İslam həmrəyliyinin Azərbaycan modeli

 

İslam Həmrəyliyi ili - 2017

 

İnsanların əsrlər boyu, az qala, sonsuzluğa qədər dərinləşdirib, rəf-rəf kitablar həsr etdikləri bu mövzunun mahiyyəti, əslində, cəmi üçcə sözdən ibarətdir: ağıl, qətiyyət və mənəviyyat.

Ağılla bağlı məsələnin, zənnimizcə, izaha ehtiyacı yoxdur. Bu, dünyanın əşrəfi olan insana Yaradanın misilsiz hədiyyəsidir. Qətiyyətə gəlincə, ətraf aləmə şüurlu münasibətin formalaşdırdığı ideyalar bu keyfiyyətlə birləşəndə, Adəm övladı hansısa addımı atmağı qət edəndə, məzmunundan asılı olmayaraq müəyyən bir məqsədi, vasitəni özünə yaraşdıranda hətta dünyanın yönünü dəyişəcək qədər heyrətamiz gücə sahib olur.

İndiyə qədər yer üzündə baş vermiş saysız-hesabsız müharibələrin, bütöv xalqlara qarşı törədilmiş qətliamların, atom silahı dəhşətinin, böyük güclər arasındakı çəkişmələrin sadə insanların taleyində açdığı yaraların, məşəqqətlərin hər biri ağıl və qətiyyətin mənəviyyatdan uzaqdakı birgəliyinin “əsəri”dir.

Bu birgəliyə mənəviyyatın əlavə olunduğu məqamlardan isə insanların tarix boyu əldə etdikləri bütün maddi və mənəvi nailiyyətlər başlanır. Bu birgəlik böyük mənada mədəniyyəti ərsəyə gətirir, dünyanın yeganə xilaskarı olan gözəllikləri yaradır.

Deməli, mənəviyyat ağılla qətiyyətin qüdrətini ram edən, gücü yetdiyi qədər onu xeyirli məqsədlərə, nəcib əməllərə yönəldən gücdür. Din də bir mənəviyyat hadisəsidir. İndiyə qədər dünyada insanın mənəvi tərbiyəsi üçün çox sənət istiqamətləri təşəkkül tapıb. Onların hər biri öz missiyasını az-çox yerinə yetirib və eyni missiyanı bu gün də davam etdirməkdədir. Çağdaş dünyamızda bu istiqamətlərin hər biri - ədəbiyyat da, musiqi də, film də, təsviri incəsənət və s. də özlüyündə böyük bir saflıq xəzinəsidir. Müasir insan bu mənəvi dəyərlərin işığında yetişir. Amma qəbul etsək də, etməsək də, bunun özü də bir reallıqdır ki, tarixin heç bir dövründə bu dəyərlərin hər hansısa biri insanların ruhani dünyasına din qədər nüfuz edə bilməyib. Heç bir elmi-texniki tərəqqi, siyasi ideologiyalar və onların sərt qadağaları Tanrı ideyasını insanın qəlbindən sıxışdırıb çıxarmağa müvəffəq olmayıb. Görünür, burada dini inancların əsrlər boyu, insanlar üçün həm də bir milli dəyər faktoruna çevrilməsinin, bir çox milli kodları, mental düşüncələri, adətləri, cəmiyyət həyatının bir çox sahələri üzrə formalaşmış tarixi ənənələri özündə ehtiva etməsinin də böyük rolu var.

Bu baxımdan, ABŞ alimi Samuel Hantinqtonun hələ ötən əsrin 90-cı illərindən “Sivilizasiyaların toqquşması” adı verdiyi və illər keçdikcə hər birimizin daha aydın şəkildə müşahidə edə bildiyimiz qlobal reallığın, əsasən dinlər arasında özünü göstərməsi təbiidir. Çünki hər bir din, eləcə də fikirlərimizi bu gün üz-üzə dayanmış iki əsas sivilizasiyanın tərəfləri üzərində konkretləşdirsək, islam və xristianlıq ayrı-ayrılıqda Şərq və Qərbin çoxcəhətli dəyərlərini ən ümumiləşmiş formada ehtiva edən, çoxlu sayda xalqların tarixi keçmişini, dünyagörüşünü, həyat tərzini ortaq bağlarda birləşdirən fərqli sivilizasiyalar kimi çıxış edir.

