AZAL Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin üzvü oldu

 

Azərbaycanda ilk dəfə olaraq özəl və dövlət sektoru turizm sektorunun inkişafı üçün tərəfdaşlıq qurmuşdur. Azərbaycanın milli hava daşıyıcısı AZAL Azərbaycan Turizm Assosiasiyasının (AZTA) idarə heyətinin üzvü olmuşdur.

Sazişi “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti, AZAL sərnişindaşıma şirkətinin icraçı direktoru Eldar Hacıyev və AZTA-nın sədri Nahid Bağırov imzalamışdırlar.

Assosiasiyanın tərkibinə aviaşirkətin daxil olması ilk dəfədir - indiyə kimi Azərbaycan Turizm Assosiasiyasının üzvləri sırasına turizm şirkətləri və hotellər daxil olmuşdur.

AZAL Assosiasiyaya üzv olmaqla yanaşı, AZTA-nın idarə heyətinin tərkibinə də daxildir və burada aviasiya nəqliyyatının fəaliyyətini əlaqələndirəcəkdir.

AZAL-ın Azərbaycan Turizm Assosiasiyasında fəaliyyəti ölkədə turizm sənayesinin əsas iştirakçıları - turizm şirkətləri, hotellər və aviasiya sahəsinin fəaliyyətinin üçtərəfli əlaqələndirilməsinin formalaşdırılması deməkdir. Turizm şirkətləri, hotellər və aviasiya sahəsinin iştirakı olmadan lazımi keyfiyyəti təmin etmək mümkün deyil.

AZAL aviaşirkətinin Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin tərkibinə daxil edilməsi və assosiasiyanın üzvlüyünə qəbulu dövlət başçısı tərəfindən turizm sektorunun inkişafının təmini və beynəlxalq standartlara uyğunlaşdırılması üçün turizm sektorunun iştirakçıları qarşısında qoyduğu məqsədlərdən birinə nail olmaq deməkdir.

Bundan sonra, turizm sənayesinin üç əsas aparıcı qüvvəsi əlaqələndirilmiş fəaliyyət göstərəcək. Bu fəaliyyət Azərbaycana turist axınını təmin etməklə yanaşı, turizmin bütün istiqamətlərinin inkişafına imkan verəcək ki, bu da əhalinin məşğulluğunun təmin olunması üçün əlavə təkan deməkdir.

 

Azərbaycan.- 2017.- 21 oktyabr.- S.7.