişə ilə bağlı 4 qətnamə qəbul
edib. Bu qətnamələrdə
erməni silahlı qüvvələrinin Azərbaycan
torpaqlarından dərhal və qeyd-şərtsiz
çıxarılması tələb edilir.
Eyni zamanda, Qoşulmama Hərəkatı, İslam
Əməkdaşlıq Təşkilatı, ATƏT və digər
təşkilatlar da oxşar
qərar və qətnamələr qəbul etmişlər. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur
və azərbaycanlı mülki əhaliyə
qarşı hərbi cinayətlərini davam
etdirir.
Ötən ilin aprelində təmas xəttində Ermənistanın
silahlı hücumu nəticəsində mülki şəxslər və hərbçilər
həlak olub. Yüzlərlə
yaşayış evi
dağıdılıb. Azərbaycan Ermənistanın bu təxribatının
qarşısını qətiyyətlə aldı, ordumuz torpaqlarımızın bir
hissəsini erməni işğalçılarından azad etdi. Bundan
sonra Ermənistan tərəfindən
tamamilə dağıdılmış Cocuq
Mərcanlı qəsəbəsi yenidən quruldu.
150 evdən ibarət bu qəsəbədə
məktəb, tibb məntəqəsi və
məscid tikildi. Bu məscid
ermənilər tərəfindən
dağıdılmış Şuşa məscidinin
bənzəridir.
Dağlıq Qarabağ Azərbaycanın tarixi
torpağıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik
Şurasının qətnamələri əsasında Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həll edilməlidir. Azərbaycan dövləti və
xalqı heç vaxt imkan verməyəcək ki,
onun əzəli torpağında ikinci qondarma erməni
dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq.
Hörmətli görüş iştirakçıları,
Azərbaycan İslam həmrəyliyinə
xüsusi əhəmiyyət verir və öz töhfəsini
verir. 2017-ci il Azərbaycanda
“İslam Həmrəyliyi İli”
elan olunub. Eyni zamanda, bu
il Azərbaycanda 54 müsəlman ölkəsindən
gələn 3 minə yaxın idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunları keçirilib. Biz bu gün dünyada ən ciddi təhlükələrdən
biri olan islamofobiyaya qarşı fəal mübarizə
aparırıq. Özünü müsəlman
ölkələrinin dostu kimi
qələmə verməyə çalışan Ermənistan
Dağlıq Qarabağ və ətraf
bölgələrdə məscidləri və dini
abidələri dağıdıb. Məscidləri
dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz.
İki gün əvvəl Azərbaycan müstəqilliyinin
bərpasının 26-cı ildönümünü
qeyd edib. Qısa
müddət ərzində ölkəmiz uğurlu
inkişaf yolu keçmişdir. 2004-cü ildən başlayaraq iqtisadiyyatımız 3 dəfədən
çox artmış, 2 milyona
yaxın iş yeri
açılmışdır. Yoxsulluq 5 faizə
düşmüşdür.
Savadlılıq 100 faizə yaxındır. Valyuta
ehtiyatlarımız ölkənin ümumi
daxili məhsuluna bərabərdir. Xarici dövlət borcu ümumi daxili məhsulun
20 faizindən azdır. Azərbaycanın bu
uğurları beynəlxalq təşkilatlar tərəfindən
də qeyd olunur. Davos İqtisadi Forumunun iqtisadiyyatın rəqabətqabiliyyətliliyi
üzrə builki hesabatında Azərbaycan
35-ci yeri tutub.
Azərbaycan beynəlxalq
miqyaslı layihələrin təşəbbüskarı və
fəal iştirakçısıdır. Bu
gün biz tərəfdaşlarımızla
birlikdə “Cənub Qaz Dəhlizi” layihəsini
icra edirik. Bu, dünyanın ən böyük
infrastruktur layihələrindən biridir. Cənub Qaz Dəhlizinin
əsas hissəsi olan TANAP qaz
kəməri üzrə saziş 2012-ci
ildə Azərbaycan ilə Türkiyə arasında İstanbul şəhərində
imzalanmışdır və bu kəmər
gələn il istifadəyə veriləcəkdir.
Tezliklə rəsmi
açılışı olacaq
Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya
arasında ən qısa yol olacaqdır.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat
dəhlizlərinin yaradılmasına böyük
sərmayələr qoyur. Bu
nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi
inkişafı üçün yeni imkanlar
açacaqdır. Diqqətinizə görə minnətdaram.
***
Zirvə
görüşündə D-8 Şurasının 16-cı,
17-ci və xüsusi sessiyalarının
hesabatları dinlənildi, gündəlikdə duran
məsələlər müzakirə olundu.
IX Zirvə
görüşünə yekun vuran Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan D-8-in dünyada sülhün, sabitliyin və rifahın inkişafına bundan sonra da
töhfə verəcəyinə əminliyini bildirdi.
Türkiyə Prezidenti təşkilatın
güclənməsi və böyüməsi üçün
bir sıra islahatların
aparılmasının vacibliyini diqqətə
çatdırdı, qurumun
inkişafında fəallığına və Zirvə görüşünün yüksək səviyyədə
təşkilinə görə Katibliyə, tədbirdə iştirak edən dövlət və
hökumət başçılarına və nümayəndə
heyətlərinin rəhbərlərinə minnətdarlığını
çatdırdı.
Sonra
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan Prezidenti İlham
Əliyevin və digər ölkələrin dövlət və
hökumət başçılarının iştirakı ilə
D-8 təşkilatı ilə İslam İnkişaf Bankı arasında Anlaşma Memorandumu
imzalandı.
D-8 formatına Türkiyə,
İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın
üzvlərindən ikisi - Türkiyə
və İndoneziya “Böyük
iyirmilər”in (G-20) üzvüdür.
D-8-in fəaliyyətinin əsas məqsədi üzv
ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi
və sosial sahələrdə əlaqələri
gücləndirməkdir.
Bu
qurumun yaranması ideyası İslam Əməkdaşlıq Təşkilatının
1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş
toplantısında irəli sürülüb.
1997-ci il iyunun 15-də
İstanbulda keçirilən dövlət
və hökumət başçılarının Zirvə
görüşündə D-8 rəsmi olaraq
təsis edilib.
Doqquzuncu Zirvə
görüşü ilə D-8 təşkilatının
fəaliyyətinin 20 illik dövrü
əhatə edən birinci mərhələsinə
yekun vurulub, yeni mərhələ üçün
hədəflər və fəaliyyətin əsas istiqamətləri
müəyyənləşdirilib.
***
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə
Respublikasına səfəri oktyabrın 20-də başa çatıb.
Azərbaycan.- 2017.- 21 oktyabr.-
S.1-2.