Ona görə də bu gün dini dəyərlərə münasibət və bu münasibətlər zəminində ortaya çıxan çoxsaylı problemlərin həlli yollarının axtarılması, bəlkə tarixdə heç zaman olmadığı qədər mühüm aktuallıq qazanmışdır.

İslam həmrəyliyi mövzusu isə bu mühitdə ona görə xüsusi əhəmiyyət daşıyır ki, indi İslam hücuma məruz qalan tərəfdir. İslami dəyərlərin müasir dünyamızda qüdrətli hamiyə, ona sahib çıxıb zamanın çağırışlarına uyğun inkişaf etdirəcək, gələcəyə daşıyacaq yetkin cəmiyyətlərə ehtiyacı var. Son onilliklərdə islami dəyərlərin müxtəlif qərəzli kampaniyalardan qorunması, bu dəyərlərin dünyaya öz ilahi mahiyyətində təqdim edilməsi, müsəlman ölkələrinin islam inancı və ümumbəşəri ideyalar ətrafında bir araya gətirilməsi səmtində atdığı tarixi addımlarla Azərbaycan bu missiyanın mərkəzində görünür. Azərbaycan islama bir milli-mənəvi dəyər kimi sahib çıxmağa, onu təhdidlərdən qorumağa, islam inancı haqqında qaranlıq düşüncələrin ortadan qalxmasına çalışır. Bunun da əsasları var.

İslam dini cəmiyyətimiz üçün sadəcə dini inanc, rituallar deyil. İslam bizim üçün milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsidir. Milli özünəməxsusluğumuzu qoruyan gücdür. Dövlət bayrağımızdakı üç rəngin - mavi türkçülüyün, qırmızı müasirliyin və yaşıl islamın ideya müəlliflərindən olan Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir” adlı məqaləsində göstərirdi ki, İslam dinini bizə ərəblər gətirsə də, xalq olaraq milli özünəməxsusluğumuzun qorunmasında bu dinin çox böyük rolu olub. Əsrlər ərzində məhz bu dinin qoruyucu gücü sayəsində başqa böyük xalqların içində əriyib itməmişik. Qloballaşan dünyamızda milli özünəməxsusluğumuzun qorunması və inkişafı üçün islami dəyərlərin gücü yenə əsas istinad mənbələrimizdəndir. İslama belə bir konteksdə yanaşdığına görə bu gün dünyanın siyasi səhnəsindəki bir çox müsəlman ölkələri arasında məhz Azərbaycan İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilməkdədir.

Dövrün şərt və reallıqlarını nəzərə alsaq, o qədər də asan görünməyən bu missiyanın yerinə yetirilməsində Azərbaycanın qazandığı mühüm nailiyyətlər bir sıra tarixi, siyasi, sosial, mədəni amillərə əsaslanır. İslam həmrəyliyi amalına xidmət Azərbaycan üçün şüar, siyasi maraq elementi, yaxud iqtisadi mənfəət hədəfi deyil, tarixi taledir. Azərbaycan bu taleni XXI əsrdən də çox-çox əvvəl, xalqımızın ilk maarifçilərinin fikir tarixi səhnəsində göründükləri vaxtlardan yaşamağa başlayıb. XIX əsrin ikinci yarısından etibarən başlayan, ötən əsrin əvvəllərində daha geniş miqyas alan milli maarifçilik dalğasının da əsas məramı məhz İslamın mənəvi təsirləri ilə kifayətlənməyi, dinin siyasi məqsədlərə alət olmamasını, ictimai həyatda mütləq üstün mövqedən uzaqlaşdırılmasını və son nəticədə islami dəyərlərin bütün bunların fövqündə dayanaraq insan ruhunun ərazisi kimi qorunmasını diktə edirdi. Çünki onda da indiki kimi Şərq dünyasında bu düşüncənin təlqin olunmasına böyük ehtiyac vardı.

Dinin bir qrup nadanın əli ilə ətalət, mövhumat mənbəyinə çevrilməsi, xalqın inkişaf səviyyəsinə əsaslı zərbələr vurması vətənpərvər sələflərimizi bu istiqamətdə fəal hərəkətə keçirmişdi. İslamın yanlış təmayüllərdən uzaqlaşaraq insanların mənəvi yüksəlişinə rəvac verən, cəmiyyətdə mərhəmət hissləri aşılayan sülh və etimad dini kimi təşəkkül tapması onların ən böyük istəyi idi. Bu istək işığında Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi XX əsrin böyük düşüncə adamları öz əsərləri ilə islam ümmətçiliyinin, müsəlman həmrəyliyinin nəzəri-ideoloji əsaslarını işləyib hazırladılar. Eyni dövrdə xalqımızın istiqlalını bütün dünyaya bəyan edən Azərbaycan Xalq Cümhuriyyətinin timsalında xalqımız müsəlman Şərqinin ilk demokratik respublikasını yaradaraq islam ümmətinə tərəqqinin, demokratik inkişafın yollarını göstərdi.

Cümhuriyyətin süqutundan sonra 70 il davam edən sovet quruluşu Azərbaycanın demokratik inkişafını əngəlləsə də, bu dövrdə cəmiyyətdə kütləvi və keyfiyyətli təhsil mühitinin yaradılması, xürafatdan, cəhalət meyillərindən uzaq savadlı nəslin yetişməsi dini dəyərlərə aydın, sağlam münasibətin formalaşması baxımından çox faydalı oldu. Bütün bu amillər dövlət müstəqilliyinin bərpasından sonra da Azərbaycanda din-dövlət münasibətlərinin düzgün tənzimlənməsinə, cəmiyyətimizdə tarixən mövcud olmuş dini dözümlülük, tolerantlıq, başqa mədəniyyətlərə hörmət mühitinin qorunaraq daha da inkişaf etdirilməsinə böyük kömək göstərdi. Dini dəyərlərə münasibətdə ateizm və mövhumat arasında ən doğru yolu seçən Azərbaycan xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük peşəkarlıq və özünəməxsus müdrikliklə irəli sürdüyü belə bir siyasət sayəsində bu sahədə də mükəmməl nümunə yaratdı. Bu, inanc dəyərlərimizin milli xüsusiyyətlərimizlə uzlaşdırılması, Azərbaycanda İslamın başqa ölkələrdə olduğu kimi savaşa, daxili məzhəblərarası konfliktlərə, dövlət siyasətinə müdaxilə alətinə, cəmiyyətdə mənəvi durğunluğa çevrilməsinə yol verilməməsi, əksinə İslam kimi elm və irfan xəzinəsinin insanın mənəvi kamilliyinə yönəldilməsi örnəyidir.

Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmiz qlobal miqyasda sülh və əməkdaşlıq hərəkatına, sivilizasiyalararası dialoqa böyük töhfələr verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gerçəkləşdirdiyi humanitar missiya, irəli sürdüyü qlobal təşəbbüslər Şərq və Qərb sivilizasiyaları arasında konfliklərin diskussiya məcrasına yönəldilməsinə, radikal müstəvidən intellektual mühitə daşınmasına xidmət edir. Bütün bunlara zəmin yaradan, Azərbaycanı başqaları üçün nümunə kimi sərgiləyən ən mühüm amilsə, şübhəsiz ki, ölkəmizin özündə bu kimi məsələlərə sağlam münasibətin mövcudluğudur. Vicdan azadlığı ilə bağlı bir çox məsələlərin sivil, demokratik məcrada çoxdan öz həllini tapmasıdır. Bu münasibət Azərbaycanda İslamı da, başqa dinləri də zərərli və dağıdıcı təsirlərdən qoruyur. Dövlət cəmiyyət həyatının digər önəmli sahələrində olduğu kimi, bu sahədə də sistemli, əsaslandırılmış, kompleks fəaliyyət həyata keçirir. Bu model sayəsində Azərbaycan Roma Papası da daxil olmaqla bütün dinlərin nüfuzlu xadimlərinin eyni rahatlıqla səfər edib düşüncələrini bəşəriyyətə ünvanlaya bildikləri, eyni bir masa arxasında əyləşib dialoq apardıqları bir yerdir.

Bu model dinin dövlətdən ayrılığını ali qanunvericilikdə təsbit edərək onun dövlət siyasətinə müdaxiləsinə imkan verməməklə yanaşı, ölkəmizdəki dini konfessiyaların ictimai fəaliyyətinə dövlət dəstəyini əsirgəmir. Respublikamızda dövlət dəstəyi ilə məscidlər, kilsələr, sinaqoqlar tikilir, təmir olunur, dini ziyarətgah yerləri abadlaşdırılır. Bu model ölkəmizdəki məscidlərin sayını ötən əsrin 90-cı illərinin əvvəllərindən bəri 17-dən 2000-dən artığa çatdırmaqla bərabər, onları cəhalət yuvasına çevrilməkdən də qoruyur. Allah evlərindən cəmiyyətə xurafatdan uzaq, elmin, irfanın, mənəviyyat işığının, dövlətçilik dəyərlərinə sayğının yayılmasından ötrü zəruri iş aparır. Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı məsələlər - dini maarifçilik və ruhani zümrənin məzhəblərarası ünsiyyətə, əməkdaşlığa sövq edilməsi Azərbaycanda dini radikalizmin, ekstremizin yayılmasına qarşı güclü sipər rolunda çıxış edir.

İslam həmrəyliyinin Azərbaycan nümunəsi dövlət və din münasibətlərindəki bu mükəmməlliyin, tolerantlığın və multikulturalizmin Azərbaycan modelinin məntiqi davamı və ideyaca daha da inkişafıdır. Bu gün İslam dünyasını üzləşdiyi problemlərdən xilas etməyin, islami dəyərlərə qarşı yönəlmiş təhdidlərin neytrallaşdırılmasının yolu İslam həmrəyliyindən keçir. İslami dəyərlərə qarşı hücumları pisləməklə, arxasında dünyanın çox böyük güclərinin dayandığı bu hücumlar qarşısında duruş gətirə bilməkdən ötrü zəif müqavimət göstərməklə iş bitmir. Bunlar təbii ki, lazımdır, amma müsəlman dünyasının dövrün çağırışlarına uyğun inkişafa nail olması, qüsurlarına nəzər yetirib onları aradan götürməsi, haqqında yaradılmış mənfi imici müsbət nümunələrlə dağıtması da çox vacibdir. Əgər Qərb dünyasındakı maraqlı elmi kəşflər, mühüm mədəniyyət hadisələri, gənclərin təhsil nailiyyətləri, xeyriyyə tədbirləri, yeni kitablar haqqında saysız-hesabsız xəbərlər müqabilində müsəlman cəmiyyətləri, bu cəmiyyətlərin elitaları yenə də qızıldan hazırlanmış avtomobil, təyyarə və s. bu kimi mənasız dəbdəbələrlə gündəmə gələcəklərsə, bununla nə həmrəyliyə, nə də inkişafa nail olmaq mümkündür.

İslamın daxili ziddiyyətlərdən qurtulması, qeyri-islami dairələrin məkrli hədəfinə çevrilməməsi, tərəqqiyə nail olması üçün dini maarifçilik əsas götürülməli, islam cəmiyyətlərində maarif çırağı yandırılmalıdır. Teoloji təhsil, dini-ruhani kadrların hazırlığı sahəsində ənənələrə də yenidən baxılaraq dini təhsil tərəqqi məqsədinə yönəlməlidir. Müsəlman din xadimləri insanları cəhənnəm odu ilə qorxudan, dünyanın faniliyi ideyası ilə onları inkişafdan, fəaliyyətdən soyudan qaramat görkəmli kəmsavadlar yox, əksinə, cəmiyyəti motivasiya edən, dayanmadan çalışmağa, dünyaya fayda verməyə, sevgiyə, mərhəmətə, qarşılıqlı hörmətə, inkişafa səsləyən, zəmanələrinin ən böyük ziyalıları olmalıdırlar. Məhz Azərbaycan nümunəsində bu az rastlanan müsbət meyli görürük.

İslam həmrəyliyi ideyasının əsas mərkəzi rolunda bu gün Azərbaycanın çıxış etməsi bu ideyanın reallaşacağına ona görə böyük ümidlər yaradır ki, ölkəmiz müsəlman aləminin çata biləcəyi hərtərəfli inkişafın kiçik bir modelini formalaşdıra bilib. Başqa müsəlman ölkələri də Azərbaycanın keçib gəldiyi inkişaf yolundan faydalanaraq tərəqqi yoluna qovuşa bilərlər.

Azərbaycanın irəli sürdüyü və təşviq etdiyi İslam həmrəyliyi ideyası heç də hər hansı radikal çağırışları, müsəlman ölkələrinin birgə sərt qərarlarını, başqa mədəniyyətlərin daşıyıcılarına qarşı hücum mövqeyini nəzərdə tutmur. Bu, bütün dünyada sülhə, sabitliyə, bəşəriyyətin rifahına nail olmaqdan ötrü, müsəlman dünyasında birliyin əldə edilməsini, kənar təfriqələrə uymamaq üçün məzhəblər arasında etimad mühitinin yaradılmasını, müasir düşüncə tərzinin yayılmasını cəhalət mühitinin aradan qaldırılmasını təlqin edən bir ideyadır.

Azərbaycan Prezidentinin bu sahədəki fəaliyyətinin başlıca istiqaməti Azərbaycan nümunəsində İslamın kamil, təkmil, yüksək mənəvi etiqad üslubunu yaratmaq və din-dövlət münasibətlərini düzgün məcraya doğru istiqamətləndirməkdir. Formalaşdırdığı nümunələrlə, müxtəlif tribunalardan müsəlman dünyasına xitabları ilə İlham Əliyev əsaslandırır ki, bu ilkin şərtləri hamılıqla yerinə yetirməklə həm daxili çəkişmələrə son qoymaq, həm də İslamın əsl mahiyyətini özünə qaytarmaq, onu sülh və sabitlik ideyalarının tərənnümçüsü kimi bütün dünyaya təqdim etmək mümkündür.

“Çalışmalıyıq ki, islam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar” - Prezident İlham Əliyevin bu fikirləri onun missiyasının əsas məramlarıdır və İslam dünyasına bu müraciətin indiyə qədər bənzər məzmunda səslənmiş başqa çağırışlardan ən böyük fərqi bu niyyətdəki səmimiyyətdir.

Azərbaycan İslam həmrəyliyi ideyasına da islami dəyərlərin özü kimi mənəviyyat hadisəsi olaraq yanaşır və bu ideya üzərində hər hansı ikibaşlı siyasət qurmur. Bir çox aparıcı müsəlman ölkələrindən fərqli olaraq Azərbaycan nə konkret bir dini məzhəbi konstitusion normaya çevirərək təriqətçi dövlət siyasəti aparır, nə müxtəlif dini icmaların nümayəndələri siyasi proseslərə müdaxilə edərək dövlətin əsaslarını sarsıtmaq gücündədir, nə də ölkədə dini qarşıdurmalar zəminində hər hansı gərginliklər yaşanır. Ona görə də yalnız Azərbaycan İslam həmrəyliyi ideyasının hərəkətverici qüvvəsi kimi çıxış edərək, bu ideyanı reallığa çevirmək, birgəliyimizin gücü ilə müsəlman Şərqini əsrlərin ətalətindən, zülmətindən xilas edərək işığa qovuşdurmaq, onu dünyanın ən inkişaf etmiş, müasir sivilizasiyasına çevirmək əzmindədir.

Bu gün İslamın bütün təriqətlərinə mənsub möminlər fərqli məzhəb baxışlarına baxmayaraq, Azərbaycanda mənəvi birliyə nail olurlar. Onlar Heydər məscidinə şiə, sünni, vəhabi və digər təriqətlərin ideya qiyafəsilə yox, məhz müsəlman amalı, islam məramı ilə daxil olur, vəhdət namazı qılırlar. Bir olan Tanrıya onun sonuncu dininin bütövlüyü, məhkəmliyi və qüdrəti niyyətilə dualar edirlər.

Bu, İslam dünyasında ilkdir, həmçinin İslam həmrəyliyinin möhkəmlənməsinə yönəlik təşəbbüslərin real ilk və hələ ki son nəticəsidir. İlk addım Azərbaycandan başlayıbsa, demək proses davamlı olacaq və uğurla gedəcək.

Məmləkətimizi qlobal miqyasda sivilizasiyalararası əməkdaşlığın uğurlu məkanına çevirən Azərbaycan Prezidenti İslam həmrəyliyinin ən mükəmməl nümunəsini də ölkəmizdə bərqərar edib. Bu siyasətin gerçəkləşməsində aparıcı rol oynayan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məhsuldar, səmərəli fəaliyyəti ölkədə dövlət-din münasibətlərinin düzgün tənzimlənməsini təmin etməklə yanaşı, bu yönümdə mükəmməl nümunənin formalaşmasına da rəvac verib. Dövlət başçısının sərəncamı ilə yeni yaranan Mənəvi Dəyərlərin Təbliği Fondu da şübhəsiz, bu missiyanın uğurla gerçəkləşməsinə mühüm töhfə verəcək.

Təsadüfi deyil ki, İlham Əliyevin irəli sürdüyü İslam həmrəyliyi strategiyası artıq beynəlxalq platformanın əsas proqramı kimi qəbul olunur və bu ideya müsəlman Şərqinin tarixində yeni bir səhifə açacaqdır.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 21 oktyabr.- S.1; 5